Azərbaycan-Macarıstan hərbi əlaqələrinin
genişləndirilməsi məsələləri
müzakirə edilib
İyunun 7-də Azərbaycanın
müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə
rəsmi səfərdə
olan Macarıstanın
müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Bu barədə
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a məlumat verilib.
Nümayəndə heyəti
əvvəlcə Fəxri
xiyabanda Ümummilli Lider Heydər Əliyevin, Şəhidlər
xiyabanında ölkəmizin
müstəqilliyi, ərazi
bütövlüyü uğrunda
şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət
edərək “Əbədi
məşəl” abidəsinin
önünə əklil
qoyub.
Sonra Müdafiə
Nazirliyində rəsmi
qarşılanma mərasimi
keçirilib. Macarıstanın
müdafiə naziri fəxri qarovulun önündən keçib,
hər iki ölkənin dövlət
himnləri səsləndirilib.
K.Szalay-Bobrovnicski “Şərəf
kitabı”nı imzalayıb.
General-polkovnik Z.Həsənov
onları ölkəmizdə
görməkdən məmnunluğunu
bildirib. Müdafiə
naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə Vətən müharibəsində qazanılan
Qələbədən sonra
azad edilmiş ərazilərdə görülən
minatəmizləmə və
bərpa-quruculuq işləri
ilə bağlı ətraflı məlumat verib.
Nazir macarıstanlı
həmkarını Azərbaycan-Ermənistan
şərti sərhədində
və Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisində
Ermənistan tərəfindən
törədilən təxribatlar
barədə məlumatlandırıb.
Qeyri-qanuni erməni birləşmələri üçün
canlı qüvvə,
silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin
daşınmalarının, əcnəbi vətəndaşların
qanunsuz səfərlərinin,
Azərbaycanın təbii
sərvətlərinin intensiv
şəkildə talan
olunmasının və
belə digər qanunsuz fəaliyyətlərin
qarşısının alınması
məqsədilə Laçın
yolunun Azərbaycan-Ermənistan
sərhədinin son nöqtəsində Azərbaycan
tərəfindən sərhəd-keçid
və nəzarət məntəqəsinin qurulduğunu
diqqətə çatdırıb.
Eyni zamanda, qeyd olunub ki,
hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin
keçid məntəqəsi
vasitəsilə şəffaf
və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin
edilir.
K.Szalay-Bobrovnicski azərbaycanlı
həmkarını bu
yaxınlarda qeyd edilən 28 May - Müstəqillik Günü
münasibətilə təbrik
edib, dövlətlərimiz
arasında əlaqələrin
mehriban dostluq münasibətlərinə əsaslandığını
vurğulayıb. O, ölkəsinin
Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını və
strateji tərəfdaşlığa
əsaslanan Azərbaycan-Macarıstan
ikitərəfli münasibətlərinin
bir çox sahədə, o cümlədən
hərbi sahədə
də uğurla inkişaf etdiyini qeyd edib.
Macarıstanın müdafiə
naziri ölkəsinin
2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanatı dəstəklədiyini
və bölgədə
dayanıqlı sülhün
əldə olunmasına
töhfə verməyə
hazır olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Regiondakı hərbi-siyasi vəziyyət, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2023.- 8 iyun.- S.5.