Generallar
Ötən əsrin
əvvəllərində müstəqilliyinə
nail olmuş Azərbaycan dövləti
həm xarici müdaxilələrdən müdafiə
olunmaq, həm də daxili düşmənlərini zərərsizləşdirmək
üçün ilk növbədə nizami ordu yaratmalı idi. Bu mühüm
məsələ hələ
1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin qəbul
etdiyi İstiqlal Bəyannaməsində qeyd
edilmişdir.
Həmin tarixi gündə qurulan ilk kabinədə general Xosrov bəy Sultanov cümhuriyyət hökumətinin
müdafiə naziri təyin olunmuşdur.
Xosrov bəy Sultanov 1879-cu il mayın 10-da Zəngəzur
qəzasının Hacısamlı
nahiyəsinin Kürdhacı
kəndində, Qasımuşağı
obasında (indiki Laçın rayonu) dünyaya gəlmişdi. Atası Əli Paşa bəy bütün mahalda igidliyi ilə ad qazanmışdı. Xosrov bəyin qardaşı Sultan bəy hərb sənətinin sirlərinə
yiyələnmişdi. Xosrov
bəy isə Gəncə gimnaziyasında
təhsil almış,
sonra Odessa Tibb Universitetinə daxil olmuşdu.
1903-cü ildə o, universiteti bitirib vətənə qayıtdı. Gənc həkim Zəngəzurda, Qarabağda xəstələri
təmənnasız müalicə
etməyə başladı.
Xosrov bəy Bakı müsəlman Xeyriyyə Cəmiyyətinin
Qafqaz cəbhəsində
qaçqınların yerləşdirilməsi
üzrə baş müvəkkil də oldu. Xalqı, vətəni üçün
çox məsuliyyətli
günlərdə Xosrov
bəy siyasət meydanına atıldı.
1917-ci ildə Müsavat
partiyasına daxil oldu, Rusiya Müəssislər
Məclisinə deputat,
Zaqafqaziya seyminə üzv seçildi. 1918-ci ildə İttihad partiyasına
keçən. Xosrov bəy Sultanov 1918-ci il mayın 28-də İstiqlal
Bəyannaməsini imzalayan
26 nəfərdən biri
oldu. Qeyd etdiyimiz kimi, Tiflisdə Azərbaycan
Milli Şurası tərəfindən
təsdiq olunan Birinci hökumət kabinetində hərbi nazir
vəzifəsini tutdu.
Azərbaycan Milli Şurasının
və hökumətinin
qurulduğunu, məqsəd
və vəzifələrini
bəyan etmək, qayda-qanun yaratmaq məqsədilə Nəsib
bəy Yusifbəyli və Şəfi bəy Rüstəmbəyli
ilə birgə ilk nümayəndə heyətinin
tərkibində Gəncəyə
gəldi. Xosrov bəy 1918-ci il iyunun 17-də
təşkil edilən
ikinci hökumət kabinetində əkinçilik
naziri oldu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin
yayında Ermənistan
daşnak hökumətinin
Zəngəzur bölgəsində
azərbaycanlılara qarşı
dövlət səviyyəsində
həyata keçirdiyi
soyqırımı siyasətinin,
Andronikin, Njdenin, Dronun quldur dəstələrinin
Cavanşir, Cəbrayıl,
Şuşa qəzalarında
törətdiyi kütləvi
qətllərin, qarətlərin
qarşısını almaq
məqsədilə Müvəqqəti
Qarabağ general-qubernatorluğu
yaratdı. Xosrov bəy 1919-cu il yanvarın
29-da Qarabağın general-qubernatoru
təyin olundu.
O, Şuşaya gələn kimi daşnak Andronik başda olmaqla erməni quldur dəstələri ilə amansız mübarizəyə başladı,
təhlükəli yerlərdə
Milli Ordunun əsgərlərindən
ibarət mühafızə
dəstəsi yaratdı.
1919-cu il martın 21-də erməni
daşnakları Qarabağa
yeganə keçid olan Əsgəran keçidini tutdular. Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq
etdiyi Azərbaycan əsgərləri tərəfindən
mayın 30-da darmadağın
edildi, Xankəndi və Şuşa geri alındı.
Qarabağın general-qubernatoru
erməni milli yığıncağının
nəzarətində olan
silahlı dəstələri
buraxmağı, Qarabağda
əmin-amanlığın təmin olunmasına maneçilik törətməməyi
tələb edirdi. Üzeyir bəy Hacıbəyli "Azərbaycan"
qəzetinin 1919-cu il 24 iyun
tarixli sayında yazırdı: "Əgər
Qarabağ müsəlmanları
arasında böyük
və layiqli bir nüfuza malik olan və erməni
cəmaəti tərəfindən
dəxi möhtərəm
sayılan bu zat Qarabağın hökuməti başında
olmasa idi, burası - Azərbaycanın
cənnəti hesab olunan bu yer
çoxdan bəri cəhənnəmə dönüb
qətli-qital olmuşdu".
