Azərbaycan Avropa
üçün enerji sektorunda etibarlı tərəfdaşdır
Azərbaycan
Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə
görüşü olub
Xəbər verildiyi kimi,
martın 13-də Berlində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə
görüşü olub.
AZƏRTAC-ın müxbiri bildirir ki, görüşü açan tədbirin moderatoru, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dedi:
- Zati-aliləri, Prezident Əliyev.
İqtisadiyyat naziri, cənab səfir, xanımlar və cənablar.
Almaniyanın Şərqi Biznes Assosiasiyasının adından Zati-alilərini burada - Berlində səmimi-qəlbdən salamlamaq istəyirəm. Lakin hesab edirəm ki, bunu bütöv alman biznes cəmiyyəti adından da deyə bilərəm. Azərbaycan və alman biznesləri arasında iqtisadi əməkdaşlıq haqqında bu gün bu müzakirənin tərəfimizdən aparılması həqiqətən də bizim üçün şərəfdir və bizdə məmnunluq hissi doğurur. Şəxsən məndə bu tədbir xüsusi məmnunluq hissi doğurur, çünki biz sadəcə üç həftə bundan öncə Münxen Təhlükəsizlik Konfransında görüşmüşdük və çox şadam ki, bu gün müzakirələrimizi konkret layihələr haqqında daha konkret səpkidə apara bilərik.
Həmçinin bu gün bu vacib müzakirəyə bir çox alman şirkətləri qoşulduğu üçün də onlara minnətdaram. Burada müxtəlif sektorları təmsil edən, demək olar ki, otuz şirkətin nümayəndələri toplaşıblar. Həmçinin Federativ Hökumətin nümayəndələrini, İqtisadiyyat və İqlim Müdafiəsi Nazirliyindən cənab Rayxenbexeri, xanım Alarixi burada salamlamaqdan məmnunluq hissi keçirirəm. Sizi də salamlayıram. Biz aşağıdakı gündəliyi təklif etmişik. Qısa açılış çıxışımdan sonra Prezident Əliyev Azərbaycanın iqtisadi inkişafı üzrə planlar haqqında strateji icmalı bizimlə paylaşacaq və xüsusilə ikitərəfli əməkdaşlığımız çərçivəsində alman biznesləri üçün imkan və fürsətlər haqqında məlumat verəcək.
Sonra biz dəyirmi masa müzakirəsini təşkil edəcəyik. Biz sizin şirkətlərinizi klasterlər üzrə yığmışıq. Beləliklə, bizim beş klasterimiz var. Birincisi enerji, sonra logistika və infrastruktur, üçüncü sənaye, dördüncü kənd təsərrüfatı və beşinci klaster maliyyə, texniki qaydalar və assosiasiyalardır. Hər birinizdən şirkətiniz, Azərbaycanda planlarınız və layihələriniz barədə qısa məlumat verməyi xahiş edirəm. Xahiş edirəm çıxışınız iki və ya üç dəqiqədən artıq olmasın. Əks halda mən nəzakətsiz davranmaq məcburiyyətində qalaraq sözünüzü kəsməli olacağam. Çünki hər bir klasterdən sonra Prezident öz qeydlərini və bəlkə də sizin konkret təkliflərinizə dair reaksiyasını bildirəcək. Vaxta əməl etməyimiz vacibdir. Həmçinin xahiş edirəm çıxışlarınızda mümkün qədər konkret olun. Bugünkü müzakirənin ən yaxşı nəticəsi o olardı ki, bizdə təqib olunmalı məsələlərin uzun bir siyahısı olsun. Hesab edirəm ki, bu, çox vacibdir. Beləliklə, bu, mənim qısa açılış çıxışım idi. İndi isə sözü böyük məmnuniyyətlə Zati-aliləri Prezident Əliyevə verirəm.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Təşəkkür edirəm. Çox sağ olun, cənab Harms.
Xanımlar və cənablar, bu görüşdə iştirak etdiyiniz üçün sizə də təşəkkürümü bildirirəm. Cənab Harmsın vurğuladığı kimi biz üç həftə bundan əvvəl Münxendə görüşmüşdük. Beləliklə, bu, bir aydan az müddətdə mənim Almaniyaya ikinci səfərimdir. Bu dəfə mən Almaniyaya Kansler Olaf Şoltsun dəvəti ilə gəlmişəm. Sabah mənim Prezidentlə və Kanslerlə görüşlərim olacaq və əlbəttə, biz siyasi gündəliyə aid məsələlərlə birlikdə, sözsüz ki, ticari və iqtisadi əlaqələrimizin genişlənməsi imkanlarını da müzakirə edəcəyik.
Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.
Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi. İndi hədəfə nail olunduğundan biz borclanma strategiyamıza yenidən başlayırıq. Biz artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələrə başlamışıq. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur. Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq.
Cənab Harms qeyd etdiyi kimi, enerji ilə də bağlı klaster olacaq. Bununla bağlı bir neçə söz deyim. Bu yaxınlarda - bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik.
İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var.
Müzakirələrimizin tərkib hissəsi olacaq başqa bir məsələ nəqliyyat və logistikadır. Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna demək olar ki, nail olunub. Buna, demək olar ki, bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən nail olunub. Lakin indi yenə də Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb.
Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar. Əsas perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. Beləliklə, biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir sözlə, bu, böyük proqramdır və onun icrası böyük vəsaitlər tələb edəcək. Biz tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırırıq. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək.
Eyni zamanda, bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ola bilsin, biz bu mövzunu görüşümüz zamanı daha geniş şəkildə müzakirə edə bilərik. Lakin deyə bilərəm ki, Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Beləliklə, hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq. Bəlkə burada mən çıxışımı yekunlaşdırım ki, müzakirələrimiz üçün çox vaxtımız olsun. Sağ olun.
Moderator Mixael Harms: Cənab Prezident, aydın strateji istiqamətləri təsvir etdiyinizə görə çox sağ olun. Təəssürat bağışlayan rəqəmləri qeyd etdiyinizə görə minnətdaram. Bu, çox maraqlıdır və gördüm ki, bir çox iştirakçı bunları qeyd edir, çünki bizim üçün çox aydın perspektivlər açılır. Gəlin, enerji sahəsi ilə başlayaq. Əvvəlcə mən “Siemens Energy” şirkətinin nümayəndəsi, cənab Vaysa söz verəcəyəm. Sonra “Uniper” şirkətindən cənab Peter Hohaus çıxış edəcək. “S.E.T.” şirkətindən cənab Dohna, “Notus Energy” şirkətindən cənab Pallut, daha sonra cənab Kasapoğlu və doktor Falk. Masa üzərində mikrofonlar qoyulub, onlardan istifadə edin.
“Siemens Energy” şirkətinin təmsilçisi Kristian Vays: Sağ olun. Zati-aliləri, Prezident Əliyev. Xanımlar və cənablar. Əvvəlcə, dəvətə görə çox sağ olun. Mühüm tədbirdir. Adım Kristian Vaysdır. Mən “Siemens Energy” şirkətini təmsil edirəm. Mən enerji sahəsində kommersiya əməliyyatlarına görə Avropa və Mərkəzi Asiya regionları üzrə cavabdehəm. Bizim 90 ölkədə 19 min əməkdaşımız var. Biz, həmçinin Azərbaycanda işləyirik. Orada quraşdırılmış enerji güc avadanlıqlarına xidmət göstəririk. Məmnunluqla qeyd etdim ki, iqtisadiyyatınız güclü dərəcədə artır və Siz alman və digər xarici şirkətlərlə əməkdaşlığı təşviq edirsiniz. Konkret layihələrdən danışsaq, biz artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstəririk. Sumqayıtdakı 500 meqavatlıq Enerji Stansiyası layihəsində iştirakımızdan fərəhlənirik.
Yerli elektrik şəbəkəsinin və elektrik enerjisinin ötürülməsi üçün yarımstansiyaların istismarı, xüsusən də Qarabağ regionunda potensialın qiymətləndirilməsi sahəsində yerli tərəfdaşlarla birgə səylər göstəririk. Yeri gəlmişkən, bu halda Türkiyə və Avropa istiqamətində Qafqaz ölkələrindən elektrik enerjisinin ötürülməsi xətlərinin gücləndirilməsi də nəzərdə tutulur. Bununla yüksək gərginlikli xətlərin tam əlaqəsi təmin edilə bilər. Beləliklə, Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin ötürülməsinə imkanlar yarada bilərik. Sonuncu, lakin mühüm məsələ ondan ibarətdir ki, biz BP kimi tərəfdaşımızla birgə Səngəçalda elektrikləşdirmə layihəsinin icrası ilə bağlı öhdəliyi öz üzərimizə götürməyə və dəstək verməyə hazırıq. Dekarbonlaşdırma strategiyası çərçivəsində Azərbaycanın növbəti inkişafını təmin etmək məqsədilə Sizin göstərişləriniz və planınıza uyğun birbaşa və ya dolayı yolla karbohidrogenlərin havaya atılmasının qarşısını almaq üçün tam müasir konsepsiyanı tərtib etmək işinə artıq cəlb olunmuşuq. Biz düşünürük ki, məhz həmin konkret üç sahədə töhfə verə bilərik. Bir daha bildirmək istəyirəm ki, Azərbaycanda işləyirik və ölkənin uğuruna inanırıq. Lakin inanıram ki, biz daha çox işlər görə bilərik. Çox sağ olun.
Prezident İlham
Əliyev: Sağ
olun.
“Uniper” şirkətinin
təmsilçisi Peter Hohaus: Hörmətli cənab Prezident,
xanımlar və cənablar.
Mən “Uniper” şirkətini
təmsil edirəm. Bu gün Sizinlə bu fikir mübadiləsini
aparmaqdan çox məmnunuq. Mən “Uniper” şirkətini
Berlində təmsil edirəm, çünki mən Sizin təbii qaz üzrə etibarlı tərəfdaş
olduğunuzu təsdiq edə bilərəm. Məhz
bu sahəni birinci mövzu kimi qeyd etmək istərdim.
“Uniper” şirkəti olaraq, iki istiqamət üzrə işləyirik:
istehlakçılar üçün təchizatın təhlükəsizliyi
və ikincisi, enerji sisteminin
dekarbonlaşdırılmasıdır. Təbii
ki, biz Sizin şirkətiniz SOCAR ilə 2006-cı ildən
etibarən tərəfdaşlıq qurmuşuq. 2013-cü ildə uzunmüddətli müqavilə
imzalamışıq və 2019-cu ilin sonundan başlayaraq
şirkətiniz bizim üçün Cənub Qaz Dəhlizində
etibarlı təbii qaz təchizatçısıdır.
Bu səbəbdən düşünürük
ki, hazırkı şəraiti nəzərə alaraq, bizim
şaxələndirmə strategiyamız dəyişib. Almaniyada hesab edirlər ki, Cənub Qaz Dəhlizinin
daha da genişləndirilməsi baş tutsa, yaxşı
olardı. Yəni, ötürmə qabiliyyəti
20 milyard kubmetrə qədər artsın, çünki
“Uniper” şirkəti olaraq biz həmin marşrutla daha çox
təbii qazın təchiz olunmasında çox
maraqlıyıq. Buna görə
yaxşı olardı ki, hər iki hökumət həll
olunmalı qalan məsələlərə diqqət yetirsin və
maliyyələşmə sahəsində addımlar
atılsın, icazələrin verilməsi prosedurları
sürətləndirilsin. Buraya, əlbəttə
ki, tənzimləyici qaydaları da əlavə edirəm.
İkinci addım ondan ibarətdir
ki, biz artıq enerji səmərəliliyi sahəsində SOCAR
ilə birgə işlər görmüşük. Birinci layihə
Sumqayıtda SOCAR-ın “Azərikimya” kompleksində həyata
keçirilib. Orada biz Azərbaycanda tam
inteqrasiya edilmiş ilk istilik enerji stansiyasını tikib təhvil
verdik. Bu layihənin daha da genişləndirilməsi
üçün əlavə imkan var, çünki “Uniper”
şirkəti dekarbonlaşdırmaya 2035-ci ildə
kömürdən tamamilə imtina edərək enerjinin
istehsalına tam sadiqdir. Bu səbəbdən
növbəti enerji keçidi üçün biz SOCAR ilə
artıq birgə işçi qrupu yaratmışıq ki,
ölkənizdə yaşıl hidrogenin potensialını
araşdıraq. Biz Çilov adasında artıq
kiçik külək enerjisi stansiyasını istismara
vermişik. Gələn illərdə bərpaolunan
enerji potensialının çox yüksək olduğunu
görürük və bilirik. Enerjinin ənənəvi
sahəsində, yəni, təbii qaz və neft sektorunda
qalmamaqdan ötrü hökumətlərimizin dəstəkləməli
olduğu ümumi ikitərəfli əməkdaşlıq
üçün qeyd etdiklərim növbəti iş sahəsi
ola bilər. Zati-alinizin qeyd
etdiyi kimi, bu, ölkənizdə, həmçinin şaxələndirmə
üçün çox vacibdir və biz bu sahəyə
töhfə verməyi arzulayırıq. Çox sağ olun.
Moderator Mixael
Harms: Sağ
olun. Buyurun, cənab Dohna.
“SCT Energy” şirkətinin
təmsilçisi Dohna York: Hörmətli cənab Prezident, giriş
sözünüzə görə təşəkkür edirəm.
Çox maraqlı çıxış oldu.
Biz kifayət qədər kiçik və o qədər
də tanınmayan alman şirkətiyik. Bu,
bir ailəyə məxsus və Hamburqda yerləşən
şirkətdir. Bununla belə, biz enerji,
xüsusən də neft və qaz sənayesi sahəsində 40
ildən artıqdır ki, fəaliyyət göstəririk.
Atdığımız ilk addımlardan və
gördüyümüz işlərdən biri Azərbaycanla
bağlı olmuşdur. Həmin vaxt
şirkətə mən rəhbərlik etmirdim, hələ məktəbdə
təhsil alırdım. Ailəmizin digər
üzvləri 1990-cı və 2000-ci illərdə SOCAR-dan olan
tərəfdaşlarla çalışırdılar. Elə həmin vaxtdan biz SOCAR ilə münasibətlərimizi
qoruyub saxlamışıq. Bu, xüsusən
neft və qaz sektoruna aiddir. Bununla belə, Sizin ölkəniz
ənənəvi enerji mənbələrindən yeni mənbələrə
keçid etdiyi kimi, biz də ötən il
və inişil keçid proseslərinə qoşulduq. Ekspert biliklərimizin daşımalar və nəqliyyat
sahəsinə aid olmasına baxmayaraq, biz ticarət şirkəti
kimi fəaliyyət göstəririk. Bu səbəbdən
biz nəinki Almaniyada, eləcə də digər ölkələrdə,
Qara və Aralıq dənizləri regionlarında fəalıq.
