Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Ordusu
- Vətənimizin xilaskarı!
Çətin günlərdə
elimizin arxası, xalqımızın güvənci!
Azərbaycan Ordusu - müstəqilliyimizin etibarlı
təminatçısı, xoşbəxt günlərimizin
dayağı! Azərbaycan
Ordusu - xalqımızın
qüruru, zəfərimizin
simvolu! Azərbaycan Ordusu - qələbəyə
gedən yolun yorulmaz yolçusu! Azərbaycan Ordusu - xalqımızın görən
gözü, vuran qolu! Azərbaycan Ordusu - xalqımızın
heç vaxt sönməyən, şölələndikcə
şölələnən sevgi ünvanı, işğal olunmuş torpaqlarımıza gedən
qələbə karvanı!
Azərbaycan Ordusu,
sən dərin-dərin
səngərlərdə, qanlı-qadalı
döyüşlərdə cəsarətinlə, hünərinlə,
qəhrəmanlığınla erməni işğalçılarının
qalın-qalın beton
sədlərini dağıtdın,
illərdən bəri
əsirlikdə saxladıqları
Qarabağa və Şərqi Zəngəzura
gedən yolları açdın.
Azərbaycan Ordusu,
sənin sıralarındakı
Babək qeyrətli, Cavanşir hünərli, Nəbi cəsarətli, Koroğlu qüvvətli hərbçilərimiz 2020-ci ilin
ilıq payız günlərində Müzəffər
Ali Baş Komandanın rəhbərliyi
altında 28 ildən çox davam edən işğala 44 gün ərzində son qoydular. Zabit
və əsgərlərimiz
döyüşlər zamanı
dəqiq və sarsıdıcı zərbələrlə
düşməni diz çökdürdü. "Vətən,
torpaq, qələbə"
- deyib döyüşə
atılan şir biləkli oğullar düşmənin topundan,
tüfəngindən qorxmadan
mövqelərində möhkəm
dayandı, qəsbkarlara
güclü zərbələr
vurduqca vurdu, işğalçını iti
qovan kimi qovduqca qovdu.
Azərbaycan Ordusu,
sənin sıralarındakı
torpağını, yurdunu
sevən və qoruyan hərbçilərimiz
erməni işğalçılarının
hücumlarının qarşısını
almaq üçün:
"Vətən, səni
düşməndən azad
edəcəyik!" - kəlmələrini
hayqıra-hayqıra döyüşlərə
atıldılar. Atıldılar
ki, illərdən bəri işğalda qalmış yurdumuzu ermənilərdən azad etsinlər, uzandıqca uzanan qan qoxulu
qəsbə son qoysunlar. Qələbə ovqatı ilə savaşa atılan döyüşçülərimizin hayqırtıları bir an içində yeri-göyü titrətdi,
dünyanı lərzəyə
saldı.
Azərbaycan əsgəri,
Azərbaycan zabiti torpaqlarımızın azadlığı
uğrunda döyüşlərə
yollanarkən təkcə
avtomatla, pulemyotla silahlanmamışdı.
Bizə zəfər sevinci yaşadan döyüşçülərimiz qəhrəman babalarımızın
ölməz ruhu ilə silahlanmışdı!
Təntənəli surətdə
içdiyi hərbi andla silahlanmışdı.
Həmişə mənəvi
güc-qüvvət aldığı
hərbi marşlarla silahlanmışdı! Qəlbini
parçalayan qisas, intiqam hissi ilə
silahlanmışdı! 28 ildən
çox ürəyini
didib-parçalayan nifrətlə
silahlanmışdı! Qaradağlı
hirsi ilə, Xocalı, Bağanıs-Ayrım,
Ağdaban, Başlıbel
qəzəbi ilə, Şuşa naləsi ilə, "Qarabağ şikəstəsi" ilə,
Xarıbülbül kədəri
ilə, könülləri
odlayan Vətən həsrətiylə, torpaq
nisgiliylə silahlanmışdı!
Şəhidlərin həsrəti
ilə, qara yaylıqlı anaların,
bacıların gözyaşları
ilə silahlanmışdı.