Xosrov bəyin
igidliyi, hərbi şücaəti sayəsində
Şuşadakı gizli
daşnak komitəsi üzvlərinin qaçmaqdan
başqa yolları qalmadı. Erməni yaraqlıları buna cavab olaraq Şuşada silahlı toqquşma törətsələr də,
iyunun 6-da sülh əldə edildi. Şəhərdəki dinc
ermənilər üzrxahlıq
məktubu yazıb daşnakların fitnəkarlığına
görə Xosrov bəyin şəxsində
Şuşanın müsəlman
əhalisindən üzr
istədilər. Xosrov
bəy 1919-cu ilin avqustunda Qarabağda yaşayan ermənilərlə
yığıncaq keçirərək
Azərbaycan hökumətinə
tabe olmaq qərarını qəbul
etdirdi.
1919-cu ilin oktyabr-noyabr aylarında cümhuriyyət
hökuməti asayişin
bərpası üçün
Qarabağa Cavad bəy Şıxlinskinin rəhbərliyi ilə
1-ci piyada diviziyasını
göndərdi. Erməni-müsəlman
münaqişəsinə son qoyulması məqsədilə
1919-cu il noyabrın 23-də Azərbaycan hökuməti
və Ermənistan arasında müqavilə bağlansa da, çox keçməmiş ermənilər
Zəngəzurda və
Qarabağda azərbaycanlılar
yaşayan kəndlərə
yenidən hücumlar etdilər. Andronik bolşevik Rusiyasından aldığı dəstək
sayəsində yeni silahlı
dəstə yaratdı.
Ancaq onun Zəngəzuru, Qarabağı
və Gəncəni tutaraq yenidən Stepan Şaumyanın bolşevik-daşnak
hərbi hissələri
ilə birləşmək,
Şimali Azərbaycanda
erməni hakimiyyətini
genişləndirmək arzusunu
Sultan bəy və Xosrov bəy Sultanovlar yenə də gözündə qoydular.
1920-ci ildə Azərbaycanı işğal edən bolşeviklərin Xosrov bəy Sultanovu da məhv etmək istəyəcəkləri şübhəsiz
idi. Nəriman Nərimanov, Çingiz İldırım kimi nüfuzlu şəxslərin
sayəsində Xosrov bəy Şuşada
İnqilab Komitəsinin rəhbərliyində
saxlanıldı. Lakin hakimiyyət
orqanlarında, XI ordunun
rəhbərliyində, NKVD-də yer tapmış
daşnaklar Xosrov bəyin həbsinə Bakıdan razılıq
ala bilməyəndə, Moskvaya
donoslar göndərdilər
və Serqo Orconikidzenin, Mikoyanın razılığı ilə
Xosrov bəy rus ordusunun xüsusi
idarəsinin zabitləri
tərəfindən həbs
edilib. Bayıl həbsxanasına salındı.
Ermənilər bu xəbəri böyük sevinclə qarşıladılar
və Ermənistana birləşmək tələbi
ilə yenidən Şuşada, Vərənddə
Azərbaycan hökumətinə
qarşı üsyan qaldırdılar. Qəza
İnqilab Komitəsinin rəhbəri
Şamil Mahmudbəyov
1920-ci ilin dekabrında
Nəriman Nərimanova,
Həmid Sultanova, Əliheydər Qarayevə
göndərdiyi məktubda
Xosrov bəyin bölgədə misilsiz xidmətlərini vurğuladı
və onun azad olunmasını xahiş etdi. 1921-ci il fevralın 15-də isə
daşnakların daha
da azğınlaşdığını yazıb Bakıdan yardım istəyən Şamil Mahmudbəyov təklif edirdi ki, Qarabağ və Zəngəzurda böyük
nüfuza malik Sultan bəyin
imkanlarından istifadə
edilsin, bunun üçün əvvəlcə
Xosrov bəy azadlığa buraxılsın.
Lakin məqsəd Xosrov
bəyi də, Sultan bəyi də aradan götürmək idi.
Erməni daşnakları
arzularına çata
bilmədilər. Xosrov
bəy Sultanov Bayıl türməsindən
qaçırıldı. Laçına
gedib qardaşları
Sultan bəy və İsgəndər bəylə
İrana yollandı. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin tezliklə yenidən bərqərar olacağına
ümid edirdilər. Ancaq İsgəndər bəyi sovet hökumətinin xüsusi
təyinatlı dəstələri
qətlə yetirdi. Xosrov bəylə Sultan bəy Türkiyəyə
getməli oldular.
Sultan bəy 1942-ci ildə
Qars ətrafında - Köçkoy kəndində
vətən həsrəti
ilə gözlərini
əbədi yumdu.
General Xosrov bəy Sultanov 1923-cü ildən başlanan mühacirət
həyatında da vətənin
azadlığı uğrunda
çalışdı. O, İranda,
Türkiyə, Fransa və Almaniyada yaşadı. Almaniya Tibb Universitetinin professoru oldu. Xosrov bəy Sultanov 1943-cü il yanvarın
7-də dünyasını dəyişdi. Məzarı
İstanbulun Feriköy
qəbiristanlığındadır[П1] .
Azərbaycan.-2023.- 26 iyun.-
S.8.