Biz Albaniyada böyük işlər
görürük və bu ölkə TAP boru kəmərində
əsas iştirakçılardan biridir. Məndən
əvvəl çıxış etmiş natiqlərdən fərqli
olaraq, biz o qədər strateji və siyasi layihələrlə
məşğul olmasaq da, yenə də ümidvarıq ki,
Sizinlə və Azərbaycandan, SOCAR-dan olan həmkarlarımızla
müzakirə etmək istədiyimiz daşımalar sahəsində
bəzi ideya və layihələrimiz maraqlı olardı.
Sağ olun.
Prezident İlham
Əliyev:
Sağ olun.
Moderator Mixael
Harms: Sağ
olun. Buyurun, Matthias Pallutt.
Potsdamda yerləşən
“Lotus Energy” şirkətinin təmsilçisi Matthias Pallutt: Çox sağ
olun. Biz bərpaolunan enerji sahəsində layihələri
tərtib edən şirkətik. Bu, əsasən,
külək və günəş enerjisi layihələridir.
Biz fəaliyyətə 2001-ci ildə Almaniyada
başladıq və sonra qısa müddət ərzində
digər ölkələrə keçdik. Ölkələr sırasında təkcə Avropa
dövlətləri deyil, o cümlədən Latın Amerika
ölkələri də var. Biz Azərbaycanda da fəaliyyətə
başlamışıq. Ötən il
bizim torpaq mülkiyyətçiləri, elektrik enerjisini alan tərəflərlə
və investorlarla çox perspektivli
danışıqlarımız oldu. Hələ
ki, konkret biznes təklifini tapmamışıq.
Bildirmək istəyirəm
ki, ölkənizdə nəhəng sərvətlər var. Bu,
təkcə neft və qaz deyil. Siz də qeyd etdiyiniz
kimi, buraya günəş və külək enerjisi də
aiddir. Lakin əsaslı biznes təklifinə
gəldikdə, biz adətən qarşımıza bir
neçə sual qoyuruq. Bilirəm ki, təbii
sərvətlərə gəldikdə, enerji istehsalı kifayət
qədər çoxdur. Lakin enerjinin qiyməti,
investorların sərmayə qoyacağı sahələr və
faizlər kimi digər məsələlərə toxunduqda
suallar qalır. Hesab edirəm ki, layihə
tərtibatçısı kimi, biz hər kəsin üzləşdiyi
eyni problemləri görürük. Burada
söhbət faiz dərəcələrinin kəskin
artmasından gedir. Düşünürəm
ki, bu cür məsələlər sərmayələri məhdudlaşdıra
bilər. Mənim üçün bilmək
maraqlıdır ki, Sizin ölkənizdə
bərpaolunan enerji layihələrinin gücləndirilməsində
strategiyanız nədən ibarətdir? Çox sağ olun.
Moderator Mixael
Harms: Sağ
olun, cənab Pallutt. Cənab Kasapoğlu, söz sizindir.
“Edison Technologies
and Engineering Group”un baş icraçı
direktoru Edison Kasapoğlu: Cənab Prezident, çox sağ olun. Sizin
məqsədləriniz və təqdim etdiyiniz hazırkı
planlarınız çox böyük təəssürat
bağışlayır. Qarşınıza
qoyduğunuz planlar həqiqətən əla planlardır.
Bizim şirkət enerji
bazarında 2004-cü ildən etibarən fəaliyyət
göstərir. Dünyadakı digər mühəndis tərəfdaşlarımızla
biz əsasən böyük hökumət layihələrinə
dəstək veririk. Bu gün mən, cənab
Prezident, üç məsələni qeyd etmək istərdim
və ümidvaram ki, həmin məsələlərə
cavabınızı eşidəcəyəm. Birinci məsələ
ondan ibarətdir ki, cənab Putin Xəzər dənizinin
hüquqi statusu ilə bağlı razılaşmanı təsdiqlədikdən
sonra biz 2018-ci ilin avqustunda “Erlikid”, “Sinopec Engineering” və
“Manesman” şirkətləri ilə Türkmənistandan Azərbaycan
vasitəsilə Avropaya çəkiləcək qaz boru kəməri
üzərində işləməyə başladıq. İşlər müəyyən dərəcəyə
qədər icra olundu. Lakin əfsuslar olsun
ki, biz növbəti mərhələyə çıxa bilmədik.
Burada, cənab Prezident, mən Sizdən “Transxəzər”
boru kəməri barədə soruşmaq istərdim. Bu layihə yenidən bərpa oluna bilərmi? Həmin vaxt, yəni, 2018-ci ilin avqust ayında, qeyd
etdiyim kimi, mətbuatda hətta konsorsiumla birgə məlumat
verilmişdi ki, biz həmin layihədə əməkdaşlıq
üçün tam şəbəkə yaratmışıq.
Bu layihənin maliyyələşdirilməsini dəstəkləmək
üçün idarə heyətinə hətta çox
böyük maliyyə təsisatı da qoşulmuşdu.
Bu, birinci məsələdir.
İkinci məsələ
bizim DESFA və “Snam” ilə olan öhdəliklərimizə
aiddir. Bu, Türkiyə ilə Yunanıstan arasında yerləşən
qovşaqda təbii qazın qəbul edilməsi əməliyyatı
ilə bağlıdır. Avropa istiqamətində
bir neçə milyard kubmetr qazın qəbul edilməsi nəzərdə
tutulur. Aydındır ki, “Snam” Avropa ölkələrinə
gedən boru kəmərlərinə malikdir. Mən bilmək istərdim ki, Azərbaycan bu həcmlərin
alınmasında bizə dəstək verə bilərmi?
Biz artıq BOTAŞ ilə müzakirələr
aparmışıq və onlar bu həcmlər üzrə bizə
dəstək verəcəklərini bildiriblər.
Diqqətinizə
çatdırmaq istədiyim üçüncü məsələ
isə ümumi xarakterli məsələdir. İki həftə
əvvəl Özbəkistandan nümayəndə heyətini
qəbul etdik. Onların, həmçinin
günəş panelləri, iri həcmdə enerji
istehsalı, günəş enerjisi ilə bağlı
böyük planları var. Cənab Prezident, Siz də bunu əvvəldə
qeyd etdiniz. Mühəndis şirkəti
kimi biz günəş panellərinin istehsalı ilə
bağlı işlərə hələ 2014-cü ildə
başlamışıq və günəş enerjisi
bazarında fəaliyyət göstəririk. Hazırkı vəziyyəti götürsək
görürük ki, indi günəş panellərinin 95 faizi
Çin təchizatından asılıdır. Həmin mono və ya polikristala əsaslanan panellərin
istehsalı, əslində, 85 faiz enerji tələb edir. Bu isə günəş panellərinin istehsal xərclərini
açıq-aydın göstərir. Əsas
xərclər məhz istehsal prosesində kremniyin istifadəsi
ilə bağlıdır. Biz bunu “kvarts
kremniy” adlandırırıq. Biz ondan ərinti
alaraq günəş panellərinin daxili hissələrini
hazırlayırıq. Sonra isə həmin
panellər günəş enerjisini verir. Bu,
istehsalın son mərhələsidir.
Moderator Mixael
Harms: Xahiş
edirəm, vaxta qənaət edək.
Edison Kasapoğlu: Bitirirəm. Bu,
sonuncu sualdır. Sualım Sizədir, cənab Prezident. Bizdə texnologiya var, konsorsium qurmuşuq.
Ölkəniz üçün maraqlı layihə ola bilər ki, biz günəş paneli çərçivəsini
istehsal edən xətti işə salaq. Bu,
enerjiyə çox qənaət edən xətt olacaq. Belə olan halda, günəş panellərini
bütün dünyaya sata bilərsiniz. Bu,
üçüncü sualım idi. Çox sağ olun, cənab Prezident.
Moderator Mixael
Harms: Sağ
olun. Çox konkret suallardır. Enerji sahəsində sonuncu, lakin vacib sual. Buyurun, doktor Tomas Falk.
“Falk and Zeitung” şirkətinin təsisçisi
və baş icraçı direktoru Tomas Falk: Hörmətli
Prezident Əliyev, bizim şirkət müstəqil konsaltinq
şirkətidir. Mən və heyətim siyasi və
iqtisadi məsələlərlə, eləcə də biznesin
inkişafı ilə bağlı böyük beynəlxalq
korporasiyalara məsləhətçi xidmətləri göstəririk.
Biz Şərqi Avropa, Xəzər regionu və Mərkəzi
Asiyaya xüsusi diqqət yetiririk. Bu gün
iki müştərim adından bu tədbirdə iştirak etmək
üçün yaratdığınız şəraitə
görə minnətdaram. Onlardan biri
“Nikisa” Yaponiya şirkətidir. O, nasoslar və maye qaz, eləcə
də təbii qazın separatorları, hidrogen və digər sənaye
qazları, karbon qazının yığılması və
saxlanılması sahələrində aparıcı
avadanlıq istehsalçılarından biridir. Qrupumuz
Azərbaycanda artıq fəaliyyət göstərir və məsələn,
maye oksigenin, azotun istehsalı üçün ölkənizə
avadanlıq təchiz edib. Biz alman
podratçısı vasitəsilə yerli şirkətlə
işbirliyi qurmuşuq. Gələcəkdə
“Nikisa” şirkəti öz fəaliyyətini genişləndirmək
istəyir və hava separatorları, CO2-nin
yığılması və saxlanılması, maye qaz sahələrində,
Bakı gəmiqayırma zavodunda, Sumqayıt Texnologiyalar
Parkında işləməyi arzulayır.
Çənlər və
nasoslara gəldikdə, “AzerGold” şirkəti ilə əməkdaşlıq
qurmaq istəyirik. Əlavə olaraq biz doldurma
stansiyaları, maye qaz, xüsusi nasoslar və hidrogen sahələrində
aparıcı texnologiyaları təqdim edə bilərik və
mümkün əməkdaşlığı SOCAR ilə
müzakirə etməyə hazırıq.
“Nikisa” şirkəti ilə
yanaşı, biz “Sana Clinic” şirkəti ilə də birgə
işləyirik. Bu, Almaniyada iri özəl klinikalar şəbəkəsidir.
60 müasir klinikaya əlavə olaraq “Sana Clinic”
bütün Avropada tibbi avadanlığın istehsalı şəbəkəsinə
malikdir. Hazırda “Sana Clinic” Mərkəzi
Asiyada ambulator tibbi xidmətlər göstərir. Bundan sonra istərdik ki, Azərbaycan kimi ölkələrin
də tibbi xidmətlər bazarına daxil olaq.
Cənab Prezident, diqqətinizə
görə çox sağ olun. Ümidvaram ki,
qeyd edilən səhiyyə sektoruna aid layihələr üzrə
müştərilərimin fəaliyyəti üçün dəstək
alacağam. Biz müvafiq vaxtda həmin məqsədlə
görüşlər keçirmək üçün Azərbaycana
səfər etməkdən məmnun olardıq.
Moderator Mixael
Harms: Çox
sağ olun, Tomas. Buyurun, cənab Prezident, şərh
verərdiniz.
Prezident İlham
Əliyev: Çox
sağ olun. Praktiki əhəmiyyət
daşıyan bir çox məsələlər qeyd edildi, o cümlədən
bəzi gələcək planlarımızla bağlı
suallar verildi. Mən xronoloji
ardıcıllıqla başlayacağam. “Siemens”ə
gəldikdə, bəli, mən “Sumqayıt” Elektrik
Stansiyasının açılışında iştirak
etdim. Məncə, o, 2009-cu ildə idi.
525 meqavat gücündə stansiya Azərbaycanda
müasir texnologiya əsasında tikilmiş ilk elektrik enerjisi
stansiyası idi. Həmin vaxtdan etibarən
elektrik enerjisi stansiyası tam gücü ilə işləyir.
Həmin layihəni
başladığımız zaman düşündük ki,
525 meqavat həddindən artıq çoxdur. Lakin indi anlayırıq ki, bu, vaxtında icra
edilmiş layihə oldu, çünki Azərbaycanın tələbatı
artıb və bu, sənaye və əhali artımı ilə
bağlıdır. Əfsuslar olsun ki, bəzi
iqlim dəyişiklikləri səbəbindən Xəzər dənizinin
səviyyəsi aşağı düşüb, su
dayazlaşıb. Biz dənizdə estakada
tikməli idik ki, daha çox suyu toplayıb götürə
bilək. Bununla belə, elektrik
stansiyası tam gücü ilə işləyir və biz
bundan tamamilə məmnunuq.
Hazırda icra olunan və ya
icrasını planlaşdırdığımız layihələrə
gəldikdə, xüsusən də siz Yaşmada elektrik
stansiyasını qeyd etdiniz. Bilirəm ki, Yaşma
layihəsində tender proseduru gedir və əminəm ki, sizin
təklifiniz ən yaxşılar sırasında olacaq. Tender proseduru açıq və şəffafdır.
Məlumat almışam ki, burada maraqlı olan
bir sıra şirkətlər iştirak edir və mən sizə,
sadəcə, uğurlar arzu edə bilərəm.
Məlumat üçün
bildirmək istərdim ki, biz bu yaxınlarda Mingəçevirdə
1280 meqavat gücündə yeni elektrik stansiyasının təməlqoyma
mərasimini keçirdik. Bərpaolunan enerji
planlarımıza baxmayaraq, biz hələ də
anlayırıq ki, sənaye və əhali artımı səbəbindən
daha çox elektrik enerjisi istehsal etməli olacağıq.
Bizim bərpa ediləsi 10 min kvadratkilometrlik
torpaqlarımız var. Buna görə bizə əlavə təchizat
lazım olacaq.
Naxçıvan Elektrik
Stansiyasına gəldikdə, Qarabağ və Şərqi Zəngəzurla
yanaşı, Naxçıvanı da yaşıl enerji
zonasına çevirmək planlarımız var.
Naxçıvanda su elektrik stansiyasının tikintisi
üçün böyük potensial mövcuddur. Həmçinin bu
yaxınlarda orada ekspertiza aparılıb və ola
bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik
enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi
addımlarımız olsun. Eyni zamanda,
Naxçıvanda ənənəvi elektrik stansiyaları da
çox münasibdir. Çünki
Naxçıvanın böyük ixrac potensialı
mövcuddur, onun Türkiyə və İranla sərhədi
var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat
var.
