Azərbaycan Prezidenti və Almaniya Kansleri birgə mətbuat
konfransı keçiriblər
Azərbaycana,
iqtisadiyyatımıza, imkanlara Almaniya biznesinin böyük diqqəti
var
Martın 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ
Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat
konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Almaniya Kansleri Olaf Şolts mətbuata bəyanatla çıxış etdi.
Kansler Olaf Şoltsun bəyanatı
- Hörmətli xanımlar və cənablar.
Mən bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Berlində ürəkdən salamlayıram. Biz elə indicə ikitərəfli əməkdaşlığımızı necə dərinləşdirəcəyimiz haqqında gözəl fikir mübadiləsi apardıq. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərimizin 30 illik yubileyini də qeyd etdik. Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyirlər. Bu, necə mümkündür və əsasən də ikitərəfli iqtisadi münasibətlərimizi nəzərə alaraq, həmçinin bu sualı da biz görüş çərçivəsində müzakirə etdik.
Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur.
Cənab Prezident Əliyev və mən Rusiyanın Ukraynaya hücumu haqqında da fikir mübadiləsi apardıq. Həmçinin bu hücumun, bu müharibənin Azərbaycana və Cənubi Qafqaza təsiri haqqında da fikir mübadiləsi apardıq. Mən öz mövqeyimizi açıq şəkildə ifadə etdim. Bizim fikrimizcə, Rusiyanın təcavüz müharibəsi beynəlxalq hüquqa açıq şəkildə ziddir. Rusiyanın bu işğalçı müharibəsi yeni bir epoxanın, belə deyək ki, başlanğıcını geosiyasi nöqteyi-nəzərdə işarələyir.
Bizim üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır. Təbii ki, burada gərginliyin artması təhlükəsi mövcuddur və son aylar, son həftələr baş verən hadisələr bunu göz qabağına gətirdi. Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır. Bildiyiniz kimi, Avropa İttifaqının Ermənistanda mülki missiyası mövcuddur, Almaniya bu missiyanı dəstəkləyir və bu missiyanın rəhbəri Almaniya tərəfindən təmin edilib.
Cənab Əliyev və mən eyni fikirdəyik ki, bu münaqişə tez bir zamanda öz həllini tapmalıdır. Azərbaycan və Almaniya Avropa Şurasının üzvüdür. Biz həmin bu üzvlüklə üzərimizə öhdəlik götürmüşük ki, insanların hüquqları, demokratiya qorunsun, hüquqi dövlətçilik qorunsun. Biz belə düşünürük ki, demokratiyanın ayrılmaz bir hissəsi canlı mülki cəmiyyətdir. Çünki canlı mülki cəmiyyətdən hər bir cəmiyyət ancaq faydalana bilər.
Hörmətli xanımlar və cənablar, bu çətin dövrdə belə müsbət bir danışığın aparılmasından məmnunluq duydum. Biz cənab Prezidentlə belə qərara gəldik ki, sıx əlaqədə qalaq və əməkdaşlığımızı davam etdirək. Cənab Prezident buyurun.
***
Sonra Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Təşəkkür edirəm, hörmətli cənab Kansler.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Kansler, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Səfər zamanı apardığımız danışıqlar bir daha onu göstərir ki, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və əminəm ki, mənim səfərim bizim ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir.
Siz qeyd etdiyiniz kimi, bir çox məsələlər bu gün müzakirə olundu, o cümlədən Avropa İttifaqı-Azərbaycan əlaqələri. Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.
Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir, gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik.
Dünən mənim 30-a yaxın almaniyalı iş adamı ilə görüşüm olmuşdur. İki saata yaxın davam edən bu görüşdə Azərbaycana, Azərbaycan iqtisadiyyatına, imkanlara Almaniya biznesi tərəfindən böyük diqqətin şahidi oldum. O cümlədən bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var, bu barədə də bu gün biz fikir mübadiləsi apardıq. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.
Bütövlükdə biznes imkanları çox genişdir. Mən almaniyalı iş adamlarını Azərbaycana dəvət etdim ki, onlar gəlsinlər və bizim müvafiq qurumlarla təmaslar əsnasında gələcək biznes imkanlarını yaxından incələsinlər.
Cənab Kanslerin dediyi kimi, biz, eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı mən Azərbaycanın mövqeyini bildirdim. İstəyirəm ki, Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur.
Onu da bildirməliyəm, əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Biz bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq.
İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır. Təşəkkür edirəm.
***
Sonra mətbuat nümayəndələrinin sualları cavablandırıldı.
Aparıcı: Əgər suallarınız varsa, buyurub verə bilərsiniz.
