Azərbaycanla
Beynəlxalq Miqrasiya Təşkilatı arasında sıx əlaqələr
var
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 1-də Beynəlxalq
Miqrasiya Təşkilatının Baş direktoru Antonio
Vitorinonu qəbul edib.
AZƏRTAC xəbər verir ki,
Antonio Vitorino Qoşulmama Hərəkatının COVID-19-a
qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə
görüşünə dəvət edildiyinə görə
təşəkkürünü bildirdi, bu sammitin hazırda
beynəlxalq gündəlikdə duran məsələlərin
müzakirəsi baxımından çox yaxşı fürsət
yaratdığını dedi.
Azərbaycan ilə Beynəlxalq
Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələrin
olduğunu vurğulayan dövlətimizin
başçısı Qoşulmama Hərəkatının
Bakıda keçiriləcək sammitində iştirak etdiyinə
görə Antonio Vitorinoya minnətdarlığını ifadə
etdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına
sədrlik dövründə ölkəmizin bu Hərəkatın
daha da təsisatlanması istiqamətində bir sıra təşəbbüslərlə
çıxış etdiyini bildirdi.
Ölkəmizlə rəhbərlik
etdiyi təşkilatın səmərəli əməkdaşlığına
görə təşəkkürünü ifadə edən Antonio
Vitorino Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa
dair Birinci Dövlət Proqramının əhəmiyyətini
vurğuladı. Qeyd etdi ki, Beynəlxalq Miqrasiya Təşkilatı
öz təcrübəsindən çıxış edərək
bu prosesə dəstək verə bilər. O, həmçinin
dedi ki, bu təşkilat yarandığı gündən bəri
dünyanın müxtəlif ölkələrində məcburi
köçkünlərin və qaçqınların
qayıtması üzrə çox geniş təcrübəyə
malikdir və bu təcrübəni Azərbaycan tərəfi
ilə bölüşməyə hazırdır.
Antonio Vitorino ölkəmizdə
Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim
mərkəzinin yaradılmasının vacibliyini qeyd etdi, bu mərkəzin
həm Azərbaycanda, həm də region ölkələrində
imkanların artırılmasına və peşəkar
kadrların hazırlanmasına töhfə verəcəyini
dedi.
Qonaq Azərbaycanın
qaçqınların müdafiəsi və beynəlxalq
miqrasiya üzrə məşvərətçi proses olan
2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini
qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun
və məlumat mübadiləsinin müzakirəsi
baxımından bu platformanın əhəmiyyətini
vurğuladı.
Görüşdə azərbaycanlı
mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında
və BMT-nin digər strukturlarında təmsilçiliyinin
artırılmasının vacibliyi bildirildi.
Antonio Vitorino Azərbaycanın yeni
donor ölkə kimi təşkilatın büdcəsinə
verdiyi maliyyə töhfələrinin də yüksək qiymətləndirildiyini
diqqətə çatdırdı.
Azərbaycan.- 2023.- 2 mart.- S.1-2.