Elektrik şəbəkəsi
ilə bağlı apardığınız fəaliyyəti
tam dəstəkləyirəm. Bu, bizə həqiqətən
lazım olan sahədir, çünki bərpaolunan enerjinin
böyük həcmi mövcud şəbəkəyə
inteqrasiya edilməlidir. Belə olmasa, biz həmin
enerjini, necə deyərlər, toplaya bilmərik. Buna görə enerji şirkətlərimizin
qarşısında duran əsas hədəflərdən biri
məhz bundan ibarətdir. Ümidvaram ki, bu
layihə uğurla icra olunacaq.
Siz, həmçinin elektrik
enerjisinin ötürülməsini qeyd etdiniz. Bu, ən vacib
məsələlərdən biridir, çünki bu gün
bizim ixrac imkanlarımız ötürülmə gücləri
ilə məhdudlaşır. Xatirimdədir ki,
Gürcüstan və Türkiyə vasitəsilə maksimum
1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər
iki ölkədə - Gürcüstan və Türkiyədə
bu həcmlər tamamilə son həddədir. Buna
görə ötürmə qabiliyyətinin
artırılması üçün həmin iki ölkəyə
əlavə sərmayələr yatırılmalıdır.
Xüsusən də nəzərə alsaq ki,
ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya
yaşıl enerjinin ötürülməsi üçün
Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
arasında saziş imzalandı. Cari ilin
fevralında bu layihənin idarəetmə komitəsinin ilk
iclası həmin ölkələrin nazirlərinin və
Avropa Komissiyasının enerji üzrə komissarının
iştirakı ilə Bakıda keçirildi. Birinci görüşdə biz onun vahid layihə
olacağı üzərində razılığa gəldik.
O, Cənub Qaz Dəhlizindən fərqlənəcək,
çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və
TAP var. Bu, Xəzər dənizində külək enerjisi
stansiyalarından başlayan və Avropa
istehlakçılarına xidmət edən vahid layihə
olacaqdır. Qara dənizin dibi ilə
ötürmənin birinci mərhələsində 4
qiqavatlıq güc nəzərdə tutulur. Lakin bunun üçün biz ötürmə xətlərini
genişləndirməliyik. Yoxsa, bu, tamamilə
mənasız olardı. Bundan əlavə,
bir azdan sonra mən sizə artıq imzaladığımız
planlarımız, müqavilələrimiz və anlaşma
memorandumları barədə məlumat verəcəyəm.
Hesab edirik ki, 4 qiqavat yalnız
başlanğıcdır. Avropadakı tələbatı,
o cümlədən Almaniyadakı tələbatı bilirik.
Düşünürəm ki, rəqəmlər
onlarla qiqavat təşkil edir və tələbat yalnız
artacaq. Buna görə, bizdə bu imkan var
və biz sadəcə bütün sxemləri
yığmalıyıq.
BP ilə birgə icra
etdiyiniz Səngəçal Terminalına elektrik enerjisinin
verilməsinə gəldikdə, sizə deyə bilərəm
ki, bu layihənin özü də bərpa olunan enerji siyasətimizdən
qaynaqlanır.
Biz BP ilə razılaşdıq ki, o,
Qarabağın azad olunmuş şəhərlərindən
birində – Cəbrayıl şəhərində 240 meqavat
gücündə günəş enerji stansiyasının
tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunmuş həmin enerji bizim enerji
sistemimizə daxil ediləcək. Eyni
zamanda, biz Səngəçal terminalını elektrik enerjisi
ilə təmin etmiş olacağıq və onlar qazdan istifadəni
dayandıracaq. Həmin qaz boru kəmərinə
daxil ediləcək və Avropaya yönləndiriləcək.
Bir sözlə, burada üçtərəfli
uduşlu vəziyyətdir. Biz 240
meqavatlıq günəş enerji stansiyasını
alırıq, BP-nin Səngəçal terminalı karbonsuz və
daha səmərəli qaydada fəaliyyət göstərməyə
başlayır və onların istifadə etdiyi qaz Avropaya ixrac
olunur. Biz bu layihəni enerji səmərəliliyi
baxımından, çox əhəmiyyətli hesab edirik.
SOCAR-ın işlədiyi digər
layihə də var. O, dənizdəki platformalarımıza
elektrik kabellər çəkir ki, orada fəaliyyət
üçün təbii qazdan istifadə olunmasın. Onlar
yaşıl enerjidən istifadə edəcək və
platformalarda əvvəlcə elektrik stansiyalarında istifadə
olunan qaz sahilə nəql olunacaq və həmçinin Avropaya
çatdırılacaq. Avropada artan tələbatı
nəzərə alaraq, biz nəinki qazın hasilatını
artırırıq, o cümlədən biz enerji səmərəliliyi
sayəsində əlavə qazı toplayacağıq.
“Uniper”ə gəldikdə,
bildiyimə görə, alış və satış
müqaviləsi müddəti baxımından ən uzun
müqavilələrdən biridir. Məncə onun
vaxtı 2045-ci ildə bitir, 25 ildən sonra. Elədir!
Sonra, ola bilsin, onun müddəti
artırılacaq, çünki Avropaya təbii qazın
çatdırılması ilə bağlı
planlarımız həmin vaxtla məhdudlaşmayacaq. Bildiyimə görə, Sumqayıtda enerji səmərəliliyi
ilə bağlı birgə müəssisə layihəniz bu
yay başa çatır. Siz həmin layihənin
uzadılması planlarınızı qeyd etdiniz. Mən
bunu tam dəstəkləyirəm, çünki “Azərikimya”nın buna ehtiyacı var. Bir sözlə, əməkdaşlığın
artıq yaxşı tarixi var. Təbii qaza gəldikdə, siz
bizim müştərimizsiniz. Əlbəttə,
Azərbaycanda nə qədər çox birgə biznes aparsaq,
bir o qədər yaxşı olar.
Çilov adasında
yaşıl hidrogenlə bağlı layihənizə gəldikdə,
belə başa düşürəm ki, bu, sizin
üçün bir növ sınaq layihəsi idi,
çünki onun real həcmi kiçikdir. Mən bəzi
rəqəmləri gətirəcəyəm, bəzi
planlarımızı xatırladacağam. Lakin
məsləhət görərdim ki, əgər bərpaolunan
enerji ilə bağlı layihələri nəzərdən
keçirsəniz, sizə və buna marağı olan
bütün tərəfdaşlarımıza nəyin baş
verdiyini, o cümlədən qiymətlər barədə bəzi
məlumatı sadəcə bildirmək istərdim. Azərbaycanda elektrik enerjisi ilə bağlı
mövcud daxili qiymətlər xarici sərmayədarlar
üçün sərfəlidir. Bu,
birincisi. Belə olmasa, onlar sərmayə
yatırmazdı. Bu gün bizim icra olunan
iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə,
“ACWA Power” ilə imzalanıb. Bunlar iki
qlobal enerji şirkətləridir və onlar bərpaolunan
enerjiyə böyük sərmayələr yatırırlar.
Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə, ümid edirəm, bu yaxınlarda
BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək.
Beləliklə, üç əsas enerji
şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində
qiymətlər, tənzimləyici qaydalar və biznes mühit
münasibdir. Belə olmasa, onlar sərmayə
yatırmazdılar.
Əlavə olaraq biz
anlaşma memorandumlarını imzalamışıq və
bütövlükdə imzalanmış anlaşma
memorandumları və müqavilələrin həcm səviyyəsi
25 qiqavatdır. “ACWA Power”, “Masdar”, BP və “Fortescue”
resursları. Beləliklə, bu şirkətlərlə
25 qiqavat həcmində anlaşma memorandumları o deməkdir
ki, bu layihələr icra olunacaq. Çünki
bunlar ciddi şirkətlərdir və biz də ciddi ölkəyik.
Bu şirkətlərlə anlaşma
memorandumları imzalamaqla biz tamamilə əminik ki, onlar icra
olunacaq. Buna görə potensial
buradadır, dediyim kimi, 200 qiqavata yaxın. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir,
qalanı isə qurudadır və hələ hidrogeni demirəm.
Beləliklə, biz həqiqətən
də Avropa üçün vacib yaşıl enerji təchizatçısına
çevriləcəyik və neft-qaz kəmərlərinin
tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə
alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan
ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız,
Avropa Komissiyası tərəfindən bizim planların tamamilə
dəstəklənməsi, bir ildən çox müddətdən
əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi
arasında başlanılmış enerji dialoqu kimi
bütün bu amillər həqiqətən onu nümayiş
etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu
gün təbii qaz qədər əhəmiyyətə malik
olacaqdır.
Sonra biz treydinq şirkətinə
gəlib çıxırıq və siz yəqin bilirsiniz ki,
SOCAR-ın, - bizim enerji şirkətinin, - öz treydinq
departamenti - “SOCAR Treydinq”i var. Bu departament təkcə Azərbaycan
neftinin deyil, həm də üçüncü tərəflərin
neftinin satışı ilə də məşğuldur. Hesab edirəm
ki, burada əməkdaşlıq imkanlarının dəyərləndirilməsi
aparıla bilər. Beləliklə, hesab
edirəm ki, bu, tamamilə mümkündür. Qiymətlərlə və biznes modelinin
axtarışı ilə bağlı cənab Palluttun
sualını cavablandırdım.
Bizdə günəş və
küləkdən enerjinin əldə edilməsi ilə
bağlı potensialın xəritəsi var. Bununla məşğul
olan hökumət orqanı Energetika Nazirliyidir və bu
nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyidir. Düşünürəm ki, əgər
marağınız varsa bizim iqtisadiyyat naziri sizi əlaqə məlumatı
ilə, Azərbaycana gəlmək, Azərbaycanda biznesə
başlamaqla bağlı məlumatla təmin edə bilər.
Cənab Kasapoğlunun Transxəzər
boru kəməri ilə bağlı sualına gəldikdə
bildirməliyəm ki, Transxəzər boru kəməri uzun illər
müzakirə olunub. Mən ən azından onun on il
müzakirə olunduğunu xatırlayıram. O, müzakirə
olunan müddətdə biz Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum kəmərlərini, Cənub Qaz Dəhlizini
inşa etdik və Avropaya yaşıl enerji ötürən xətti
çəkəcəyik və hələ də Transxəzər
boru kəməri müzakirə olunacaq. Bax, vəziyyət
belədir. Bizim təşəbbüskarı
olduğumuz bütün layihələr artıq ya
tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır.
Transxəzər bizim layihəmiz deyil.
Transxəzər layihəsində biz tranzit ölkəsi hesab
olunuruq və biz, o cümlədən mən, dəfələrlə
açıq bəyan etmişik ki, biz Xəzərin o
tayında dost və tərəfdaşlarımızın boru
kəmərini inşa etməyi qərarlaşdırdığı
təqdirdə onlar üçün zəruri tranziti təmin
etməyə hazırıq. Lakin məndə
olan məlumata görə bu məsələnin indiyədək
öz həllini tapmamasının səbəbi odur ki, maliyyələşmənin
mənbəyi hələ də müəyyən olunmayıb.
30 milyard kubmetr həcmində olan boru kəmərinin
tikintisinin yükünü kimin daşıması aydın
deyil. Bu, müəyyən Avropa şirkətləri
olacaq, yoxsa vəsait Avropa İttifaqı tərəfindən
ayrılacaq, bunun üçün layihə ortaq maraqlar layihələri
sırasına daxil edilməlidir. Mən
bildiyimə görə bu belə deyil və bunun Türkmənistan
hökumətinin olub-olmamasını da biz bilmirik. Buna
görə bu, birinci sualdır, bu layihə üçün
ödənişi kim edəcək? İkinci sual isə ondan ibarətdir ki, yaxşı,
layihəni kimin maliyyələşdirdiyi müəyyən edildikdən
sonra layihə Azərbaycana gələcək və oradan hara
gedəcək? Çünki bizdə-TANAP-da
indi boş qalan tutumumuz yoxdur. Biz yeni kompressor
stansiyaları tikməklə TANAP-ı 16 milyard kubmetrdən 32
milyard kubmetrə qədər genişləndirəcəyik və
boru Azərbaycan qazı ilə tam dolu olacaqdır. Bu isə o deməkdir ki, potensial kəmər olan
Transxəzər boru kəməri Azərbaycana gəldikdən
sonra kimsə Azərbaycandan Avropaya başqa bir boru kəmərini
tikməlidir. Bu şirkətin kim
olduğu yaxşı sualdır. Mən bu məsələyə
skeptisizmlə yanaşmıram. Mən hər
şeyi real qiymətləndirirəm. Yenə
də deyirəm, bu, bizim layihəmiz deyil. Kimsə
onu tikməyi qərarlaşdırarsa biz buna çox şad
olarıq, çünki biz tranzitdən pul qazanacağıq,
Şərqdə və Qərbdə olan
qonşularımıza yaxşı xidmət göstərmiş
olacağıq. Aralıq dənizi regionunda
DESFA və “Snam” təbii qaz layihələrinə gəldikdə,
mən bu sualı belə başa düşdüm, elə
deyilmi?
Edison Kasapoğlu: Əslində, tranzit Kiprdən
Türkiyə və Yunanıstan arasında həyata
keçiriləcəkdir. DESFA yunan şirkətidir, lakin “Snam”
törəmə şirkətdir və onlar bizim
qarşımızda üzərinə öhdəlik
götürdülər ki, bizə 1 milyard kubmetrdən 3
milyard kubmetrə qədər sərbəst tutum verəcəklər.
Prezident İlham
Əliyev: Sərbəst
tutum harada, TANAP-da?
Edison Kasapoğlu: Yox Kiprdən. Bizim Kipr-Yunanıstan sərhədinə qədər
gedən boru kəmərimiz var. Onlar bizə Avropaya qazı nəql
etmək üçün 1-3 milyard kubmetr sərbəst tutum
verəcəklər.
Mikayıl Cabbarov: Cənab Prezident, Türkiyə
və Yunanıstan sərhədindən söhbət gedir.
Prezident İlham
Əliyev: Orada
tutum var?
Mikayıl Cabbarov:
Cənab
Kasapoğlu deyir, - əgər mən onu düz baş
düşürəmsə, - Türkiyə hökuməti
şirkətə imkan verir ki, bu tranzit ötürmə
tutumuna malik olsun. Bu da sonra beynəlxalq qaz
donorların tapılmasından asılıdır. Düzdür?
Edison Kasapoğlu : Düzdür, bəli 1 milyard kubmetrdən
3 milyard kubmetrə qədər.
Prezident İlham
Əliyev:
Anladım. Bu fikir barədə heç nə
eşitməmişəm, ona görə şərh verə
bilmərəm. Bəlkə
görüşümüzdən sonra bunu nazirimizlə
müzakirə edib bizi daha çox məlumat və təfərrüatlarla
təmin edə bilərsiniz. Əlbəttə
ki, enerji təhlükəsizliyi ilə bağlı bizim dəstəyimizə
ehtiyacı olan istənilən layihəni dəstəkləyəcəyik.