ARD televiziyasından Nikol Konat: Cənab Kanslerə başqa bir mövzu ilə əlaqədar sualım var. Amerikan bank sektoru ilə, “Silicon Valley Bank”la əlaqədardır. Almaniya nöqteyi-nəzərindən çıxış etsək, Sizcə bizim sərmayələrimizin təhlükəsizliyi təmin olunacaq, yoxsa yox?
Kansler Olaf Şolts: Mən düşünürəm ki, biz 2009-cu ildəki bank böhranına baxsaq, bugünkü durumumuz daha yaxşıdır. Biz ötən böhrandan bir çox şeyi öyrəndik və aktual duruma hazırıq. Ona görə düşünürəm ki, narahatçılığa ehtiyac yoxdur. Amerikanın, Britaniyanın, Almaniyanın reaksiyasına əsasən demək olar ki, hər şey, vəziyyət dəqiq qiymətləndirilir, nəzarət altındadır və müəyyən tədbirləri görmək üçün imkan mövcuddur. Ona görə Almaniyada narahat olmağa ehtiyac yoxdur, mən belə düşünürəm.
REAL
televiziyasından Kamran Qasımov: Cənab Kansler, sualım Sizədir.
Martın 2-də Ermənistanın baş naziri ilə
keçirilən mətbuat konfransında bildirdiniz ki,
münaqişə Azərbaycanın və Ermənistanın ərazi
bütövlüyü, eləcə də Dağlıq
Qarabağın öz müqəddəratını təyinetmə
hüququ əsasında həll oluna bilər və bu prinsiplər
hamı üçün eynidir. Sualım belədir,
yəni bu prinsiplər Cənubi Osetiya, Abxaziya, Donbas,
Dnestryanı kimi ərazilərə də şamil oluna bilərmi,
şamil olunurmu? Təşəkkür edirəm.
Kansler Olaf Şolts: Sualınıza
görə təşəkkür edirəm. Çox
asan cavab verə bilərəm. Biz aktual bir
münaqişəni götürək. Tutalım
Rusiyanın cəhdi, Ukraynanın bir hissəsini zəbt etsin,
biz buna heç vaxt yol vermərik, biz bununla razı deyilik və
bu, yalançı referendumların nəticəsi kimi
Zaporojyeni, Luqanskı, Xersonu və digər hissələri
özünə cəlb etməklə deyil, yəni zəbt etməklə
deyil. Biz bununla razı deyilik və biz burada
öz mövqeyimizi aydın şəkildə bildirdik ki,
BMT-nin Nizamnaməsi buna yol vermir, bu hərəkət beynəlxalq
hüquqa ziddir. Eyni zamanda, öz
mövqeyimizi aydın şəkildə bildirdik ki, axı biz,
həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul
etmədik, Dağlıq Qarabağı da tanımadıq.
-Cənab Prezident, sual Sizədir. Siz Avropaya və Almaniyaya qaz ixracı haqqında məlumat
verdiniz. Siz hansısa bir miqdarı deyə
bilərsinizmi? Tutalım, Almaniyaya və
yaxud Avropaya hansı miqdarda qaz göndərə bilərsiniz?
Sizin şərtləriniz nədir? Ölkənizin
şərtləri nədir? Uzunmüddətli
əməkdaşlıqmı olmalıdır? Federal Kanslerə də sualım var. Cənab Kansler,
Siz nə deyirsiniz, Qarabağ Azərbaycandırmı? Siz bayaq dediniz Dağlıq Qarabağı respublika
kimi tanımırsınız. Qarabağ Azərbaycandırmı?
Prezident İlham Əliyev: Biz Avropa məkanına
təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində
ixrac edirik və ildən-ilə bu rəqəmlər artır.
Rusiya-Ukrayna müharibəsindən sonra bizə
Avropanın 10 ölkəsindən, ən azı 10 ölkəsindən
sifarişlər gəldi. Təkliflər gəldi
ki, biz o ölkələrə də qaz təchizatını təmin
edək, ya da ki, artıq qaz təchiz etdiyimiz ölkələrdə
qaz həcmini artıraq. Biz keçən il
Avropa İttifaqı ilə imzalanmış Anlaşma
Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard
kubmetr təbii qazı Avropa məkanına
çatdırmağı planlaşdırırıq. Onu da bildirməliyəm ki, bizim qaz ixracatımız
təkcə Avropa məkanı ilə məhdudlaşmır.
Biz, eyni zamanda, bizim üçün ən
böyük bazar olan Türkiyəyə və
Gürcüstana da qaz ixrac edirik. Ona görə
gələcəkdə qazın ixracatını Avropa məkanına
çatdırmaq üçün əlbəttə ki, yeni
kontraktlar imzalanmalıdır. Hazırda Azərbaycan
qazı Türkiyə, Gürcüstan, Bolqarıstan,
Yunanıstan və İtaliyaya çatdırılır.
