3,3 milyard
manatlıq əlavə dəstək
Qarabağ
və Şərqi Zəngəzurun bərpası, ordumuzun hərbi
gücünün artırılması dövlət büdcəsinin
prioritetləridir
"Bütövlükdə
hesab edirəm ki, büdcəyə əlavələr ən
azı 3 milyard manat səviyyəsində olacaq, ondan da
çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və
Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə
ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz
olacaq. Çünki buna da böyük ehtiyac var".
Aprelin 18-də
Salyan şəhərində Azərbaycan Televiziyasına
müsahibə verdiyi zaman bu il büdcəyə əlavələrin
əsas hissəsinin məhz hansı sahələrə yönəldiləcəyi
ilə bağlı məlumat verən Prezident İlham
Əliyev həm də bu sözləri ilə dövlətimizin
birnömrəli prioritetinin Qarabağ və Şərqi Zəngəzura
Böyük qayıdışı gerçəkləşdirmək,
eləcə də zəfər ordumuzun gücünə
güc qatmaq olduğunun, büdcə siyasətimizin
qarşısındakı iki əsas
çağırışın mesajını vermişdi.
Quruculuq əzmi
və müdafiə qüdrəti
Artıq
Milli Məclisdə 2023-cü ilin dövlət və icmal
büdcəsinə dəyişikliklərin edilməsi ilə
bağlı qanun layihəsi birinci oxunuşda müzakirə
olunub.
İyunun 2-də
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin
birgə iclası zamanı gündəliyə daxil edilən məsələlərdən
biri də "Azərbaycan Respublikasının 2023-cü il
dövlət büdcəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci
oxunuş) haqqında olub. Bildirilib ki, ölkənin müdafiə
qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi
üçün əlavə 1 milyard 105 milyon manat vəsait tələb
olunur.
Cari ilin
dövlət büdcəsində işğaldan azad olunmuş
ərazilərin yenidən qurulması və bərpası
üçün 3 milyard manat vəsait nəzərdə
tutulub. Böyük qayıdışa dair I Dövlət
Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata
keçirilməsi üçün 2 milyard 260 milyon manat əlavə
vəsaitin cəlb edilməsinə zərurət yaradıb.
Beləliklə,
dövlət büdcəsindən Qarabağ və Şərqi
Zəngəzurun bərpası işlərinə 2023-cü il
üzrə ümumilikdə 5 milyard 260 milyon manat vəsait
ayrılacaq.
Xatırladaq
ki, 2021-2022-ci illər ərzində Qarabağ və Şərqi
Zəngəzurda gerçəkləşdirilən quruculuq bərpa
işləri ilə əlaqədar dövlət büdcəsindən
bütövlükdə 5 milyard manata yaxın vəsait
ayrılıb.
Həmçinin
2022-ci ildə müdafiə və milli təhlükəsizlik
sahəsinə 5 milyard 622,5 milyon manat məbləğində
vəsait yönəldilib.
Qısa
vaxt ərzində mühüm nailiyyətlər
Prezident
İlham Əliyevin sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın
icrasını təmin etmək məqsədilə, "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük qayıdışa dair I Dövlət Proqramı"nın
təsdiq edilməsi bu istiqamətdə görüləcək
işlərlə bağlı mühüm yol xəritəsi
olub.
Tədbirlər
Planına əsasən, tərtib edilmiş planlar üzrə
bərpa qrafikinə uyğun olaraq mərhələli formada
inşa edilmiş evlərə ailələrin
köçürülməsi planlaşdırılır.
Həmçinin
2025-ci ilədək 10270, 2026-cı ilədək isə 34500
ailənin köçürülməsi nəzərdə
tutulur.
Vətən
müharibəsindən ötən iki il yarım müddət
ərzində Azərbaycan dövləti
qayıdışı həyata keçirmək
üçün işğaldan azad edilən ərazilərdə
bərpa və quruculuq prosesləri ilə bağlı
mühüm işlər həyata keçirib.
Hazırda bu
ərazilərdə iki beynəlxalq hava limanı tikilərək
istifadəyə verilib - Füzuli və Zəngilan hava
limanları. Laçın Beynəlxalq Hava Limanının isə
sürətli tikintisi aparılır. Qarabağ və Şərqi
Zəngəzurda yol, enerji, su və digər kommunikasiya layihələri
uğurla həyata keçirilir.
Bu istiqamətdə
əldə olunan ən möhtəşəm uğur isə
artıq Böyük qayıdışa start verilməsi,
yüzlərlə keçmiş məcburi köçkün
ailəsinin Zəngilan rayonunun Ağalı, Tərtər
rayonunun Talış kəndlərinə və Laçın
şəhərinə qaytarılmasıdır.
"Ağıllı
kənd" konsepsiyası ilə yenidən qurulmuş
Ağalı kəndinə üç mərhələdə
86 ailə - 420 nəfər daimi məskunlaşma
üçün köçürülüb. Ağalıya
köçün dörd mərhələdə həyata
keçirilməsi planlaşdırılıb.
Tərtərin
Talış kəndinə isə bu il martın 16-da ilkin mərhələdə
20 məcburi köçkün ailəsi - 90 nəfər
köçürülüb.
Cəmi 7-8
ay ərzində böyük hissəsi tamamilə yenidən
qurulan Laçın şəhərinə ilk 20 ailə bu il
mayın 27-də yerləşdirilib. Bu ayın sonuna qədər
də bir çox ailələr Laçına qaytarılacaq.
Ümumiyyətlə, birinci mərhələdə
Laçında 4 minə yaxın insanın
yaşayacağı proqnozlaşdırılır.
Bu il
mayın 28-i Müstəqillik Günündə
laçınlılarla doğma yurdlarında görüşən
Prezident İlham Əliyev vurğuladı ki, azad edilmiş
bütün ərazilərdə geniş quruculuq işləri
aparılır: "Yəni bu, bir daha onu göstərir ki, biz
- o torpaqların sahibləri gəlmişik qurmaq
üçün, yaratmaq üçün".
Əsas vəsait
bu istiqamətlərə yönəldiləcək
Qarabağ və
Şərqi Zəngəzuru azadlığına qovuşduran rəşadətli
Azərbaycan Ordusunun hərbi qüdrətini artırmaq, onun
arsenalını ən müasir silahlarla zənginləşdirmək,
eyni zamanda torpaqlarımızın etibarlı müdafiəsinin
təşkili istiqamətində də dövlətimiz
mühüm işlər görür.
"Müharibədən
sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə
çox böyük diqqət göstərilib. Tam əminliklə
deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu
2020-ci ildə zəfər çalmış eyni Azərbaycan
Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də
demək istəyirəm, biz hər bir vəziyyətə hər
an hazır olmalıyıq", - deyən dövlət
başçısı İlham Əliyev bildirib ki, ona görə
bu sahədə - ordu quruculuğu və müdafiə
potensialımızla bağlı olan bütün məsələlər
əsas vəzifədir, bu vəzifə və Qarabağın,
Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona
görə biz əsas vəsaiti bu istiqamətlərə
yönəldəcəyik, lazım olan digər xərclər
də aparılacaq.
Bütün
bunlar isə bir daha göstərir ki, Azərbaycan dövləti
gün keçdikcə həm hərbi qüdrətini
artırır, həm də işğaldan azad edilən ərazilərdə
sürətli quruculuq bərpa işləri həyata
keçirərək Böyük qayıdışa
addımbaaddım yaxınlaşır.
Yasəmən
MUSAYEVA
Azərbaycan.-
2023.- 6 iyun.- S.1; 5.