Sonuncu qeyd isə Azərbaycanda bəzi işlərlə-
gəmiqayırma zavodu və Sumqayıt Texnologiyalar Parkı ilə
bağlı idi, əgər sualı düzgün başa
düşmüşəmsə. Eləcə
də hidrogen. Düşünürəm
ki, mən bu məsələyə toxunmuşam, lakin Bakı gəmiqayırma
zavodu çox məşğul olacaq. Biz
onun tutumunu artırmağı planlaşdırırıq.
Dediyim kimi, Xəzər dənizi
ilə daşımalar üçün tələbat
artır. Azərbaycanın
hələ ki, Xəzər dənizində ən böyük
ticarət donanması, 50-dən çox gəmisi var. Bakı
gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə
bilər və bu da həmin neft həcmləri və Mərkəzi
Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru
yük üçün kifayət etmir. Yəqin ki,
eşitmisiniz Çindən, Qırğızıstan, Özbəkistan
ərazisindən Xəzər dənizinə dəmir yolunun
tikintisi layihəsi var və əlbəttə ki, layihə Xəzər
dənizinə çatan kimi o, bizə tərəf gələcək.
Beləliklə, biz Azərbaycan ərazisindən
potensial daşıma həcmlərinin ciddi dəyərləndirmə
prosesindəyik və biz buna hazır olmalıyıq. Biz investisiya yatırmalıyıq və bu sahədə
çoxlu investisiya imkanları və ya müqavilə
imkanları olacaq. Düşünürəm
ki, mən bütün məsələləri əhatə edə
bildim.
Moderator Mixael Harms:
Konkret şərhlərinizə
görə çox sağ olun, cənab Prezident. Növbəti klaster sənayeyə keçməzdən
əvvəl mən cənab Trondleni unutmuşam. O,
Almaniyanın günəş enerjisinin paytaxtını təmsil
edir. Günəş enerjisi ilə bağlı
qısaca qeydlərini bildirmək istəyir.
Dirk Trondle: Mən Frayburqdan gəlirəm.
Təəssüf ki, bir az gec oldu. Bəzən belə şeylər baş verir, üzr
istəyirəm. Frayburq günəş
enerjisi sənayesinin paytaxtı sayılır, hətta
dünya miqyasında deyərdim. Bizim
böyük elmi bazamız, mühəndislərimiz var və
onlar karbon emissiyaların azaldılması üçün Azərbaycanla
işləməyə çox şad olardı. Frayburqla birgə işləməkdə maraqlı
olsaydınız mən böyük məmnuniyyətlə
Sizi, Sizin komandanızı, SOCAR-ı, nazirliyi dəvət etmək
istərdim ki, özünüz hər şeyi görüb
müzakirə edə biləsiniz. Əminəm
ki, başqa imkanlar olacaq.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Biz böyük məmnuniyyətlə
birlikdə işləyərik və həmçinin əvvəlki
sualda mən Azərbaycanda günəş panellərinin
istehsal imkanları ilə bağlı fikrimi bildirməyi
unutdum. Sizin şirkətlə və yaxud
istənilən digər şirkətlə işləməyə
şad olardıq. Çünki dediyim kimi böyük
proses olacaq, böyük inkişaf olacaq. Bizim
günəş elektrik stansiyalarında istifadə olunacaq
günəş panellərinin əksəriyyəti Çində
istehsal edilən panellərdir. Onlar
yaxşı keyfiyyətə malikdir və əlçatan qiymətə
satılır. Bildiyimə görə Avropa istehsalı,
yumşaq desək, bir az bahadır. Lakin
işçi qüvvəsinin qiymətini, enerji qiymətini və
yerli tələbatı nəzərə alaraq Azərbaycanda
birgə istehsalat təşkil etsək hesab edirəm ki, bu, rəqabətli
ola bilər.
Dirk Trondle: Frayburq şəhərində
günəş panellərinin yeni nəsli var. Onlar daha da
elastik və mükəmməldirlər. Lakin bu
məsələdə elm də tələb olunur. Yaxşı olardı ki, ümumi elmi layihələr
olsun.
Prezident İlham Əliyev: Bəli,
çox yaxşı. Bəlkə bizim
görüşümüzdən sonra bu məsələ ilə
bağlı təfərrüatlı fikir mübadiləsi
apara bilərsiniz. Biz belə bir
istehsalatı təşkil etməyə çox şad
olardıq. Biz hazırda azad ticarət
zonası üçün bütün zəruri infrastrukturun
tamamlanması mərhələsindəyik. Bu zona Bakıya yaxın, Xəzər dənizinin
sahilində yerləşir. Bu azad zonanın artıq ilk
rezidentləri var. Azad ticarət zonası, onun qaydaları və
üstünlükləri haqqında məlumat bizim nazir tərəfindən
bu gün bir az sonra təqdim oluna bilər.
Moderator Mixael
Harms: Çox
sağ olun. Biz növbəti klaster olan sənaye
və tikintiyə gəlib çatdıq. Biz “Knauf”un nümayəndəsi olan cənab Knotzer ilə
başlayaq. Buyurun, cənab Knotzer.
“Knauf” Şirkətlər
Qrupunun tərəfdaşı Uve Knotzer: Zati-aliləri, əvvəlcə
gecikdiyim üçün üzr istəyirəm. “Knauf” tikinti materialları sahəsində dünya
miqyasında lider şirkətdir. Keçən il 15 milyard avroluq satışımız olub və
90 ölkədə 42 min əməkdaşımız var. Biz
1990-cı illərdən bəri Azərbaycanda marketinq və
satışla məşğuluq. 2008-ci ildən
bəri isə biz Gəncədə yerli tikinti sənayesi
üçün materiallar istehsal edirik. Məhsullarımız
əsasən alçıpan əsaslıdır. Bizim dünya miqyasında 80 karxanamız və 4
yeraltı mədənimiz var. Bu, bizim xammalımızdır.
Hər şey alçıpan əsaslıdır.
Sizdən və nazirlikdən bir xahişim var.
Bizim alçıpan ehtiyatlarımız qurtarıb. Azərbaycanda çoxlu alçıpan qəlibi var
və bizə daha böyük həcm üçün dəstək
lazımdır. Çünki biz yerli
istehsalat üçün həcmi artırmaq istəyirik.
Biz Azərbaycanda əlavə məhsullar istehsal
etmək istəyirik və biz, həmçinin Gürcüstana
ixrac etmək istəyirik və siyasət imkan versə Cənubi
qonşulara ixrac etmək istəyirik. Mənim
xahişim budur.
Prezident İlham
Əliyev: Yeni
alçıpan ehtiyatlarına çıxışda çətinliyiniz
var? Siz bu məsələni yerli orqanlarla,
İqtisadiyyat Nazirliyi ilə müzakirə etmisiniz?
Uve Knotzer: Hələ ki, birbaşa əlaqə
yaratmamışıq, çünki biz tərəfdaşla
işləyirik. Lakin oradakı material miqdarı
ilə bağlı çətinliklərimiz var.
Prezident İlham
Əliyev: Beləliklə,
mövcud ehtiyat demək olar ki, bitib.
Uve Knotzer: Bəli və bizə daha
çox lisenziyalar və mədən işləri aparmaq
üçün yeni ərazi lazımdır ki, biz məhsuldar
olmağa davam edək.
Prezident İlham
Əliyev: Bəli,
mən bunu tamamilə dəstəkləyirəm. Mənim layihə barədə məlumatım var.
Sizin dediyiniz kimi, o, 2008-ci ildə Gəncə şəhərinin
yaxınlığında, Goranboy rayonunun ərazisində icra
olunmuşdur. Hesab edirəm ki, bu məsələnin
həllini tapmaq mümkündür. Bəlkə
iqtisadiyyat nazirinə əlavə məlumat verəsiniz və əlbəttə
ki, biz həmişə xarici investorları dəstəkləyirik
və sizin şirkətiniz onlardan biridir. Biz
şaxələndirmə prosesinə başladıqda siz Azərbaycana
sərmayə yatırmısınız. Beləliklə,
siz Almaniyadan sərmayə yatıran şirkətlər
arasında birincilərdən olmusunuz. Əlbəttə
ki, biz sizinlə işbirliyinə davam etməkdə şad
olardıq. Ehtiyatlarınızın bitməsi
haqqında eşitməmişdim. Yəqin
ki, çox gərgin çalışırsınız, bu
yaxşı göstəricidir. Lakin mən
iqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni
ciddi araşdırsın və sizin üçün əlavə
ehtiyatları tapsın ki, siz də öz növbənizdə
fəaliyyətinizi davam edə biləsiniz. Bildiyimə görə siz 100 faiz yerli bazardan olan
materialları təchiz edirsiniz. Xaricdən
heç nə idxal olunmur. Əksinə,
siz özünüz ixrac edirsiniz.
Uve Knotzer: Bəli, biz bir az Gürcüstana ixrac edirik. Biz gips dəyirmanını
tikməklə istehsalımızı artırmaq istəyirik. Həmçinin tərəfdaş şirkətdə
olan payımızı da artırmaq istəyirik.
Prezident İlham
Əliyev: Bu məsələ
ilə bağlı hər hansı bir köməyə
ehtiyacınız olarsa, iqtisadiyyat naziri buradadır.
Görüşdən sonra o, ehtiyatla bağlı problemin həll
olunmasına necə yardımçı ola
biləcəyimizi müəyyən etmək üçün
hazır olacaq. Düşünürəm ki, bu,
asandır. Sizin tərəfdaşınızla
münasibətlərinizə biz müdaxilə edə bilmərik.
Uve Knotzer: Bu, başqa məsələdir.
“Global Clearance Solutions
AG” şirkətinin baş icraçı direktoru Filip Mixaelis: Zati-aliləri bu dəyirmi masada iştirak etmək mənim
üçün böyük şərəfdir. Biz minatəmizləmə sahəsində fəaliyyət
göstəririk. Mən bir necə dəfə
Azərbaycanı və bir neçə rayonu ziyarət
etmişəm. Mən özüm
dağıntıların və minaların təmizlənməsinin
şahidi olmuşam. Biz Fövqəladə
Hallar Nazirliyinə avadanlıq, Almaniyada istehsal olunmuş
texnologiyanı təchiz edirik. Son bir
neçə ayda biz çox geniş təlim
proqramlarını tamamlamışıq. Biz
təkcə avadanlıq istehsal etmirik, digər ölkələrdə
fəaliyyət də göstəririk. Biz
təkcə keyfiyyətli avadanlığı təchiz etmirik,
eyni zamanda, bu avadanlığı səmərəli şəkildə
istismar etmək üçün zəruri olan dəstəyi də
təmin edirik. Biz Qarabağ bölgəsinin
inkişafını sürətləndirmək və məcburi
köçkünlərin öz dədə-baba yurdlarına
qayıda bilmələri üçün Azərbaycan
hökuməti ilə münasibətlərimizi intensivləşdirmək
istəyirik.
Prezident İlham
Əliyev:
Çox sağ olun. Bildiyiniz
kimi, keçmiş məcburi köçkünlərin tezliklə
məskunlaşdırılması bizim üçün ən
böyük çağırışlardan və maneələrdən
biridir. Çünki bizim dəqiq
hesablamalarımıza əsasən, Ermənistan işğal
dövründə bir milyondan çox mina basdırıb və
2020-ci ilin noyabrında müharibə bitəndən bəri
demək olar ki, 300 azərbaycanlı mina səbəbindən
ya həlak olmuş və ya ciddi xəsarət
almışdır. Bizim potensial nisbətən
məhduddur. Baxmayaraq ki, bu yaxınlarda biz
müxtəlif ölkələrdən, o cümlədən
Avropa ölkələrindən avadanlıq almışıq.
Biz hətta indi havadan minanı aşkar edə
bilən dronlardan istifadə edirik. Həmçinin
təlim də çox vacibdir. Bu dəstəyə
görə təşəkkür edirəm. Biz sizin təklifinizə daha təfərrüatlı
şəkildə baxmalıyıq, çünki səmimi desəm
xarici şirkətləri mina təmizləmə əməliyyatlarını
həyata keçirmək üçün dəvət etmək
istəyəndə minatəmizləmə əməliyyatları
üçün qiymət yerli qiymətlərlə müqayisədə
çox yüksək idi. Bir kvadratmetrin
minalardan təmizlənməsi üçün Avropada olan qiymət
bizim milli minatəmizləmə agentliyinin işi aparmağa
hazır olduğu qiymətdən bir neçə dəfə
çox idi. Əlavə olaraq bu
yaxınlarda bir neçə Azərbaycan şirkəti də
fəaliyyətə başladı. İndi
onlar da mina təmizləmə işləri ilə məşğuldurlar
və onların qiyməti məqbuldur. Çünki
təsəvvür etdiyiniz kimi, on minlərlə kvadratkilometrdən
söhbət getdikdə bu, çox vəsait tələb edən
bir işdir. Əlbəttə ki, bu ərazinin
heç də hər bir metri yoxlanılmayacaq, çünki
yüksək dağlıq ərazilər var. Əlbəttə
ki, mina ilə çirklənmə potensialının harada
olduğunu biz bilirik. Lakin hesab edirəm ki,
bizim minalardan təmizləmə üzrə agentliyimiz ilə
təfərrüatlı müzakirələr aparmağınız
yaxşı olar. Çünki bu gün
üç şirkət Azərbaycanda minalardan təmizləmə
xidmətini göstərir. İşinin həcminə
görə birinci ANAMA-dır. Bu, Azərbaycanın
minatəmizləmə agentliyidir. İkincisi,
Müdafiə Nazirliyinin minalardan təmizləmə
üçün yaradılmış xüsusi alayları və
batalyonlarıdır. Fövqəladə
Hallar Nazirliyinin də bu prosesdə çox kiçik bir
payı var. Beləliklə, mən sizə tövsiyə edərdim
ki, bizim milli minatəmizləmə agentliyi ilə təmasa
keçmək üçün yardım əldə edəsiniz
və qiymətləri nəzərdən keçirəsiniz və
baxasınız bəlkə birgə müəssisə yaratmaq
olar. Əfsuslar olsun ki, uzun illər ərzində
bunun üçün böyük bir potensial var.
Filip Mixaelis: Əfsuslar olsun, biz bunu bir
çox ölkələrdə görürük. Biz inanırıq ki, beynəlxalq ekspertiza və
infrastrukturun da tətbiq edilməsi ilə qiyməti
aşağı sala bilərik. Bəli,
qiymət bahadır. Lakin biz 20-25 illik münaqişələrdə
bir kvadratmetrə görə qiymətin 15 sent olduğunu
görmüşük. Təşəkkür
edirəm.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm.