Bu ildən Rumıniyaya
çatdırılmağa başlanmışdır. Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını
həyata keçirmək fikrindəyik. Biz
hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat
şəbəkəsinin yaradılması və gələcəkdə
Albaniyaya da qaz ixracatını təmin etmək
üçün danışıqlara
başlamışıq. Bizə sifariş edən
ölkələr sırasında, eyni zamanda, Çex
Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və
digər ölkələr var. Təbii ki, Avropada yaranmaqda olan
interkonnektorlar da çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bir o qədər
də bizim Avropa məkanında qaz ixracat coğrafiyası
genişləndirilə bilər. Təbii
ki, uzunmüddətli kontraktlar imzalanmalıdır. Çünki yaxşı bilirik ki, Avropada yaşıl
keçidə meyillər çox yüksəkdir və biz
uzunmüddətli kontraktlarda maraqlıyıq. Ümid edirəm ki, biz bu məsələləri
bir-biri ilə uzlaşdıra bilərik. Eyni zamanda, Azərbaycanda
bərpaolunan enerji növlərinə qoyulan sərmayəni nəzərə
alsaq, hazırda elektrik enerjisinin istehsalına sərf olunan təbii
qaz da Avropaya ixrac edilə bilər və beləliklə, gələcəkdə
bizim nəzərdə tutduğumuzdan daha böyük rəqəmlə
bizim ixracatımız ölçülə bilər.
Kansler Olaf
Şolts: Suala
görə təşəkkür edirəm.
Cənab Prezident, Sizin verdiyiniz məlumata
görə təşəkkür edirəm. Ürəkaçan
məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi
miqdar təbii ki, bizim gələcəyimiz üçün
vacibdir və maraqlarımız eynidir. Yenidən
bərpaolunan enerji üzrə infrastrukturun inkişafı,
tikintisi hər ikimizin marağına uyğundur. Təbii ki, yaşıl enerjinin də Azərbaycandan
ixracı üçün potensial mövcuddur. Bu sahədə həm orta, həm də uzunmüddətli
əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə
maraqlıyıq və bu sahədə bunu birgə təmin edə
bilərik.
İkinci sualla əlaqədar
qeyd etmək istərdim ki, Almaniya hələ o vaxt beynəlxalq
səviyyədə öz fikrini bildirib və Dağlıq
Qarabağı respublika kimi tanımamışdır. Yəni,
bununla da öz mövqeyini bildirmişdir.
Azərbaycanın İctimai Televiziyasından Fikrət Doluxanov: Cənab Kansler, sualım Sizədir. Statistikaya baxsaq görərik ki, 2021-ci ildə Almaniyanın Ermənistana ixracı 178 milyon avro təşkil edib. 2022-ci ildə isə bu rəqəm artıq 505 milyon avroya çatıb. Eyni zamanda, Avropa İttifaqının Ermənistana ixracı 2021-ci ildə 753 milyon avro idisə, 2022-ci ildə artıq bu rəqəm 1,3 milyard avroya çatdı. Maraq doğuran fakt odur ki, Ermənistanın Rusiyaya ixracı 2021-ci ildə 800 milyon dollar idi. 2022-ci ildə isə bu rəqəm üçqat artdı və faktiki olaraq 2,4 milyard dollara çatdı. Bu təəccüb doğuran rəqəmlər Avropa İttifaqında və Almaniyada araşdırılırmı? Çünki bu rəqəmlər faktiki olaraq Ermənistanın Rusiyaya qarşı qoyulan sanksiyalardan yayınmasını göstərir, sübut edir. Bu, Almaniya və Avropa İttifaqı tərəfindən araşdırılacaqmı və Ermənistan bu fəaliyyətə görə hansı formada cəzalandırıla bilər? Çox sağ olun.
Kansler Olaf Şolts:
Sualınıza görə təşəkkür edirəm.
Qısaca cavab verim. Biz müxtəlif ölkələrin
ixraca-idxala aid müxtəlif rəqəmlərinə
baxmışıq, nəzərdən keçirmişik, həm
Almaniyada, həm Avropa İttifaqı üzrə. Harada artmalar
nəzərə çarpır, təbii ki, yoxlayırıq,
iqtisadiyyatın inkişafı iləmi əlaqədardır, nə
ilə əlaqədardır? Avropa İttifaqının
adi bir rutinasıdır ki, dünyada hər bir ölkəyə
diqqətlə baxsın. Bununla əlaqədar müvafiq ofislər
var, hansı ki, bununla birbaşa məşğuldurlar. Biz
hamıya deyirik, hər bir ikitərəfli
danışıqlarda da deyirik, xahiş edirik diqqət yetirin
ki, sanksiyalardan yan keçilməsin. Avropa Komissiyasının
Prezidenti də bu fikri açıq şəkildə
bildirmişdir. Təşəkkür edirik
Azərbaycan.- 2023.- 15 mart.- S. 2-3.