Zəfər, uğur,
qələbə ovqatı
ilə silahlanmışdı.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!"
kəlamı ilə silahlanmışdı! Cəsarət,
hünər, əzmkarlıq,
rəşadət, qəhrəmanlıq
və vətənpərvərliklə
silahlanmışdı! Müqəddəs
amalla, pak vicdanla silahlanmışdı!
Nəhayət, dönməzlik,
məğlubedilməzlik, yenilməzliklə
silahlanmışdı!
Azərbaycan əsgəri
ürəyindəki aşıb-daşan
Vətən sevgisi ilə ilıq bir payız günündə düşmən
təxribatının qarşısını
almaq üçün
döyüşlərə zəfər əzmi ilə girdi, savaşa xalqına qələbə müjdəsi
vermək yanğısı
ilə qatıldı.
Müharibə başlayan
ilk anlardan, ilk günlərdən xalq sevimli ordusunun
yanında oldu, ona arxa durdu.
Bildi ki, Vətən bu sarsılmaz birliyin qüdrətindən qüvvət
ala-ala azad olunacaq. Vətən xalqın gücü ilə Vətən olacaq, zəfər bu birlikdən doğulacaq. Vətənin
azadlığı naminə
xalq-ordu, xalq-Ali Baş Komandan birliyi daha da
möhkəmlənəcək. Bu monolit birlik
sel kimi kükrəyərək erməni
işğalçılarını qabağına qatıb Qarabağdan və başqa ərazilərimizdən
silib atacaq.
Qələbə əzmi
ilə döyüşə
girən Azərbaycan əsgəri qısa vaxtda üstünlüyü
ələ alaraq torpaqlarımızı kənd-kənd,
şəhər-şəhər erməni işğalçılarından
azad etdi! Qəsbkarlar ordumuzun güclü əks-hücumları
qarşısında çox
dayana bilmədilər,
canlı qüvvələrini,
texnikalarını ataraq,
ağır itkilər
verərək qaçdılar.
İşğalçıların məhv ediləcəyi, işğalın sona yetəcəyi gün qapımızı döyürdü.
Çünki ordumuzun
güclü əks-hücumlarından
başını itirən
düşmən nə
edəcəyini, hara gedəcəyini, harada gizlənəcəyini bilmirdi.
İkinci Qarabağ
müharibəsinin elə
ilk günlərindən
zabit və əsgərlərimiz döyüşlərdə
böyük hünər
və rəşadət
göstərərək Cəbrayıla,
Füzuliyə, Zəngilana,
Qubadlıya qalibiyyət
bayrağını sancdılar.
Noyabrın 8-də isə
şanlı Azərbaycan
Ordusunun qəhrəman
hərbçiləri cəsarət
və hünərləri
ilə tarix yazaraq üçrəngli
bayrağımızı mədəniyyət
beşiyimiz olan Şuşadan asdılar! O
anları görmək,
o anları yaşamaq necə də qürurverici idi.
Azərbaycan döyüşçüsü
hünəri və cəsarəti ilə düşməni məğlubiyyət
aktına imza atmağa məcbur etdi. Bu hünər,
bu rəşadət, bu qəhrəmanlıq qarşısında duruş
gətirməyib, çarəsiz
duruma düşən
qəsbkarın məğlubiyyət
rəmzi olan ağ bayraq qaldırmaqdan başqa yolları qalmadı. Məhz şanlı Azərbaycan Ordusunun bütün cəbhəboyu
qazandığı bir-birindən
uğurlu zəfərlər
sayəsində yağılar
Ağdamdan, Kəlbəcərdən,
Laçından döyüşsüz,
bir güllə atmadan çıxmağa məcbur oldular.
Azərbaycan əsgəri
bu qələbəni qanı, canı və qəhrəmanlığı
ilə qazandı. İndi yavaş-yavaş illərdən bəri həsrətini çəkdiyimiz
torpaqlarımıza qayıtmaq
üçün ciddi
hazırlıq işləri
görülür. Böyük
quruculuq işləri aparılır. Bu qayıdış əbədi-əzəlidir,
həmişəlikdir.
