Qərbi
Azərbaycan həqiqətləri
dünya ictimaiyyətinə
çatdırılır
Azərbaycan 2020-ci ildə
44 gün ərzində
Qarabağ və Şərqi Zəngəzur
ərazilərini Ermənistanın
işğalından azad
etdi. Vətən müharibəsində qazanılan
möhtəşəm qələbədən
sonra həmin torpaqlara qayıdış
başlayıb. Qərbi
azərbaycanlıların isə
yurd həsrəti hələ bitməyib. Vaxtilə yurdlarından deportasiya edilən yüz minlərlə soydaşımız tarixi torpaqlarına qovuşacaqları
günlərin intizarındadırlar.
Bunun üçün
məqsədyönlü siyasət
və təşkilatlanma
işi həyata keçirilir.
Tarixi faktlara əsaslanan, ədalətin
və sülhün bərqərar olunmasına
xidmət edən konsepsiya
Ötən il dekabrın 24-də Prezident
İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup
ziyalı ilə görüşündə demişdir:
"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların
yaxınları, uşaqları,
nəvələri tarixi
diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək
və əminəm ki, qərbi azərbaycanlılar böyük
coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar". İlham
Əliyev vurğulamışdır
ki, Qarabağ münaqişəsi həll
olunandan sonra indi bizim gündəliyimizdə
duran məsələ
budur.
Dövlət başçısı
İlham Əliyevin bu mühüm tapşırığından sonra
qısa müddət ərzində indiki Ermənistan ərazisindən
qovulmuş azərbaycanlıların
təhlükəsiz və
ləyaqətli şəkildə,
sülh yolu ilə geriyə qayıtmasının təmin
edilməsi ilə bağlı Qayıdış
Konsepsiyası hazırlanaraq
təsdiqləndi və
ictimaiyyətə təqdim
olundu. Konsepsiyada indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların
geriyə qayıtması
üçün Qərbi
Azərbaycan İcmasının
həyata keçirəcəyi
fəaliyyətin məqsədləri,
prinsipləri, hazırlıq
və icra tədbirləri üçün
ümumi çərçivə
müəyyən edildi.
Bu konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili
hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar
olunmasına xidmət
edir.
Tarixi faklara əsaslanaraq deməliyik ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı
etnik təmizləmə
planlı şəkildə
aparılıb. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə
bu proses xüsusilə amansızlıqla
həyata keçirilib.
Zəngəzur daxil olmaqla azərbaycanlıların
üstünlük təşkil
etdiyi bir çox bölgə indiki Ermənistana verilib. Minlərlə azərbaycanlı dədə-baba
torpağından deportasiya
edilib. Azərbaycanlıların
vaxtilə əksəriyyət
təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə
qovulması prosesi
1991-ci ildə başa
çatdırılıb. Aparılmış
etnik təmizləmə
nəticəsində hazırda
həmin ərazidə
müstəsna olaraq ermənilər yaşayırlar.
Bununla da kifayətlənməyiblər. Erməni
vandalları artıq illərdir ki, Qərbi Azərbaycandan əsl sakinlərin - azərbaycanlıların izlərini
silirlər. Bu məqsədlə dünya
və yerli əhəmiyyətli tarixi
abidələri məhv
edirlər. Son illər təkcə qədim İrəvan şəhərində İrəvan
qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi,
Dəmirbulaq məscidi,
Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı
və bir çox digər dini-tarixi abidələr məhv edilib. İrəvanda mövcud olan iki məscid - Hacı İmamverdi məscidi və Göy məscid isə fars məscidi
adlandırılıb.
Azərbaycan mədəni
irsinin qorunmasına beynəlxalq səviyyədə
münasibət
Qərbi Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
istiqamətində işlər
davam edir. Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması bu il martın
27-də Birləşmiş Millətlər Təşkilatının
Təhsil, Elm və Mədəniyyət
Təşkilatına (UNESCO) müraciət edərək,
indiki Ermənistan ərazisində Azərbaycan
mədəni irsinin kütləvi dağıdılması
faktlarına diqqəti
çəkib, bu sahədə vəziyyətin
qiymətləndirilməsi üçün
Ermənistana faktaraşdırıcı
missiyanın göndərilməsini
xahiş edib.
