Dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir

 

Martın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və ictimai-siyasi sahədə xidmətləri ilə seçilən qadınlar iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının, həmçinin qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olunub.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadınlara ünvanladığı təbrik məktubunu oxuyub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərildiyini bildirib. Qeyd edib ki, Azərbaycan qadınları istənilən sahədə uğur qazanmaqla yanaşı, Vətənə layiqli övladlar yetişdirməyi də bacarırlar. Eyni zamanda, Azərbaycan qadınlarının əməyi mütəmadi olaraq yüksək qiymətləndirilir.

Bahar Muradova, həmçinin 44 günlük Vətən müharibəsindən də söz açaraq bildirib ki, biz Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq.

Prezident İlham Əliyevin 2023-cü il 6 mart tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmiş qadınları təbrik edən Bahar Muradova onlara uğurlarının davamlı olmasını arzulayıb.

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlar, onlara göstərilən diqqət və qayğıya, fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

 

Azərbaycan.-2023.- 7 mart.- S.7.