Azərbaycan Silahlı Qüvvələri
Ordu dövlətin
gücünün, xalqın
şərəf və
ləyaqətinin ifadə
formasıdır. Bu bir həqiqətdir ki, güclü dövlətin zəif ordusu, birliyi olmayan xalqın da güclü ordusu ola bilməz.
Bu gün bizə qürur yaşadan, 2020-ci ilin 27 sentyabrında başlayıb
möhtəşəm zəfərimizlə
bitən müharibədə
öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı
bacaran, dünyanın
ən güclü orduları sırasında
yer alan Azərbaycan Silahlı Qüvvələrinin 105 yaşını
qeyd edirik.
Tarix hadisələrin
ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək
və hadisələrin
səbəbləri haqqında
nəticə çıxarmaq
üçün keçmişlə
bağlı mənbələri
öyrənən elmdir.
Sözsüz ki, tarixi bilməyənlər
keçmişin səhvlərini
təkrarlayırlar. Keçmişin
səhvlərini təkrarlamamaq
üçün tarixi
bilmək, ondan dərs çıxarmaq lazımdır.
XX əsrin əvvəllərində
xalqımızın dəyərli
ziyalıları, vətənpərvər
oğulları dövlət
qurub üçrəngli
bayrağımızı qaldırdılar.
O dövr üçün
bu, böyük fədakarlıq, hətta tarixi qəhrəmanlıq
idi. Həmin dövrdə Azərbaycanda,
eləcə də regionda və dünyada gedən proseslər üzündən
dövlət cəmi
23 ay duruş gətirə bildi. Ozamankı ordunun Hərbi Dəniz Qüvvələrinə rəhbərlik
edən Çingiz İldırım bolşeviklərin
tərəfinə keçib
öz hökumətinə
ultimatum verdi.
70 illik kommunist
istilasından sonra Azərbaycan müstəqilliyini bərpa
etdi. Yenə də Azərbaycanın müstəqilliyini istəməyən
xarici güclər hərəkətə keçdi.
Ortalığa erməni faktoru atıldı. Bir qrup təcrübəsiz
və başıpozuq dəstənin hakimiyyəti idarəetmə
fikrinə düşməsi, əslində, olduqca ironik
görünürdü. Hər gün torpaqlar işğal
olunur, vətən parçalanmaq, dövlət yox olmaq təhlükəsi
ilə üz-üzə qalmışdı. Ordu
quruculuğundan, vahid komandanlıqdan danışmağa dəyməzdi.
Vətən uğrunda canlarından keçən fədakar gənclər
silaha sarılıb düşmənlə döyüşə
girsələr də, canlarını vətənə qurban
etsələr də, vahid komandanlıqdan, vahid ordudan söhbət
belə, gedə bilməzdi. Odur ki, zaman yeni çingiz
ildırımları, surət
hüseynovları, rəhim qaziyevləri yetişdirdi.
Dövlətin
taleyi təhlükədə, xalq-vətəndaş müharibəsi,
vətən parçalanmaq təhlükəsi ilə
üz-üzə qaldığı bir zamanda Ulu Öndər
Heydər Əliyev xalqın səsinə səs verərək
hakimiyyətə qayıtmağa razılıq verib belə bir
zamanda Azərbaycanı qorumaq kimi tarixi missiyanı öz
üzərinə götürdü. Heydər Əliyev deyirdi:
"Mən Azərbaycan Respublikasının bu ağır
dövründə bu ağır yükü öz üzərimə
götürmüşəm. Ona görə yox ki, bu vəzifə
mənə lazımdır. Bəziləri buna can atırlar.
Ona görə götürmüşəm ki, öz
bacı-qardaşlarımıza, torpağıma xidmət
edim... Mən bütün bu təxribatçıların,
terrorçuların qabağında durmuşam və duracağam.
Azərbaycanın müstəqilliyini qorumuşam və
qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi,
hər hansı bir terrorçu gülləsi məni həyatdan
götürərsə, özüm də, övladlarım da
müstəqil Azərbaycanın yaşaması yolunda qurban
olmağa hazırıq".
Ulu Öndər
hakimiyyətə gəldikdən sonra Azərbaycan müstəqilliyini
möhkəmlətmək üçün nizami ordu
quruculuğuna start verdi. İlk növbədə vahid ordu,
vahid komandanlıq yaradıldı. Ayrı-ayrı siyasi birliklərə,
qruplara, fərdlərə xidmət edən silahlı birləşmələr
ləğv olundu.
