Azərbaycan zəfərin nəticələrini də
layiqincə qoruyur
Bir neçə gün əvvəl Azərbaycan Ordusunun bölmələri tərəfindən Laçın yolunun şimalında lokal nəzarət tədbirləri həyata keçirilib. Burada məqsəd həmin yoldan qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Hayastan tərəfindən silah-sursat daşınmasının və potensial təxribatların törədilməsinin qarşısını almaqdır.
Azərbaycanlı fəallar Laçın yolunda etiraz aksiyasına başladıqdan sonra Hayastan bu yol vasitəsilə separatçılara silah-sursat göndərə bilmədi. Ona görə də Qarabağ separatçılarına hərbi yükləri torpaq yoldan göndərməyə cəhd göstərildi. Martın 25-də əməliyyat nəticəsində həmin alternativ yol da hərbçilərimizin nəzarətinə keçdi.
Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Deputatların fikirlərinə görə, bu əməliyyat tədbiri Azərbaycanın yenilməz gücünün növbəti nümayişi oldu.
Azərbaycan ərazilərində istənilən vaxt antiterror əməliyyatı
apara bilər
Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Qarabağ iqtisadi rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında ermənilərin yaşadıqları torpaqlar Azərbaycanın suveren əraziləridir: "2020-ci ildə imzalanmış 10 noyabr üçtərəfli Bəyanatına əsasən, Qarabağda yaşayan ermənilərə humanitar məqsədli yüklərin daşınması üçün ancaq Laçın-Xankəndi yolundan istifadəyə icazə verilmişdi. Digər torpaq yollardan istifadə, yeni yolların çəkilməsi və gizli yollarla hərbi təyinatlı məqsədləri reallaşdırmaq tamamilə yolverilməzdir, imzalanmış bəyanata ziddir. Nəzərə almaq lazımdır ki, üçtərəfli Bəyanatda erməni quldur dəstələrinin ərazilərimizdən tamamilə çıxarılması nəzərdə tutulub. Buna baxmayaraq, Ermənistan Qarabağda hərbi tör-töküntülərini saxlayır və gizli yollarla hərbçilərin rotasiyasını və təminatlarını həyata keçirir. Azərbaycan Hayastandan bu özbaşınalıqlarını dayandırmasını dəfələrlə tələb edib, hətta onların bu davranışlarının video görüntülərini də təqdim edib. Amma onlar tələblərimizə məhəl qoymayaraq separatçıları silahlandırmağa və yenidən müharibə riskini artırmağa davam ediblər".
Deputat vurğulayıb ki, torpaqlarımızda ermənilərin özbaşınalıqlarını davam etdirməsinə yol vermək olmaz: "Ona görə də ordumuz hərbi əməliyyat keçirərək ermənilərin istifadə etdikləri bütün gizli yollarda nəzarətimizi bərpa edib. Ordumuzun keçirdiyi bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan öz ərazilərində istənilən vaxt antiterror əməliyyatı apara və ermənilərin məskunlaşdığı ərazilərdə dövlət quruluşunu bərpa edə bilər. Hesab edirəm ki, növbəti əməliyyatımız Laçın yolunun Hayastana birləşdiyi hissədə nəzarət-keçid məntəqəsinin yaradılması ilə bağlı olmalıdır. Bu nəzarət-keçid məntəqəsində Hayastandan ölkəmizin ərazisinə daxil olan bütün şəxslərin və yüklərin yoxlanılması həyata keçirilməlidir. Bu, beynəlxalq normalara da uyğundur. Üçtərəfli Bəyanatda yazıldığı kimi, maneəsiz keçid məsələsi gündəmə gələrsə, bu bəyanata Ermənistan da riayət etməli, 4,6 və 9-cu bəndlər dərhal icra olunmalı və Naxçıvana Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçidimiz təmin edilməlidir".
A.Badamovun sözlərinə görə, Rusiya və Hayastan hələ də öz öhdəliklərini icra etməkdən yayınırlar: "Belə olan halda, Laçın yolunda çox ciddi nəzarət tədbirləri təşkil olunmalı və humanitar məqsədlilər istisna olmaqla, digər bütün hərəkətlər qadağan edilməlidir. Qarabağda yaşayan ermənilər Azərbaycan qanunları ilə yaşamalı olduqlarını başa düşməlidirlər. Ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya üçün edilən çağırışlara nə qədər tez cavab versələr, bu, onların özləri üçün daha faydalı olar".
Əməliyyatın nəticələri qısa zamanda qəbul edildi
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadə separatçılara yalnız hərbi-təxribat törətmək imkanları yaratmırdı: "Elə bir mənzərə formalaşdırmışdı ki, sanki Ermənistan və havadarları bölgədə Azərbaycanın iradəsinə zidd tədbirlər reallaşdıra bilərlər. Lakin Azərbaycan Ordusunun bölmələri tərəfindən böyük peşəkarlıqla lokal zəruri nəzarət tədbirləri həyata keçirildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Hayastana və onun havadarlarına, həmçinin bütövlükdə dünyaya göstərdi ki, bölgənin sahibi bizik və Azərbaycan qələbə qazandığı kimi Zəfərin nəticələrini də ləyaqətlə qorumağı yaxşı bacarır".
Deputatın dediyinə görə, bu əməliyyat eyni zamanda özünü Ermənistanın və separatçıların himayəçisi kimi aparan Fransa, İran, Avropa Parlamenti və Rusiya sülhməramlıları üçün də dərs oldu: "Məhz belə havadarlarının sayəsində Qarabağdakı erməni ordu qalıqları və qanunsuz silahlı dəstələr təxribatları açıq və intensiv şəkildə həyata keçirirdilər. Belə bir fikir formalaşdırmağa çalışırdılar ki, sanki təxribatçılar Rusiya əsgərlərinin himayəsi altında istədiklərini edə bilərlər. Ermənilər məhz bu eyforiyaya qapılaraq yenidən fəallaşmağa və revanşist bəyanatlar verməyə başlamışdılar. Lakin Ali Baş Komandan sözügedən ərazilərə nəzarət tədbirləri komandası verməklə prosesi kökündən neytrallaşdırdı".
B.Məhərəmov qeyd edib ki, müasir dövrdə qələbələrin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi də vacibdir: "Vətən müharibəsi və sonrakı dövrlərdə Fərrux, Qisas və sentyabr əməliyyatlarında olduğu kimi, proseslər bu dəfə də ölkəmizin iradəsinə uyğun şəkildə inkişaf etdi. Azərbaycanın öz ərazisində həyata keçirdiyi, hüquqa və ədalətə əsaslanan əməliyyat Hayastan və havadarlarının hay-küyünə baxmayaraq, qısa zamanda həm beynəlxalq ictimaiyyət, həm də elə ermənilər tərəfindən qəbul edildi. Həm Ermənistan əhalisi, həm də Qarabağda yaşayan ermənilər üçün bir daha aydın oldu ki, proseslər istənilən halda yalnız Azərbaycanın iradəsi və ssenarisinə uyğun inkişaf edə bilər".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.- 2023.-29 mart.- S.1; 7.