Moderator Mixael
Harms: Xahiş
edirəm, ucadan danışın. Bizim təqribən
yarım saat vaxtımız qalıb. Ona
görə hər kəs öz suallarını bildirmək
imkanında olmalıdır. Cənab
Şults buyurun.
“Nokia” şirkətinin
təmsilçisi Olaf Şults: Bu gün “Nokia” rəqəmsal
infrastruktur sahəsində innovasiyalar və texnologiyalar üzrə
liderdir. Biz artıq mobil telefon şirkəti
deyilik. Burada bu gün mövzuların əksəriyyəti
rəqəmsallaşdırmanın səmərəli
olması və rəqəmsal infrastrukturla bağlı idi.
Əlbəttə ki, biz elektrik şəbəkəsini
və enerjinin ötürülməsini nəzərdə
tuturuq. Bu, tam aydındır. Bütün hökumətlərin rəqəmsallaşma
proqramları var. Həmçinin Sizin hökumətinizin də
belə proqramı var. Bilirik ki, siz də bu sahədə
xüsusi uğurlar qazanmısınız. Beləliklə,
biz qərara gəldik ki, Azərbaycan regionda böyük fəaliyyət
aparılan ölkədir. Biz Mərkəzi
Asiyada biznesimizi idarə etmək üçün Bakıda
regional nümayəndəliyimizi yaratmışıq. Lakin bu, məsələnin tək bir hissəsidir.
Biz Sizin uğur hekayənizin bir hissəsi
olmaq istəyirik. Biz texnologiyanın bir tərəfdə,
insanların isə digər tərəfdə olduğuna
inanırıq. Ən yaxşı
texnologiya savadlı insanlar və texnologiyadan faydalana bilən
insanlar tərəfindən istifadə olunur. İnnovasiyalar və Rəqəmsal İnkişaf
Agentliyi ilə əməkdaşlıq edirik. Təhsil proqramı üçün pul vəsaitləri
ayırmışıq. Növbəti ay
Bakıda laboratoriya və şəbəkəni istismara verəcəyik.
Biz Azərbaycanı təkcə məhsul
verdiyimiz bazar kimi qəbul etmirik. Bu gün
bu işləri görürük və bundan fərəhlənirik.
Bununla belə, ölkədə rəqəmsallaşdırma
prosesinin bir hissəsi olmaq istəyirik. Əlbəttə,
bu sahədə də biznes fəaliyyəti aparmağa ümid
edirik. Artıq söylədiyim kimi biznes
işlərimiz gedir. Lakin daha çox işlər
görə biləcəyimiz sahələr də var. Rəqəmsallaşdırmaya
gəldikdə, biz hansı sahədə daha çoxlu işlərin
görülməsini Sizinlə müzakirə etmək istəyirik
ki, beləliklə, sərmayələrin mümkün qədər
tez qayıdışını təmin edə bilək.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Yeri gəlmişkən, rəqəmsal
transformasiya bizim strategiyanın, təkcə 2030
strategiyasının bir hissəsi yox, eyni zamanda, bizim prioritetlərin
bir hissəsidir. Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin adının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinə dəyişilməsi
də təsadüfi deyil. Bu, sadəcə,
adın dəyişilməsi deyildi, bu, yanaşmanın dəyişməsi
idi. Mən sizin dediklərinizi tamamilə dəstəkləyirəm.
Hesab edirəm ki, bizim nazirlik və sizin şirkətiniz
arasında təmaslar daha da aktiv olmalıdır. Çünki biz regionumuzda rəqəmsal
transformasiya ilə bağlı ön sırada olanlardan biri
olmağı planlaşdırırıq. Bu,
böyük potensialı olan sahələrdə müasir
texnologiyaları cəlb etmək və tətbiq etmək
üçün bizim hökumətin ümumi
strategiyasıdır. Gecikməmək, neft və qaz,
coğrafiya və nəqliyyat haqqında düşünərək
tənbəl olmamaq və gələcəyimiz
üçün faydalı ola bilən
şirkətləri və investisiyaları ölkəyə cəlb
etmək. Əlavə olaraq Azərbaycanı
regionda, Mərkəzi Asiyada fəaliyyətinizin mərkəzi
olaraq seçməyiniz məni şad edir. Hər dəfə
mən bu xəbəri eşidəndə
düşünürəm ki, biz etdiklərimizlə
bağlı təkcə məlumat verməklə yox, həm də
yaxşı investisiya mühiti yaratmaqla yaxşı iş
görmüşük. Yeri gəlmişkən, məlumatınız
üçün demək istəyirəm ki, Davos Dünya
İqtisadi Forumu da dördüncü sənaye inqilabi mərkəzi
üçün Bakını regional mərkəz olaraq
seçməyi qərarlaşdırmışdır və bu
mərkəzin açılışı da təqribən iki
il bundan əvvəl olmuşdur. Bu Mərkəz
Azərbaycanı və Mərkəzi Asiyanı əhatə
edir. Yəni, bu, təkcə coğrafi
bağlantı yox, eyni zamanda, texnoloji bağlantıdır.
Texnologiyanın regiona, Avropaya, Asiyaya
yaxınlıq nöqteyi-nəzərdən, əlbəttə
ki, daha yaxşı yeri tapmaq çətindir. Bəlkə də bələdçi kimi
danışmağı dayandırmalıyam, lakin mənim vəzifəm
neft və qaza aid olmayan sahələrə investorları,
texnologiyanı, şirkətləri, strateji tərəfdaşları
cəlb etməkdir. Neft və qaz artıq
tamamlanıb. Növbəti mərhələdə
görəcəklərimiz artıq mövcud şablon əsasında
görüləcəkdir. İndi bizim
üçün yeni olan rəqəmsal transformasiya üzrə
bizə uzunmüddətli strateji tərəfdaşlar
lazımdır və mən ümid edirəm ki, “Nokia”ya gəldikdə
bu, belə də olacaq. Təşəkkür
edirəm.
Moderator Mixael
Harms: Çox
yaxşı. Cənab Kappelhoff, xahiş edirəm, bir dəqiqə
olsun.
“Tauber” şirkətinin
təmsilçisi Jan-Bernd Kappelhoff: Hörmətli cənab Prezident, bizə
vaxt ayırdığınız və dəyirmi masa
üçün çox sağ olun. Bizim
şirkət Almaniyada, həmçinin Portuqaliyada və
İsveçrədə fəaliyyət göstərir. Şirkətimiz infrastrukturun yaradılması və
saxlanılması üzrə ixtisaslaşıb. Vaxtilə biz “Azərsu” üçün işlər
icra etmişik. Ümidvaram ki, biz gələcəkdə
“Azərsu” üçün yenidən işlər görə
bilərik. Çox sağ olun.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Suyun paylanması ilə bağlı görülməli
çox iş olacaq. Hazırda
biz su təchizatı və sanitariya şəraitinin
yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir
çox şəhərdə layihələr həyata
keçiririk. Hədəfimiz bütün
ölkə ərazisində içməli su təchizatının
100 faiz təmin edilməsidir. Sözsüz
ki, bunu etmək çətin olacaq, çünki
görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə
olunması sahəsində bəzi struktur islahatlarının həyata
keçirilməsi ilə bağlı planlarımız var.
Bunun vaxtı gəlib çatıb. Hazırda
hökumət müxtəlif variantları və xüsusilə
indi suyun ildən-ilə azaldığını
gördüyümüz bir vaxtda, suyun
paylaşdırılması ilə bağlı müasir
texnologiyaların tətbiqini dəyərləndirir. Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır,
həmçinin çaylarımızda, transsərhəd
çaylarında və mənbəyini Azərbaycandan
götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə
olunması, su ehtiyatlarından səmərəli istifadə
sözsüz ki, qarşıdakı illər üçün
prioritetlərdən biri olacaq.
“Gerber Architekten”
şirkətinin icraçı direktoru Marius Rayrko: Zati-aliləri, cənab
Prezident. Burada, bu görüşdə olmaq mənim
üçün də şərəfdir. Biz memarıq, landşaft üzrə memar, şəhər
salanlar və əlbəttə ki, interyer üzrə dizaynerik.
Biz 60 ildir ki, Almaniyada, həmçinin Səudiyyə
Ərəbistanı və Çində, əsasən dövlət
sektorunda inşaat işi ilə məşğuluq. Biz, həmçinin Almaniyaya universitetlər, dövlət
sektoru binaları, kitabxanalar, səhiyyə layihələri və
ekoloji cəhətdən bir çox faydalı binalarla öz
töhfəmizi veririk. Hazırda biz Səudiyyə
Ərəbistanında faydalı qazıntılara və enerjiyə
əsaslanan cəmiyyətdən bərpaolunan enerjiyə əsaslanan
cəmiyyətə keçidi həyata keçiririk. Cəmiyyət bu dəyişiklikdə mühüm
rol oynadı.
Ötən il biz
Azərbaycanda, Bakıda fəaliyyətə
başlamışıq. Biz Qarabağa da səfər
etdik. Şəhərinizdə parkların
dizaynı ilə bağlı meriya ilə danışıqlar
apardıq. Hazırda biz yaşayış
məkanları və digər layihələrimizin müəllifləri
ilə müzakirələr aparırıq. Cənab
Prezident, Sizə bərpaolunan enerji ilə bağlı iki
sualım var. Düşünürəm ki, gələcəkdə
binalar enerji istehlakçısından enerji
istehsalçısına çevrilə bilər. Bu dəyişikliyə təkan verən siyasət
yürüdüləcəkmi? Əgər
belədirsə, “Gerber Architekten” bu dəyişikliyə təkan
verməyə, yardım etməyə çox şad
olardı. İkincisi, Bakıda gəzərkən
müşahidə etdim ki, insan axını, şəhərin
inkişafı və uğuru tıxac problemini ortaya
çıxarır. Biz bu məsələni
başqa yerlərdə də müşahidə etmişik.
Gələcəkdə bizimlə paylaşmaq istədiyiniz
tranzityönümlü tikinti planı və ya metro
planınız varmı?
Prezident İlham
Əliyev: Azərbaycana
səfər etdiyinizə görə təşəkkür
edirəm. Əgər siz Qarabağda olmusunuzsa, ola
bilsin ki, bizim planlarımızdan xəbərdarsınız. Biz artıq bütün şəhərlər
üçün Baş planı təsdiqləmişik. Hazırda 20-dən çox kəndin də Baş
planı təsdiqlənib. Bilirsiniz ki, biz,
həmçinin müxtəlif ölkələrdən beynəlxalq
şirkətləri və yerli şirkətləri dəvət
etmişik. Qeyd etdiyim kimi, biz Qarabağda və
Şərqi Zəngəzurda ekoloji cəhətdən təmiz,
yaşamaq üçün asan olan, nəqliyyata və
bütün xidmətlərə yaxşı
çıxışı olan yaşayış sahələri
və ictimai məkanlar inşa etmək istəyirik.
Sizin enerji istehsal edən binalarla
bağlı sualınıza gəlincə, Davos Dünya
İqtisadi Forumunda iştirakım zamanı mən bir şirkətin
sahibi ilə görüşdüm, mənə bu məlumatı
verən ölkənin və şirkətin adını
çəkmək istəmirəm, bu, mənim
üçün çox maraqlı xəbər idi, mən dərhal
Qarabağda bütün bərpa işlərinin koordinatoru olan
Prezident Administrasiyasına göstəriş verdim və
hazırda biz pilot layihə üzərində işə
başlamışıq. Pilot layihənin texniki-iqtisadi əsaslandırma
işləri ola bilsin ki, bir neçə
aya hazır olacaq. Bina özü çox gözəl
görünür, çox yaxşı təsir
bağışlayır, təkcə panellər deyil,
özü enerji istehsal edir. Əgər
sizdə bu texnologiya və ya “nou-hau” varsa, yaxud bununla
bağlı təklif verə bilərsinizsə, bunu ancaq
alqışlamaq olar. Bu, həqiqətən
də tamamilə yeni inkişaf, yeni texnologiyadır. Düşünürəm ki, bu, Qarabağ
üçün çox uyğun olacaq, xüsusilə nəzərə
alsaq o, yaşıl enerji zonasıdır.
Bakı şəhərinin
inkişafına gəlincə, siz Bakıda olmusunuz, şəhəri
tanıyırsınız. Bəli, bizim metro ilə
bağlı böyük planlarımız var. Biz
keçmiş Sovet İttifaqının metro tikən az sayda ölkələrindən biriyik,
çünki Sovet İttifaqı dağılandan sonra
onların çoxu bunu dayandırdı. Bizim
strategiyamız var və həmçinin hazırda ictimai nəqliyyatımızın
metro ilə inteqrasiyası üzərində işləyirik və
bunun üçün vahid sistem tətbiq etmək üzrəyik.
Bundan əlavə, əhalinin sayı artır.
Bakı getdikcə böyüyür. Ona görə də hazırda biz nəqliyyatla
bağlı yeni layihələr işləyib
hazırlayırıq. Yollar, körpülər, tunellər,
bütün bunlarla bağlı proses artıq gedir. Bundan əlavə, hazırda yeni tikinti bumuna
böyük maraq var. Çünki Bakının artıq bir
neçə dəfə yaşayış kompleksləri
bazarında artım dalğası olub. Ona
görə də düşünürəm ki, sizin layihələrinizə
baxmaq maraqlı olar. Bəzi ideyalara nəzər
sala bilsəm, çox şad olardım.
Marius Rayrko: Sözsüz ki,
bölüşmək istərdim.
Prezident İlham
Əliyev: Bəlkə
görüşdən sonra mənimlə bölüşəsiniz.
Marius Rayrko: Mən cənab Şultsun
sözlərinə əlavə etmək istərdim. Ərəbdilli regionda, Çin regionunda işləyəndən
sonra Mərkəzi Asiya regionunda ətraf mühitin
qurulmasını tədqiq edən və töhfə verən
mərkəz olaraq Bakıya gəlmək hazırda bizim hədəfimizdir.
Mən hər kəs üçün daha
ağıllı və daha sağlam ətraf mühitin
yaradılmasına dəstəyi alqışlayardım.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm.
Moderator Mixael
Harms: Gəlin,
logistika və infrastruktur sahəsinə keçək. Mən cənab Svins, cənab Kerstgens, cənab Klaner,
cənab Teoman və cənab Novakla başlayardım.
“HHLA
International”ın icraçı direktoru Filip Svins: Zati-aliləri,
günaydın. “HHLA” Hamburq limanıdır.
