Artilleriyanın Allahı

 

Generallar

 

Ordu quruculuğu haqqında Azərbaycan Xalq Cümhuriyyətinin tədbirlər planında 1919-cu il noyabrın 1-dək ordunun ən mühüm struktur bölmələrinin, hissələrinin yaradılması nəzərdə tutuldu. Ancaq bu işləri həyata keçirmək asan deyildi.

Ən böyük çətinliklərdən biri uzun illər Azərbaycanı müstəmləkə altında saxlayan çar Rusiyasının hakimiyyəti dövründə azərbaycanlıların əsasən ordu sıralarına çağrılmamaları idi.

Odur ki, peşəkar hərbçilərimizin sayı az idi. Amma hərbçi olanlar öz hərbi biliklərinə, bacarıqlarına, istedadlarına, cəsurluqlarına, qorxmazlıqlarına görə çarizm dövründə məşhur idilər. Belə hərbçilərimizdən biri çar ordusu tərkibində döyüşlərdə göstərdiyi böyük şücaətləri dillərdə gəzən, "Artilleriyanın Allahı"  adlandırılan general Əliağa Şıxlinski idi.

O, əsli-nəsli ilə ağazadə idi. Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində dünyaya göz açmışdı. 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasında təhsil almağa başlamış, kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə bitirmişdi. Həmin il Sankt-Peterburqa yollanmış, orada Mixaylovsk artilleriya məktəbində oxumuşdu. Yeddi ay sonra  unter-zabit, 1885-ci il oktyabrın 13-də portupey-yunker olmuşdu. 1886-cı il avqustun 11-də məktəbi podporuçik rütbəsi alaraq birinci dərəcə ilə başa vurmuşdu.

Əliağa Şıxlinski 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi qəhrəmanlıqla döyüşmüşdü. Port-Artur qalasının müdafiəsində xüsusi şücaətinə görə ona "Qızıl qılınc" verilmişdi. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə dərs demiş 1908-ci ildə polkovnik rütbəsi almışdı. 1910-cu ildə çap olunan "Səhra toplarının cəbhədə işlədilməsi" əsərindən dərs vəsaiti kimi istifadə edilmiş, həmçinin "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanan dərsliklərə salınmışdı. 1912-ci ildə ona general-mayor rütbəsi verilirdi. Əliağa Şıxlinski Azərbaycanın ilk hərbi generallarından biri olmuşdu. Çar ordusunun aparıcı mütəxəssislərindən sayılan  Əliağa Şıxlinski 1914-cü ildə başlayan Birinci Dünya müharibəsində böyük qəhrəmanlıq göstərmişdi.

Görkəmli sərkərdə 1917-ci il noyabrın 15-də Qafqaza qayıtdı. İlk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratdı. 1918-ci il dekabrın 13-də Milli Azərbaycan korpusunun komandiri general Əliağa Şıxlinski yeni Azərbaycan Ordusunun layihəsini verdi. O yazırdı: "Azərbaycanın müstəqil respublika elan edilməsi mənə may ayının 27-də qəzetlərdən aydın oldu. Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini artıq hazırlamışdım, layihənin arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə edilmişdir".

Həmin ilin oktyabrında general Ə.Şıxlinski Gəncədə yeni yaratdığı Milli Azərbaycan korpusunun əsgərləri qarşısında çıxışında demişdir: "Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir".

1919-cu il iyulun 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 339 saylı əmri ilə Əliağa Şıxlinskiyə tam artilleriya generalı rütbəsi verildi. 1920-ci il martın 9-da ilk dəfə onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edildi.

1920-ci il aprelin 27-də bolşeviklər Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə idi. Nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi. İşğalçıların böyük ordusu ilə döyüşməyin müsbət nəticələnməyəcəyini görən general minalanmış körpülərin partladılmasına icazə vermədi.

Cümhuriyyət hökumətinə qarşı bolşeviklərin irəli sürdükləri 6 şərtdən biri ordusunun ləğvi idi buna nail oldular. Hərbi mütəxəssis kimi əvəzedilməz olmaları generallar Əliağa Şıxlinskini , Səməd bəy Mehmandarovu da xilas etdi.

Sovet hakimiyyəti dövründə Əliağa Şıxlinski Moskvadakı Ali Artilleriya məktəbində dərs dedi Artilleriya Nizamnamə Komissiyasının tərkibində işlədi. 1921-ci ildə Bakıya döndü. Bakı qarnizonunun hərbi-elmi cəmiyyətində sədr müavini oldu. 1922-ci ildə Azərbaycan Komanda heyəti məktəbində topçuluqdan dərs dedi Hərbi-Elmi Cəmiyyətin sədr müavini seçildi. 1924-cü ildə Azərbaycan Komanda Heyəti məktəbinin rəis müavini, 1925-ci ildə Azərbaycan Hərbi tərcümə kollegiyasının baş redaktoru oldu.

O, Azərbaycanda ilk hərbi lüğəti - "Rusca-Türkcə qısa hərbi lüğəti"ni 1926-cı ildə Bakıda nəşr etdirdi.  Əliağa Şıxlinski 1928-ci ildə  SSRİ Hərbi İnqilab Şurasının qərarı ilə fəxri fərmanla təltif olundu. 1929-cu ildən istefaya çıxdı. Görkəmli sərkərdə Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də Bakıda vəfat etdi.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 26 iyun.- S.8.