İran təxribatından əl çəkmir

 

Amma cənub qonşumuz bir vaxt " bayraq" qaldırmağa məcbur olacaq

 

Birinci Qarabağ müharibəsindən başlayaraq Hayastana dəstək verərək  Azərbaycana qarşı riyakarlıq yolunu tutmuş İran həmin missiyasını hələ də davam etdirir. Təsadüfi deyil ki, ölkəmiz qısa zaman kəsiyində İranın bir çox təxribatları ilə üz-üzə qalıb. Ötən ay Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olunub, X Bakı Qlobal Forumunun işə başlamasına sayılı günlər qalarkən isə İran rəsmiləri Nizami Gəncəvini "fars şairi" adlandırıb, daha sonra isə hərbi təyyarəsi sərhədimiz ətrafında uçub.

Cənub qonşumuzun belə riyakar əməllərinin əsas səbəbi odur ki, rəsmi Tehran Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun durmadan artmasını həzm edə bilmir, həmçinin ölkəmizin Türkiyə və İsraillə olan strateji tərəfdaşlığını qəbul etmir. Hadisələrdən sonra müxtəlif dezinformasiyalar yayaraq təxribatlarına başqa don geyindirmək cəhdləri isə İranı məsuliyyətdən azad etmir.

 

Sınıq-salxaq texnika ilə güc nümayiş etdirmək nəticə verməyəcək

 

Milli Məclisin deputatı Fəzail Ağamalı qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan müstəqil olduqdan sonra İran hər zaman bizə qarşı qərəzli mövqe sərgiləyib: "44 günlük Vətən müharibəsinə qədər İran düşmənçilik mövqeyini pərdələnmiş formada həyata keçirirdi. Dildə Azərbaycanı "qardaş ölkə" kimi dəyərləndirən İranın molla rejiminin əməlləri bunu təsdiq etmir. Çünki onlar daim Hayastana dəstək verirlər. İkinci Qarabağ müharibəsində bunu açıq-aydın gördük. Təsadüfi deyil ki, Rusiyadan gətirilən hərbi silah-sursat məhz İran vasitəsilə Hayastana ötürülürdü. Azərbaycan Ordusunun erməni vandalları üzərində tarixi qələbəsi İranın ölkəmizə qarşı qərəzini aşkara çıxardı. Zəngəzur dəhlizi ilə bağlı gedən müzakirələrdə "sərhədlərin dəyişdirilməsi qırmızı cizgimizdir" dedi, Gorus-Qafan yolu ilə Hayastana silah-sursat, yanacaq daşımağa başladı, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, çirkin əməllərinə davam etdi. Ona görə də Azərbaycan Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi quraraq İranın özbaşınalığına son qoydu".

Deputatın sözlərinə görə, fars molla rejimi riyakar əməllərindən çəkinmir, Azərbaycan ərazisinə yaxın yerlərdə güc nümayiş etdirir, özünün sınıq-salxaq texnikası ilə, guya, hərbi təlimlər keçirir: "Birinci təlimdə İran Ordusunda xidmət keçən dəyərli soydaşlarımız, əsgər və zabitlər sərhəddə bozqurd işarəsi verib dəstəklərini nümayiş etdirdilər. İranın bu təxribatının da qarşısı alındı, lakin düşmənçiliyini növbəti dəfə ifadə etdi. Azərbaycan isə yenə də təmkinli münasibət bəslədi. Prezident İlham Əliyev Cəbrayılın sərhəd zastavasına gedərək orada PUA-ların yanından ciddi görkəm və əhəmiyyətli təbəssümlə molla rejiminə mesaj göndərdi. İran isə sanki kar-kor olub, nə eşidir, nə də görür. Cənub qonşumuz başa düşməlidir ki, onun istənilən hərəkəti Azərbaycanın "dəmir yumruğu" qarşısında təsirsizdir".

F.Ağamalı bildirib ki, İran görünməmiş vəhşilik törədərək səfirliyimizə hücum təşkil edib. Bu azmış kimi, belə vandal hərəkətlərinə görə hələ də Azərbaycan xalqından və dövlətindən üzr istəməyib. Əksinə, ən müxtəlif bəhanələrlə davranışlarına haqq qazandırmağa çalışır. İranın əsl üzü məhz budur: "İndi isə başqa formada təhdid və qərəzini nümayiş etdirir. Bütün sərhəd boyu özünün qırıcı təyyarəsi ilə əzələ nümayişinə çıxıb, həmçinin dahi şairimiz Nizami Gəncəvini "fars  şairi" adlandırır. Görünən odur ki, İran ötürülən mesajlardan nəticə çıxarmır və təxribatlarını davam etdirir. Azərbaycanın Müdafiə və Xarici İşlər Nazirlikləri dövlətimizin maraqlarının və məqsədlərinin açıq-aydın şəkildə yer aldığı notanı İrana təqdim ediblər. Molla rejimi yenə də riyakar əməllərinə davam etsə, qarşısında Azərbaycanın "dəmir yumruğu"nu görəcək və qarşımızda diz çökərək " bayraq" qaldırmağa məcbur olacaq".

 

Ölkəmiz istənilən növ təxribatın qarşısını almaq gücündədir

 

Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, İran xüsusi xidmət orqanlarının son vaxtlar ifşa olunan agent şəbəkəsi də onların bir neçə istiqamətdə ölkəmizə qarşı təxribatlarını davam etdirdiklərinin sübutudur: "Molla rejimi radikal dini qurumlar vasitəsilə aparır, Azərbaycanda saxta İslam dövləti yaratmağa çalışır. Bundan başqa, cənub qonşumuz Azərbaycanın enerji təhlükəsizliyinə təhdidlər yağdırır, enerji strukturlarımızla bağlı məlumatlar əldə edərək Hayastana ötürməyə çalışır. Guya, hərbi təlimlər keçirir, səfirliyimizə hücum təşkil edirsair. Bir sözlə, bu ölkə təxribatlarından geri qalmır, xəbərdarlıqlara baxmayaraq, uzun illərdən bəridir ki, riyakar əməllərinə davam edir".

Deputat bildirib ki, cənub qonşumuzun bütün təxribatlarının qarşısı yüksək peşəkarlıqla alınır, adekvat cavablar gecikmir: "Lakin İran yenə də əməllərindən əl çəkmir, onun hərbi təyyarəsinin sərhəd boyunca uçuş etməsi, vizual kəşfiyyat aparması qonşuluq münasibətlərinin pozulmasına səbəb olur. Bu, Azərbaycana qarşı törədilən təxribat fəaliyyətinin bariz nümunəsidir. İran elə tarixboyu belə əməlləri ilə yadda qalıb. Amma gərək unutmasınlar ki, Azərbaycan uğurlu daxilixarici siyasət yürüdür və ölkəmiz istənilən növ təxribatın qarşısını almaq gücündədir. Bizim hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi addımlar atırlar. İran elə başa düşməsin ki, belə təxribatlar törətməklə nəyəsə nail ola bilər".

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.- 14 mart.- S.11.