Biz əsasən Hamburqda fəaliyyət göstəririk,
çünki məhz Hamburq limanında konteyner terminalları
operatoru kimi tanınırıq. Biz, həmçinin
Qərbi Avropada ən böyük intermodal operatoruq. Biz Gürcüstan və Azərbaycanda 20 ildən
çoxdur “HHLA Project Logistics” adlı törəmə
şirkəti olaraq fəaliyyət göstəririk. Bu, NATO-nun Əfqanıstana yük daşıması
ilə başladı. Tədricən
inkişaf edərək daha ağır yüklərin
daşınması, hətta zavodların
köçürülməsi ilə Qara dənizlə Azərbaycan
arasında məşğul oluruq. Bu
yaxınlarda biz Qazaxıstanda ofis açdıq. Biz Orta dəhlizlə bağlı çoxlu imkanlar
görürük. Siz bir qədər əvvəl
bunları qeyd etdiniz. Xüsusən də
Aktau ilə Poti limanları, yaxud Türkiyənin Qars məntəqəsi
arasında marşrut bizi maraqlandırır. Dənizdən dəmir yoluna yüklərin
aşırımı və ya geriyə daşınmasında
imkanlar məhduddur. Biz operator olaraq orada
böyük imkanlar görürük, inkişaf edə biləcək
geosiyasi imkanlar görürük. Bizim
üçün limanların fəaliyyətini və azad nəqliyyatın
inkişafını dəstəkləmək maraqlı
olardı.
Prezident İlham
Əliyev:
Artıq qeyd etdiyim kimi, hazırda biz yeni
çağırışla üz-üzəyik. Bizim mövcud imkanları genişləndirməyə
ehtiyacımız var. Çünki bizim qurduğumuz potensial
mövcud yüklərin həcminə və proqnozumuza əsaslanırdı.
İndi Mərkəzi Asiyadan Azərbaycana
doğru böyük dönüşlə əlaqədar, biz
gərgin işləməliyik. Məlumat
üçün sizə bildirim ki, hazırda Azərbaycan məhdud
imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun
Gürcüstan hissəsinin genişlənməsinə
investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon
tondan beş milyon tonadək genişləndiriləcək.
Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ
dollarından çox olacaq və ümidvarıq ki, biz onu gələn
il tamamlayacağıq. Başqa dar
keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət
Limanı ola bilər. Hazırda
biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək
genişlənməsinin texniki əsaslandırmasının
tamamlanması prosesindəyik. Bizim
marşrut üzrə bir neçə başqa dar keçidlərimiz
də var. Ona görə də, əlbəttə ki, biz nəqliyyat
infrastrukturunun və həmçinin gömrük idarəçiliyinin
inteqrasiyası üzərində işləyirik. Ümumdünya Gömrük Təşkilatının
Baş katibi Bakıya səfərdədir. Bizim müzakirə edəcəyimiz məsələlərdən
biri Ümumdünya Gömrük Təşkilatının Mərkəzi
Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə
arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə
kömək edəcəyi olacaq. Əlbəttə
ki, tariflərə yekdil yanaşma olmalıdır. Çünki əgər bir ölkə, məsələn,
Azərbaycan tarifi azaldarsa, digər ölkə azaltmazsa və
ya artırarsa, bu işə yaramayacaq. Şəffaflıq,
yaxşı idarəetmə və idarəçilik
nöqteyi-nəzərindən ola bilsin ki, sizin Azərbaycandakı
nümayəndələriniz,- siz 20 ildir
orada fəaliyyət göstərdiyinizi dediniz,- bizim hökumətimizin
nəqliyyat seqmentlərində çoxlu dəyişiklikləri
görə bilirlər. Bu, şəffafdır, səmərəli
olmalıdır və yükləri toplamaq imkanına sahib
olmalıdır. Bundan əlavə, biz unutmamalıyıq
ki, başqa bir nəqliyyat dəhlizi – Şimal-Cənub dəhlizi
var ki, o da Azərbaycanın ərazisindən keçir və
biz yükləri təkcə Şərqdən Qərbə
deyil, həm də Şimaldan Qərbə, həmçinin Cənubdan
Qərbə ixrac və ya tranzit etmirik. Beləliklə,
dəmir yolu infrastrukturumuza, dəniz limanımıza və
magistral yola təzyiq artacaq. Bilirsiniz ki,
bizim şaxələndirilmiş dəmir yolu sistemimiz var. Lakin
hazırda biz qatarlarımızın sürətini artırmaq
üçün dəmir yollarımızı təkmilləşdiririk.
Bu, tranzit müddətini daha da qısaldacaq.
Eyni zamanda, əlbəttə ki, bütün bunlar
Xəzərin şərq sahillərində olan təsisatlarla
koordinasiya şəraitində edilməlidir, Aktau, Kurık,
Türkmənbaşı və Bakı limanları bir mexanizm
kimi fəaliyyət göstərməlidir. Əlbəttə ki, əgər sizin tranzitin həcmi
və biznes üçün əlverişli
olacağını hesab etdiyiniz müəyyən ideya və
tövsiyələriniz varsa, yüksək qiymətləndiriləcək.
Moderator Mixael
Harms: Təşəkkür
edirəm. Cənab Kerstgins, buyurun.
“Rhenus SE & CO.
KG” şirkətinin təmsilçisi Haynrix Kerstgens: Cənab Prezident, Siz artıq
mənim bir çox sualıma cavab vermiş oldunuz. Bizim “Reynos” 60 ölkədə fəaliyyət
göstərən, 40 min işçisi olan logistika şirkətidir.
Sizin ölkənizdə 8 ildir fəaliyyət
göstəririk, Bakıda ofisimiz var. Biz, həmçinin Mərkəzi
Asiya, Çin və Hindistanda fəaliyyət göstəririk.
Mən ötən həftə Azərbaycandan
ikinci işgüzar səfərdən qayıtmışam.
Hazırda bizim strategiyamız Orta Dəhlizi həqiqətən
də yaxşı işlək vəziyyətə gətirmək
üçün əlimizdən gələni etməkdən
ibarətdir. Mən bununla bağlı
iqtisadiyyat nazirinin müşavirləri, nəqliyyat nazirinin
müşavirləri və Ələtdəki Bakı
limanının baş icraçı direktoru və Ələt
Azad İqtisadi Zonasının baş icraçı direktoru ilə
danışıqlar aparmışam. Danışıqlar
çox yaxşı, çox səmərəli keçdi.
Biz Bakı limanı ilə bağlı
araşdırmalar apardıq, bəzi planlar qurduq və onu
baş icraçı direktora təklif etdik. Biz
limanın 2-ci və 3-cü mərhələsində
gördük ki, sizin planlaşdırdığınız
potensial texniki-iqtisadi cəhətdən əsaslandırılmamış
ola bilər. Biz belə fikrə
gəldik ki, limanın konteyner hissəsini yenidən layihələndirək,
bu, xeyli ucuz olacaq, 1 milyard əvəzinə, cəmi 200 milyon
avro təşkil edəcək. Biz artıq
bir həftədir bunun üzərində işləyirik.
İqtisadiyyat Nazirliyi ilə müzakirə
etdiyimiz başqa bir məsələ Xəzər dənizində
gəmiçilik oldu, çünki hazırkı potensial gələcəkdə
ehtiyac olacaq nəqliyyata tab gətirə bilməyəcək.
Xəzər dənizi üçün optimal
ölçüdə olan gəmilərin layihələndirilməsi
zəruridir. Artıq iki dəfə qeyd
etdiyiniz kimi, Xəzər dənizi getdikcə dayazlaşır.
Beləliklə, problem quraqlıqdır. Almaniyada Reyn çayı ilə bağlı bu
cür problem var idi. Xüsusi gəmiçilik
konsepsiyasının hazırlanmasına ehtiyac duyulur. Yəni, onun göyərtəsinin qabaq və arxa hissələri
başqa cür layihələndirilə bilər. Hesab edirik ki, gələcəkdə
optimallaşdırılmış gəmilərə ehtiyac
olacaq. 20-40 belə gəmi Qazaxıstanla Azərbaycan
arasında bölüşdürülə bilər. Çünki gəmilər 20 ildən 40-50 ilə
kimi istismar oluna bilər. Eyni zamanda, mühərrik
təkcə daxiliyanma mühərriki olmalı deyil. Bütün bunlar nazirliklərlə, sənaye sahəsindən
olan insanlarla, universitetlərlə birlikdə edilməlidir,
investisiya təkcə bir özəl şirkət tərəfindən
yatırıla bilməz, dövlətin birgə səyi
olmalıdır. Mənim son olaraq qeyd etmək
istədiyim, Siz artıq qeyd etdiniz Bakı-Tbilisi-Qars xəttidir.
Siz, həmçinin Türkiyəyə, Qarsa
qapı olan Axalkalakinin istismarında səhmdarsınız.
Gördüyümüz odur ki, terminalın
planlaşdırılması əsaslandırılmış
şəkildə olmayıb. Təcili
olaraq yenidən layihələndirilməlidir. Biz bu işdə sizə kömək etməyə
hazırıq. Lakin bu, edilməlidir,
çünki əks halda Türkiyə ilə yaxşı
bağlantı olmayacaq. Təşəkkür
edirəm.
Prezident İlham
Əliyev: Dəyərli
fikirlərinizə görə təşəkkür edirəm.
Şadam ki, bu yaxınlarda Bakıda olmusunuz və
bütün rəsmi şəxslərlə
görüşmüsünüz. Siz
Ələt Azad İqtisadi Zonasını, limanı, Nəqliyyat
və İqtisadiyyat nazirliklərini qeyd etdiniz. Bununla bağlı yaxşı təmaslar var və əlbəttə
ki, sizin gəmilərin dizaynının
optimallaşdırılması ilə bağlı tövsiyələriniz
yüksək qiymətləndirilir. Çünki
mənim bildiyimə görə ideya bizdə olan gəmilərin,
istər quru yük gəmisi və ya tankerlərin
inşasının davam etdirilməsindən ibarətdir.
Əgər hansısa səbəblərdən və
ya bəlkə dayaz sular səbəbindən, bəzi
kanalların qazılması ilə əlaqədar, - biz hələ
də Xəzərin hər iki tərəfində kanallar
qazmalıyıq, - gəmilərin
optimallaşdırılması ilə, imkanların genişləndirilməsi
və ya sürətinin artırılması ilə
bağlı yeni yanaşma olsa, düşünürəm ki,
bu, nəzərə alınacaq. Axalkalakidəki
terminala gəlincə, bu, da maraqlı olar, çünki mən
bu texniki məsələlərlə dərindən məşğul
olmuram, mənim hədəfim Bakı-Tbilisi-Qarsın genişlənməsi
üçün maliyyələşməni təmin etmək
olub. Lakin sözsüz ki, biz səmərəliliyə
əsaslanaraq, həmçinin dəniz limanının
genişlənməsi ilə əlaqədar bunu etməliyik.
Əgər eyni işi aşağı qiymətlə
görə biliriksə, əlbəttə ki, biz bunu etməliyik.
Sözsüz ki, sizin təkliflərinizlə tanış
olmağa çox şad olarıq. Mən
İqtisadiyyat Nazirliyinin bu təklifləri
alıb-almadığını bilmirəm. Beləliklə, qərar vermək üçün
bir neçə həftəyə təklif olacaq, elə
deyilmi? Çox yaxşı, bu barədə
məlumat verərsiniz. Təşəkkür
edirəm.
“Thales” şirkətinin
Azərbaycan və Gürcüstandakı təmsilçisi
Henrik Klaner: Hörmətli
cənab Prezident Əliyev. Vaxt
ayırdığınıza görə öz adımdan Sizə
təşəkkür edirəm. Faktiki
olaraq ki, mən 20 ildən çoxdur ki, Azərbaycandayam.
Yəqin ki, bilirsiniz, bizim Bakı metrosu ilə
bağlı layihəmiz var. Gələcəkdə biz Azərbaycan
Dəmir Yolları İdarəsi ilə əməkdaşlıq
etməyə hazırıq. Üç həftə
bundan əvvəl mən “Azərbaycan Dəmir Yolları”
QSC-nin sədri cənab Rüstəmovla görüşmək
şərəfinə nail oldum. Biz Bakıdan
Gürcüstan sərhədinə uzanan Şərq-Qərb dəhlizinin
müasirləşdirilməsi və bərpası ilə
bağlı söhbət etdik. Biz, həmçinin
İrandan Bakı vasitəsilə Rusiya sərhədinə
çatan Şimal-Cənub dəhlizi
adlandırdığımız hissəni müzakirə etdik.
Bu, bizim gələcəkdə əsas işlərimizdən
biridir. Biz Azərbaycan dəmir
yollarını daha da təkmilləşdirməyə
hazırıq. İlk layihə kimi deyə
bilərəm ki, şirkətin Bakıda səlahiyyətli mərkəzinin
açılması planlaşdırılır. Bu, Azərbaycan, Gürcüstan və Mərkəzi
Asiyadakı fəaliyyətin özəyi olacaq. Bir əlavə məlumat da verim ki, “Thales”in Almaniya səhmi
Yaponiyanın “Hitachi” şirkətinə satılacaq. Beləliklə, gələcəkdə şirkət
“Hitachi Almaniya” adı altında fəaliyyət göstərəcək.
Yəni, “Thales”in bundan sonra Azərbaycanda başqa fəaliyyəti
olmayacaq. O dəyişir və bu, artıq alman biznesi olacaq. Təşəkkür edirəm.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Bütün bu layihələr
çox mühüm əhəmiyyət kəsb edir. Çox şadam ki, rəsmilərlə
görüşmüsünüz. Metro
tikintisi ilə bağlı siz bizim planımızdan xəbərdarsınız.
Biz bunu mərhələli şəkildə həyata
keçiririk. Mən artıq qeyd etdiyim
kimi, dəmir yollarını təkmilləşdirməliyik.
Şərq-Qərb əsas etibarilə
tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti
çox aşağıdır. Hazırda
biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən
qurulmasına investisiya yatırırıq. Ümidvaram ki, bir neçə ilə bu, tamamlanacaq.
Biz, həmçinin Cənub istiqamətində
gedən dəmir yolunun istiqamətini dəyişməyi
planlaşdırırıq. Çünki
hazırda o, birbaşa Xəzər dənizinin sahilinə gedib
çıxır. Şimal-Cənub nəqliyyat
dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan
30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan
tranzit ölkə kimi istifadə etməyi
planlaşdıranlardan aldığımız son məlumatdır.
Ona görə də bizim bu həcmdə
yükü nəql etmək imkanına sahib olan bir dəmir
yolumuz olmalıdır. Ümidvarıq ki,
bu marşrut boyunca çoxlu biznes fəaliyyəti olacaq,
söhbət təkcə dəmir yolunun inşasından deyil,
bütün vacib sənaye, ticari infrastrukturdan gedir və əlbəttə
ki, dəmir yolları müasir standartlara uyğun inşa edilməlidir.
