Avropa İttifaqının
Qafqazda ən güvənli tərəfdaşı
Azərbaycan geosiyasi və geoiqtisadi əməkdaşlıqda
etibarlı partnyor kimi qəbul edilir
Son 20 ildə nail olduğu dinamik sosial-iqtisadi tərəqqisi və gələcək inkişaf
potensialını nəzərə alaraq Azərbaycanı bölgənin
geosiyasi cəhətdən
ən əhəmiyyətli
və perspektivli ölkəsi hesab edirlər. Cənubi Qafqazın şəriksiz lideri olan, Avropa
ilə Asiya arasında geosiyasi və geoiqtisadi fəal aktor rolunu oynayan Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə,
beynəlxalq təşkilatlarla
münasibətlərini uğurla
inkişaf etdirməkdədir.
Respublikamızın xoş mərama və qarşılıqlı
maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan
biri də Avropa İttifaqıdır.
Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa
əsaslanan münasibətlərin
inkişafında maraqlıdır.
Azərbaycan 1991-ci ildə
dövlət müstəqilliyini
bərpa etdikdən sonra Avropa İttifaqı
ilə əlaqələri
iqtisadi-siyasi islahatlara
dəstək, "Şərq-Qərb",
"Şimal-Cənub" nəqliyyat-kommunikasiya
dəhlizlərinin yaradılması,
infrastrukturun inkişafı
və digər müxtəlif çərçivələrdə
inkişaf etdirib. Azərbaycanın regiondakı
tranzit mövqeyi, Avropa ilə Asiyanın quru və hava nəqliyyatı
yollarının kəsişməsində
yerləşməsi, eləcə
də Avrasiyanın nəqliyyat qovşağı
rolunu oynaması ölkəni Aİ üçün
cəlbedici edən faktorlardır. Azərbaycanla
Aİ arasında 1996-cı ildə imzalanmış tərəfdaşlıq və
əməkdaşlıq sazişi
siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət
sahəsində əməkdaşlığı
əhatə edib.
Göründüyü kimi, "Şərq-Qərb"
və "Şimal-Cənub"
beynəlxalq nəqliyyat
yollarının coğrafi
kəsişməsində yerləşən,
bu istiqamətdə müxtəlif qlobal layihələr reallaşdıran,
eləcə də mühüm təşəbbüslərlə
çıxış edən
Azərbaycanın reallaşdırdığı
layihələr, logistika
infrastrukturu ölkəmizi
güclü tərəfdaşa
çevirib.
Ötən ilin
iyul ayının 18-də
Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan
Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil
olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa
dair Anlaşma Memorandumu"nun imzalanması
da tərəflər arasındakı münasibətlərin
daha da möhkəmlənməsini
şərtləndirdi. Sənəd
Aİ ilə Azərbaycan
arasında enerji tərəfdaşlığını gücləndirməklə yanaşı,
ölkəmizdən Avropa
İttifaqına qaz təchizatını 2 dəfə
artırmağı nəzərdə
tutur.
Məhz həmin
sazişin imzalanması
mərasimində Avropa
Komissiyasının Prezidenti
Ursula Fon der Lyayen Azərbaycanı
Avropa üçün
enerji sektorunda etibarlı tərəfdaş
adlandırıb.
Avropa İttifaqının
enerji məsələləri
üzrə komissarı
Kadri Simson isə Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb.
Bu ilin fevral
ayının 3-də Bakıda
"Cənub Qaz Dəhlizi" Məşvərət
Şurası çərçivəsində
keçirilən nazirlərin
9-cu və Yaşıl
Enerji Məşvərət
Şurası çərçivəsində
nazirlərin 1-ci iclaslarında
çıxış edən
Kadri Simson vurğulayıb ki, Ai və Azərbaycan
arasında uzunmüddətli
dayanıqlı enerji tərəfdaşlığının əsası qoyulub. Bu tərəfdaşlıq
bərpaolunan enerjiyə
və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir: "Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər.
Enerji sahəsində strateji tərəfdaşlığa
dair bizim yeni anlaşma memorandumumuz "Cənub qaz dəhlizi"nin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi
və onun genişlənməsinin dəstəklənməsi
məqsədilə ümumi
qətiyyətimizi nümayiş
etdirdi".
