Müasir dünyamızın aktual məsələləri Bakıda müzakirə olunur

 

Qloballaşma müasir dünyamızın aktual məsələlərindən birinə çevrilib. Yer üzündə sülhün təmin olunması, təhlükəsizlik məsələlərinə təhdidin müzakirə edilməsi və birlikdə çıxış yollarının axtarılması labüddür. Azərbaycanın son illər təşkil etdiyi bir sıra tədbirlər bu mənada olduqca təqdirəlayiqdir. Martın 9-da işə başlayan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu da son illər xüsusilə aktuallıq kəsb edən mövzunu - "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunu əks etdirir.

Beynəlxalq forumun təşkilatçısı - Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin sərəncamına əsasən, 2012-ci il sentyabrın 30-da dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. İldən-ilə fəaliyyəti ilə diqqəti cəlb edib, qlobal problemlərin həlli yollarını araşdıran, dünya ictimaiyyətini bu barədə məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Mərkəz çox əhəmiyyətli məsələlərin gündəmə gətirildiyi maraqlı tədbirlərin təşkilatçısı olub. Qlobal Bakı Forumu belə əhəmiyyətli tədbirlərdən biridir.

Növbəti tədbir - "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu ən vacib məsələlərə diqqət çəkdi. Beynəlxalq tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər saldı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, eləcə də iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından oldu. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşdü, populizminekstremizmin mənbəyini araşdırdı, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirdi.

Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Belə ki, builki forumun iştirakçıları arasında 4 Prezident, 2 Baş nazir, 6 spikernazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə var idi.

Azərbaycan Prezidenti İlham Əliyev "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi. Dövlət başçısı Azərbaycanın Avropanın və dünyanın enerji təhlükəsizliyindəki roluna toxundu. "Bizim müasir infrastrukturumuz var. İndi bu, heç vaxt olmadığı qədər vacibdir", - deyə bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan həmçinin daşımaların təhlükəsizliyini təmin edir.

Bu gün ölkəmizdə bütün sahələrdə həyata keçirilən işlər, əldə olunan uğurlar nəticəsində Azərbaycan dünya dövlətləri sırasında etibarlı tərəfdaşlardan biri kimi tanınır. Prezident İlham Əliyev bu məsələni də vurğuladı: "Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır, bu belədir, biz hər zaman etibarlı tərəfdaş olmuşuq. Biz neftimizi, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarırıq". Dövlət başçısı bildirdi ki, qaz yataqlarımıza investisiyalarımızı artırırıq: "Ukrayna-Rusiya müharibəsi başlayandan sonra biz qaz təchizatının artırılması ilə bağlı 10 Avropa ölkəsindən müraciətlər almışıq və bunu da edirik".

Azərbaycanın 2019-cu ildə 19 milyard kubmetr qaz ixrac etdiyini xatırladan dövlət başçısı bildirib ki, bu il həmin rəqəm 24 milyard kubmetrdən artıq olacaq. Onun ən azı yarısı Avropaya istiqamətləndiriləcək. Bu, birmənalı olaraq Avropa istehlakçılarına imkan verəcək ki, onların təbii qaza çıxışı olsun. Bu, xüsusən indiki geosiyasi vəziyyət baxımından çox zəruridir.

Beynəlxalq Maliyyə Korporasiyasının Xəzər dənizində külək potensialının yekun qiymətləndirməsini apardığını söyləyən dövlət başçısı bildirib ki, bu potensial 157 qiqavat təşkil edir. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, "yaşıl enerji"yə keçid sürətlə gedir.

Dünyanın qlobal bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanın həyata keçirdiyi tədbirlərdən də söz açan dövlət başçısı qeyd etdi ki, biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik: "Biz peyvənd millətçiliyinə qarşı mövqeyimizi bildirdik. Biz həmçinin müəyyən tədbirlərin görülməsinə dəstəyimizi verdik və 80 dövlətə, əsasən Qoşulmama Hərəkatının üzvlərinə yardım etdik".

Azərbaycan dövləti bütün məsələlərdə hər zaman qanunları əsas götürür, haqq, ədalət prinsiplərindən çıxış edir. Beynəlxalq qanunlara hörmətlə yanaşır və əməl edir. X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında Prezident İlham Əliyev vurğuladı ki, ölkələr arasındakı mübahisələr ərazi bütövlüyüsuverenlik prinsipi əsasında həll olunmalıdır: "Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq - ərazi bütövlüyüsuverenlik prinsipi əsasında həll olunmalıdır".

Prezident İlham Əliyev qeyd etdi ki, bu, güclə dəyişdirilə bilməz: "Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik".

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2023.- 12 mart.- S.6.