Ermənistan
sonuncu faciəni yaşaya bilər
Ermənistan hökuməti müxtəlif
bəhanələrlə üçtərəfli Bəyanatın
şərtlərini yerinə yetirməkdən imtina edir. Azərbaycanın
tirəli sürdüyü sülh təklifini imzalamır.
Danışıqlar prossesini müxtəlif bəhanələrlə
pozur. Vaxt udmaq üçün "erməni oyunu"
oynayır. Azərbaycanın qəbul etməyəcəyi
"sülh gündəliyi"ni masaya çıxarmağa cəhd
edir.
Üçtərəfli Bəyanatın
şərtlərinə zidd olaraq Ermənistan ordusunun
qalıqlarını Qarabağdan çıxarmır. Eyni
zamanda Qarabağa silah-sursat daşıyır. Sərhədlərin
delimitasiya və demarkasiyasını əngəlləyir. Məsələ
burasındadır ki, Ermənistanın etdikləri bununla
bitmir. Rəsmi İrəvan qəsdən regionda gərginlik
yaratmaqla, təxribat törətməklə siyasi gündəmi
"zəbt etməyə" çalışır. Elə
bu məqsədlə də real təhlükəni bildiyi halda
nümayişkaranə surətdə təxribatlara əl
atır, sərhəd pozuculuğu edir. Öz çirkin niyyətlərini
reallaşdırmaq üçün yüksəkrütbəli
hərbçilərini belə qurban verməkdən çəkinmir.
Ermənistanın hərbi-siyasi dairələrinin istəyi də
budur ki, Qarabağ probleminin həll olunmadığı
görüntüsü yaratsın, "hər an müharibə
ola bilər" fikrini formalaşdırsın və diqqəti
özlərinə cəlb etsinlər. Eyni zamanda məğlub
Ermənistanın məqsədi Qarabağ probleminin həllini
beynəlxalq müstəviyə çıxararaq sülh
prosesini illərlə uzadıb yenidən güc toplamaqdır.
Ermənistanın sülh istəmədiyi,
daha çox vaxt udmağa, revanş götürməyə
çalışdığı açıq-aydın
görünməkdədir. Düşmən ölkəyə
bu gün rəhbərlik edənlər yaxşı başa
düşürlər ki, Ermənistanın eks-prezidenti Serj
Sarkisyanın təbrincə desək, "dərəyə
yuvarlanmış Ermənistan ordusu" ilə bu gün
müharibə etmək mümkün deyil. Ona görə
çalışırlar ki, Qarabağ beynəlxalq güclərin
savaş meydanına çevrilsin. Əslinə qalsa bu
ideyanı Qərbdən gəlmə də hesab etmək olar. Qərb
dövlətləri, xüsusilə Fransa Qarabağ
kartından istifadə etməklə Cənubi Qafqazdakı
proseslərə müdaxilə etməyə
çalışır. Rusiyada da yaxşı başa
düşürlər ki, Qərbin müdaxiləsi onun Qafqazda
hərbi-siyasi məğlubiyyəti deməkdir. Görünən
budur ki, Cənubi Qafqazda hərbi-siyasi gərginlik yenidən ən
yüksək həddə çatıb.
Təbii ki, Cənubi Qafqaz
uğrunda mübarizədə ABŞ də iştirak edir.
Lakin Ağ Evin məsələyə münasibəti hələlik
daha mötədil və konstruktiv görünür. ABŞ
Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş
müşaviri Lui Bono ölkəmizə səfəri
zamanı bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin
Minsk qrupu ilə bağlı mövqeyindən məlumatlıdır.
Yəni amerikalı diplomat demək istəyir ki, ABŞ Azərbaycan
liderinin "Minsk qrupu fəaliyyətini dayandırıb"
tezisinə həssas yanaşır və buna qarşı
çıxmır.
Maraqlıdır ki, Prezident
İlham Əliyevlə görüşdə ABŞ Dövlət
Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri
L.Bono daha bir önəmli məqama toxunub. Amerikalı diplomat
ABŞ-nin Laçın yolu ətrafında yaranmış vəziyyətlə
bağlı Azərbaycanın təhlükəsizlik
maraqlarını başa düşdüyünü qeyd edib.
Xatırladaq ki, Münhen
görüşü zamanı Azərbaycan Prezidenti İlham
Əliyev Laçın yolunda nəzarət-buraxılış
məntəqəsinin yaradılmasının zəruriliyini
vurğulayıb. İstər Qərb dövlətləri, istərsə
də ABŞ siyasi dairələri dövlətimizin
başçısının beynəlxalq hüquq
normalarına uyğun olan bu təklifini normal
qarşılayıblar. Artıq Ağ Evdən verilən
mesajlar deməyə əsas verir ki, ABŞ rəsmi
Bakının bu niyyətinə qarşı deyil. Ermənistanın
Azərbaycanın xoş niyyətindən istifadə edərək
onlara humanitar məqsədlər üçün verilmiş
Laçın yolundan hərbi məqsədlərlə istifadə
etməsi, eləcə də üçtərəfli Bəyanatda
göstərilməyən yollarla Qarabağa hərbi
silah-sursat daşıması və martın 5-də Azərbaycan
Ordusu tərəfindən bu təxribatın
qarşısının qətiyyətlə alınması deməyə
əsas verir ki, yaxın zamanlarda Laçın yolunda Azərbaycanın
Konstitusiyasına və beynəlxalq qanunlara uyğun olaraq Ermənistanla
sərhəddə nəzarət-buraxılış məntəqəsi
yaradılacaq.
Ermənistan özünün
qazdığı quyuya düşüb. Ermənistanın məqsədi
Laçın yolunun bağlanması
görüntüsünü yaradıb Azərbaycana təzyiq
etmək idi. Laçın yolunda sərhəd nəzarət-buraxılış
məntəqəsinin yaradılması haqqında Azərbaycan
Prezidentinin Münhendə verdiyi təklif Ermənistanın əlindən
bu bəhanəsini də almış oldu.
Görünən budur ki, Azərbaycan
Ordusu ərazilərimizə tam nəzarət edir. Martın 5-də
baş verən insident deməyə əsas verir ki, bundan sonra
da sərhədlərimizi pozanların, torpaqlarımıza pis
niyyətlə ayaq basanların qarşısı qətiyyətlə
alınacaq. Qarabağda ermənilərin yaşamasının
yeganə yolu Azərbaycan qanunlarına əməl etməkdir.
Yox, əgər Ermənistan rəhbərliyi yenidən
ağlını itirib müharibə etmək niyyətinə
düşərsə, bu onun sonuncu faciəsi olar.
Elşən
QƏNİYEV
Azərbaycan.-
2023.- 11 mart.- S.10.