Qaliblər
məktəbi
8 Mart Beynəlxalq Qadınlar
Günüdür
…Özümü başqa bir aləmdə
hiss edirdim. Sanki sözün sehrinə
düşmüşdüm. Südabə
müəllim danışdıqca xəyalım məni
uşaqlığıma, əlimə ilk dəfə çanta
alıb məktəbə getdiyim günlərə aparır.
Atadan, anadan sonra yalnız müəllim
şagirdinin uğuruna belə sevinə bilər. Yeganə peşə sahibləri müəllimlərdir
ki, övladları qədər də şagirdləri ilə fəxr
edirlər. Şagirdlərinin uğurunu
öz uğurları bilirlər.
Ürəyimdən yalnız bir hiss
keçirdi, kaş ki, Südabə müəllim söhbətini
kəsməyəydi. Almayaydı məni
uşaqlığımın əlindən… O,
danışdıqca bir Şərq müdrikinin "elə
adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər
olsun. Elə kitablar da axtarın ki, mütaliəsi
filosoflarla söhbətə dəysin" kəlamını
xatırlayıram.
Özündən,
övladlarından, uşaqlığından, gəncliyindən
danışmırdı Südabə müəllim... Qəndabdan
danışırdı... O, Qəndabdan ki ABŞ-nin Texas
Ştatıının Houston şəhərində
keçirilən Fizika və Astronomiya fənləri üzrə
Global Copernicus Olimpiadasının Azərbaycandan yeganə təmsilçisi,
dünya üzrə öz kateqoriyasına görə top
üçlüyə düşərək vətənimizə
qızıl medal gətiribdi.
Südabə müəllim
deyir ki, fizika müəllimiyəm. Qəndab
özümün yetişdirməmdir. Onun
uğurlarını yalnız 279 saylı məktəbin
uğuru hesab etmirəm. Bu, Azərbaycanımızın
uğurudur, müasir gəncliyin uğurudur. Məktəbimizdə Qəndab kimi gənclərin
sayı çoxdur. Məzunlarımız hər il respublikamızın və dünyanın ən
nüfuzlu məktəblərinə qəbul olunmaqla bizi
sevindirirlər. Təsədüfi deyil ki, ali
məktəbə qəbul göstəricisinə görə hər
il respublika üzrə ilk üçlüyə
düşürük. Bu göstəricilərə heç də
asanlıqla nail olmamışıq. Gərgin əmək,
ciddi nizam-intizam, tələbkarlıq, müəllimlərimizin
öz üzərlərində ciddi çalışmaları
və ən başlıcası da inamın hesabına əldə
olunub. Məktəbimizdə çox
gözəl bir mühit var. Müəllim-şagird tandemi
yarada bilmişik. Müəllimlərimiz
şagirdlərə ilk növbədə özünə inam
hissi aşılayırlar. Özünə
inanan şagird müəlliminə güvənər, onu elmin
zirvəsinə apara bilər.
Südabə Abdullayeva (Şərifova)
illərin pedaqoqudur. 60 illik ömrünün 38 ilini pedaqoji fəaliyyətə
həsr edib. Südabə müəllim deyir ki, insan gərək
öz peşəsini sevsin: "Nəsrəddin Tusi adına ADPU-nin Fizika fakültəsini
bitirmişəm. 1985-ci ildən müəllim
işləyirəm. Hər gün əlimə
jurnal alıb sinifə girəndə ilk dərs dediyim
günün həyəcanını yaşayıram. Dərsdən əvvəl mövzuya ciddi
hazırlaşıram. 2018-ci ildən 279
saylı məktəbdə direktor işləyirəm. Rəhbərlik etdiyim kollektivin müəllimlərinə
də deyirəm ki, müəllim gərək daim
axtarışda olsun, yeniliklərə qapı
açmağı bacarsın".
Südabə İbrahim
qızı Abdullayeva 1963-cü ildə Bakının
Əmircan kəndində çoxuşaqlı ailədə
anadan olub. Anası evdar qadın, atası neftçi idi.
- Ailədə 10 uşaq idik. Atam bizə
həmişə ədalətli olmağı, halal
yaşamağı bacarmağı, vicdanlı, ədalətli
olmağı tövsiyə edərdi. Atam deyərdi
ki, vicdan insanın ruhudur, Allahıdır. Elə
yaşayın ki, sizi barmaqla göstərsinlər.
