Milli Məclisdə Fransa Senatının üzvü ilə görüş
Martın 3-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Soltan Məmmədov Azərbaycan-Fransa əlaqələri, Fransa Senatının və Milli Assambleyasının ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələr, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına maneə törədən amillər barədə danışıb.
Söhbət zamanı Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməsindən sonra regionda yaranmış yeni reallıq, həmin ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın icrası, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə keçirilmiş görüş və digər məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev, Tural Gəncəliyev, Nigar Arpadarai, Fransanın ölkəmizdəki səfiri Ann Buayon və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.- 2023.-4 mart.- S.9.