Beynəlxalq
Musiqi Festivalında “Muğam hekayətləri”
təqdim olunub
“Muğam aləmi”
6-cı Beynəlxalq Musiqi
Festivalı çərçivəsində
növbəti konsert proqramı iyunun 24-də Azərbaycan Milli Konservatoriyasında təşkil
olunub.
AZƏRTAC xəbər verir ki, “Muğam
hekayətləri” layihəsi
adlandırılan konsertdə
Azərbaycanın tanınmış
xanəndəsi Xalq artisti Teyyub Aslanov və caz pianoçu Nicat Aslanov çıxış
ediblər. Konsertdə,
eyni zamanda, ifaçıları tarda Əliağa Sədiyev, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Tofiq Cabbarov və Həsən Bilalov müşayiət ediblər.
Proqramda dinləyicilərə
Azərbaycan muğamlarının
modern caz musiqisi ilə sintezi təqdim olunub.
Konsertdən əvvəl
AZƏRTAC-a müsahibə verən
xanəndə, Xalq artisti Teyyub Aslanov festival barədə öz təəssüratlarını bölüşüb: “Çox
qürurvericidir ki, artıq neçə illərdir belə gözəl layihələr
həyata keçirilir.
Bütün təşkilatçılara,
başda Heydər Əliyev Fondu olmaqla, həmçinin Mədəniyyət Nazirliyinə
bu təşəbbüsə
görə təşəkkürümüzü
bildiririk. Festival çərçivəsində
yüksək səviyyədə
muğam müsabiqəsi
də keçirildi. Bu gün burada
muğamla cazın möhtəşəm sintezinin
şahidi olacaqsınız”,
- deyə T.Aslanov vurğulayıb.
Qeyd edək ki, “Qədim Musiqi Alətləri” Dövlət Ansamblının
solisti, xanəndə,
Xalq artisti Teyyub Aslanov 1995-ci ildən Azərbaycan muğam üçlüyü
və müxtəlif ansamblların tərkibində
bir çox xarici konsert və festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
dosenti, “Muğam sənəti” kafedrasının
müdiridir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin
məzunu Nicat Aslanov isə istedadlı caz ifaçısıdır. O, cazın
müxtəlif janrlarında
maraqlı kompozisiyalar
təqdim edir. İfaçının 2012-ci ildə
Bakı Caz Mərkəzində ilk çıxışı olub.
Eyni zamanda, bir çox yerli, eləcə də xarici konsert və festivallarda ifa edib.
Xatırladaq ki, iyunun
18-dən başlayan “Muğam
aləmi” 6-cı Beynəlxalq
Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı,
Elm və Təhsil Nazirliyinin, Azərbaycan
Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
Azərbaycan.-2023.- 26 iyun.-
S.12.