Həqiqətən də açıq dənizə birbaşa
çıxışı olmadan Azərbaycan artıq mühüm
nəqliyyat qovşağına çevrilir, təkcə Şərqdən
Qərbə və əks istiqamətdə deyil, həm də
Şimaldan Cənuba və Şimaldan Qərbə. Bilirsiniz ki,
mallarını ixrac edə bilmək üçün
hazırda şirkətlərin öz yüklərinin nəqli
üçün yeni yollar tapmasına böyük ehtiyac var. Beləliklə,
nəqliyyat iqtisadiyyatımızın lokomotivlərindən
biri olacaq. Ümidvarıq ki, söhbət təkcə tranzit gəlirlərinin
əldə edilməsindən getmir, biz marşrut boyunca biznes
üçün, əsasən kiçik və orta müəssisələr
üçün əlavə imkanlar yaratmaq istəyirik və
düşünürəm ki, Ələt Azad İqtisadi
zonası xarici istehsalçıların Azərbaycana cəlb
olunması baxımından mühüm rol oynayacaq.
Almaniyanın
“Silkway West Airlines” şirkətinin təmsilçisi: Hörmətli cənab
Prezident. Xanımlar və cənablar. Mən burada Almaniyanın “Silkway West Airlines” şirkətini
təmsil edirəm. “Silkway West” Azərbaycana
uçuşlar həyata keçirir. Biz
Afrikaya Frankfurt-Hahn hava limanından həftədə 28 reys və
Leypsiq hava limanından əlavə reyslər həyata
keçiririk. Biz Bakı habından istifadə
edirik. Bakı habının fəaliyyəti
çox yaxşıdır. Mən
Bakıdakı hava limanını nəzərdə tuturam.
Asiya-Sakit okean regionuna, eləcə də Mərkəzi Asiya
regionuna tranzit uçuşlarımız var. Bakı Almaniya
iqtisadiyyatı üçün, 90 milyondan çox insan
üçün həm də aeroport habıdır. Mən bu açıqlamanı ona görə verirəm
ki, biz bu sahədə aparılan işlərdən çox məmnunuq.
Hökumətinizin Almaniya hökumətinə dəstəyinə
görə təşəkkür edirəm. Çünki son bir neçə ildə, xüsusilə
COVID pandemiyası dövründə bu aviareyslərin həyata
keçirilməsinə böyük dəstək vermisiniz.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm, çox şadam ki, siz məmnunsunuz. Bu,
ən yaxşı xəbərdir. Sizə
gələcəkdə uğurlar arzulayıram.
“Luna Group”un
baş icraçı direktoru Merko Novak: Zati-aliləri, cənab
Prezident. Burada olmaq şərəfdir. Təşəkkür edirəm, xanımlar və cənablar.
Baş ofisi Hamburqda yerləşən, artıq 30 ildir ki,
Şərqi Avropa ilə işləyən bizim şirkət əsasən
logistika və strukturun inkişafı üzrə
ixtisaslaşıb. Son iki ildə ən sevimli
mövzularımdan biri Orta Dəhliz, bu dəhlizin
inkişafı məsələsidir. Bu məqsədlə
biz Gürcüstanda şirkət yaratmışıq və
hazırda faktiki məlumatlar və göstəricilər,
növbəti 30 il üçün
proqnozlarla birlikdə Orta Dəhlizin texniki-iqtisadi əsaslandırılması
işlərini aparırıq. Bu, gələn
ayın sonunda hazır olacaq. Düşünürəm
ki, Sizin üçün də maraqlı
olar.
Biz limanların
infrastrukturunun inkişafı üzərində də işləyirik. Konstansa
limanında bizim nəhəng investisiya layihəmiz var.
Sözsüz ki, biz Poti və Anakliya limanlarını da nəzərdən
keçiririk. Orada aktiv fəaliyyət
göstərmək istəyən investor var. Yeni Poti limanı
və terminalı, Anakliya limanı. Sizə
sualım belədir ki, hazırda beynəlxalq logistikada fəal
inkişaf edən Qazaxıstan dəmir yolu kimi, - eşitdiyimə
görə, onlar Poti limanına investisiya yatırmaq istəyirlər,
bəlkə də Anakliyaya, hazırda mən rəqəmləri
bilmirəm, - lakin ümidvaram ki, cəlbedici olacaq. Yəqin ki, Qara dənizə yeni
bağlantının yaranması Azərbaycan üçün
də maraqlı olar. Biz orada çox fəalıq.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Səhv etmirəmsə, mənə
Gürcüstanın Anakliya limanı layihəsi barəsində
məlumat verilib. Gürcüstan dövlətinin
dəvəti əsasında biz həmin layihənin həmsərmayəçisi
olmaq imkanını nəzərdən keçirməyə
başladıq, lakin sonra bildiyiniz kimi, Anakliya limanı layihəsi
təxirə salındı. İndi isə o, yenidən
gündəmə gəlib və biz bu layihəyə yenidən
baxmalıyıq, çünki hər halda onun vaxtilə təxirə
salınmasının indi isə yenidən canlanmasının
səbəbləri var. Əlbəttə, sərmayədarların
tərkibi, pay bölgüsü və həmsərmayədarların
kimlərdən ibarət olacağı haqqında məlumatımız
olsa, biz bu imkanları yenidən nəzərdən keçirə
bilərik.
Bizim artıq müzakirə
etdiyimiz kimi, Xəzər dənizindən keçəcək
bağlantı reallaşacağı təqdirdə Qara dənizin
sahilində limanların texniki imkanları genişlənməli
olacaq. Onu da əlavə
etmək istəyirəm ki, Qara dənizdə bizim Xəzər
Dəniz Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər
üzür və şirkətin əlavə gəmilər
almaq planları var. Onlar həm Xəzər dənizində, həm
də Qara dənizdə fəaliyyət göstərir, ancaq
Qara dənizdəki fəaliyyətləri nisbətən məhduddur.
Hesab edirik ki, Azərbaycanın Xəzər Dəniz
Gəmiçiliyi şirkəti Qara dənizdə də daha
geniş təmsil oluna bilər. Bilirəm
ki, Gürcüstan və Avropa limanları istiqamətində fəaliyyət
göstərəcək “Ro-Ro” tipli bərələrin və
digər növ gəmilərin inşası nəzərdə
tutulub. Azərbaycanın Xəzər Dəniz
Gəmiçiliyi şirkətinin potensialı və
müvafiq dövlət dəstəyi var. Qeyd etdiyim fürsətlərdən
yararlanmaq, işgüzar fəaliyyət göstərmək və
nəqliyyat təhlükəsizliyinə töhfə vermək
üçün dövlət şirkətə maliyyə dəstəyi
də verə bilər. Beləliklə, gəlin
müzakirə edək, rəqəmlərə baxaq və sonra
qərar verək.
Moderator Mixael
Harms: Növbəti
çox vacib seqment kənd təsərrüfatıdır.
“Europlant
Pflanzenzucht” şirkətinin ixracat üzrə direktoru Tomas
Bottner: Burada
sual vermək imkanına görə çox təşəkkür
edirəm. Maraqlıdır ki, kənd təsərrüfatı
bu gün bu müzakirənin bir hissəsidir. Sizin qeyd etdiyiniz kimi, ölkəniz neft və qaz sahəsindən
asılılığı azaltmaq istiqamətində
çalışır. Biz şadıq ki,
bu tədbirdə iştirak edirik. Biz kartof
toxumçuluğu ilə məşğul olan 120 illik təcrübəyə
malik şirkətik. Biz ölkənizin əsas
toxum təchizatçısıyıq. Söhbət
təkcə supermarketlərdə satılan məhsuldan deyil,
kartof çipsisi və qızardılmış kartofdan gedir
ki, ölkəniz artıq bunu xaricdən idxal etməsin və
gələcəkdə bu emal olunmuş kartof məhsullarını
ixrac edə bilsin. Gələcəkdə biz Sizin istehsalçılara məhsuldarlığı
və səmərəliliyi artırmaq üçün dəstək
verməyə hazırıq. Təşəkkür
edirəm.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Azərbaycanda kartof istehsalına gəldikdə,
bilirsiniz, nəhayət ki, biz artıq özümüzü
tam təmin edirik. Bəzi illərdə biz
hətta kartofu ixrac etmişik. Ancaq məhsuldarlıq
artırılmalıdır. Azərbaycanın
bəzi bölgələrində isə kartof istehsalı
olduqca yüksək səviyyədədir. İndi isə
işğaldan azad olunmuş Qarabağın və Şərqi
Zəngəzurun böyük kənd təsərrüfatı
potensialı var. Hazırda Kənd Təsərrüfatı və
İqtisadiyyat nazirlikləri, həmin zonalarda Prezidentin
xüsusi nümayəndələri və digər qurumlar birgə
çalışırlar ki, kənd təsərrüfatına
uyğun torpaqlardan maksimal səmərəliliklə istifadə
edilsin. Çünki 30 il ərzində Ermənistan
qanunsuz olaraq torpaqlarımızı istismar edib, lakin bu da səmərəsiz
edilib. Onlar heç bir vəsait
yatırmayıb, sadəcə, torpaqdan istifadə ediblər və
bu səbəbdən məhsuldarlıq Azərbaycanda digər
növlərlə müqayisədə üç dəfə
aşağı olub. İndi isə biz azad olunmuş ərazilərə
qayıdacaq fermerlərimiz üçün hansı məhsulların
yetişdirilməsi ilə bağlı tövsiyələr
hazırlayırıq və zənnimcə bu iş bitib. Biz onları məcbur edə bilmərik. Lakin güzəştli subsidiyalarla biz onları istiqamətləndirə
bilərik ki, bəzi torpaqlar kartof, digərləri başqa tərəvəz
və meyvələr üçün istifadə edilsin.
Toxum təchizatının nə
dərəcədə vacib olduğunu siz hamıdan
yaxşı bilirsiniz. Kartof çipsisinin istehsalına
başlamısınızsa çox yaxşı haldır.
Bu, həm də bizim idxaldan
asılılığımızı azaldacaq. Azərbaycanda istehsal ilə bağlı
planlarınız nədir?
Tomas Bottner: Əsas məsələ məhsuldarlıqdır.
Hər hektardan neçə ton əldə edilməsi
vacibdir, çünki məhsuldarlıq aşağı olsa
idxal etmək daha sərfəli olur. Bu səbəbdən
bizim əsas hədəfimiz məhsuldarlığı
artırmaqdır.
Prezident İlham
Əliyev:
Çox yaxşı, sağ olun.
Moderator Mixael
Harms: Cənab
Prezident, burada “Claas Global Sales GmbH” şirkətinin regional
direktorunun nümayəndəsi Klima Martin iştirak edir. Şirkət avadanlıq istehsalı üzrə
ixtisaslaşıb.
Klima Martin: Siz məhsuldarlıq
haqqında danışdınız. Bu gün kənd
təsərrüfatı sahəsində kiçik və orta həcmli
istehsaldan, sənaye həcmli istehsala keçid baş verir və
daha müasir texnologiyalar və böyük avadanlıq və
qurğular tətbiq edilir. Bizim bu gün
üzləşdiyimiz problem tərəfdaşlarımızın
böyük avadanlıqların istifadəsində maliyyə
sıxıntısıdır. Mənim
sualım həmin avadanlığın idxalına maliyyə dəstəyinin
verilə bilməsi ilə bağlıdır. Bununla yanaşı, həmin avadanlığın
istismarı və texniki baxışı ilə təlimlərin
keçirilməsi də vacibdir. Bu sahədə
daha çox təlimdən keçən insanların
olması əsas məsələlərdən biridir.
Prezident İlham
Əliyev: Sağ
olun. Sizin məhsullarla tanışam,
çünki kənd təsərrüfatı sərgilərində
sizin dəfələrlə stendlərinizdə olmuşam.
Əvvəllər sizin məhsullarınızı
dövlət vəsaiti hesabına əldə edirdik, indi isə
vəziyyətin nə yerdə olması ilə bağlı məlumatım
yoxdur. Özəl şirkətlərdə
maliyyə problemlərinin olması, kreditlərin
ayrılması, yoxsa avadanlığın birbaşa sizdən
alınması – problem nədən ibarətdir? Praktiki cəhətdən nə etmək
lazımdır ki, əməkdaşlığımızı
genişləndirək?
Klima Martin: Özəl şirkətlərin
daha çox maliyyə vəsaitinə ehtiyacı var,
çünki məhsulun həcmi artır və tələbatın
fonunda bu tipli avadanlığa ehtiyac yüksəlir. Dediyim kimi, texniki servis və təlimlər.
Prezident İlham
Əliyev: Təlimlərə
gəldikdə, ümid edirəm ki, siz bu xidməti təşkil
edəcəksiniz. Maliyyə vəsaitinə gəldikdə
isə bizim kiçik və orta sahibkarlığın dəstəklənməsi
mexanizmimiz var – İqtisadiyyat Nazirliyinin tabeliyində olan fond
vasitəsilə. İqtisadiyyat naziri həmin
subsidiya və güzəştli kreditlər barəsində məlumat
versin.
Mikayıl Cabbarov:
Təşəkkür
edirəm, cənab Prezident. Sual yəqin ki,
güzəştli maliyyələşmə ilə
bağlıdır. Hazırda bu maliyyələşmənin
illik həcmi avro ekvivalentində 100 milyona bərabərdir.
Kredit əsasən kiçik və orta sahibkarlıq
subyektlərinə 7 illik müddətinə verilir və məqsəd
müəssisələrin müasirləşdirilməsidir.
Biz sizinlə əlaqə yaradıb müəyyən
yeni proqramı nəzərdən keçirə bilərik.
Burada maliyyələşmə dövlət tərəfindən
deyil, kommersiya bankları tərəfindən həyata
keçirilir.
Prezident İlham
Əliyev:
Bununla yanaşı, hesab edirəm ki, sizin üçün
yaxşı imkan Qarabağda servis mərkəzinin
yaradılması ola bilər. Bizim Qarabağda iki sənaye zonamız var – Ağdam
və Cəbrayılda. Orada artıq müəyyən
avadanlığın istehsalı ilə bağlı tikinti
işləri gedir. Zənnimcə, bu, hər
baxımdan əlverişlidir, çünki “Claas” şirkətinin
traktor və kombaynları Azərbaycanda çox populyardır.
Burada potensial böyükdür, çünki həmin
bölgələrdə geniş kənd təsərrüfatı
fəaliyyəti olacaq.
