Elçin
ƏMİRBƏYOV: Azərbaycan ilə Şimali Makedoniyanın siyasi dialoq baxımından çox yaxşı münasibətləri var
"Azərbaycan ilə
Şimali Makedoniya arasında iqtisadi əməkdaşlıq potensialı
hələ də istifadə olunmayıb, bizim çoxlu imkanlarımız var. Biz təkcə rəsmi şəxslər
deyil, həm də işgüzar dairələr, müxtəlif
biznes forumları, sahə nazirliklərinin müxtəlif nümayəndə
heyətləri arasında
daha çox əlaqələrə malik
olmalıyıq".
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Azərbaycan
Respublikasının Birinci
vitse-prezidentinin köməkçisi
Elçin Əmirbəyov
Şimali Makedoniyanın
"MIA" media informasiya
agentliyinə müsahibəsində
səsləndirib.
Şimali Makedoniyaya
səfəri çərçivəsində
jurnalist Aleksandar Atanasovun suallarını cavablandıran Elçin Əmirbəyov səfərin
məqsədlərindən, ölkələr arasında
ikitərəfli münasibətlərin
hazırkı vəziyyətindən
və iqtisadi əlaqələrin perspektivlərindən
bəhs edib. Bildirilib ki, səfərin iki məqsədi var. İlk növbədə, məqsəd Şimali Makedoniya hakimiyyəti ilə ikitərəfli münasibətləri nəzərdən
keçirməkdir. İki
ildən sonra Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyi qeyd olunacaq.
"Əldə olunan
nəticələri və
gələcəkdə nələri
daha yaxşı edə biləcəyimizi düşünmək üçün
yaxşı vaxtdır.
İkinci məqsəd
isə Şimali Makedoniya hazırda Azərbaycanın da üzv dövlət olduğu ATƏT-in fəaliyyətdə olan sədri rolunu yerinə yetirir. Bunu nəzərə alaraq, məqsədimiz Şimali Makedoniya rəsmilərini Cənubi
Qafqazda regional təhlükəsizlik baxımından
mövcud vəziyyət,
konkret olaraq Azərbaycan və Ermənistan arasında gedən sülh prosesi haqqında məlumatlandırmaqdır", - deyə E.Əmirbəyov qeyd edib.
Birinci vitse-prezidentin
köməkçisi deyib
ki, iki ölkə
arasında siyasi dialoq baxımından çox yaxşı münasibətlər var. Ölkə liderləri və nazirlər müntəzəm olaraq görüşürlər, xüsusən
də xarici işlər nazirləri son vaxtlar bir
neçə dəfə
görüşüblər. Şimali Makedoniyanın xarici işlər naziri bu ilin
aprelində Azərbaycana
səfər edib. E.Əmirbəyov həmçinin
bildirib: "Düzdür
o, bu səfəri
ATƏT-in fəaliyyətdə
olan sədri kimi edib, lakin
səfər çərçivəsində
həm də azərbaycanlı rəsmilərlə
ikitərəfli məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Düşünürəm ki, ölkələrimiz iqtisadi əməkdaşlıq
potensialından hələ
çox yaxşı səviyyədə istifadə
etməyib. Bizim yaxşı potensialımız,
çoxlu imkanlarımız
var. Ona görə də hesab edirəm ki, biz təkcə
rəsmi şəxslər
səviyyəsində deyil,
həm də işgüzar dairələr,
müxtəlif biznes forumları, müvafiq nazirliklərin nümayəndə
heyətləri arasında
daha çox təmaslara malik olmalıyıq".
Görüşdə ölkələrimiz arasında
ticarət dövriyyəsinin
artırılmasının zəruri olduğu da vurğulanıb.
Elçin Əmirbəyov
deyib ki, ənənəvi enerji təchizatçısı kimi
tanınan Azərbaycan
Avropa İttifaqının
(Aİ) enerji təhlükəsizliyinə
töhfə verir,
Aİ-nin əsas strateji
tərəfdaşlarından biridir. Şimali Makedoniya Aİ-yə üzv olmaq üçün namizəd
ölkə statusu almaq istəyir. Cənub-Şərqi Avropanın
bir çox ölkəsi təbii qazın tədarükünü
razılaşdırmaq üçün
hazırda Azərbaycanla
müzakirələr aparır.
"Lakin enerji yalnız
bir sahədir və düşünürəm
ki, biz hər iki ölkənin bir-birinə
təklif edə biləcəyi əsas məhsulları ümumiləşdirməliyik.
Bizim biznes və ticarət imkanları baxımından
müntəzəm ünsiyyət
kanalımız olmalıdır.
Hesab edirəm ki, qarşıda görüləsi
hələ çox iş var. Həmçinin
Azərbaycan bu yaxınlarda Şimali Makedoniyaya yeni səfirini akkreditə edib, Serbiyadakı səfirimiz indi Skopyedə də səfirdir. Hesab edirəm
ki, ötən müddətdə qurulan əlaqələr bizə
mövcud boşluqları doldurmaq imkanı verə bilər".
