Xeyirxahlıq
və mərhəmət
bayramı
Qurban bayramı
xeyirxahlığın, bərabərliyin,
fədakarlığın simvolu
sayılır. Əsrlər
boyudur ki, bu bayram Azərbaycanda
yüksək əhvali-ruhiyyə
və böyük təntənə ilə qeyd edilir. Qurban
bayramı İslam aləmində ən müqəddəs bayramlardan
biridir. Hər il hicri təqvimi
ilə zilhiccə ayının 10-cu günündən
başlayır və üç gün davam edir.
Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra Milli Məclisin
1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları
haqqında" qanununa
əsasən, Qurban bayramı ölkəmizdə
dövlət səviyyəsində
keçirilir. Bu bayram mərhəmət duyğularının təcəssümü
olmaqla yanaşı, həm də bərabərlik, dözümlülük
ovqatını gücləndirir.
Yaradana qəlbən
sadiqliyin hekayəsi
Haqqında müqəddəs
kitabda - Qurani-Kərimdə
də bəhs olunan bu bayramın
tarixi ömrünü
Yaradana xidmətə həsr etdiyi üçün "Allahın
dostu" ləqəbini
qazanmış Həzrət
İbrahim peyğəmbərlə
bağlıdır. Övladı
olmayan İbrahim peyğəmbər uzun illər dua edir. Ahıl yaşında arzusuna çatır. Allah ona bir oğul
nəsib edir. İbrahim peyğəmbər
oğlu İsmayılı
anası Həcərlə
birlikdə Məkkə
yaxınlığında yerləşdirir.
Bir gün İbrahim peyğəmbər
yuxusunda Allahın ondan yeniyetmə yaşına çatmış
oğlu İsmayılı
qurban kəsməyini buyurduğunu görür.
Bu yuxu peyğəmbəri
qüssələndirir. Yaşlı
ataya sevimli övladını itirmək
fikri ağır təsir edir. Odur ki, yuxuda
gördüklərinə əməl
etmir. Ancaq eyni yuxunu təkrar-təkrar
görür. Dərk edir ki, Yaradanın
əmri yerinə yetirilməlidir. Bundan sonra tərəddüdünə
son qoyur. Oğlunu qurban kəsmək üçün
Məkkə yaxınlığındakı
Mina dağına aparır. İsmayıl qurban veriləcəyini biləndə etiraz etmir. O da atası
kimi bunu Allahın buyruğu kimi qəbul edərək razılaşır.
Yolboyu üç dəfə şeytan İbrahimi fikrindən daşındırmağa, yeniyetmə
oğlunu qurban verməməyə çağırır.
Amma o, şeytana aldanmır. Allaha qəlbən yaxın və sadiq olduğunu göstərir.
Mina dağında
oğlunu qurban kəsmək istəyən
İbrahimin bıçağı
kəsmir. Elə bu vaxt vəhy
mələyi Cəbrayıl
nazil olur. O, Həzrət İbrahimə
Yaradanın sınağından
üzüağ çıxdığını,
oğlunu deyil, Allahın göndərdiyi
qoçu qurban kəsməsini buyurur:
"Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü
(Allah tərəfindən
olduğunu) təsdiq etdin. Sənə yuxuda nə əmr olunmuşdursa, onu yerinə yetirdin. Yaradan sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur. Biz yaxşı
iş görənləri
belə mükafatlandırırıq".
Qurban bayramının
yaranması tarixi barədə qeyd etdiklərimiz, Həzrət
İbrahimin hekayəsi
Allaha qəlbən bağlılığın, onun
əmrinə tərəddüdsüz
itaətin, sədaqətin
nümunəsidir. Bu həm də insanın qurban verilməsinin qadağan olunduğunu təsdiq edir.
Sosial yardımlaşma,
xeyirxahlıq…
Azərbaycanda da
yüzillərdir ki, qeyd olunan bu
müqəddəs bayramın
mahiyyətində sosial
yardımlaşma, xeyirxahlıq
duyğuları var. Belə ki, bayram
günü kəsilən
qurban paylaşılmalıdır.
Qurban kəsilməsi mərasiminin bir əhəmiyyəti də
ondan ibarətdir ki, kasıblara, ehtiyacı olanlara bu ətdən verilməlidir ki, onlar da doyunca
yeyə bilsinlər. Yəni bununla maddi cəhətdən imkanlı olanlar, heç olmasa, bir günlük də olsa, kasıbların
ehtiyacını ödəməlidirlər.
Həzrət Məhəmməd
Peyğəmbər (s.v.s)
bir hədisdə buyurub: "Allah qurbanlıq gününü
bayram kimi qərarlaşdırdı ki,
kasıblar da həmin gün ət xörəyi yeyə bilsinlər. Ona görə siz də kasıblara
qurban payı verin".
Qurbanı fərdi
və ya müştərək qaydada
kəsmək mümkündür.
Daha yaxşı olar ki, xırdabuynuzlu
heyvan fərdi qaydada, iribuynuzlu heyvan isə müştərək qaydada
kəsilsin. Ancaq hər heyvan qurban kəsilməsi üçün seçilə
bilməz. Belə ki, xəstə, axtalanmış, buynuzu qırılmış və
ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Yaşlı heyvanı da qurban kəsmək İslamda düzgün hesab edilmir. Bir sözlə, qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır.
Ölkəmizdə hər
il Qurban bayramı günlərində
heyvan kəsimi və satışının
rahat həyata keçirilməsi məqsədilə
qurbanlıq heyvanların
satışı və
kəsimi xidmətləri
təşkil edilir. Heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən
etdiyi yerlərdə həyata keçirilməli
olduğu diqqətə
çatdırılır. Sanitariya-gigiyena
tələblərinə uyğun
olmayan küçə,
yol kənarı, məhəllə və digər ictimai yerlərdə kəsimlərin
aparılması qadağan
edilir. Qeyd edək ki, baytarlıq
şəhadətnaməsi olmadan
iri və xırdabuynuzlu heyvanların
daşınması da
yolverilməz hesab olunur.
Qurban bayramı
həm də müsəlmanların birlik,
həmrəylik və
qardaşlıq duyğularını
ifadə edir. İnsanlar bir-biriləri ilə bayramlaşır, sevinclərini bölüşürlər.
Qurban bayramında qohumlara, yaxınlara qonaq gedir, küsülülər
barışır, kimsəsizlərə
baş çəkirlər.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
26 iyun.- S.14.