Azərbaycan
Silahlı Qüvvələri 1993-ci ilin dekabrından
yanvarın 6-dək Füzuli rayonunun Horadiz qəsəbəsi
və işğal olunmuş kəndlər uğrunda uğurlu
döyüş əməliyyatına başladı. Bu,
Ümummilli Liderin Ali Baş Komandanlığı altında
ordumuzun apardığı ilk uğurlu əməliyyat idi. Həmin
döyüşlərdə Horadiz qəsəbəsi,
Füzuli rayonunun 20, Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndləri işğaldan azad olundu. Əməliyyatda
misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə
görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görüldü. Horadiz əməliyyatının
əhəmiyyətindən danışarkən qeyd etmək
vacibdir ki, bununla da ermənilərin məğlubedilməzliyi
haqqında yaranmış mifə son qoyuldu. Azərbaycan
Silahlı Qüvvələrində özünə inam hissi
yarandı. Azərbaycan düşmənlə məğlub tərəf
kimi yox, ordusu, gücü olan tərəf kimi masa ətrafında
otura bildi.
Ulu Öndər
yaxşı bilirdi ki, xaricdən hər cür dəstək
alan, müasir silahla silahlandırılan və təlimatlandırılan
düşmənin qarşısına yalnız güclü
ordu ilə çıxmaq olar. Güc toplamaq, əsl orduya sahib
olmaq üçün isə atəşkəs lazım idi. Beləliklə,
1994-cü il mayın 12-də "Bişkek protokolu"
imzalandı. Azərbaycanın ordu quruculuğunda yeni mərhələ
başladı. Sonralar ordumuzun gücünə tam əmin olan
Ulu Öndər deyirdi: "Hazırda Azərbaycanın
Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz
edilmiş, möhkəm nizam-intizam, yüksək
döyüş ruhu ilə seçilən, düşmənə
sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur.
Milli Ordumuz müstəqil dövlətimizin ən böyük
dayağıdır".
Azərbaycanın
Qarabağ siyasəti qan tökmək, müharibə etmək
deyildi. Yolumuz sülh yolu idi. Nə yazıq ki, düşmən
bunu anlamaq istəmədi. Görünür, müvəqqəti
qələbə düşməndə qalib eyforiyası
yaratmışdı.
Hakimiyyətə
gəldiyi gündən Ulu Öndərin siyasi kursunu davam etdirəcəyini
bəyan edən İlham Əliyev ordu quruculuğuna diqqəti
daha da artırdı. Məsələ çox dəqiq və
konkret qoyulmuşdu: "Əgər problem sülh yolu ilə
öz həllini tapmasa, torpaqlar müharibə yolu ilə azad
olunacaq". Prezidentinə inanan xalqımız dövlət
başçısının qətiyyətli
davranışını, ikitərəfli
danışıqlarda, beynəlxalq tədbirlərdə Ermənistan
rəhbərliyinə verdiyi cavabları görüb güzəşt
olmayacağına qətiyyətlə inanırdı.
Xalqımız səbirsizliklə düşmənə veriləcək
o "mübarək dərs günü"nün gəlməsini
gözləyirdi.
2020-ci ilin
ortalarında ölkəmizin qərb sərhədlərində
ermənilərin törətdikləri təxribatlar, 14 iyul
2020-ci ildə qəhrəman generalımız Polad Həşimovun
şəhid olması Ermənistan rəhbərliyinin yersiz,
populist bəyanatları xalqımızın səbir
kasasını daşdırdı. Gənclərimiz meydanlara
axışıb azğın düşmənə həddini
göstərməyin zamanının çatdığını
bildirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin
cavabı konkret oldu. "Bu qan yedə qalmayacaq. Tökülən
hər qan üçün düşmən cavab verəcək.
Biz torpağımızın bir qarışını da
güzəştə getməyəcəyik…", - dedi.
27 sentyabr 2020-ci
ildə düşmən təxribatının
qarşısını almaq məqsədilə ordumuz zəfər
yürüşünə çıxdı. Müzzəfər
Azərbaycan Ordusunun Ali Baş Komandanı xalqın
qarşısına çıxıb düşmənə qəzəb
püskürdü. Bu ağır günlərdə "Xalq -
Prezident, Prezident -Xalq"
birliyindən güc alan ordumuz düşmənə göz
açmağa aman vermədi. Qəhrəman əsgər və
zabitlərimiz cəmi 44 günə işğal altında olan
torpaqlarımızı azad etdi.
Bu gün Azərbaycan
Ordusu Vətənimizi şərəflə qoruyur, hiyləgər
düşmənin çoxsaylı təxribatlarının
qarşısını qətiyyətlə alır. Vətənimizi,
dövlətimizi təhdid edən xarici qüvvələr Azərbaycanla
silahla, zorun gücü ilə danışa bilmədiklərini
dərk etməkdədirlər. Çünki Azərbaycan
Ordusunun döyüş təcrübəsi, taktikası
dünyanın ən nüfuzlu institutları tərəfindən
öyrənilir və tətbiq olunur.
Bu gün
xalqımızın qürur günü, qəhrəmanlıq
bayramıdır!
Elşən
QƏNİYEV,
Azərbaycan.-2023.-
26 iyun.- S.7.