Tarixlə müasirliyi, təbiətlə
mətbəxi birləşdirən
nədir
Hər bir insan işləməklə
bərabər, istirahət
etməyi də düşünür. Təbii
ki, bu onun
haqqıdır. Məzuniyyətə
çıxanların bir
qismi əsasən xarici ölkələrdə
dincəlməyə üstünlük
verirlər. On bir aylıq fasiləsiz işdən sonra səyahətə çıxmaq,
dünyanın gəzməli,
görməli yerlərini
ziyarət etmək həm yaxşı ruh dincliyi, həm
də başqa ölkə, xalq haqqında məlumat əldə etməkdir.
Məlumdur ki, ikiillik karantin şərtləri azərbaycanlıların
istirahətlərini məhdudlaşdırmışdı.
Sərhədlər bağlı
olduğu üçün
insanların xaricə
getmək imkanları sıfıra enmişdi. Amma hava yolları
açılandan sonra gəzmək,
dincəlmək üçün
yenidən fürsət
yarandı. Bununla yanaşı, ölkə daxilində dincəlməyə,
müalicə almağa
üstünlük verənlər
də az deyil. Quba, Qusar,
Lənkəran, Qəbələ,
Şəki, Şamaxı,
Şabran, Nabran, Qax, İsmayıllı, Astara və digər regionlarımızın
təkrarsız təbiəti,
yerli mətbəxi daxili turizmin "əlindən tutduğu"
üçün həmin
yerlərə səyahət
edənlər xeyli çoxalıb. Yaxın vaxtlarda Qarabağ
və Şərqi Zəngəzur da turizm marşrutlarına əlavə olunacaq. Artıq turizm şirkətləri həmin
istiqamətlərdə turlar
təşkil etmək
haqqında fikirləşirlər.
Bəs xarici ölkə vətəndaşları turist
kimi Azərbaycanı seçməkdə nə
qədər maraqlıdırlar?
Öncə onu deyək ki, xeyli
vaxtdır turizm Azərbaycanda iqtisadiyyatın
ayrıca bir sektoru kimi formalaşıb.
Bu gün dünyada
turizm üzrə 148 ölkə arasında 39-cu yerdə qərarlaşan Azərbaycana
maraq həddən artıq çoxalıb. Maraqlıdır ki, bunun kökündə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səyahət
etmək arzusu da var.
Bununla belə,
turistləri Azərbaycana
əsas cəlb edən milli mətbəximiz, təbiətimiz,
tarixi abidələrimiz
və turizm infrastrukturudur. Paytaxtımızın
da dünyanın ən gözəl şəhərləri sırasında
olduğunu heç kim inkar edə bilməz. Bakının qədimdən
qədim tarixi abidələri, müxtəlif
memarlıq üslubunda
tikilmiş binaları,
parkları, İçərişəhəri,
bənzərsizliyi ilə
diqqət çəkən
Dənizkənarı bulvarı
hər kəsi heyran edir. Bizə
qalan onlara gülərüzlə "Xoş
gəldiniz" demək
və normal xidmət etməkdir.
Xidmət demişkən,
xarici turistlərə göstərilən
xidmətin səviyyəsi
ilə bağlı suala həmsöhbət olduğumuz
Bakıdakı turizm şirkətlərindən birinin
əməkdaşı Samirə
Məhərrəmova belə
cavab verdi:
- Qonaqları hava
limanında qarşılayıb
hotellərə yerləşdirmək,
gəzməli, görməli
məkanlara aparmaq və səyahət günləri bitəndən
sonra yenidən hava limanına qaytarmaq əsas xidmətimizdir.
Onların istək və arzularına uyğun olaraq bölgələrimizdəki mədəni,
tarixi abidələr və dağ turizmi ilə tanış etmək, eləcə də nəqliyyat, ekskursiyalar, yemək və hotellə təmin etmək həmin xidmətə daxildir.
Azərbaycan turizminin əsas məqsədi haqqında danışan Samirə xanımın bu fikirləri də maraqlıdır: "İnsanları
əyləndirmək, onlara
təbiəti və qədim abidələri göstərmək, ölkəmiz
haqqında geniş məlumat vermək və yeni məkanlar
kəşf etmək imkanlarını təqdim
edib ən yaxşı şərait yaratmaq turizmin əsas məqsədidir. Bəzən
insanlar səyahətlə istirahət
etməyi eyniləşdirirlər.
