Beynəlxalq
Əmək Konfransının
111-ci sessiyası və
Azərbaycanın sədrliyi
ilə Qoşulmama Hərəkatı əmək
nazirlərinin iclası
keçirilib
Beynəlxalq Əmək
Təşkilatına (BƏT) üzv ölkələrin
hökumət nümayəndələri
və sosial tərəfdaşların iştirakı
ilə Cenevrədə
(İsveçrə) Beynəlxalq
Əmək Konfransının
111-ci sessiyası keçirilir.
Sessiyada çıxış
edən Azərbaycan nümayəndə heyətinin
rəhbəri, əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
BƏT-in Baş direktoru Jilbert Hunqbonun sessiyanın açılışında etdiyi
məruzədəki məsələlərin
aktuallığını qeyd
edib.
Nazir mürəkkəb
siyasi-iqtisadi proseslərin
regional və qlobal miqyasda mənfi təsirlərinə
baxmayaraq, Azərbaycanda
yüksək inkişaf
tempinin davam etdiyini, ölkədə son
5 ildə sosial ödənişlərdəki ciddi
artımları, habelə
sosial sektorda həyata keçirilən
böyük rəqəmsallaşma
proqramının nəticələrini,
artıq 140-dan çox
sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb.
DOST konsepsiyasının nailiyyətlərindən,
"Əmək və
Məşğulluq" altsisteminin
mühüm faydalarından
bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə
aparılan quruculuq işləri barədə
məlumat verilib.
Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri
olmaqla pandemiyaya qarşı mübarizədə
qlobal səylərin güclənməsi üçün
uğurlu təşəbbüslərindən
bəhs olunub. COVID-19 pandemiyasından sonra üzv ölkələrdə
səmərəli məşğulluq
tədbirlərinin və
xüsusən həssas
qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT-lə sıx əməkdaşlığın önəmi vurğulanıb.
BƏT-in 111-ci sessiyası
çərçivəsində Azərbaycanın sədrliyi
ilə Qoşulmama Hərəkatı əmək
nazirlərinin iclası
da keçirilib. 40-dan
çox ölkənin
yüksək vəzifəli
nümayəndələrinin və BƏT-in Baş direktoru J.Hunqbonun iştirak etdiyi iclasa sədrlik
edən S.Babayev çıxışında ölkəmizin
Qoşulmama Hərəkatının
sədri kimi pandemiyaya qarşı qlobal mübarizdə fəal iştirakını
vurğulayıb. Ölkəmizin
bu istiqamətdə uğurlu təşəbbüsləri,
o cümlədən bütün
ölkələrin peyvəndlərə
bərabər və universal çıxışı
üçün qətnamələrin
qəbulu ilə bağlı təşəbbüsləri
qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama
Hərəkatının Təmas
Qrupunun Zirvə Görüşündə COVID-19-dan sonra Qlobal Bərpa
üzrə BMT-nin Yüksək Səviyyəli
Panelinin yaradılması
təklifinin də irəli sürüldüyü,
Azərbaycanın habelə
Hərəkatın institusional
inkişafına güclü
dəstəyi, bütün
bu addımların Hərəkatın beynəlxalq
nüfuzunu xeyli gücləndirdiyi vurğulanıb.
Ölkəmizdə son
5 ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketinin icra edildiyi, əməkhaqqı və digər sosial ödənişlərdəki ciddi
artımlar, bu islahatlar üzrə illik 6,8 milyard manat əlavə vəsait ayrıldığı,
əmək bazarında
sabitliyin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan
tərəfindən BƏT-in “Kənd təsərrüfatında
təhlükəsizlik və
sağlamlıq haqqında”
184 nömrəli və
“Əməyin mühafizəsi
və sağlamlığının
təşviqi çərçivələri
haqqında” 187 nömrəli
Konvensiyalarının da
ratifikasiyası imkanlarının
qiymətləndirilməsi işləri
aparıldığı vurğulanıb.
İşğaldan azad
edilmiş ərazilərimizdə
aparılan bərpa və yenidənqurma işlərindən bəhs
olunub. Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin
Ermənistanın işğalı
altında olarkən tamamilə dağıdıldığı
qeyd olunub.
Bildirilib ki, Ermənistanın işğalı
nəticəsində Azərbaycan
ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələrdən
biridir. İkinci Qarabağ müharibəsindən
sonra mina terroru nəticəsində
302 nəfər Azərbaycan
vətəndaşı həyatını
itirib və ya yaralanıb. Minalar azad olunmuş
ərazilərdə yenidənqurma
prosesinə və keçmiş məcburi köçkünlərin öz
yurdlarına qayıdışına
mane olur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
(DİM) ilə minalardan
təmizləmə səyləri
arasında birbaşa əlaqə var və Azərbaycan minatəmizləmə üzrə
18-ci DİM-in işə
salınması təşəbbüsünü
fəal şəkildə
təbliğ edir.
İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.
Azərbaycan.-2023.- 8 iyun.- S.4.