Başqalarına nümunə ola biləsiniz.
Fizikanı isə bizə böyük
qardaşım Mövsüm sevdirib. Hamımız
Mövsümə oxşamağa, onun yolu ilə getməyə
çalışmışıq. Elə
bu səbəbdən də bütün bacı-
qardaşlarımız fizika və riyaziyyat müəllimi olub.
Suraxanı rayonunun Yeni
Günəşli qəsəbəsində yerləşən
279 saylı məktəbdəyik. Məktəbdəki səliqə-sahman,
gözəllik gözoxşayır. Bura
orta məktəbdən çox botanika bağına bənzəyir.
Məktəbin dəhlizini insanın qəlbinə
riqqət, könlünə gözəllik gətirən
müxtəlif növ güllər bəzəyir. Məktəbdə
müəllim və şagirdlərin yetişdirdiyi 2 mindən
çox dibçək gülü var. Divarlara şagirdlərin çəkdikləri rəsmlər isə bir ayrı gözəllik
verir. Məktəbdə "kitab mənim
dostumdur" layihəsi həyata keçirilir. Öyrənirik
ki, 279 saylı məktəb bu il Elm və
Təhsil Nazirliyinin yaratdığı T-Netvorq Təhsil
İşçilərinin İnformasiya və Kommunikasiya
platformasının keçirdiyi "Təhsilin Ulduzu"
müsabiqəsinin qalibi olub. Diqqətçəkən
daha bir məqam dəhlizlərin divarlarında kitabxanaya yeni
daxil olmuş ədəbiyyatların şəkilləri yerləşdirilməsidir.
Şagirdlər oxuduqları kitablardakı personajların şəkillərini
divarlara çəkir, texnologiya dərslərində yun
saplarla toxunub hazırlanmış əşyalar dəhlizin
divarlarında "Sagirdlərimizin əl işləri"
guşəsində yerləşdirilir. Məktəbdə
"Mütaliə otağı" yaradılıb,
otağın divarlarında əsər qəhrəmanlarının
şəkilləri, "Düşünən oxucu"
guşəsi, "Kitab oxumaq qaydaları", "Hansı
formada oxumaq lazımdır?" tabloları yerləşdirilib.
279 saylı məktəbdə
şagirdlərin vətənpərvərlik ruhunda böyümələri
üçün vətənpərvərlik tərbiyəsinə
ciddi önəm verilir, buna olduqca həssas
yanaşılır. Dəhlizlərdə Zəfər guşəsi,
Laçın guşəsi, milli dəyərlərimiz, adət-
ənənələrimiz başlığı altında
guşələr yaradılıb. 2020-ci
ildən məktəbin ənənəvi zəngi dəyişdirilərək
Xudayar Yusifzadənin təsnifi ilə əvəz edilib.
Suraxanı rayonundan
Qarabağ savaşında 61 nəfər qəhrəmancasına
döyüşərək şəhidlik zirvəsinə
yüksəlib. Bütün siniflərdə şəhidlər
haqqında xüsusi guşələr yaradılıb, siniflərə
şəhidlərimizin adları verilib. Məktəbin
şagirdləri şəhidlərin anım və doğum
günlərində məzarlarını ziyarət edib, ailələri
ilə əlaqə saxlayırlar.
Südabə müəllim
deyir ki, pedaqoji kollektiv olaraq üzərimizə düşən
yükün ağırlığını yaxşı dərk
edirik.
Çalışırıq ki, daha bacarıqlı nəsillər
yetişdirmək üçün fərdi müxtəliflikləri
nəzərə alan təhsil mühiti
yaradaq. Siyahıda birinci olmaq bütün
bacarıqlara sahib olmaq demək deyil. Məktəblərdə
keçirilən imtahanlarda əldə edilən nəticələr
qiymətləndirmə standartlarında nəzərdə
tutulan bacarıqları əks etdirməlidir. Məktəb müəllimlərin enerjisini və
motivasiyasını qiymətləndirmə fəaliyyətindən
çox, keyfiyyətli təlimə istiqamətləndirməlidir.
Məktəb keyfiyyətli tədrisin məsuliyyətini
daşıyan bir qurumdur. Öncə tədrisin
keyfiyyəti, sonra isə ölçmə gəlir. Əsaslı bir təhsil sistemində yetişmiş
fərdlər bütün imtahanlardan uğur əldə edir.
