Slovakiya Milli Assambleyasının sədri Ermənistanın
təxribatları barədə
məlumatlandırılıb
İyunun 7-də Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Slovakiyaya işgüzar
səfəri çərçivəsində
Milli Assambleyasının
sədri Boris Kollar ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycan
və Slovakiya arasında dostluq və əməkdaşlıq
ruhunda inkişaf edən münasibətlərin
hazırkı səviyyəsindən
məmnunluq ifadə edilib. İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, keyfiyyətcə
yeni səviyyəyə
- strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldilməsi
üçün səylərin
birləşdirilməsinin vacibliyi
vurğulanıb. Slovakiyada
Azərbaycan səfirliyinin
təsis edilməsi planlarının ikitərəfli
münasibətlərin daha
dərinləşdirilməsi nöqteyi-nəzərindən əlamətdar
hadisə olduğu diqqətə çatdırılıb.
Görüşdə parlamentlərarası əlaqələrin,
nümayəndə heyətlərinin
qarşılıqlı səfər
və görüşlərinin,
o cümlədən beynəlxalq
parlament təşkilatları
çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən söz
açılıb. Habelə,
iki ölkə arasında çoxtərəfli
formatlarda əməkdaşlığın
davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli
aparılması istiqamətində
Azərbaycan tərəfindən
atılan addımlar, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi
təxribatları barədə
qarşı tərəfi
məlumatlandırıb. Münaqişədən
zərər çəkmiş
ərazilərin reabilitasiyası
və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası
istiqamətində Azərbaycan
tərəfindən atılan
intensiv addımlardan bəhs edib. Slovakiya şirkətlərinin
və investorlarının
Azərbaycanın Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarında birgə investisiya, bərpa və quruculuq layihələrində iştirak
niyyəti yüksək
qiymətləndirilib.
Görüşdə işğaldan azad edilmiş ərazilərin
mina və partlayıcı maddələrlə
kütləvi şəkildə
çirklənməsinin bərpa
və yenidənqurma işləri, habelə məcburi köçkünlərin
öz evlərinə təhlükəsiz qayıtmasının
təminatı üçün
əsas maneə olduğu diqqətə çatdırılaraq, mina
problemi ilə mübarizədə Slovakiya
tərəfi ilə əməkdaşlıq məmnunluqla
qeyd olunub.
Enerji sahəsində
əlaqələrə toxunan
nazir Ceyhun Bayramov bu sahədə
əməkdaşlığın genişləndirilməsi üçün
böyük potensialın
olduğunu vurğulayıb.
Bərpaolunan mənbələr
və enerji səmərəliliyi, eləcə
də enerjisaxlama texnologiyalarının tətbiqi
sahəsində Slovakiyanın
təcrübəsinin mübadiləsi
istiqamətində əməkdaşlıqda
maraqlı olduğumuz
diqqətə çatdırılıb.
Boris Kollar Azərbaycan-Slovakiya əlaqələrinin
daha da inkişaf
etdirilməsinə hərtərəfli
dəstək verməyə
hazır olduğunu bildirib. O, Azərbaycana səfərini məmnunluqla
xatırlayıb və
əməkdaşlıq üçün
geniş potensialın
mövcudluğunun şahidi
olduğunu diqqətə
çatdırıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.-2023.-
8 iyun.- S.4.