Qürurverici faktlardan
biri də odur ki, Vətən
müharibəsində vuruşmuş
zabit və əsgərlərin əksəriyyəti
1993-1994-cü illərdə doğma ocaqlarından didərgin düşmüş
valideynlərin qolları
üstündə çıxardıqları
gənclərdir. Artıq
onlar böyümüş,
güclənmiş və
qüvvətlənmişdilər, hərbi biliklərə və döyüş vərdişlərinə dərindən
yiyələnmişdilər. Yurdumuzu işğal etmiş düşmənlə
vuruşmağa, savaşmağa,
ona qalib gəlməyə hazır
və qadir idilər.
Onlar İkinci Qarabağ müharibəsində
güclərini, bacarıqlarını
düşmənlərə yaxşıca göstərdilər.
Döyüşlərdəki zəfərləri, uğurları
ilə qəsbkarları
məhv etdilər. İşğalçılara heç
vaxt yaddan çıxarmayacaqları məğlubiyyət
dərsi keçdilər.
Zabit və əsgərlərimiz hərb
tariximizə yeni qəhrəmanlıq səhifələri
yazdılar. Doğma torpaqlara zirehli texnikaların belində, əllərində silah qayıtdılar. Cəsarət
və hünərləri
ilə bütün dünyaya göstərdilər
ki, bu ərazilər
ermənilərin deyil,
onların doğma torpaqlarıdır, illərdən
bəri həsrətilə
yaşadıqları ata-baba
yurdlarıdır.
İnanırıq
ki, Azərbaycan əsgərinin zəfərlə
başa çatdırdığı
döyüşlərdə qazandığı uğurlardan,
göstərdiyi qəhrəmanlıqlardan
yeni və daha abad, daha
firavan, daha müasir Qarabağ və Şərqi Zəngəzur doğulacaq.
Zaman keçdikcə bu əsrarəngiz yerlər cənnətə
dönəcək. Şərqi
Zəngəzurun, Qarabağın
gözü qönçə-qönçə
açılacaq, daim qaynayıb-coşan buz bulaqlardan torpaqlarımıza
damcı-damcı nur saçılacaq, doğma
ata-baba yurdlarında yeni-yeni zəfər gülləri açılacaq.
Bu gün Müzəffər Ali Baş Komandanımız məğrurdan məğrur,
xalqımız və ordumuz qalibdən qalibdi. Bu gün
ordumuz zamanın azadlıq və qəhrəmanlıq karvanına
bənzəyir. Əminik
ki, ümid və güvənc yerimiz olan bu
karvan mənzil başına uğurla və sona qədər
gedəcək. Heç
yerdə ayaq saxlamayacaq, heç yerdə büdrəməyəcək.
Erməni işğalında
qalmış bütün
tarixi torpaqlarımızı
cəsarət və rəşadətlə azad
edəcək. Qələbələri
ilə xalqımızı
daim sevindirəcək.
Bu gün xalqımız fərəhlə,
qürurla deyir: "Mənim rəşadətli
ordum, müzəffər
ordum, sən hünərinlə düşmənin
gözünü oydun,
qəhrəmanlığınla tarixin səhifəsində
dərin və pozulmaz izlər qoydun. Guya ki,
məğlubedilməz hesab
olunan erməni qəsbkarlarını cəsarətinlə,
şücaətinlə diz
çökdürdün. Dərin
səngərlərdən keçərək,
qanlı-qadalı döyüşlərdə
ermənilərdən şəhidlərin
intiqamını aldın.
Göstərdiyin bu qəhrəmanlığa görə
sən tarix durduqca yaşayacaqsan! Sən buna layiqsən,
Azərbaycan Ordusu! Sən bunu cəsarətinlə,
hünərinlə, qorxmazlığınla
qazanmısan! Yaşa,
Azərbaycan Ordusu, yaşa!
Həmişə var ol! Xalqa sevinc
bəxş edən qələbə, zəfər
karvanın daim yollarda olsun!"
Vahid MƏHƏRRƏMOV
Azərbaycan.-2023.-
26 iyun.- S.7.