Göygöldə
bu irsə hörmət və diqqət var
Ölkəmizin dilbər
guşələrindən olan
Göygöl tarixən
beynəlmiləl şəhər
olub. Uzun illərdir burada müxtəlif millətlərin
nümayəndələri dost
və mehribanlıq şəraitində yaşamış,
bir-birinin xeyrində, şərində yaxından
iştirak etmişlər.
Bu gün də həmin dostluqdan söhbət düşəndə yaşlı
nəslin nümayəndələri
ürəklərində yaşatdıqları
xatirələri həvəslə
danışır, gənclərə
bu dostluqdan bəhrələnməyi tovsiyə
edirlər.
Göygöl şəhərinə
daxil olanda ilk diqqəti cəlb edən Azərbaycan arxitekturasına
xas olmayan və səliqə ilə yan-yana düzülmüş evlər
olur. Həmin evlər 200 il əvvəl burada məskunlaşan almanlar tərəfindən inşa
edilib. Qeyd edək ki, almanlar
şəhərdə 6 küçə
salmış, 600-ə qədər
ev tikmişlər. Çöl divarı və eyvanı taxtadan olan evlər
şəhərə xüsusi
gözəllik verir. Uzun illərin təbii aşınmaları
nəticəsində evlərin
bir çoxu yararsız hala düşmüşdü. Ona
görə də dövlət köməyinə
ehtiyac yaranmışdı.
Məsələ qaldırıldı,
dövlət vəsait
ayırdı və təmirə başlanıldı.
Təmir-bərpa işləri
zamanı evlərin həm milli arxitektura elementləri, həm də ilkin görkəmi qorunub saxlanıldı.
Almanların bu
ərazilərə köçürülməsinin
maraqlı tarixi var. Onlar bu
ərazilərə 1818-ci ildə
Vyutenburq knyazlığından
mühacir kimi köçürülmüşlər. 124 ailə Helenendorf şəhərində (indiki
Göygöldə) məskunlaşmışdır.
Onlar Azərbaycanda maldarlıq, əkinçilik
və üzümçülüklə
məşğul olmuşlar.
1860-cı ildə Fohrer
qardaşları rayonda
şərabçılıq zavodu açmışdır.
1870-ci ildə müəssisə
"Kistofer Fohrer və oğlanları"
adını daşımışdır.
1892-ci ildə isə Fohrer öz təsərrüfatını
4 oğluna vermişdir.
Həmin ildən müəssisə "Fohrer
qardaşları" adını
daşımışdır. Sonra qardaşlar pivə zavodu, 1890-cı ildə isə Gəncə çayı yaxınlığında dördmərtəbəli
su dəyirmanı tikmişlər. 1903-cü ildə
13 kilometr məsafədən
- Köşkü kəndi
ilə Üçbulaq
kəndi arasında yerləşən meşədəki
bulaqlardan şəhərə
su xətti çəkmişlər. 1911-ci ildə qardaşlar Azərbaycan ərazisində
ilk dəfə olaraq su-elektrik stansiyası tikmişlər
ki, bununla da bölgədə sənaye inkişaf etməyə başlamışdır.
Keramit və kərpic istehsalı zavodları ilə davam edən bu inkişaf 1941-ci ilədək sürdü.
Həmin il başlanan müharibə nəticəsində Stalinin
əmri ilə Azərbaycanda məskunlaşan
alman ailələri Qazaxıstana sürgün
edildilər.
Amma almanlar məcburən bu yerləri tərk etsələr də, onların tarixi-mədəni
irsi bu günədək
qorunub saxlanır. Göygöllülər ölkəmizdə
yüz illərlə hökm sürən multikulturalizm və tolerantlıq ənənələrinə
sadiq qalaraq vaxtilə burada yaşamış almanların
mədəni irsini - abidələrini və evləri qoruyub saxlamışlar. Özü
də təkcə qoruyub saxlamamış, onları bərpa və təmir etmişlər. Məsələn,
1854-cü ildə almanlar
tərəfindən inşa
edilən Lüteran kilsəsi əsaslı şəkildə təmir
edildikdən sonra tarix diyarşünaslıq
muzeyi kimi fəaliyyətə başlamışdır.
Bu gün muzeyin 2 mindən çox eksponatı var. Yeri gəlmişkən,
qeyd edək ki, almanlar burada
1927-ci ildə Helenendorf
Diyarşünaslıq Muzeyi
də yaratmışlar.
Təəssüf ki, sürgündən sonra həmin muzey də dağıdılmış,
əşyaları itib-batmışdır.
Ümumiyyətlə, Göygöldə bir neçə tarixi muzey fəaliyyət göstərir. Onlardan biri alman iş
adamına məxsus malikanədə yerləşən
Göygöl Tarix Diyarşünaslıq Muzeyidir.
Almanların Cənubi
Qafqazda, eləcə də Azərbaycan ərazisində məskunlaşmasına
aid sənədlər
və maraqlı fotoların yer aldığı muzeydə
vaxtilə ərazidə
yaşamış almanların
məişətini, adət-ənənəsini
əks etdirən eksponatlar nümayiş etdirilir.
