Yarımçıq qalmış həyat hekayəsi

 

Jurnalist olmaq Natiqin uşaqlıq arzusu olub. Təhsil aldığı 276 saylı məktəbdə hamı onu məktəbin yazarı kimi tanıyırdı. Hələ orta məktəbdə oxuya-oxuya respublikamızda nəşr olunan müxtəlif mətbuat orqanlarında yazıları dərc olunar, tədbirlərdə aparıcılıq edərdi.

Uşaqlığını anasının doğulduğu Şuşada keçirmişdi. Ona görə Şuşanın işğal edilməsi ilə barışa bilmirdi. Sinəsində Şuşa boyda, Qarabağ boyda bir dərd böyüdürdü. Sonralar jurnalist işləyəndə həmişə Qarabağa gedər, ermənilərin başımıza gətirdikləri faciələrdən, törətdiyi vəhşiliklərdən yazardı. Atası Aydın kişi belə deyir: "Elə Qarabağ dərdi oğlumu əlimizdən aldı. Çox vaxt Qarabağa ezam olunduğunu bizə bildirməzdi. Amma dərdi, fikri Qarabağ idi. 2016-ci ildə Aprel döyüşləri zamanı Natiq deyirdi ki, orada döyüşənlər yaşca məndən kiçiklərdir. Əlimə silah alıb döyüşə bilmirəmsə, kənarda durmağa haqqım yoxdur. Heç olmasa döyüşən oğullarımızın qəhrəmanlıqlarını qələmə alsam, rahatlıq taparam. döyüşlər bitdikdən sonra  çəkiliş aparmaq üçün həmin bölgəyə yollandı. Orada nələr görmüşdüsə, Bərk sarsılmışdı 2017-ci il noyabrın 22-də qəfil ürəktutmasından dünyasını dəyişdi.  Natiqin arzusu Qarabağı, Şuşanı azad görmək idi. Heyif, bu gözəl günləri görmək ona nəsib olmadı. Şuşa azad olunan gün Maştağaya, Natiqin qəbri üstə gedib ona Şuşanın azad olması xəbərini verdik. Bilirəm ki, indi bütün Qarabağ həsrətliləri kimi oğlumun da ruhu rahatdır".

Söhbət nakam taleli jurnalist Natiq Aydın oğlu Qədimovdan gedir. 1976-cı ildə Bakıda anadan olan Natiq Bakı Sənaye Kollecini bitirdikdən sonra "Space", ANS telekanallarında, "APA Holdinq"ə daxil olan APA TV- çalışıb. Ömrünün 41-ci ilində ürəktutmasından dünyasını dəyişən KİV əməkdaşının özündən sonra vətənə yadigar iki oğlu qalıb. Natiqin ölümündən 6 ay sonra dünyaya gələn oğlu indi onun adını daşıyır. Onun indi hər cümləsi "ata" sözü ilə başlayıb "ata" sözü ilə bitir.

 Həyat yoldaşı Nurlana Qədimova deyir ki, Natiq mənim ruh əkizim idi: "Onunla biz saatlarla istənilən mövzuda söhbət edirdik. Natiq hərtərəfli inkişaf etmiş geniş dünyagörüşlü bir insan idi. İnsanları qiymətləndirməyi çox gözəl bacarırdı. Ürəyi təmiz, sevgi dolu idi. Evə qonaq gələndə elə bil dünyanı ona bağışlayırdılar. Çox sevinərdi. Ətrafında olan hər kəs onun üçün dəyərli idi. Bu boyda sevgini ürəyinə necə yerləşdirirdi, hələ mənə maraqlıdır".

 Öyrənirik ki, dostları, yoldaşları Natiqin ailəsi ilə tez-tez maraqlanırlar, ailənin dərdinə şərik olub problemlərini həll edirlər. Nurlana xanım deyir ki, Natiq həyatda yanılan insan deyildi. Hiss edirəm ki, dost seçimində yanılmayıb. Allah qapımızı döyən döyməyən bütün yaxşı adamları qorusun: "Əvvəllər oğlum atasının şəklinə baxanda ona "əmi" deyərdi. Böyüdükcə hər şeyi başa düşür, indi "ata" deyir. Kimdir soruşanda "mənim atam" cavabını verir. Mənzilimizi dəyişib başqa yerə köçəndə Natiqin şəklini pəncərəyə qoymuşdum ki, əşyalara qarışmasın. Baş qarışıb, şəkli unutmuşdum. Bir gördük şəkli qoltuğuna vurub gətirir. Böyüdükcə, həyatı dərk etdikcə, atasını daha yaxşı tanıdacağam. Natiqə layiq övlad olacağını, bunun üçün bir ana kimi öhdəmə düşəcək hər şeyi etməyə çalışıram".

Nakam taleli Natiq Qədimovun yarımçıq qalmış həyat hekayəsini onun əzizləri ilə birgə vərəqlədik. Natiq həyatını tam yaşasaydı, ömür kitabını tamamlasaydı, daha çox işlər görə biləcəyi, Azərbaycan mətbuatı tarixinə adını yazanlardan olacağı şübhəsiz idi, baxmayaraq ki, elə bu az ömürlə Natiq çalışdığı sahədə az görməmişdir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 8 iyun.- S.8.