Paşinyan
Moldovadan da pərt qayıtdı
Baş nazir
Kişineuda erməni icmasının xadimlərini
aldadıb
Postmüharibə dönəmində
Hayastanın Azərbaycanla
sülh müqaviləsinin
imzalanmasını yubatması
fonunda bu ölkənin onsuz da bərbad gündə olan xarici siyasətində indi daha ciddi
problemlər müşahidə
edilməkdədir.
Artıq demək
olar ki, Hayastanın heç bir ölkə ilə normal münasibətləri yoxdur
və əvvəlki havadarları gah nala, gah da
mıxa vuran İrəvandan tədricən
imtina etməyə başlayırlar.
Bütün bunların
nəticəsidir ki, Paşinyan, demək olar ki, bütün
xarici səfərlərində
daim pərt vəziyyətə düşür.
Bunu onun son Moldova səfərində
də aydın müşahidə etmək
olar.
Moldovanın paytaxtı
Kişineu şəhərində
"Avropa Siyasi Birliyi" 2-ci Zirvə toplantısı çərçivəsində
Azərbaycan, Hayastan, Fransa, Almaniya və Avropa İttifaqı Şurasının
liderlərinin qeyri-formal
beştərəfli görüşündən
əvvəl toplantı
iştirakçıları birgə foto çəkdiriblər. Tədbirdə
iştirak edən Hayastanın baş naziri Nikol Paşinyan
bu dəfə də hərəkətləri
ilə jurnalistlərin
obyektivinə tuş gəlib. Belə ki, Paşinyan liderlərin birgə foto çəkdirmək üçün nəzərdə
tutulan əraziyə toplaşdığı bir
vaxtda Fransa Prezidenti Emmanuel Makronla iki dəqiqəyə
yaxın söhbət
edir, hətta onun qarşısını
kəsərək sanki
ürəyi dolu şikayətçi görüntüsü
yaradır.
Təbii ki, Paşinyanın Makrondan əl çəkmək istəməməsi və
bir ölkənin rəhbərinin özünü
vassal rolunda aparması diqqətdən
yayınmayıb.
Üstəlik, bu
hərəkət liderlərin
birgə foto çəkdirmək üçün
gözlədiyi bir şəraitdə baş verib. Hələ bu azmış kimi, Paşinyan Makronun "yaxasını
buraxdıqdan" sonra
Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişelə də yaxınlaşaraq onunla söhbət etmək istəyir. Amma o, bu istəyinə
nail ola bilmir. Çünki Şarl Mişel Paşinyanla sadəcə ayaqüstü salamlaşaraq
yoluna davam edir.
Bundan başqa,
Paşinyanın bir tərəfdə telefonla vaxt keçirməsi,
"vatsapda" kiməsə
səs göndərməsi
və kiminsə səsini dinləməsi görüntüləri də
kameraların obyektivindən
yayınmayıb.
Sammitdə Nikol
Paşinyan və onun himayədarı Emmanuel Makron nə qədər çalışsalar da, Avropa İttifaqı və Azərbaycanın faktiki olaraq təmərküzləşən mövqeyinə təsir edə bilmədilər. Avropa İttifaqı da etiraf edir
ki, nə "Qarabağ xalqı" var, "nə qarabağlı ermənilərin
müqəddərat təyinetmə
hüququ", nə də "status"la bağlı hansısa formada gözlənilən
danışıqlar ehtimalı.
Bunu Nikol Paşinyan da etiraf edib.
Moldovadan Hayastana
dönəndən sonra
keçirdiyi mətbuat
konfransında o, deyib:
"Rəsmi İrəvan
və Bakı 1975-ci ilin sovet xəritələrinə
əsaslanaraq delimitasiya
aparmağa ilkin razılıq veriblər. Danışıqların birinci
bəndi tərəflərin
Praqada razılaşdığı
Alma-Ata Bəyannaməsi
əsasında ərazi
bütövlüyünün qarşılıqlı tanınması
ilə bağlı olub". O, həmçinin
söyləyib ki, Hayastan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.
Bu arada "İravunk" qəzeti yazır ki, Paşinyan Kişineuda olarkən Moldovanın erməni icmasının fəal xadimlərini aldadaraq görüş olmayacağını bildirib,
lakin hansısa insanlarla görüş keçirib. Nəşr qeyd edib ki,
əslində Paşinyanın
yayımladığı videodakı
sual-cavab yaxşı səhnələşdirilmiş tamaşaya bənzəyir,
lakin Moldovanın erməni icmasını təmsil etmir. Məlum olur ki, Ukraynadan, Dnestryanıdan öz adamlarını "qazıb
tapıblar" və
Moldovadan bir neçə adam müəyyənləşdiriblər ki, onlar Paşinyana
xoş gələn suallar versinlər, əl çalsınlar, təbii olaraq Qarabağ haqqında bir kəlmə də danışmasınlar.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
4 iyun.- S.12.