İlham Əliyevdən qlobal ədalət
çağırışı
Qoşulmama Hərəkatını dünya düzəninin yenidən
formalaşmasında fəal iştiraka səsləyən
Azərbaycan Prezidenti BMT sistemində təcili
islahatları zəruri sayır
Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. Məhz uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm töhfələr verdiyi üçün Azərbaycanın sədrliyi təşkilatın təmsilçisi olan ölkələrin yekdil rəyi ilə daha bir il - 2023-cü ilin sonunadək uzadılıb.
Dünən isə Bakıda daha bir tarixi hadisə yaşandı. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü öz işinə başladı. 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən 5 ölkənin - Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı Zirvə görüşü bir daha təsdiq etdi ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir, həmçinin rəhbərlik etdiyi təşkilatın nüfuzunun daha da yüksəlməsi üçün mühüm addımlar atır.
BMT Baş katibindən Azərbaycana
təşəkkür
Zirvə görüşündə çıxış edən Qoşulmama Hərəkatının Sədri, Prezident İlham Əliyev Azərbaycanın təşkilata sədrliyi dövründə reallaşdırdığı layihələri, irəli sürdüyü təklifləri bir daha diqqətə çatdırdı. İlham Əliyev bəyan etdi ki, Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ilk növbədə ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Azərbaycan hərəkatın institusional inkişafına güclü dəstək verir. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Həmçinin 2022-ci ilin iyulunda Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Azərbaycanın bu təşəbbüsü, əlbəttə ki, hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmişdi. Dünən isə İlham Əliyevin irəli sürdüyü bu təşəbbüsə görə BMT-nin Baş katibi Antonio Quttereş təşəkkürünü bildirib. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə müraciətində BMT Baş katibi bildirib ki, postpandemiya dövründə gələcəyə baxdıqda xüsusən gənclərə diqqət yetirilməlidir. Onun sözlərinə görə, dünyada 2 milyard gənc yaşayır, onların 90 faizi inkişaf etməkdə olan ölkələrdədir: "İqtisadi və sosial əlaqələri və təmasları gücləndirsək, cəmiyyətlərimiz sülh, firavanlıq və dayanıqlı inkişafdan bəhrələnəcək. Dayanıqlı İnkişaf məqsədləri çərçivəsində gəncləri daha inklüziv və dayanıqlı sülhə doğru tədbirlərə yönəltməliyik. Qoşulmama Hərəkatı çərçivəsində gənclərin 2022-ci ilin iyul ayında Bakıda keçirilən sammitini, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunmasını təqdirəlayiq hesab edirəm".
İlham Əliyevin
ideyaları hər zaman təqdir edilib
Zirvə görüşündəki çıxışında
İlham Əliyev eyni zamanda 2021-ci ildə Belqradda keçirilən yüksəksəviyyəli
yubiley görüşünü
xatırlatdı. Həmin toplantıda İlham
Əliyev hərəkatın
COVID-19-dan sonrakı dövrlə
bağlı mövqeyini
formalaşdırmaq məqsədilə
təşkilata üzv
dövlətlərin yüksəksəviyyəli
görüşünün keçirilməsi ideyasını
irəli sürmüşdü.
Yeni meydana çıxan qlobal əhəmiyyətli
məsələləri müzakirə
etmək imkanı yaradan budəfəki Zirvə görüşü
də məhz Qoşulmama Hərəkatının
hazırkı Sədri
İlham Əliyev tərəfindən çağırılıb.
Xatırladaq ki, pandemiyanın başlamasından dərhal
sonra COVID-19-a qarşı
qlobal səyləri səfərbər etmək
təşəbbüsü ilə çıxış
edən məhz Qoşulmama Hərəkatı
olub. İlham Əliyev
qurumun Sədri kimi 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət
və hökumət başçıları səviyyəsində
onlayn Zirvə toplantısının keçirilməsi
təşəbbüsünü irəli sürüb. Zirvə toplantısında məlumat
bazası hazırlamaq
üçün Qoşulmama
Hərəkatının İşçi
Qrupunun yaradılması
qərara alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı
da pandemiya ilə mübarizədə
Qoşulmama Hərəkatına
üzv dövlətlərin
ehtiyaclarını müəyyən
etmək üçün
məhz bu məlumat bazasına istinad edib.
Həmin Zirvə toplantısında
İlham Əliyev BMT Baş Assambleyasının
liderlər səviyyəsində
xüsusi sessiyasının
çağırılmasını təklif etdi və bu, BMT-yə üzv dövlətlər arasında
böyük dəstək
qazandı. Xüsusi sessiya isə
2020-ci ilin dekabr ayında keçirildi və tədbirdə 70-dən
çox dövlət
və hökumət başçısı çıxış
etdi. Xüsusi sessiyada beynəlxalq
həmrəyliyin artırılmasının
zəruriliyi vurğulandı,
Qoşulmama Hərəkatının
koronavirusla mübarizədə
liderliyi qəbul edildi.
