Milli Məclisdə görüş

 

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 7-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, idmanın və bədən tərbiyəsinin Azərbaycanda populyarlaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Milli Məclis sədrinin müavini Ulu Öndər tərəfindən bu sahədə sistemlikompleks yanaşmanın əsasının qoyulmasından danışıb. O, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində ölkəmizin dünyanın qabaqcıl idman ölkəsinə çevrilməsindən bəhs edib, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb.

2015-ci ildən Azərbaycan parlamentində Gənclər və idman komitəsinin fəaliyyət göstərdiyini deyən Adil Əliyev parlament komitəsinin gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Azərbaycan və Rusiya arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərdən söz açan A.Əliyev ölkələrimizin bütün sahələrdə olduğu kimi idman sahəsində də yaxşı əlaqələr qurduğunu deyib. O, bu müsbət əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.

Göstərilən qonaqpərvərliyə və səmimi sözlərə görə təşəkkür edən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-ool Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də görülən işlərin, əldə olunan nailiyyətlərin dost ölkə kimi onları çox sevindirdiyini deyibidman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı idman sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Ülvi Quliyev, Ramil Həsən, Sevinc Hüseynova, Könül Nurullayeva, Şahin İsmayilov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2023.-8 mart.- S.2.