Rayonun yaşlı
nəslinin nümayəndələri
deyirlər ki, almanlar yerli əhali ilə çox mehriban və səmimi olmuşlar. Azərbaycanlı
ailələrin uşaqları
alman uşaqları ilə birlikdə böyüdükləri üçün
alman uşaqları Azərbaycan, azərbaycanlı
uşaqlar isə alman dilini mükəmməl
bilirdilər.
Şəhərdə "Viktorun
evi" kimi tanınan bir ev var. Bu, Göygöldə
yaşayan sonuncu alman
Viktor Klaynın evidir.
Ev alman məişətinə
aid əşyalarla zəngindir.
Hətta burada yaşı yüz illərlə ölçülən
bir piano da var. Viktor boş
vaxtlarında özünün
müşayiəti ilə
alman mahnıları ifa
edirdi. Bir dəfə bir azərbaycanlı həmin pianonu almaq üçün Viktora külli miqdarda pul təklif
etmişdi. Onda Viktorun
cavabı belə olmuşdu: "Mən nəinki pianonu, heç evin bir əşyasını
da satmaram". Bu gün
Göygölə gələn
alman turistləri Viktor Klaynın
evinə mütləq
baş çəkirlər.
2007-ci ildə vəfat edən Viktordan sonra evdə yaşayan olmamış, burada yüngül təmir işləri aparılmışdı. Bu yaxınlarda
rayon icra hakimiyyəti
həmin evin əsaslı təmirinə
başlamışdır. Təmir
başa çatdıqdan
sonra Viktor Klaynın evi muzey kimi
istifadə ediləcək.
Onu da bildirək ki, evdə
olan bütün əşyalar olduğu kimi saxlanılmışdır.
XX əsrin əvvəllərində
erməni millətçilərinin
azərbaycanlılara qarşı
apardıqları terror və
soyqırımı siyasətindən
burada yaşayan almanlar da zərər çəkmişlər. 1905-ci ildən 1907-ci ilin avqustunadək "Daşnaksütyun"
partiyasının Gəncədə
yerləşən yerli
təşkilatının nümayəndələri
Helenendorf almanlarını
partiyanın xəzinəsinə
xərac verməyə
məcbur etmişlər.
O cümlədən şərab
istehsalçıları olan
Fohrer qardaşlarını
da buna cəlb etməyə
çalışmışlar. Lakin onlar bu xəracı
ödəməkdən imtina
etmişlər və ona görə də qətlə yetirilmişlər.
Bu yaxınlarda rayon mərkəzində
yerli əhalinin "yeraltı şəhər"
adlandırdığı zirzəmilər
aşkarlanmışdır. 1380 kvadratmetr sahəsi olan və 7 zaldan ibarət olan zirzəmilər ilkin məlumata görə, 1854-cü ildə
inşa edilmişdir. Həqiqətən yeraltı
şəhəri xatırladan
zirzəmilərin hər
birində havalandırma
sistemi, ora düşmək üçün
həm elektriklə, həm də mexaniki üsulla işləyən lift var. Ən
böyük zalın sahəsi 40 metrin 8 metrədir. Tavanın hündürlüyü isə
5 metr 30 santimetrdir. Burada digər kiçik zallar da mövcuddur ki, onların tavan hündürlüyü
4 metr 30 santimetr, uzunu 30, eni 6 metrdir. "Yeraltı şəhər" aşkarlanan
vaxt zirzəmilərdə
çoxlu palıd taxtalarından çəlləklər
və çəlləklərin
hazırlanması üçün
avadanlıqlar aşkar
edilmişdir. Buradakı
zalların hər birinin iki girişi
var. Girişlərdən biri
geniş, digəri xırdadır. Bütün
zirzəmilərdən bir-birinə
keçid mövcuddur.
Rayon icra hakimiyyətindən dedilər ki, yeraltı şəhər aşkar edilərkən tullantılarla
dolu olub. Həmin tullantılar çıxarılmış, zirzəmilər
işıqlandırma sistemi
ilə təmin olunmuş və restavrasiya işlərinə
başlanılmışdır. Hazırda təcrübəli
ustaların köməyi
ilə "yeraltı
şəhər" ilkin
görkəmə salınır.
Qərara alınmışdır
ki, restavrasiya işləri
başa çatdırıldıqdan
sonra "yeraltı şəhər" rayonun
turizm marşrutuna əlavə edilsin.
Onu da vurğulayaq ki, Göygölə
gələn xarici turistlərin əksəriyyəti
almanlardır. Onlar babalarının qərib ölkədəki həyat
və məişət
şəraiti ilə tanış olurlar. Bunun üçün babalarının
yaşadıqları evlərə
baş çəkir,
dəfn edildikləri məzarlıqları və
adəd-ənənələrini əks etdirən muzeyləri ziyarət edirlər. Sözsüz
ki, yeni aşkar edilmiş
"yeraltı şəhər"
də onların ziyarət edəcəkləri
daha bir ünvan olacaq.
Sabir ƏLİYEV,
Azərbaycan.-2023.-
14 iyun.- S.11.