Alman Aqrobiznes Alyansının icraçı
direktoru Brodersen Per: Biz aqrobiznes seqmentini təmsil edirik. Siz təbii sərvətlərdən və bərpaolunan
enerjidən danışdınız. Kənd təsərrüfatı
sahəsində ölkənizdə müəyyən məhsullar
- pomidor və şəkər çuğunduru istehsalında
gözəl nəticələr var. Lakin 2020-2021-ci illərdə
rəqəmlərə baxsaq görərik ki, ölkəniz
300 milyon dollarlıq tərəvəz idxal edib. Biz ölkənizlə
məhsuldarlığın artırılması, yeni iş
yerlərinin yaradılması baxımından əməkdaşlıq
etmək istəyirik. Siz iqlim dəyişikliyi və
su qıtlığına toxundunuz. Bizim
alyans bu baxımdan da Azərbaycan ilə kənd təsərrüfatı
sahəsində əməkdaşlığa hazırdır.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Siz suvarma ilə bağlı çox
vacib məsələyə toxundunuz. Bu
yaxınlara qədər bizdə bu sahədə çox xaotik
vəziyyət var idi. Xüsusilə də
bizim su anbarlarımızda sayğacların olmaması və
fermerlər arasında su bölgüsünün ədalətsiz
olması. Bu sahədə keyfiyyətsiz
idarəçilik və pozuntular var idi. İndi
isə biz bu işlə məşğul olan xüsusi
hökumət komissiyası yaratmışıq. Anbarların monitorinqi gündəlik həyata
keçirilir. Bu, ilk məsələ idi.
İndi isə biz sudan istifadədə
müasir texnologiya tətbiq etməliyik, çünki dediyim
kimi, bizdə quraqlıq müşahidə olunur. Son 5-6 ildir ki, bizdə quraqlıq müşahidə
edilir. Əvvəllər belə olmayıb, bir il vəziyyət yaxşı olurdu, növbəti
il isə yox. İndi isə proses dayanmadan davam edir və
çaylarımızda suyun səviyyəsi dayanmadan azalır.
Bizə müasir sistemlər
lazımdır ki, suya qənaət etsin. Bundan əlavə,
sovet dövründə inşa edilmiş kanallar beton deyil,
torpaq kanallardır. Əlbəttə ki, su
torpağa sızır, itkilərimiz çoxdur. Bundan əlavə, torpaq da münbitliyini itirir. Yəni, indi biz həmin kanalların müasirləşdirilməsi,
ən səmərəli texnologiyanın seçimi və
suvarma məsələləri kimi
çağırışla üzləşmişik.
Ərzaq təhlükəsizliyi
çox vacib məsələdir. Biz tələbatımızı
tam şəkildə təmin edə bilməsək də
çalışmalıyıq ki, əsas tələbatımızı
təmin edək. Məsələn,
taxıl istehsalına gəldikdə, biz 100 faiz təminat kimi
hədəf qoymuruq. Çünki bu,
böyük torpaq sahələri tələb edəcək.
Bu torpaqlar daha səmərəli şəkildə
digər məhsullar üçün istifadə oluna bilər.
Dediyim kimi, təhlükəsizlik
baxımından özümüzü tam təmin etməyə
çalışmalıyıq.
Bu gün təchizat zəncirində
fasilələr yaranır, hətta müqavilə
bağlayıb ödəniş edilən məhsulları idxal
etməkdə çətinlik yaranır. Biz bir
neçə dəfə belə vəziyyətə
düşmüşük. Yəni, ərzaq
təhlükəsizliyi bir nömrəli məsələyə
çevrilir. Suyun olması bunun
üçün əsas meyardır. Hesab
edirəm ki, biz bu sahədə uzunmüddətli institusional əməkdaşlıq
edərək su ehtiyatlarının idarə olunması ilə
bağlı strategiya hazırlaya bilərik. Bu sahədə bizə dəstək verə bilsəniz
minnətdar olarıq.
Moderator Mixael
Harms: Cənab
Prezident, daha iki suala vaxtınız varmı?
Prezident İlham
Əliyev:
Əlbəttə.
Moderator Mixael Harms: Daha iki vacib sahə
maliyyələşmə və texniki qaydalardır.
“ODDO BHF” maliyyə
qrupunun baş regional meneceri Yevgeni Epifanov: Salam, cənab Prezident. Bizimlə görüşdüyünüzə
görə sağ olun. Mən bank sahəsini
təmsil edirəm. Sizin qeyd etdiyiniz kimi,
Rusiya-Ukrayna müharibəsi Azərbaycan kimi ölkələrə
yeni imkanlar açıb. Biz artıq Azərbaycanda
təmsil olunur, Azərbaycan Beynəlxalq Bankı və
“Paşa Bank” ilə əməkdaşlıq edirik. Biz böyük layihələri dəstəkləməyə
hazırıq. Biz İqtisadiyyat Nazirliyinin,
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
Almaniyanın ixrac agentlikləri arasında əməkdaşlığını
təşviq etməyə hazırıq. Bizim
ötən ilin oktyabrında Mərkəzi Bankın sədri
Taleh Kazımovla da səmərəli
görüşümüz oldu.
Prezident İlham
Əliyev: Sağ
olun. Yəqin bilirsiniz ki, bizim
qonşuluğumuzda sanksiyalardan yayınma kimi qanunsuz fəaliyyətlə
məşğul olanlar var. Belə məlumatlar mövcuddur.
Həmin ölkənin ingilis dilində adı da “A” ilə başlayır, lakin bu Azərbaycan
deyil. Bu, sirr deyil, bütün rəqəmlər
bəllidir. Biz gözləyirik ki, onlara bu əməllərinə
görə sanksiyalar tətbiq olunsun. Yaxud
ümumiyyətlə, buna görə onlara sanksiya tətbiq
ediləcəkmi? Müxtəlif dövlətlərin
nüfuzlu rəsmi nümayəndələrinin dediklərinə
nəzər salsanız anlayarsınız ki, bu çirkli
bizneslə kim məşğul olur.
Azərbaycan bu işlə məşğul
deyil və bu prosesin ilk günlərindən mənim bununla
bağlı təlimatım aydın olub - paralel idxala və
sanksiyalardan yayınma üçün hər hansı fürsətə
imkan verilməsin. Biz qanuna tabe ölkə və xalqıq.
Bizim başağrısına və çirkli
pullara ehtiyacımız yoxdur. Əldə
etdiyimiz vəsait özümüzə kifayətdir və biz
maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq. Siz qeyd etdiniz ki, Azərbaycanda müəyyən vaxt
keçirmisiniz. Ümid edirəm ki, həmin
dövrdən zövq almısınız.
Şadam ki, siz ölkənin
aparıcı maliyyə qurumları ilə təmasdasınız. Bilirsiniz ki,
ölkəmizin bank sektorunda olduqca ciddi problemlər var idi.
Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ilə
bağlı idi ki, bu, az qala Azərbaycanın
maliyyə sisteminin dağıdılması cəhdi idi. Bu, məqsədyönlü təxribat idi və sadəcə,
dövlət vəsaitinin oğurlanması deyildi. Bu, Azərbaycanın maliyyə sisteminin
dağıdılması cəhdi idi. Bizim
bunun arxasında kimlərin dayanması ilə bağlı
müəyyən mənada təsəvvürümüz var.
Burada böyük təmizləmə
işləri aparıldı və zənnimcə, nəhayət
ki, prosesin sonuna çatmışıq. Beləliklə,
Azərbaycanın bank sektoru heç vaxt olmadığı qədər
sağlamdır. Mərkəzi Bankdan mənə verilən
əlavə məlumata görə, hələ də müəyyən
həll edilməli məsələlər var. Lakin əminəm
ki, tezliklə Azərbaycanın bank sistemi regionun ən şəffaf
və səmərəlilərindən biri olacaq.
“ALPHA GmbH” şirkətinin
icraçı direktoru Tomas Krause: Zati-aliləri cənab Prezident, bu
gün Sizinlə bir yerdə olub ölkələrimizin mənafeyi
naminə müxtəlif sahələri əhatə edən
mövzuları müzakirə etmək olduqca xoşdur. Biz mühəndis şirkətlərinə
müvafiq həllər təklif edirik. Texniki
nizamnamələr, layihə idarəetməsi, zavod tikintisində
təhlükəsiz həllər, kibertəhlükəsizlik
sahəsində xidmətlər göstəririk. Azərbaycanda bir sıra şirkətlər, o
cümlədən “Siemens Energy” ilə əməkdaşlıq
etmişik.
Prezident İlham
Əliyev: Bizim
hər beş ildən bir qəbul olunan
beşillik Regional İnkişaf Proqramımız var. Birinci belə
proqram 2004-cü ildə mənim ilk dəfə Prezident
seçilməyimdən bir neçə ay sonra qəbul edilib.
Hazırda biz 4-cü proqramın
yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda
dərc edilib. Bu proqramlar konkretdir və beş
il ərzində Azərbaycanda həyata keçiriləcək
layihələri əks etdirir. Bundan əlavə,
bizim illik sərmayə proqramımız var. İndi biz onu iki
yerə bölmüşük. Biri ənənəvidir,
digəri isə Qarabağın və Şərqi Zəngəzurun
bərpası ilə bağlıdır. Bu
və növbəti illər üçün nəzərdə
tutulmuş layihələr haqqında məlumat İqtisadiyyat
Nazirliyindədir. Nazir buradadır və siz
sonra onunla daha praktiki məsələləri müzakirə edə
bilərsiniz.
Eyni zamanda, əvvəl də
qeyd etdiyim kimi, biz artıq 2030-cu ilə qədər 42-50
milyard ABŞ dolları investisiya həcmində milli inkişaf
strategiyasını təsdiqləmişik. Bu
investisiyaların əksəriyyəti dövlət tərəfindən
maliyyələşəcək. Lakin, eyni
zamanda, özəl-dövlət tərəfdaşlığı
layihələri də olacaq. Buna görə
icra edəcəyimiz və tərəfimizdən icra edilməsi
lazım olan konkret layihələr əminəm ki, bizim nazirin
kitabçasında qeyd edilib. Beləliklə,
bu layihələrdə iştirak edə bilərsiniz.
Moderator Mixael
Harms: Cənab
Prezident, çox sağ olun. Bizə vaxt
ayırdığınız üçün çox sağ olun. Biz hətta nəzərdə
tutulan qrafikdən kənara çıxdıq. Biz Sizin vaxt cədvəlinizi bilirik, buna görə
bu, bizim üçün şərəfdir. Hesab edirəm ki, biz məqsədimizə tamamilə
nail olmuşuq. Bizdə çox uzun təqib
olunası layihələr siyahısı var. İcazə verin,
onların bir neçəsini qeyd edim. Hesab
edirəm ki, sözsüz ki, yaşıl enerji prioritet məsələlərdən
biridir. Ölkənizin böyük
potensialını nəzərə alaraq, xüsusilə
yaşıl enerjinin logistikası çox vacibdir. Çünki dünya miqyasında çoxlu layihələr
var. Məsələn, hidrogen, lakin yaşıl hidrogen və
digər enerji mənbələri üçün ən
yaxşı logistikanı təşkil edə biləcək
ölkə yarışda qalib gələcək və burada Azərbaycan
çox yaxşı mövqedədir. Nəqliyyat
və infrastruktur da çox vacibdir və
açıq-aydın olan məsələdir.
Siz təkcə nəqliyyat və logistikanı yox, həm də nəqliyyat marşrutları boyunca sənaye inkişafını qeyd etdiniz. Hesab edirəm ki, bu da çox vacib məsələdir. Sonra rəqəmsallaşdırma və kənd təsərrüfatı qeyd edilmişdir və bütün sahələr üçün iştirakçıların bəziləri tərəfindən kadrların təlimi məsələsi də qeyd olunmuşdur. Bu da çox vacib məsələdir və bu məsələdə biz əməkdaşlığa hazırıq. Sonuncu xüsusi məsələ, - çünki bizdə olan məlumata görə, bu məsələ də ölkəniz üçün çox vacibdir, - suvarma kanalları sistemlərinin reabilitasiyasıdır. Burada hesab edirəm ki, Almaniyanın sizə təklif edə biləcəyi bir çox şeylər var. Bu məsələ də bizim təqib olunası məsələlər siyahısına daxil edilə bilər. Bəlkə nazirlə də müzakirəmiz olacaq və vaxtı çatanda müvafiq nazirliklərlə onlayn görüşlər keçiriləcək. Siz də ola bilsin, əlaqələndirici şəxs təyin edəcəksiniz və mən də sonra ilin ikinci yarısında Bakıya səfər edəcək biznes nümayəndə heyətini elan edə bilərəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Əvvəla, bu görüşü təşkil etmək üçün təşəbbüsü irəli sürdüyünüzə görə təşəkkür edirəm. Çox maraqlı müzakirələr üçün bütün iştirakçılara təşəkkürümü bildirirəm.
Yekunda bir neçə qeydimi bildirmək istəyirəm. Təhsillə bağlı biz Almaniya və Azərbaycan təhsil müəssisələri arasında bu sahədə daha çox əməkdaşlığın şahidi olmaqdan şad olardıq. Xüsusilə peşə təlimi sahəsində, çünki bizim müzakirə etdiyimiz sahələrdə, kənd təsərrüfatı və sairədə buna böyük tələbat var. Hesab edirəm ki, təhsil sahəsində əməkdaşlıqla bağlı bəlkə də xüsusi istiqamətə ehtiyacımız olacaq. Həmçinin nümayəndə heyəti Azərbaycana səfər etməzdən əvvəl təklif edərdim ki, bizə İqtisadiyyat Nazirliyi vasitəsilə konkret layihələr göndərilsin ki, siz və nümayəndə heyətiniz Bakıya gələndə biz artıq bütün bu təklifləri təhlil etmiş olaq və bəlkə də siz gələnə kimi və hətta ondan da əvvəl, işlər uğurla gedərsə, müqavilələr bağlayaq. Bu, sizin səfərinizin yaxşı əməli nəticəsi olar. Əlbəttə ki, mən bütün iştirakçıları və bəlkə də bu tərkibdən də böyük tərkibdə olan nümayəndə heyətini sizə münasib olan vaxtda Azərbaycana səfər etməyə və bir neçə gün ölkəmizdə keçirməyə və müzakirələri davam etdirməyə dəvət edirəm.
Mən Almaniya ilə Azərbaycan arasında müzakirə etdiyimiz sahələrdə və bu sahələrdən də kənara çıxaraq həqiqətən də güclü tərəfdaşlığın olacağını səbirsizliklə gözləyirəm. Diqqətiniz və təmkinli olduğunuz üçün çox sağ olun.
Azərbaycan.- 2023.- 15 mart.- S. 1; 3-8.