Güclü lider - Qalib xalq formulu
Bu, Azərbaycanın hərtərəfli
inkişafını təmin edən əsas faktordur
Bizi o illərdən
31 illik bir zaman ayırır. 1992-ci ilin 18 mayı idi. Ermənistan
silahlı qüvvələri Laçını işğal
edib, sakinlərini didərgin salmışdılar. Laçınlılar
sığınmağa yer gəzirdilər.
Bakıda isə
başqa ab-hava var idi. Bir qrup parlamentin binası
qarşısına yığışıb hakimiyyətə
gəlişini bayram edirdi. Ermənilər
laçınlıların evlərində qoyub gəldikləri
sərvəti, hakimiyyət hərisləri isə eyni
acgözlüklə Bakıda kresloları
bölüşürdülər. Ortalıqda qalan isə bəxti
gətirməyən vətən, yurd-yuvası talan olan
laçınlılar idi...
Laçının
coğrafi baxımdan olduqca strateji əhəmiyyətli ərazidə
yerləşdiyini hakimiyyət hərisləri, vəzifə dəllaları
dərk etmirdilər. Amma onlardan fərqli olaraq düşmən
bunun əhəmiyyətini yaxşı anlayırdı.
Laçın Azərbaycan torpaqlarını işğal etmək
üçün düşmənin əlində bir açar
idi. Ermənistan Laçını işğal etməklə
öz ərazilərini, sərhədlərini Qarabağla birləşdirmək
imkanı əldə etdi. Bu isə sonradan digər ərazilərimizin
işğal olunması üçün münbit şərait
yaratdı.
Böyük bir
rayon işğal olunurdu. Yenicə müstəqilliyini elan
etmiş bir dövlətin suverenliyi faktiki olaraq təhlükə
altına düşmüşdü. Bakıda isə hakimiyyət
davası gedirdi...
Bir müddət
sonra hakimiyyət daxili didişmə, təcrübəsizlik,
ordunun hakimiyyətə itaətsizliyi nəticəsində Kəlbəcər
kimi alınmaz qala da düşmənə təslim edildi.
İşğalçı dövlət olan Ermənistan beynəlxalq
qanunlara məhəl qoymadan, Cenevrə konvensiyaları ilə
üzərinə düşən öhdəlikləri kobud
şəkildə pozaraq işğal etdiyi ərazilərin
coğrafi adlarını dəyişdirir,
rayonlarımızın təbii resurslarını talan edir,
xarici ölkələrdən olan soydaşlarını
demoqrafik tərkibi dəyişdirmək məqsədilə
qeyri-qanuni şəkildə ərazilərimizdə yerləşdirirdi...
Zəfərə
gedən yol inamdan keçir
İnsanlar
inandıqları, güvəndikləri, sevdikləri liderin
arxasınca gedəndə qələbəyə olan
inamları da artır. "Sərkərdə igid olsa, ordunu
verməz bada" düşüncəsi formalaşır.
İnam və qətiyyət, bir də ki, səmimiyyət,
xalqla "el bir, dil bir" prinsipi ilə fəaliyyət
göstərmək insanlarda olan inamı artırır. Ulu
Öndərin siyasi kursuna sadiq olduğunu hər işi ilə
sübut edən İlham Əliyevin hakimiyyətə gəlişi
insanlarda itirilən torpaqların geri qaytarılacağına
ümidi artırdı. Ordu quruculuğunda gedən prosesi, artan
iqtisadi gücü görən xalq bir an olsun belə, o
torpaqlara qayıdacağını tərəddüd etmədi.
Hər şey
göz qabağındadır. Dövlət
başçısı özünün ad günlərini,
tarixi hadisələri, milli bayramları bir qayda olaraq xalqla,
öz torpaqlarından didərgin salınmış insanlarla
birgə keçirməyə üstünlük verir.
Xalqın dərdini, problemlərini, millətin arzusunu, istəyini
birbaşa özü öyrənir, siyasətini ona uyğun
aparır.
Aparılan qətiyyətli,
inamlı, müdrik siyasət öz nəticəsini verdi. 44
günlük Vətən müharibəsində qazanılan
uğur Azərbaycanın ərazi
bütövlüyünü tam bərpa etdi. İndi
xalqımız böyük qürur hissi keçirir. Öz
liderinə güvənən xalq əmindir ki, zəfərimiz əbədidir,
Azərbaycan daim bu zəfərin işığında irəli
gedəcək.
Bu günlərdə
Laçın şəhərində öz doğma
yurdlarına dönən sakinlərlə görüş
zamanı dövlət başçısı əminliklə
qeyd etmişdir: "Biz sizinlə artıq Laçın şəhərində
görüşürük və bundan böyük xoşbəxtlik
ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik
içində yaşayırıq. Böyük nikbinliklə
yaşayırıq. Qürur hissi ilə yaşayırıq.
Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi
qürur mənbəyimizdir. Bu zəfər bizimlə əbədi
olacaq və gənc nəsil, uşaqlar, bax, bu zəfər
qüruru ilə yaşayacaqlar".
