Tbilisi
Dövlət Opera və
Balet Teatrında Ümummilli Liderin yubileyinə həsr olunmuş qala-konsert təşkil edilib
İyunun 2-də Zakariya
Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qala-konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert
Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin, “Paşa Bank”ın Gürcüstan
filialının, SOCAR-ın
Kulevi Terminalının,
“Dapna” və “AS
Georgia” şirkətlərinin, Gürcüstandakı Azərbaycanlı
İş Adamları Birliyinin (AZEBİ) dəstəyi
və ölkəmizin
Gürcüstandakı səfirliyinin
təşkilatçılığı ilə reallaşıb.
Konsertə gələn
qonaqlara Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Heydər Əliyev 100: firavanlığın memarı”
kitabı təqdim olunub.
Binanın ikinci
mərtəbəsindəki sərgi salonunda isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, o
cümlədən Gürcüstana
səfərlərini və
keçirdiyi tarixi görüşləri əks
etdirən fotosərgi
açılıb.
Konsertdən əvvəl
çıxış edən
səfir Faiq Quliyev Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin tarixindən
söz açıb, Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və
uzaqgörən siyasəti
nəticəsində ikitərəfli
münasibətlərin yeni
müstəvidə daha
da inkişaf edərək möhkəmləndiyini
bildirib.
Diplomat Ulu Öndərin musiqiyə, incəsənətə və
mədəniyyət xadimlərinə
daim diqqət və qayğı göstərdiyini qeyd edib, Tbilisi Dövlət
Opera və Balet Teatrında belə bir möhtəşəm konsertin təşkilini fenomen şəxsiyyət,
gürcü xalqının
da yaxın dostu Heydər Əliyevin xatirəsinə
yüksək ehtiramın
əyani sübutu kimi dəyərləndirib.
Azərbaycanın iqtisadiyyat
naziri Mikayıl Cabbarov çıxışında
ölkələrimiz arasındakı
əməkdaşlığın hazırkı səviyyəyə
yüksəlməsində Heydər
Əliyevin uzaqgörən
siyasətinin önəmini
vurğulayıb, Gürcüstanda
Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil
edilən tədbirlərə
görə təşəkkürünü
bildirib.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili
çıxışında deyib ki, Gürcüstan-Azərbaycan
strateji tərəfdaşlığı
və mehriban qonşuluq əlaqələri
dinamik inkişaf edir. Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevi böyük siyasətçi adlandıran
nazir deyib ki, Ulu Öndər
ömrünü xalqa
xidmətə həsr
edib. L.Davitaşvili Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertdə iştirak etməkdən böyük qürur duyduğunu vurğulayıb.
Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr
departamentinin rəhbəri
Soltan Məmmədov çıxış edərək,
Fondun fəaliyyəti
barədə ətraflı
məlumat verib. Bildirib ki, Heydər
Əliyev Fondu nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində
mədəniyyətin inkişafında,
mədəni irsin qorunmasında, mədəni
abidələrin bərpasında
və yenidən qurulmasında mühüm
rol oynayır. Heydər Əliyev Fondu qonşu və dost Gürcüstanda
da bir sıra
mədəni layihələr
həyata keçirib.
Sonra konsertdə
Tbilisi Dövlət
Opera və Balet Teatrının orkestri Azərbaycanın Xalq artisti dirijor Yalçın Adıgözəlovun
rəhbərliyi ilə
çıxış edib.
Orkestr əvvəlcə
Niyazinin və Fikrət Əmirovun bəstələrini məharətlə
ifa edib.
Tanınmış gürcü
opera müğənnisi
Tamuna Çeqanata, pianoçu Elisa Volkvadze, Azərbaycanın
tanınmış mədəniyyət
ustaları Elvina Həsənova, Xalq artisti Samir Cəfərov,
kamança ustası Elnur Mikayılov, muğam ifaçıları
Mirələm Mirələmov,
Kamilə Nəbiyeva Azərbaycan bəstəkarlarının
mahnı və bəstələrini ifa ediblər.
M.Mirələmovun və K.Nəbiyevanın ifa etdikləri “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən xüsusi coşqu və alqışlarla qarşılanıb.
Azərbaycan.-2023.- 4 iyun.- S.7.