Azərbaycanla Efiopiya arasında
müxtəlif sahələrdə əməkdaşlığın
perspektivləri müzakirə edilib
Martın 1-də Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun Zirvə Görüşündə
iştirak etmək üçün ölkəmizə səfərdə
olan Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin
müavini və xarici işlər naziri Demeke Mekonnen ilə
görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iqtisadi, ticarət və humanitar sahələrdə ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Müntəzəm qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.
Tərəflər beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini və bu təşkilatlar çərçivəsində, xüsusən ərazi bütövlüyü və suverenliyi ilə bağlı qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü, habelə postmünaqişə zamanı ölkəmiz tərəfindən görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Görüşdə, eyni zamanda, digər
qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2023.- 2 mart.- S.4.