Lənkəran şəhər
Heydər Əliyev xatirə parkında Avropa İttifaqının
(Aİ) ənənəvi tədbiri
- "Avropa şəhərciyi"
keçirilib. Lənkəran
Şəhər İcra
Hakimiyyətinin və
Aİ-nin təşkilatçılığı
ilə keçirilən
tədbirdə iştirakçılar
Avropa İttifaqı ölkələri, onların
tarixi, mədəniyyəti,
adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
İqtisadiyyat nazirinin
müavini Sahib Məmmədov, Lənkəran
ŞİH-in başçısı
Taleh Qaraşov,
Aİ-nin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
Peter Mixalko, həmçinin
Aİ-yə daxil olan 12 ölkənin səfir və nümayəndələrinin iştirak
etdikləri tədbirin
rəsmi hissəsi Azərbaycan və Aİ-nin himnlərinin səsləndirilməsi ilə
başlayıb. T.Qaraşov
çıxış edərək
bildirib ki, ölkəmizin Aİ ilə
münasibətləri qarşılıqlı
maraqlar çərçivəsində
inkişaf edir.
ŞİH-in başçısı
həmçinin qeyd edib ki, ölkəmiz
hər zaman mədəniyyətlərarası dialoqun aparılmasına açıqdır və Lənkəranda keçirilən
"Avropa şəhərciyi"
də qarşılıqlı
mədəniyyət və
adət-ənənələrin təbliğinə xidmət
edir.
Qonaq Peter Mixalko
Aİ ilə Azərbaycan
arasında güclü
tərəfdaşlıq münasibətlərinin
olduğunu vurğulayaraq
qeyd edib ki, Aİ Azərbaycanla qarşılıqlı münasibətlərin
inkişafında maraqlıdır.
Onun sözlərinə
görə, Aİ ölkə
üzrə ilk regional inkişaf layihəsini "Avropa Lənkəran üçün"
başlığı altında
keçirir. Avropalı
səfir regionda tək ali təhsil
ocağı olan Lənkəran Dövlət
Universiteti ilə qarşılıqlı tələbə
və müəllim mübadiləsinin də yüksək səviyyədə
həyata keçirildiyini
söyləyib.
Sahib Məmmədov
isə çıxışında
bildirib ki, Aİ-yə daxil olan
dövlətlər Azərbaycana
ən çox investisiya qoyan ölkələr sırasındadırlar
və bunun səbəbi ölkəmizin
Avropa üçün
etibarlı tərəfdaş
olmasıdır. Nazir müavini Avropa ölkələri ilə münasibətlərin inkişafında
dövlət başçısı
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyinin olduğunu ifadə edib.
Tədbirin rəsmi
hissəsinin sonunda
"Avropa şəhərciyi"ndə
iştirak edən
Aİ-yə üzv ölkələrin səfir
və nümayəndələri
lənkəranlıları doğma dillərində salamlayıblar. Sonra tədbir iştirakçıları
parkda quraşdırılmış
çadırlarda xüsusi
stendlər vasitəsilə
Aİ-nin Azərbaycandakı
fəaliyyətini nümayiş
etdirən, eləcə
də Avropa xalqlarının mədəniyyət
və adət-ənənələrini
təbliğ edən təqdimatlarla tanış
olublar.
Həmin gün
Lənkəranda Azərbaycan
Avtomobil Federasiyası
tərəfindən Bakı-Lənkəran
marşrutu üzrə
təşkil olunan idman avtomobillərinin yürüşünün iştirakçıları
da "Avropa şəhərciyi"nə qatılıblar.
Tədbir "Nənələr"
folklor qrupu, Çinarə Məlikzadə
və "Ahmedowsky trio" qrupunun iştirak etdikləri konsertlə yekunlaşıb.
Seyran CAVADOV,
Azərbaycan.-2023.- 14 iyun.-
S.11.