Azərbaycan rəsmisi
2020-ci ilin sonundan etibarən Xəzər dənizinin təbii
qaz ehtiyatlarının "Cənub qaz dəhlizi" vasitəsilə
İtaliyaya və bir sıra digər ölkələrə nəql
edildiyini bildirərək qeyd edib: "Azərbaycandan təbii
qaz alan ölkələrin sayı tezliklə 10-a çatacaq.
Şimali Makedoniyanın da Azərbaycan təbii qazının
bir hissəsini idxal etməkdə müəyyən
marağı var. Həmçinin Azərbaycan Şimali
Makedoniya məhsullarının bəziləri
üçün də cəlbedici bazar ola bilər və eynilə
də bunun əksi mümkündür".
Jurnalistin Azərbaycan
təbii qazının Şimali Makedoniyaya mümkün nəqli
ilə bağlı sualına cavab olaraq Elçin Əmirbəyov
deyib ki, tədarükçü kimi Azərbaycan qazını
Şimali Makedoniyaya da çatdırmaqdan məmnun olardıq.
Bunun üçün lazımi ötürmə qabiliyyəti
və ya paylayıcı şəbəkələr
lazımdır. Şimali Makedoniya bu məsələni Avropa
İttifaqı ilə müzakirə edə bilər.
Çünki Aİ "Cənub qaz dəhlizi"ni çox
dəstəkləyir, biz də öz tərəfimizdən
Şimali Makedoniyanı alıcı ölkələr
siyahısına daxil etməyə açıq və
hazırıq. Bundan başqa, Azərbaycan təbii
qazının qiyməti rəqabətədavamlı və
istehlakçılar üçün daha
aşağıdır.
Moldovanın
paytaxtı Kişineuda keçirilən "Avropa siyasi
birliyi"nin 2-ci Zirvə toplantısı barədə fikirlərini
bölüşən Elçin Əmirbəyov qeyd edib ki, bu təşəbbüs
Fransa tərəfindən irəli sürülüb və
indiyədək iki görüş olub. Yeni təşəbbüs
kimi ona müəyyən vaxt lazımdır ki, oturuşsun,
insanlar bu platformanın artıq mövcud olan bütün digər
təşkilat və platformalarla müqayisədə üzv
dövlətlərə hansı müqayisəli
üstünlüyü təmin edə biləcəyini həqiqətən
başa düşsünlər. Amma şəxsi nöqteyi-nəzərdən
deyə bilərəm ki, liderlərin toplantısı
yaxşı keçdi, 45-dən çox ölkə təmsil
olundu. Müzakirələrin və mübadilələrin
qeyri-rəsmi xarakter daşıması müzakirələrin
keyfiyyətinə bir qədər də dəyər qatdı.
Bu, liderlərin müntəzəm olaraq bir-birini görmələri
üçün yaxşı fürsətdir.
Jurnalistin Azərbaycan
ilə Ermənistan arasında sülh sazişinin əldə
olunması istiqamətində səylərlə bağlı
sualına cavabında isə Elçin Əmirbəyov qeyd edib
ki, sülh üçün real imkanlar və ya şanslar
İkinci Qarabağ müharibəsi başa çatdıqdan
sonra, Azərbaycan 44 gün ərzində 30 ilə yaxın erməni
işğalı altında olan əraziləri azad etdiyi vaxt
yaranıb. Beləliklə, Azərbaycan tarixi ədaləti və
ərazi bütövlüyünü bərpa etdikdən sonra
Ermənistana münaqişədən sonrakı sülh
proqramı təklif edib. Ona görə də sülh
müqaviləsi layihəsini masaya qoyduq ki, bu da bizə
düşmənçilik səhifəsini çevirməyə
və münasibətlərimizi normallaşdırmağa kömək
edə bilər. Bu müqavilə bir-birinin ərazi
bütövlüyünə, suverenliyinə və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına qarşılıqlı hörmətə,
indi və gələcəkdə bir-birilərinə
qarşı hər hansı ərazi iddialarının rədd
edilməsinə əsaslanır. Hesab edirik ki, əgər Ermənistan
təkcə bəyanatlarla deyil, real əməlləri ilə
sülhə hazır olduğunu, Azərbaycana qarşı ərazi
iddialarından əl çəkdiyini sübut etsə, yerlərdə
bunun həqiqi sübutunu görə bilsək, bizim
böyük bu sülhə sahib olmaq şansımız yaranar.
İndi hər hansı bir müddət göstərmək
çətindir, çünki bəzən onlara əməl
edilmədikdə müəyyən məyusluqlar yaranır,
lakin biz erməni tərəfinin nə qədər səmimi
olduğunu görməliyik. Odur ki, bir tərəfdən Ermənistanın
baş naziri Azərbaycanın ərazi
bütövlüyünə hörmətindən
danışır, digər tərəfdən isə Azərbaycanın
suveren ərazisində, Qarabağ bölgəsində hələ
də 10 min erməni silahlı birləşmələri var.
