ADA Universitetində
bu il 600-dək tələbə
məzun olub
İyunun 13-də ADA Universitetində
“Məzun günü”
keçirilib. Tədbirdə
tələbələrlə yanaşı onların ailə üzvləri,
professor-müəllim və
işçi heyəti,
eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Universitetdə təhsil alan əcnəbi tələbələr
tərəfindən təmsil
edilən ölkələrin
bayraqlarının səhnəyə
gətirilməsi və
Azərbaycan Respublikasının
Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb.
Daha sonra, tədbirin aparıcıları
Mənzər Əmirli
və Qədir Səfərli builki bakalavr məzunların adından çıxış
etmələri üçün
İnci Rüstəmovanı
və Fatimə Davudlunu, magistr məzunlarını təmsil
etməsi üçün
isə Murad Malik Aslanovu
səhnəyə dəvət
ediblər.
ADA təhsili sayəsində əldə etdikləri nailiyyətlərdən bəhs
edən və yenicə məzun olmağa hazırlaşan çıxışçılar burada təhsil dövründə yaşadıqları
ən unudulmaz anları yada salıblar. Məzunlar onların akademik, şəxsi və peşəkar inkişafında əvəzsiz
rolu olan ADA Universitetinin müəllimlərinə
minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə çıxış
edən ADA Universitetinin
akademik işlər üzrə prorektoru Vəfa Kazdal tələbələrin, məzunların
və müəllim heyətinin uğurlarına
toxunub.
“Hansı
ildə məzun olmağınıza baxmayaraq
və harada olmağınızdan asılı
olmayaraq, sizin daim ADA dəyərlərinin
daşıyıcısı olacağınıza və
burada aşılanan layiqli vətəndaş prinsiplərinə hər
zaman sadiq qalacağınıza
əminəm”, - deyən
Vəfa Kazdal onlara gələcək fəaliyyətlərində uğurlara
imza atmağı və öz əməlləri ilə digərlərini ilhamlandırmağı
arzu edib.
Məzunlar qarşısında
çıxış edən
Azərbaycan Respublikası
Mərkəzi Bankının
sədri Taleh Kazımov “Məzun günü”nü yeniliklərin başlanğıcı
kimi qiymətləndirib.
“Sürətlə
dəyişən hazırkı
dövrdə ən böyük dəyərinizi
- öz bilik və bacarığınızı
böyük təsirə
malik işlərə görməyə
sərf edin”, - söyləyən Taleh Kazımov məzunları arzularını, məqsədlərini
düzgün müəyyənləşdirməyə,
cəmiyyətə faydalı
işlər görməyə
səsləyib.
Tədbirdə ADA Universitetinin
rektoru səfir Hafiz Paşayev çıxış
edərək məzunlara
peşəkar həyatlarında
uğur qazandıracaq
dəyərli tövsiyələr
verib. ADA-nın 2011-ci
ildə cəmi 16 məzunun iştirakı ilə “Məzun günü” keçirdiyini,
lakin bu gün məzunların sayının dəfələrlə
çox olduğunu, hətta həmin məzunlar arasında Vətən müharibəsi
iştirakçısının da olduğunu bildirib.
“Universitetin
missiyası yalnız təhsil vermək deyil, onun missiyası
həm də sosial məsuliyyətə
malik vətəndaşlar yetişdirməkdir”,- deyən rektor
ADA Universitetinin hazırkı
layihələrindən bəhs
edib. O, həmçinin
İtaliya-Azərbaycan Universiteti
çərçivəsində təqdim edilən iki yeni fakültədən,
eləcə də ADA
Universitetinin regionda fəaliyyət göstərənlər
üçün təqdim
etdiyi azərbaycandilli
magistr ixtisaslarından
söhbət açıb.
Çıxışlar başa
çatdıqdan sonra
ADA Universitetinin Tələbə
qəbulu və qeydiyyat şöbəsinin
direktoru Günay Ziyadova səhnəyə dəvət edilib və bununla da diplomların təqdim olunması mərasimi elan edilib.
Diplomlar ixtisaslar
üzrə müvafiq
olaraq İctimai və beynəlxalq münasibətlər fakültəsinin
dekanı Anar Vəliyev,
Biznes fakültəsinin
dekanı Hüseyn İsmayılov, İnformasiya
texnologiyaları və
mühəndislik fakültəsinin
dekanı Abzatdin Adamov, Təhsil fakültəsinin dekanı
Ülviyyə Mikayılova
və Hüquq fakültəsinin dekanı
Rəşad İbadov
tərəfindən təqdim
edilib.
Qeyd edək
ki, tədbirin qonaqları
qismində Vəkillər
Kollegiyasının sədri
Anar Bağırov, əmək
və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar
Kərimov, xarici işlər nazirinin müavini Elnur Məmmədov,
Dövlət İmtahan
Mərkəzinin Direktorlar
Şurasının sədri
Məleykə Abbaszadə,
“Azərxalça” ASC İdarə
Heyətinin sədri Emin Məmmədov və digər dövlət qurumlarından
səlahiyyətli şəxslər
iştirak ediblər.
Rektor Hafiz Paşayevin
ADA Universitetinin 2023-cü il məzunlarını elan etməsindən
sonra tədbirin rəsmi hissəsi başa çatıb və bədii proqram başlanıb. Məzunlar klassik və müasir musiqilərin fonunda əyləncəli anlar keçiriblər.
Xatırladaq ki, ümumilikdə
2022-2023-cü akademik il üzrə
ADA Universitetində 8 bakalavr
və 8 magistr ixtisası üzrə 571 tələbə məzun olub. Məzun olan tələbələrin
548-i yerli, 23-ü isə
əcnəbidir.
Bu il məzun olan əcnəbi tələbələr
14 müxtəlif ölkəni
təmsil edirlər. Həmin ölkələr
arasında Belarus, Gürcüstan,
İndoneziya, İran, Meksika,
Moldova, Mozambik, Özbəkistan,
Qazaxıstan, Rusiya Federasiyası, Seyşel Adaları, Sudan, Tacikistan, Ukrayna yer tutur.
Azərbaycan.-2023.- 14 iyun.-
S.8.