Əgər Azərbaycana
gələn turist gəzib görmək əvəzinə vaxtının
çox hissəsini hoteldə keçirirsə,
bunun adı istirahətdir. Turizmin kökündə mədəni
və tarixi abidələrin öyrənilməsi,
ekoloji aləm haqqında məlumat əldə edilməsi, kulinariyanın növlərinə
maraq göstərilməsi
dayanır. Bizim şirkət Azərbaycana
turist gətirilməsi
ilə məşğul
olur. Xaricilər ən çox Qəbələ, Şəki,
Nabrana getmək istəyirlər. Yay fəsli olduğu üçün hazırda
çimərlik turizminə
böyük maraq var. Bu da
Nabrana getmək istəyən turistlərin
sayının artmasına
təsir edir. Xüsusi vurğulamaq istəyirəm ki, son illər
bölgələrə səyahət
etmək istəyənlərin
sayı durmadan artır. Çünki regionlarımızda turizm infrastrukturu təzələnir.
Bir vaxtlar qaz, su, elektrik təchizatında
problemi olan rayonlarda indi bu hallar demək
olar yoxdur. "Şahdaq" qış-yay
turizm kompleksi bir dəfəyə 5 min turisti qəbul edə bilir. Qəbələdəki qolf
meydançasına görə
ora gedən turistlərin də sayı çoxdur. Bakının tarixi yerləri isə hələ də turistləri özünə
cəlb edir. Çox maraqlıdır
ki, Yaxın Şərq
ölkələrindən gələn
turistlər Qəbələyə üstünlük
verirlər. Şimal-Şərqi
Asiya ölkələrindən gələn turistlər isə daha çox
Şəkiyə üz
tuturlar. Yeri gəlmişkən, onu da deyim ki, Azərbaycanın hazırkı sürətli
inkişafı xarici iş adamlarında çox böyük maraq yaradıb. Onlar turist kimi
gəlsələr də,
ölkəmizə sərmayə
qoymaq istəyirlər.
Bilirlər ki, Azərbaycan
iqtisadiyyatı durmadan
güclənir. Hansı
ölkənin iqtisadiyyatı
güclüdürsə, ora
maraq da çox olur. Bu səbəbdən də Azərbaycana bugünkü
axın turizmin yaxın illərdə daha çox güclənəcəyinə imkan
yaradacaq. Çünki
vətənimizdə 11 iqlim tipindən 9-nun olması onu dünyanın başqa ölkələrindən fərqləndirir.
Fərqlilik həm də
bizdə qış xizək turizmindən tutmuş, çimərlik kurort turizminə kimi müxtəlif turizm növlərinin inkişaf
etməsidir. Xarici turistləri cəlb edən Naxçıvanın
duz dağı, Qobustanın qoruğu, Abşeronun Yanar dağı, palçıq
vulkanları, Naftalanın
nefti Azərbaycan turizminin üstünlükləridir".
Samirə xanımla
söhbətimizdən məlum oldu ki, pandemiyadan sonra Azərbaycana səfər edən turistlərin sayında artım müşahidə olunur. Xüsusilə də Yaxın Sərq və Şimal-Şərqi
Asiya ölkələri olan
Birləşmiş Ərəb
Əmirliklərindən, Türkiyə,
İsrail, Misir, Yaponiya, Cənubi və Şimali Koreyadan gələnlər
ilk sıralardadır.
"Turistlər tur paketlərlə
gəlir, yoxsa fərdi gələnlər
çoxdur?" sualımıza
həmsöhbətimiz belə
cavab verdi:
- Tur paketlə gələnlər
üstünlük təşkil
edirlər. Türkiyə,
Kipr, İsraildən gələnlər əsasən
ailə üzvləri
və dostlarla səyahət etməyi xoşlayırlar. Yaponiya, Koreya, Rusiyadan olan turistlər isə, adətən, fərdi gəlirlər.
Onu da deyim ki, birincilər
daha çox pul xərcləyirlər. İkincilərin marağında
isə mədəni irsimiz, tarixi abidələrimiz olduğu
üçün
birincilərdən fərqli
olaraq nəqliyyat vasitəsi və gecələmə yeri onlar üçün prioritet deyildir. Təbii ki, belə halda çox pul xərcləməyə də
gərək olmur.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.- 26 iyun.-
S.15.