"Dağlıq Qarabağ" anlayışı artıq
yoxdur. Bu gün bizim ərazimizin yeni inzibati ərazi
bölgüsü - Qarabağın həm dağlıq, həm
də aran hissələrini birləşdirən vahid
Qarabağ iqtisadi rayonu var. Bu region həm də çoxmillətli
olacaq. Çünki Ermənistan tərəfindən etnik təmizləməyə
məruz qalmış Azərbaycanəsilli minlərlə məcburi
köçkün geri qayıtdıqda bir neçə yüz
min əhalisi olan bir bölgəmiz olacaq və ümid edirəm
ki, ermənilər gələcəkdə oranın bir
parçası olacaqlar. "Biz faktiki olaraq yerli ermənilərə
təklif edirik ki, Konstitusiyamıza uyğun olaraq onların Azərbaycan
dövlətinin sosial, iqtisadi, humanitar və siyasi çərçivəsinə
reinteqrasiya şərtlərini razılaşdırmaq
üçün Azərbaycanın mərkəzi hakimiyyət
orqanları ilə müzakirələr və
danışıqlar aparsınlar. Yenə də Ermənistanla
Azərbaycan arasında bağlanmış sülh müqaviləsinə
qayıdaq. Çünki bu, Azərbaycanın daxili məsələsidir
və yerli Ermənistan vətəndaşları ilə
müzakirələr, sülh danışıqları son
vaxtlar intensivləşib. Mayın əvvəlindən biz
xarici işlər nazirləri və liderlər səviyyəsində
bir neçə raund müzakirələr aparmışıq.
Ümid edirik ki, tezliklə müzakirələri davam etdirəcəyik.
Sülh müqaviləsi əlçatandır. Biz Ermənistandan
məsuliyyətli davranmasını və verdiyi vədlərə
əməl etməsini, bütün silahlı qüvvələrini
Azərbaycanın suveren ərazisindən çıxarmaq da
daxil olmaqla, üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirməsini gözləyirik. Çünki
bütün bunlar olmadıqda sülhdən danışa bilmərik.
Biz istəyirik ki, bu problem həll olunsun və daha
yaxşı şəraitdə sülh
danışıqlarına cəmləşək", - deyə
Birinci vitse-prezidentin köməkçisi qeyd edib.
Elçin
Əmirbəyov vurğulayıb ki, danışıqlar
müxtəlif yerlərdə aparılır və müxtəlif
vasitəçilər var, Rusiya da onlardan biridir. Çünki
atəşkəs sazişini imzalayan tərəflərdən
biri rəsmi Moskvadır və onlar da müntəzəm olaraq
görüşlərə evsahibliyi edirlər. Avropa
İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü
ilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın
baş naziri Nikol Paşinyanın iştirakı ilə
Brüsseldə üçtərəfli görüşlər
olub. ABŞ də danışıqlar prosesinin
iştirakçısıdır. Uzun fasilədən sonra bu
danışıqlar prosesini bərpa edən də məhz
amerikalılar oldular. Beləliklə, sülh sazişinin mətninin
razılaşdırılması üçün ikitərəfli
danışıq aparılır. Bu mətn iki xalq arasında
münasibətlərin əsas prinsiplərini müəyyənləşdirəcək,
həmçinin bağlanmış nəqliyyat əlaqələrini
açmağa, indiyədək delimitasiya aparılmayan sərhədi
müəyyənləşdirməyə imkan verəcək.
Bunlar bizim Ermənistanla danışdığımız
üç əsas məsələdir. Bu münaqişə
başlayanadək Ermənistan tərəfindən 250 min azərbaycanlı
etnik təmizləməyə məruz qalıb və bu ölkədən
qovulub. Bu gün biz uzunmüddətli sülhdən,
azlıqların hüquqlarından danışarkən, tarixi
vətənlərinə qayıtmaq hüququ olan yüz minlərlə
azərbaycanlının hüquqları məsələsini də
gündəmə gətiririk. Beləliklə, biz Qarabağ
bölgəsində ermənilərin hüquqlarını
müzakirə edirik və bu, Azərbaycanın mərkəzi
hakimiyyət orqanları ilə yerli ermənilər arasında
dialoqdur, ona görə də Ermənistan bu prosesdən kənardadır.
Azərbaycan özünün etnik erməniəsilli vətəndaşları
ilə əlaqə saxlamağa hazırdır. Lakin biz onlardan
konstruktiv olmalarını, sosial, iqtisadi və digər
hüquqlarından istifadə etmələri üçün
bütün imkanların təmin olunacağını başa
düşmələrini gözləyirik. Ancaq bu məsələ
Azərbaycan dövlətinin qanunları çərçivəsində,
Azərbaycan Konstitusiyasına uyğun olaraq edilməlidir.
Azərbaycan.-2023.- 14 iyun.- S.6.