İkitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıldı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev martın 1-də Birləşmiş
Ərəb Əmirliklərinin Ali Şurasının
üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət
Şeyx Saud Bin Saqr Al Qasimini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimi bu tədbirin xüsusi önəm daşıdığını bildirdi.
Qonaq Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasiminin səfərinə və Birləşmiş Ərəb Əmirliklərinin sammitdə iştirakına görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu qeyd etdi, iki ölkənin liderlərinin münasibətlərini xüsusi vurğuladı.
Sammitin əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti ölkəmizin sədrlik dövründə Qoşulmama Hərəkatının təsisatlanması və beynəlxalq münasibətlər sistemində rolunun artırılması baxımından ciddi şəkildə fəaliyyət göstərdiyini dedi.
Görüşdə
ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıldı. Bərpaolunan
enerji sahəsində Birləşmiş
Ərəb Əmirliklərinin “Masdar”
şirkətinin ölkəmizdə həyata keçirdiyi
layihənin əhəmiyyəti vurğulandı. Turizm sahəsində əməkdaşlığın
inkişaf etdiyi
bildirilərək, qarşılıqlı turist səfərlərinin artmasının insanlar arasında təmaslara xidmət etdiyi qeyd olundu.
Azərbaycan.-
2023.- 2 mart.- S.2.