Beynəlxalq aləmin
diqqətini qeyd olunan mövzuya çəkmək və
UNESCO-nun bu məsələ ilə məşğul olmağa
başlamasını təmin
etmək məqsədilə
icma tərəfindən
ardıcıl olaraq müvafiq xarici dövlətlər, beynəlxalq
və regional təşkilatlarla gərəkli
işlər həyata
keçirilir. Qərbi
Azərbaycan İcmasının
mətbuat xidmətinin
bildirdiyinə görə,
UNESCO bu məsələ
ilə bağlı icmanın müraciətinə
rəsmi cavab verib. Təşkilatın rəhbər şəxsinin
imzaladığı məktubda
indiki Ermənistan ərazisində Azərbaycan
mədəni irsinin vəziyyəti barədə
icmanın qaldırdığı
məsələnin UNESCO-nun
mandatına birbaşa
aid olduğu qeyd olunub. Bu
sahədə müvafiq
mexanizmlərdən istifadə
edib məsələ ilə yaxından məşğul olduğu
vurğulanıb.
İcmaya UNESCO-nun
göndərdiyi məktub
indiki Ermənistan ərazisində Azərbaycan
mədəni irsi məsələsinin beynəlxalq
gündəliyə gətirilməsi,
bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə icmanın mötəbər
tərəf kimi tanınması, həmçinin
UNESCO ilə icma arasında predmetli dialoq yolunda mühüm addım olub. İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin məhv edilməsinin və dağıdılanların bərpası
üçün beynəlxalq
hüququn normaları
və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı
fəaliyyətini davam
etdirib.
Xəbər verildiyi
kimi, Qərbi Azərbaycan İcmasının
müraciətinə cavab
olaraq, UNESCO-nun indiki Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin qorunması məsələsinin təşkilatın
mandatına daxil olduğunu təsdiq etməsi ilə bu sahədə icma və UNESCO arasında dialoq başlayıb. İcmadan verilən məlumata görə, bu müstəvidə icma dialoq tərəfdaşı
kimi UNESCO qarşısında
bir neçə konkret məsələ qaldırıb. Belə ki, indiki Ermənistan
ərazisində Azərbaycan
mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi
üçün Ermənistana
faktaraşdırıcı missiyanın göndərilməsi
məsələsini icma
bir daha qaldırıb. Ermənistan
hökumətinin İrəvan
şəhərinin Təpəbaşı
məhəlləsini dağıtması
ilə əlaqədar
olaraq bu məsələnin xüsusilə
aktual və təcili xarakter aldığını diqqətə
çatdırıb. Bu
məhəllə Ermənistanda
salamat qalmış azsaylı Azərbaycan irsi nümunələrindən
biridir. Təpəbaşı
məhəlləsinin dağıdılması
ilə tariximizin, mədəniyyətimizin əhəmiyyətli
bir hissəsi də ermənilər tərəfindən məhv
edilmiş olacaq.
İcmadan bildirilib:
"Bundan əlavə,
davamlı inkişaf və sülhün mənbəyi kimi mədəni irsin qorunması yanaşmasını
bölüşən təşkilatımız
bu sahədə icmalara böyük rol tanıyan müvafiq beynəlxalq konvensiyalarda da nəzərdə tutulduğu
kimi, qabiliyyət quruculuğu sahəsində
UNESCO-nun praktik yardımlarını xahiş
etmişdir. Beynəlxalq
hüququn norma və prinsiplərinə tam hörmət edən icma olaraq, biz potensialın
artırılması sahəsində
UNESCO-nun proqramlarından
faydalanmaqla mədəni
irsin qorunmasına daha artıq töhfə verəcəyimizə
inanırıq".
Qərbi Azərbaycan
İcmasının məlumatında
bildirilib ki, nəhayət, biz UNESCO rəhbərliyindən mədəni
irsimiz ilə bağlı üzv dövlətləri məlumatlandırmağı
və bu məsələni UNESCO-nun
müvafiq hesabatlarına
daxil etməyi xahiş etmişik: "Biz hesab edirik
ki, UNESCO strukturlarının
Ermənistandakı Azərbaycan
mədəni irsinin vəziyyəti ilə bağlı beynəlxalq məlumatlılığı artırması
üzv dövlətləri
sözügedən irsin
qorunması istiqamətində
və ən əsası Ermənistanı
destruktiv addımlardan
çəkindirmək üçün
effektiv addımlar atmağa təşviq edər".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
8 iyun.- S.6.