Bütün bunlara şagirdlərin şəxsiyyətyönlü
formalaşması ilə nail olmaq olar. Məqsədimiz budur ki,
milli şüura malik, tədqiqatçı, dərin
düşüncəli, yaradıcı və innovativ, akademik biliyi
bacarığa çevirə bilən, hər bir işin
faydalı iş əmsalını tapa bilən, kreativ
düşüncəli fərdlər yetişdirə bilək.
Bununla da cəmiyyətin texnoloji, sosial-iqtisadi və
mədəni səviyyəsinin yüksəldilməsinə
töhfə verək.
Südabə Abdullayeva
peşəkar rəhbər, mükəmməl pedaqoq,
bacarıqlı təhsil təşkilatçısı
olduğu kimi, həm də nümunəvi anadır. Bu vətən, dövlət
üçün iki ləyaqətli övlad yetişdirib. Pedaqoji
fəaliyyətdən başqa içtimai işlərdə də
yaxından iştirak edir. Südabə
müəllim deyir ki, ən yaxın dostum, köməkçim,
sirdaşım, ömür-gün yoldaşım Vasifdir.
Onun fikrincə, müəllim gərək
bütün xüsusiyyətlərinə görə cəmiyyət
üçün bir örnək olsun. Daxili
dünyası, əxlaqı, milli-mənəvi xüsusiyyətləri
ilə seçilsin. Tək bilikli olmaqla
yaxşı müəllim, yaxşı vətəndaş
olmaq mümkün deyil. Müəllimin ailəsi,
övladları da gərək əxlaqi dəyərlərə
verdiyi qiymətlə və ən başlıcası,
davranışı ilə seçilsin.
Südabə müəllim
ilə söhbət etdikcə ürəyi vətən
üçün, xalq üçün döyünən bir
insanın portreti, onun ürəyinin ən incə
duyğuları gözlərimiz önündə canlanır. Vətənini,
dövlətini fədakarcasına sevən, onun gələcəyi
üçün gecəsini gündüzünə qatan, daim
axtarışda olan, təşəbbüskarlığı ilə
seçilən tam bir insan obrazı yaranır. O,
danışdıqca sanki gələcəyimiz
üçün döyünən bir ürəyin kaman naləsinə
bənzər yanıqlı səsini dinləyirsən. Təcrübəli pedaqoq Südabə Abdullayeva
düşünür ki, dünyada artan rəqabətə
davam gətirə bilmək üçün iqtisadiyyatın
uzunmüddətli inkişafı müasir və güclü təhsilə
arxalanmalıdır. Məhz təhsil vasitəsilə
insan kapitalının milli sərvətdə iştirak
payı davamlı şəkildə
artırılmalıdır. Strateji
dövrdə kompetensiya, sosial vərdişlər və
bacarıqların harmoniyada inkişafına əsaslanan
"ömür boyu təhsil"ə xüsusi önəm
verilməlidir. Erkən və məktəbəqədər
təhsilin əhatə dairəsi genişlənməli və
mərhələlərlə müvafiq yaşda olan
bütün uşaqları əhatə etməlidir.
Südabə Abdullayeva bir pedaqoqun, bir müəllimənin
ala biləcəyi bütün qiyməti, mükafatları
alıb. Ən böyük mükafatı isə
şagirdlərinin məktəbə gətirdikləri
qızıl, gümüş medallar, qazandıqları
uğurlar olduğunu deyir. "Məktəbimizin
yetişdirmələri haradasa bir uğur qazananda, onların
valideynləri, yaxınları zəng edib, məktəbimizə
gəlib bizi təbrik edəndə bu illərimi boş yerə
sərf etmədiyimə sevinirəm. Peşəmlə
iftixar duyuram. Bir müəllim üçün məncə
bundan böyük mükafat ola bilməz".
Biz 279 saylı məktəbdə
olarkən bir ömür kitabının çox az bir hissəsini vərəqləyə bildik. Oxuduqca öyrəndik, dinlədikcə
düşündük. Belə qənaətə gəldik
ki, Tanrının verdiyi ömür payını belə
yaşayarlar...
Elşən
QƏNİYEV
Azərbaycan.- 2023.- 8 mart.- S.7.