İƏT-ə üzv dövlətlərin diplomatik toxunulmazlığı müzakirə edilib

 

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) sədrliyi çərçivəsində Daimi Nümayəndələr Şurasının (DNŞ) 273-cü iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadənin sədrliyi, İƏT-in Baş katibi Xusrov Nozirinin və İƏT üzv dövlətlərinin Tehrandakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə hibrid formatda baş tutub.

Əvvəlcə Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu zamanı şəhid olmuş səfirlik əməkdaşının və Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə İƏT Nazirlər Şurasının bu il yanvarın 24-də Daşkənd şəhərində keçirilmiş 26-cı iclasının nəticələri müzakirə edilib və təşkilatın cari ildə Bakıda keçirilməsi planlaşdırılan 27-ci Nazirlər Şurasının iclası, eləcə də Özbəkistanda keçiriləcək 16-cı Zirvə görüşünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Ölkəmizin təşəbbüsü ilə iclasın gündəliyinə təşkilata bu il Azərbaycanın sədrliyinin həyata keçirilməsi ilə bağlı mövcud vəziyyətə dair yeni bənd daxil edilib. Qeyd olunan bəndin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti bu il yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumu ilə bağlı məlumat verib.

Terror aktını təşkil edənlərin və törədənlərin tezliklə müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, eləcə də ev sahibi İran tərəfindən Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin, diplomatik nümayəndəliklərin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırılıb. Bu xüsusda İranın, həmçinin İƏT qərargahına ev sahibliyi etdiyi vurğulanmaqla, İƏT Katibliyinin və İƏT üzv dövlətlərinin diplomatik toxunulmazlıqlarının təmin edilməsinin vacibliyi önə çəkilib.

Eyni zamanda, diqqətə çatdırılıb ki, terror hücumu nəticəsində səfirliyimizin Tehrandan təxliyə edilməsi ilə əlaqədar İƏT DNŞ-nin iclaslarına fiziki olaraq sədrlik edilməsində məhdudiyyətlərin yarandığına baxmayaraq, 2023-cü ildə İƏT-ə sədrliyimiz çərçivəsində Azərbaycanın ev sahibliyi ilə təşkil edilməsi planlaşdırılan tədbirlərin həyata keçirilməsi və sədrliyimizdən irəli gələn digər öhdəliklərin icrası tam təmin ediləcək.

İclasın sonunda Daimi Nümayəndələr Şurasının növbəti iclasının razılaşdırılmış tarixləri barədə iştirakçılara məlumat verilib.

 

Azərbaycan.- 2023.- 2 mart.- S.8.