Generallar
GenerallarÜmummilli Lider
Heydər Əliyevin
22 may 1998-ci il tarixli sərəncamına
əsasən, Əlahiddə
Azərbaycan Korpusunun yarandığı gün
- 26 İyun Azərbaycan
Respublikasının Silahlı
Qüvvələr Günü
hər il ölkəmizdə böyük
təntənə ilə
qeyd edilir.
Azərbaycan Milli
Ordusunun təşkilatlanmasında
xidmətləri olmuş
şəxslərdən biri
də Teymur bəy Mirzə Hacı bəy oğlu Novruzovdur.
Teymur bəy
1880-ci il aprelin 20-də
Azərbaycanın qərb
bölgəsində -Yelizavetpol
(indi Gəncə) qəzasının
Qovlar kəndində peşəkar hərbçi,
rus ordusunun general-leytenantı Mirzə
Hacı bəy Novruzovun ailəsində anadan olub.
Uşaqlıqdan hərbçi
peşəsinə böyük
maraq göstərən
Teymur ibtidai təhsilini Tiflis kadet korpusunda alıb. 1898-ci ildə Yelizavetqrad süvari yunker məktəbinə daxil olaraq zabit
məktəbini bitirib.
Sonra atası Mirzə Hacı bəy Novruzov zadəgan nəslindən olduğuna görə Peterburqdakı Paj hərbi korpusunda təhsil alıb.
T.Novruzov 1900-cü ildə
rus ordusunda xüsusi atlı qoşun hissələri tərkibindəki polkda yunker qismində hərbi xidmətə başlayıb. 1901-ci ildə
ona çar süvari qoşununun birinci zabit rütbəsi
sayılan kornet rütbəsi verilib. O,
1905-ci ildən etibarən
poruçik, 1909-cu ildən
ştabs-rotmistr, 1913-cü ildən
isə rotmistr hərbi zabit rütbəsinə yiyələnib.
T.Novruzov rus ordusunda göstərdiyi igidliklərə görə
ayrı-ayrı vaxtlarda
müxtəlif ordenlərlə,
o cümlədən 1909-cu ildə
3-cü dərəcəli "Müqəddəs Stanislav",
1913-cü ildə 3-cü dərəcəli
"Müqəddəs Anna",
2 noyabr 1914-cü ildə
3-cü dərəcəli "Müqəddəs Anna",
24 noyabr 1914-cü ildə
4-cü dərəcəli "Müqəddəs Vladimir"
ordenləri, " Georgi
xaçı", onların
lentləri və qılıncla təltif edilmişdir.
1918-ci il aprelin
sonlarında general-leytenant
Əliağa Şıxlinskinin
rəhbərliyi altında
yaradılan Azərbaycan
korpusunun sıralarında
Teymur bəy respublikamızın ərazi
bütövlüyünün qorunub saxlanılmasında
yaxından iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust
1919-cu il tarixli qərarı ilə I süvari Tatar polkunun komandiri polkovnik T.Novruzova xidmətdə fərqləndiyinə
görə general-mayor
rütbəsi verilib. Bir qədər sonra isə Azərbaycan Ordusunda Süvari Diviziyanın komandiri təyin edilib.
Professor Ədalət
Tahirzadənin, yazıçı-publisist
Şəmistan Nəzirlinin,
Milli Arxiv İdarəsinin sənədlərin
nəşri və istifadəsi şöbəsinin
baş məsləhətçisi
Rafiq Səfərovun araşdırmalarında qeyd
edilir ki, Azərbaycan Ordusunda süvari hissələrin yaradılması, komplektləşdirilməsi
və döyüş
hazırlığının yüksəldilməsi sahəsində T.Novruzovun
böyük xidmətləri
olub. Süvari Diviziyasının komandiri
kimi süvari polkların formalaşmasında
fəal iştirak edən general Azərbaycanın müstəqilliyi
uğrunda inamla vuruşub. O, 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşmiş
daşnaklara və daxili düşmənlərə
qarşı döyüş
əməliyyatlarında da
fərqlənib.
T.Novruzov Azərbaycan
Xalq Cümhuriyyəti
ordusunun, hələ sağlığında haqqında
şərqilər qoşulmuş
azsaylı hərbçilərindəndir.
O, 1917-ci ilin sonlarında Qafqaz
cəbhəsindən dönən
rus qoşunlarının
1918-ci il yanvarın
9-da Şəmkirdə ("Şamxor davası"nda)
tərksilah edilməsinin,
eləcə də sovet işğalçılarına
qarşı Gəncə
üsyanının (1920) təşkilatçılarından
olub. Qırmızı
Ordu çox böyük qüvvə üstünlüyü hesabına
bu üsyanı yatırandan sonra T.Novruzov mühacirət etmək məcburiyyətində
qalıb. O, Gürcüstandan
keçərək Almaniyaya,
oradan da Fransaya gedib. Teymur bəy mühacirətdə olarkən
bir sıra hərbi təşkilatların
sıralarında olub,
1938-ci ildə Parisdə
keçirilmiş Rus Hərbi Əlillər İttifaqı Qurultayının
iştirakçısı kimi
İdarə Heyətinə
seçilib.
General-mayor Teymur
Mirzə Hacı bəy oğlu Novruzov 1961-ci il yanvarın 23-də Fransanın
Nitsa şəhəri
yaxınlığında-Mentonda vəfat edib və şəhərin Kokad qəbiristanlığında
dəfn edilib.
Ölkəmiz tarixi
müstəqilliyinə qovuşduqdan
sonra Fransada yaşayan soydaşlarımız,
diaspor təşkilatının
üzvləri, habelə
bütün xalqımız
Milli Ordu quruculuğunda müstəsna
xidmətləri olan general-mayor Teymur bəy Novruzovu doğum və anım günlərində,
eləcə də tarixi bayramlarda böyük ehtiram və sevgi ilə
yada salır, xatirəsini əziz tuturlar.
Rəhman SALMANLI,
Azərbaycan.-2023.-
26 iyun.- S.8.