İlham Əliyev
çıxışında bir daha "peyvənd millətçiliyi"
məsələsinə toxunaraq
bildirdi ki, bəzi varlı ölkələrin həyata
keçirdiyi "peyvənd
millətçiliyi" xüsusilə
pandemiya ilə mübarizədə ciddi maneədir. Nəticədə Qoşulmama Hərəkatı
bütün ölkələrin
peyvəndlərdən ədalətli
və vahid şəkildə istifadəsini
təmin etmək üçün 2021-ci ildə
BMT-nin İnsan Hüquqları Şurasında
və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı
oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün
qlobal səylərin səfərbər edilməsində
liderliyi Hərəkatın
nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.
Qoşulmama Hərəkatının
Sədrindən üzv
dövlətlərə müraciət
Qoşulmama Hərəkatının Sədri
kimi, İlham Əliyev qarşıdakı
hədəfləri və
prioritetləri də bəyan etdi. Prezident
bildirdi ki, Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq COVID-19 pandemiyası
dövründə olduğu
kimi, Qoşulmama Hərəkatının ehtiyacı
olan üzv ölkələrinə maliyyə
və humanitar yardım göstərməyə
davam edəcək:
"Mən
burada iki qlobal çağırışı
bəyan edirəm. Bunlar Afrikanın
və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir.
Məmnuniyyətlə elan edirəm
ki, Azərbaycan ilk
donor ölkə kimi hər iki qlobal
çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait
ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri
və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın
təşəbbüsünü dəstəkləyəcək və
bizə qoşularaq postpandemiya dövründə
ehtiyacı olan ölkələrə dəstək
verəcəklər".
İlham Əliyev
həmçinin qeyd etdi ki, beynəlxalq
hüququn norma
və prinsiplərinin
aşınması beynəlxalq
düzəni daha da təhdid edir. Son illərdə
beynəlxalq təhlükəsizlik
arxitekturası köklü
dəyişikliklərlə üzləşib və multilateralizm təhlükə
altındadır. Ona görə də Qoşulmama Hərəkatı
BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan
və səmərəli
rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal
iştirak etməlidir:
"Təəssüf ki,
bu gün biz neokolonializm meylinin artdığını müşahidə
edirik. Tarixi müstəmləkəsizləşdirmə
prosesi nəticəsində
yaranmış Qoşulmama
Hərəkatı bəşəriyyətin
bu rüsvayçı
səhifəsinin tamamilə
aradan qaldırılması
istiqamətində səylərini
birləşdirməlidir".
İlham Əliyev
Fransanı soyqırımı
aktlarına və müstəmləkə cinayətlərinə
görə üzr istəməyə çağırdı
Azərbaycan Prezidenti çıxışında
Fransaya da çağırış etdi. İlham Əliyev
bildirdi ki, Qoşulmama Hərəkatı
Qəmər Adaları
İttifaqının Fransanın
müstəmləkə hakimiyyəti
altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz
suverenliyini həmişə
güclü dəstəkləyib.
Qoşulmama Hərəkatının
təməl sənədlərində
əks olunduğu kimi, hərəkat Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı
icma və ərazilərindəki digər
xalqların hüquqlarına
hörmət etməyə
çağırır: "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə
imperiyasının iyrənc
qalıqlarıdır. Biz həmçinin
Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama
Hərəkatının üzvü
olan ölkələrə
qarşı müstəmləkə
keçmişinə, qanlı
müstəmləkə cinayətlərinə,
eləcə də soyqırımı aktlarına
görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".
Keçmişi xatırladan
BMT Təhlükəsizlik Şurası
İlham Əliyev həmçinin vurğuladı ki, dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ
BMT sistemində islahatların
aparılması ilə
bağlıdır. BMT Təhlükəsizlik
Şurasının keçmişi
xatırlatdığını və indiki reallığı əks etdirmədiyini deyən Azərbaycan Prezidenti təklifini də irəli sürdü:
"Təhlükəsizlik Şurasının tərkibi
genişləndirilməlidir ki, orada daha
çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama
Hərəkatına verilməlidir
və Qoşulmama Hərəkatına sədrlik
edən ölkə növbəli şəkildə
bu yerə sahib olmalıdır. Mən Qoşulmama
Hərəkatına üzv
ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə
başlamağa və
öz fikirlərini
BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram.
Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin
verilməsi fikrini dəstəkləyirik".
Qoşulmama Hərəkatının
sədri həmçinin
dedi ki, pandemiya "2030: Davamlı
İnkişaf Məqsədləri"nin icra olunmasına mənfi təsir edib. Bundan əlavə, hədəflərə çatmaqda
geriləmənin qarşısını
almaq və 2030-cu il gündəliyinin
icrasına vaxtında
nail olmaq üçün
qlobal səylər gücləndirilməlidir. Azərbaycan bu
məqsədlə BMT-nin
COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli
Panelinin yaradılmasını
təklif edib. Bu panel postpandemiya dövrü üçün
qlobal tədbirlərə
dair tövsiyələr
hazırlaya bilər.
İlham
Əliyev Qoşulmama Hərəkatına üzv
olan ölkələri
bu təşəbbüsü
də dəstəkləməyə
çağırdı.
Sonda isə İlham Əliyev əminliklə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi
ilə üzv dövlətlərin legitim
maraqlarının müdafiəsi
və hərəkatın
beynəlxalq arenada mövqeyinin güclənməsi
üzrə səylərini
əsirgəməyəcək. Məqsəd institusional davamlılıq
yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2023.- 3 mart.- S.1; 9.