Azərbaycan-NATO hərbi əməkdaşlığı əməliyyat imkanları konsepsiyası çərçivəsində xüsusi əhəmiyyət kəsb edir

 

Martın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, türkiyəli qonaq əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını Türk şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib.

Sonra Müdafiə Nazirliyində görüş keçirilib. Qonağı salamlayan general-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib.

Müdafiə naziri əvvəlcə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarının dərdlərinə şərik olduğunu qeyd edib, ailələrinə dərin hüznlə başsağlığı verib bütün yaralılara şəfa diləyib. Türkiyənin acısı bizim acımızdır deyən nazir Azərbaycanın hər zaman qardaş ölkənin yanında olduğunu xüsusi vurğulayıb.

Sonra general-polkovnik Z.Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, eləcə Azərbaycan-Ermənistan şərti dövlət sərhədi Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə qonağı məlumatlandırıb.

NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışan müdafiə naziri qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

General-leytenant Mustafa Oğuz öz növbəsində zəlzələdən sonra göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçularımıza rəhmət diləyib onların ailələrinə dərin hüznlə başsağlığı verib.

Daha sonra Azərbaycanla əməkdaşlığın cari vəziyyətindən danışan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan-NATO hərbi əməkdaşlığının əməliyyat imkanları konsepsiyası çərçivəsində xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2023.- 10 mart.- S.10.