Yurda dönüş bayramı

 

Daha bir qrup ağalılı Od çərşənbəsində doğma ocağına qovuşdu

 

Ağalı...

Şərqi Zəngəzurun ilk cənnətməkana çevrilən yurdu...

Cənubi Qafqazın, Azərbaycanın, Zəngilanın ilk "ağıllı kənd"i...

O kənd ki bir qərinəlik vətən qubarımızın dindirildiyi, dədə-baba yurdlarımıza qayıdışın zəfər ünvanı oldu...

O kənd ki illər əvvəl düşmən sakinlərini zorla qoynundan didərgin salmış, bu yerdə daşı daş üstündə qoymamış, sularını qurutmuş, torpağını yandıraraq viranəyə çevirmiş, bütün işğal etdiyi yurdlarımızda olduğu kimi, burada da bir həyat nişanəsi qoymamışdı. Erməni vandalları bu vəhşi hərəkətləri ilə tarixi torpaqlarından zorla didərgin saldıqları azərbaycanlıların gözlərini qorxudacaqlarını, bununla da onların öz dədə-baba yurdlarına qayıdışlarını əngəlləyəcəklərini planlaşdırmışdılar, amma bədxah niyyətləri gözlərində qaldı...

Artıq Zəngilanın Ağalı kəndinin timsalında Qarabağa və Şərqi Zəngəzura əbədi qayıdışın uğurlu başlanğıcı qoyulub.

Ağalıya yeni həyat qaytarılıb, bu gün Ağalıda həyatın nişanəsi olan körpələr dünyaya gəlir...

 

Yeni çağırışlar, bol uğurlar

 

Bəli, Vətən müharibəsindəki parlaq zəfərdən sonra Azərbaycan tamamilə yeni, çağırışlarla doluuğurlu bir dövrə qədəm qoyub. Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı milli prioritet elan edərək o yerlərdə nəhəng bərpa və quruculuq işlərinə başlayan dövlətimiz Zəngilanın Ağalı kəndini çox qısa zamanda qurub bərpa edərək, zəfərdən sonra qayıdışın ilk ünvanına çevirib.

Vaxtilə Ağalıdan zorla didərgin salınan insanlar 2022-ci il iyulun  19-da öz yurdlarına qovuşaraq, "ağıllı kənd"lərində yeni həyata başlayıblar. Həmin tarixdən etibarən Ağalı kəndinə əhalinin mərhələli şəkildə köçürülməsinə başlanılıb.

Ötən il sentyabrın 7-də və 10-da isə daha 25 ailə Ağalı kəndinə köçürülüb. 30 illik yurd həsrəti bitən ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi yaşamağa başlayıblar.

"Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunub və küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Ağalıda Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Eləcə də burada ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi tikilib.

 

Ağalıya qayıdışın növbəti mərhələsi

 

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük qayıdışın növbəti mərhələsinə də start verilib. Bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülür.

Onlardan 50 nəfərdən ibarət 10 ailə artıq ötən gün Ağalıda məskunlaşdı, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürüləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov məlumat verib ki, bu günədək Böyük qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayanlardır. Köç prosesinin növbəti aylarda da davam etdirilməsi planlaşdırılır.

 

Ağalıdan körpə səsi gəlir

 

Artıq Ağalıda həyat öz axarına düşüb, insanlar doğma kəndlərində xoşbəxt həyata başlayıblar, xoş günlərini də, bayramlarını da birgə qeyd edirlər. Daha ağalılılar əziz qonaqlarını sığındıqları məcburi köçkün evlərində yox, öz doğma ocaqlarında sevinclə qarşılayırlar. İndi ağalılı şagirdlər elmin sirlərinə öz kəndlərindəki məktəbə yollanaraq vaqif olurlar...

Ən əsası isə bu gün Ağalıdan top-tüfəng səsi deyil, yeni doğulan körpə səsi gəlir...

Dostları sevindirən, düşmənin bağrına ox kimi sancılan körpə səsi...

Ağalının timsalında Qarabağa və Şərqi Zəngəzura həyatın qayıdışını dünyaya hayqıran körpə səsi... 

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2023.- 1 mart.- S. 1; 4.