Ana
təbiəti qorumaq övladlıq borcudur
Bu bir həqiqətdir ki, insan təbiətdən asılıdır - yaşaması
və inkişafı üçün bütün
maddi nemətləri təbiətdən alır.
Gerçəklik də
bundan ibarətdir ki, cəmiyyət asılı olduğu, yaşaması və fəaliyyət göstərməsi
üçün həyat
mənbəyi olan təbiətə təsir
göstərir, onu dəyişdirir, çirkləndirir
və deqradasiyaya uğradır.
XIX əsrin sonlarından
başlayan elmi-texniki tərəqqi, sənayenin
sürətli inkişafı
nəticəsində ətraf
mühitə artan təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini
büruzə verməyə
başladı. Artıq
insanlar təbiətə
olan münasibətlərini
dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə
son qoymayacaqları təqdirdə, bu prosesin onların özlərinə qarşı
çevriləcəyini və
arzuolunmaz nəticələrə
gətirib çıxaracağını
anladılar. Bu problemin gələcəkdə
qlobal kataklizmlərə
səbəb olacağını
başa düşən
alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa,
həyəcan təbili
çalmağa başladılar.
1971-ci il mayın 11-də
dünyanın 23 ölkəsinin
2200 elm və mədəniyyət xadimi
BMT-nin Baş katibinə "Ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" adlı müraciət edərək ətraf mühitin çirklənməsi
haqqında həyəcan
təbili çaldılar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar,
tərəqqipərvər dünya
ictimaiyyəti məsələni
daim diqqət mərkəzində saxlamağa
başladılar.
1972-ci il iyunun
5-də Birləşmiş Millətlər Təşkilatı
Baş Assambleyasının
İsveçin paytaxtı
Stokholm şəhərində
keçirilən iclasında
ətraf mühitin mühafizəsi məsələsini
gündəliyə çıxararaq
problemin kəskinliyini
müzakirə etdilər.
Əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf
mühitin mühafizəsi
problemlərinə diqqətin
yönəldilməsinin vacibliyini
nəzərə alan iştirakçılar
5 iyunun Ümumdünya
Ətraf Mühitin Mühafizəsi Günü
kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə
qeyd olunmağa başlanmışdır.
Bu səbəbdəndir
ki, XXI əsrin gündəliyində irəli
sürülən müddəaların
müəyyən hissəsi
ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə
ilə bağlıdır.
Çünki təbiət
bizim evimizdir və gələcəyimiz
bizə əmanət olunan bu evin
təmizliyinin qorunub saxlanmasına necə riayət etməyimizdən
çox asılıdır.
Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir.
Son dövrlər
ekoloji tarazlığın
pozulmasının ümumbəşəri
bir problem kimi qəbul edilməsi ilə əlaqədar olaraq ölkəmizdə də bu məsələyə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini,
gələcək nəsillərə
təmiz ekoloji mühitin ötürülməsi
məqsədilə müvafiq
addımlar atır. Azərbaycanın mövcud
təbii-coğrafi şəraiti
ekoloji təhlükəsizliyin
daim diqqət mərkəzində olmasını
tələb edir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Təbiətə
zərər vuranlar, ağac kəsənlər,
təbiəti çirkləndirənlər,
korlayanlar cəmiyyətimizin,
hamımızın düşmənidir".
Ölkəmizdə ətraf
mühitin qorunması,
təbiətdən, yeraltı
sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli
istifadə edilməsi,
onların bərpası
və mühafizəsi,
bioloji müxtəlifliyin
qorunub saxlanılması
məqsədilə xüsusi
proqram həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə "Azərbaycan
Respublikasında plastik
qablaşdırma tullantılarının
ətraf mühitə
mənfi təsirinin azaldılmasına dair
2019-2020-ci illər üçün
Tədbirlər Planı"
təsdiq edilib. Ötən il Qızılağac Milli Parkı yaradılıb.
Bu gün dünya bioloji müxtəlifliyin, ərazi
planlaşdırılması və landşaftın idarə edilməsinə, mədəni və təbii ehtiyatların inteqrasiyasına əsaslanan
dayanıqlı ərazi
inkişafına xüsusi
diqqət verir. Nə yazıq ki, mənfur qonşularımızın təcavüzü
nəticəsində Azərbaycanın
təbiətinə, 30 ilə
yaxın işğal altında saxladıqları
ərazilərimizin flora
və faunasına da ciddi ziyan
dəymişdir. Ermənistan
ordusu işğal etdikləri ərazilərdə
təkcə yaşayış
binalarını, mədəni
tarixi abidələrimizi
məhv etməklə
kifayətlənməmiş, dünyada nadir təbiət möcüzəsi
sayılan, Zəngilan
rayonu ərazisində
yerləşən "Çinar
vadisi"ni qıraraq,
yandıraraq məhv etmişdir. İşğal
dövründə meşələrimizə
ciddi ziyan dəymiş, təbiətin
nadir heyvanları qanunsuz ovlanılaraq məhv edilmişdir. Hayastan işğal altında saxladığı
ərazilərdə zərərli
tullantılar basdırmış,
suları məqsədli
şəkildə çirkləndirmişdir.
Ermənistan zəngin
təbii ehtiyatları
olan "Zod" və "Qızılbulaq"
qızıl mədənlərini,
eləcə də
"Dəmirli" mis-molibden
yataqlarını qanunsuz
istismar etməklə təbiətə ziyan vuraraq o əraziləri faktiki olaraq ölü zonaya çevirmişdir. Təəssüf
ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar
işğalçı dövlətin
təbiətə qarşı
törətdiyi bu vəhşiliyə də etiraz etməmişdir.
Bu gün Azərbaycan dövləti
Qarabağda yalnız dağılmış evləri,
mədəni tarixi abidələri bərpa etmir. Vəhşi ermənilərin məhv etdikləri təbiətin
də dirçəldilməsi
istiqamətində mühüm
işlər görülməkdədir.
Dövlət başçısının
Qarabağa hər səfəri zamanı yaralı Azərbaycan təbiətinə də can verməyə çalışdığının şahidi oluruq. Qarabağa ilk səfəri zamanı Həkəri çayına
farel balıqlarının
buraxılması, Cəbrayıla
ceyranların gətirilməsinə,
bu günlərdə Laçın meşələrinə
Qafqaz turlarının,
Laçın dağlarına
qızılquşların buraxılmasına
yalnız Azərbaycan
vətəndaşları şahidlik
etmədi. Bu hadisəni dünyanın müxtəlif yerlərində
yaşayan təbiətsevərlər
də izlədilər
və alqışladılar.
Bir sözlə,
Azərbaycan dövlətinin
qayğısı nəticəsində
Qarabağda təbiətimizə
vurulan yaralar yenidən sağalır, təbiətimiz canlanır.
Bütün canlıların
yaşadığı, Tanrının
təmənnasız olaraq
insanlara ərməğan
etdiyi təbiətin qorunması, tarazlığının
pozulmasının qarşısının
alınması, eyni zamanda ətraf mühitin çirklənməsinə
qarşı dayanıqlı
mübarizə aparmaq hər bir insanın
"Ana" dediyimiz təbiətə övladlıq
borcudur.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
4 iyun.- S.8.