Bu gün Azərbaycan bir çox Avropa ölkəsini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edir. "Cənub qaz dəhlizi" ilə 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz nəql
edilib. 2022-ci ildə bu göstərici 9,3 milyard kubmetr olub. Bu il
ixrac olunan qazın həcminin 12 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.
Anlaşmaya görə,
bu həcm 20 milyard kubmetrə çatdırılacaq. Növbəti
illərdə isə Azərbaycan bu həcmi artırmaq niyyətindədir.
Məhz bu potensialı nəzərə
alaraq Avropa ölkələri Azərbaycanla
əməkdaşlığa üstünlük verir. Son olaraq Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın
ötürücü sistem
operatorları və
SOCAR arasında imzalanan
anlaşma memorandumu da bu ölkələr
arasında əməkdaşlığın
gücləndirilməsində atılan növbəti addım kimi dəyərləndirilir. Onu
da əlavə edək ki, "Cənub qaz dəhlizi" reallaşan
zaman Azərbaycan mavi qazının 6 ölkəyə çıxarılması
nəzərdə tutulurdusa,
indi ölkəmiz Avropada ən azı 10 ölkəyə
enerji nəql edəcək. Ölkələrin
sayı isə növbəti illərdə
daha da arta
bilər. Çünki
enerji təhlükəsizliyini
təmin etmək üçün, etibarlı
tərəfdaş qismində
Azərbaycana müraciət
edən dövlətlərin
sayı gündən-günə
artmaqdadır.
Azərbaycan həmçinin
2009-cu ildən bəri
Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində
ikitərəfli və
çoxtərəfli formatda
əməkdaşlıq edir.
Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq xəttinin
prioritet olaraq qalmasına baxmayaraq, Şərq Tərəfdaşlığının
çoxtərəfli platforması
Azərbaycana birgə
maraq doğuran məsələlər üzrə
fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində milli maraqlarını yürütməyə, bunun
üçün müxtəlif
təşəbbüslər irəli sürməyə
imkan yaratmaqla, Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq gündəliyinə
tamamlayıcı dəstək
rolunu oynayır. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal
tərəfdaşları sırasında
Avropa İttifaqı
2-ci yerdə dayanır.
İyunun 6-da xarici
işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının
xüsusi iclasında çıxışı zamanı
da Azərbaycanla-Aİ
münasibətlərinin inkişaf
perspektivlərini dəyərləndirib.
Aİ-nin ATƏT-dəki
nümayəndəliyi isə
Ceyhun Bayramovun çıxışına dair
bəyanat yayaraq qeyd edib ki,
Azərbaycan Avropa İttifaqı üçün
vacib tərəfdaşdır.
Aİ xüsusilə enerji,
islahatlar, ticarət və investisiyalar sahəsində uğurlu əməkdaşlığı davam etdirmək və gücləndirməkdə
maraqlıdır. Aİ-nin
İqtisadi və İnvestisiya Planında əlaqələndirmə və
enerji əsas elementlərdir. Bu plan Azərbaycana
2 milyard avroyadək
dövlət və özəl sərmayələrin
cəlb olunmasını
hədəfləyir. Sənəddə
həmçinin Aİ-Azərbaycan
arasında yeni hərtərəfli saziş
üzrə danışıqların
davam etdirildiyi və təşkilatın
bu danışıqları
tezliklə yekunlaşdırmaq
məqsədinə sadiq
qaldığı vurğulanır.
Aİ həmçinin Azərbaycanın məhkəmə
sisteminin gücləndirilməsi,
korrupsiyaya qarşı
mübarizənin effektiv
mexanizmlərinin yaradılması
və beynəlxalq standartlara uyğun olaraq şəffaflığı
təmin etmək üçün dövlət
idarəçiliyinin modernləşdirilməsi
istiqamətində addımlar
atmaq öhdəliyini təqdir edir. Aİ Azərbaycanın islahatlarda
əsas tərəfdaşıdır
və bu islahatların aparılmasında
Azərbaycana dəstək
verməyə hazırdır.
Proseslər göstərir
ki, Prezident İlham Əliyevin söylədiyi kimi, etibarlı dost və tərəfdaş olan Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı etimad
yüksək səviyyədədir
və aparılan danışıqlar, imzalanan
sənədlər yalnız
hər iki tərəfə uğur vəd edir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2023.-9 iyun.- S.1;
3.