Azərbaycan potensial
donor ölkəsinə çevrilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima forumun çox yüksək səviyyədə təşkil olunduğunu dedi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasını olduqca əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirdi, bu təsisatın dünya səviyyəsində nüfuzunun artdığını vurğuladı.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk fəaliyyətinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin ana yurdu olan qədim Gəncə şəhərindən başladığını qeyd edərək, sonrakı illərdə bu Mərkəzin daha da inkişaf etdiyini və bu il artıq ölkəmizdə X Qlobal Bakı Forumunun keçirildiyini dedi.
Dövlətimizin başçısını Qoşulmama Hərəkatının sədri olaraq uğurlu fəaliyyətinə və Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik edən Vinni Byanyima Hərəkatın bugünkü beynəlxalq münasibətlərdə çox vacib rol oynadığını vurğuladı.
Qonaq Azərbaycanın səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və AİDS-ə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu dedi. O, rəhbərlik etdiyi təşkilatın Afrika qitəsində və digər ölkələrdə həyata keçiriləcək layihələrinə Azərbaycanın dəstəyini xahiş etdi.
Müstəqilliyimizin
ilk illərində Ermənistanın
ölkəmizə qarşı təcavüzü nəticəsində
bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşdüyünü,
onların çadır şəhərciklərində
yaşadığını xatırladan dövlətimizin
başçısı, o zaman
Azərbaycanın iqtisadi durumunun
aşağı səviyyədə olduğunu
və ölkəmizin çox ciddi çətinliklərlə üzləşdiyini
qeyd etdi, həmin
dövrdə Azərbaycana beynəlxalq təsisatlar tərəfindən
dəstəyin göstərildiyini bildirdi.
Prezident İlham
Əliyev vurğuladı ki, bu xüsusda da Azərbaycan beynəlxalq səviyyədə
yardım proqramlarına öz töhfəsini
verərək potensial donor
ölkəsinə çevrilib. Dövlətimizin
başçısı Azərbaycanın BMT-nin
aidiyyəti institutları ilə yaxından əməkdaşlıq
etdiyini və onların fəaliyyətini
dəstəklədiyini bildirdi.
Azərbaycan.-
2023.- 10 mart.- S. 4.