Qətiyyətin
və güclü siyasi iradənin qələbəsi
İlham Əliyevin
qətiyyəti, siyasi iradəsi, ordumuzun gücü və
xalqımızın birliyi ilə Vətən müharibəsində
zəfər çalan Azərbaycan dövləti diplomatiyada da
ardıcıl olaraq uğurlara imza atmaqdadır. Bir neçə
gün öncə Moldovada Ermənistanın baş naziri Nikol
Paşinyanla keçirilən görüş zamanı
qarşı tərəf sərhədlərin 1975-ci il xəritəsi
əsasında delimitasiya olunmasına razı olduğunu
bildirib. Bu hadisə Azərbaycanın indiyə kimi
apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.
Buna qədər
baş verən hadisələrə diqqət yetirək. 2022-ci
ildə üçtərəfli Bəyanatın şərtlərinə
uyğun olaraq yeni çəkilən Laçın-Xankəndi
yolu istifadəyə verildi. Elə həmin ilin avqust ayında
Laçında 30 ildən sonra Azərbaycan bayrağı
ucaldıldı. Bu il aprelin 23-də isə Azərbaycan
Laçın rayonunda özünün sərhəd-buraxılış
məntəqəsini yaratdı. Azərbaycan-Ermənistan sərhədində
sərhəd-buraxılış məntəqəsini yaratmaqla
ərazi bütövlüyü məsələlərini birdəfəlik
həll etdik. Artıq Azərbaycana nəzarətdən kənar
kimsə girib-çıxa bilməz.
Azərbaycan
Laçında özünün sərhəd-buraxılış
məntəqəsini yaradan zaman biz erməni mətbuatının,
Ermənistanı müdafiə edən beynəlxalq təşkilatların
və bəzi dövlətlərin necə hay-küy
saldıqlarının şahidi olduq. Yenə də qətiyyət,
möhkəm iradə öz sözünü dedi və
işini gördü. Azərbaycan Prezidenti İlham Əliyev
"Biz öz ərazilərimizdə beynəlxalq hüquq
normaları əsasında öz işimizi görürük.
Bu işdə heç kim bizə mane ola bilməz" dedi. Nəticə
göz qabağındadır. Artıq Ermənistan rəhbərliyi
də reallıqları qəbul etmək məcburiyyətində
olduğunu dərk etməkdədir. Qarabağın erməni vətəndaşlarının
Azərbaycanla razılaşmaqdan başqa çarəsi
olmadıqlarını açıqca etiraf edirlər. Siyasi
proseslər də bizi sürətlə buna
yaxınlaşdırır.
Laçının
sakinləri öz dədə-baba yurdlarına
qayıdırlar. Artıq 20 ailə Laçına
köçüb. Görülən işlərin miqyası
inamla deməyə imkan verir ki, yaxın zamanda Laçın
şəhərinə və ətraf qəsəbələrə
daha çox vətəndaşımız qayıdacaq.
Tarixi missiya
Tarixi şəxsiyyət
olmaq, xalqının tarixini yaratmaq, yaratdığın tarixin
qəhrəmanı olmaq hər kəsə nəsib olan
xoşbəxtlik deyil. Ulu Öndər Heydər Əliyev xalqımız
və dövlətimiz üçün çox çətin
bir vaxtda hakimiyyətə gəlməklə
xalqımızı və dövlətimizi çətin bir
sınaqdan xilas etdi. Onun layiqli siyasi varisi İlham Əliyev isə
tarixə öz adını müasir Azərbaycan dövlətinin
qurucusu, Qarabağın xilaskarı kimi yazdı. Həm də
yalnız xilaskarı olaraq kifayətlənmədi. İndi
işğaldan azad olunmuş ərazilərimizə yenidən
həyat verir. Qısa müddətdə Qarabağa yol çəkildi,
infrastrukturun sürətlə bərpası prosesinə start
verildi. Gözü ilə görməyən bəlkə də
inanmaz. Görən də sanki Şuşada qısa zaman
içində sözün həqiqi mənasında
möcüzə baş verdiyini düşünər. Tarixi
binalar bərpa edilir, hər gün Şuşa bir yeniliyə
imza atır. Azərbaycan dövlətinin dünyaya
gücünü və qüdrətini göstərən Zəngilan
rayonunda yaradılan Ağalı möcüzəsi,
Laçını cənnətə döndərən vətən
sevgisi...
Bütün
bunlar xalq tərəfindən sevilən bir liderin qətiyyətinin,
möhkəm iradəsinin, xalqı və vətəni
qarşısında Tanrının verdiyi missiyanın yerinə
yetirilməsinin əyani təzühürüdür. Prezident
İlham Əliyevin fəaliyyəti dövründə reallaşdırdığı
güclü dövlət strategiyası, şəxsi
xarizması, bənzərsiz liderlik keyfiyyətləri,
yürütdüyü siyasətin mahiyyəti və prinsipləri,
torpaqlarımızın işğaldan azad olunması, ərazi
bütövlüyümüzün bərpası, azad və
çiçəklənən Şuşa, qansız geri
alınan və yenidən qurulan, ilk sakinlərini qəbul edən
Laçın şəhərinin bu günü Güclü
lider - Qalib xalq formulunun məntiqi nəticəsidir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.- 4 iyun.- S.5.