Tarixin Heydər
Əliyev zirvəsi
Heydər Əliyev
İli 2023
Bəşər tarixinin hər bir
mərhələsində özünün təsdiqini tapan
faktorlardan biri siyasi lider amilinin dövlətlərin və
xalqların taleyində böyük rol oynamasıdır.
İnsanları milli amallar və dövlətçilik
idealları ətrafında birləşdirməyi bacaran liderlər
tarixin axarı ilə getməmiş, işıqlı əməlləri,
yüksək siyasi dünyagörüşləri və vətən
sevgiləri ilə öz ölkələrinin qürur salnamələrini
yaratmış və təmsil etdikləri xalqların
böyük şəxsiyyətlərinə çevrilmişlər.
Anadan olmasının 100-cü
ildönümü ərəfəsində xatirəsini
böyük minnətdarlıq hissi ilə qeyd etdiyimiz Ulu
Öndər Heydər Əliyevin də adı məhz belə
cahanşümul insanlar, öz xalqının tarixini yaradan
böyük liderlər, əbədiyaşarlıq
qazanmış şəxsiyyətlər cərgəsində
yer alır. Heydər Əliyevin timsalında Azərbaycan
xalqı bəşər tarixinə
öz imzasını həkk edən dahi bir şəxsiyyət
yetirmişdir. Doğma xalqının önündə cəsarətlə
addımlayan Heydər Əliyev dövlətçiliyimizin
banisi, millətin böyük öndəri kimi ali bir zirvəyə
ucalmışdır.
Milli məfkurəyə
sadiqliyin və vətən sevgisinin təcəssümü
Heydər Əliyev elə bir
dühadır ki, onun fəaliyyətinə nəzər salanda
Azərbaycanın böyük bir tarixi epoxası barədə
fikir yürütmək olur. Başqa cür desək, Heydər
Əliyev elə bir zirvədir ki, onun ucalığından
müasir Azərbaycanın yüksəlişi, intibahı,
müstəqilliyi, qüdrətli dövlətçiliyi,
xalqımızın milli həmrəyliyi, həmçinin
böhrandan inkişafa, xaosdan tərəqqiyə keçid
aydın görünür. Ulu Öndərin sovet hakimiyyəti
dövründə və müstəqillik illərində
respublikamıza rəhbərliyi məhz cəmiyyəti narahat
edən problemlərə son qoyulması, tənəzzülün,
geriləmənin, nöqsanların qarşısının
alınması, inkişafın təmin olunması və ən
əsası sarsılmaz müstəqilliyimizin, qüdrətli
dövlətçiliyimizin etibarlı təməllərinin
yaradılması ilə əlamətdar olub.
Ona görə Heydər Əliyevin
həm sovet illərində, həm müstəqillik
dövründə Azərbaycana rəhbərliyə
başlaması tariximizin dönüş nöqtəsi kimi də
nəzərdən keçirilir. Birinci mərhələdə
Azərbaycanın öz iqtisadi
göstəricilərinə görə keçmiş
ittifaqın geridə qalmış ölkələri
sırasından qabaqcılları cərgəsinə
çıxmasına nail olan Heydər Əliyev
özünün müdrik rəhbərliyi ilə
xalqımızı nəinki sovetlər birliyinə,
bütün dünyaya tanıtdı. Sovet dövlətinin sərt
ideoloji tələblərinin hakim olduğu bir şəraitdə
Heydər Əliyevin həyata keçirdiyi tədbirlər
xalqımızın milli oyanışına yol açdı,
milli-mənəvi dəyərlərimizin unudularaq itirilməsinin
qarşısını aldı.
Heydər Əliyevin Azərbaycana
birinci rəhbərlik dövrü həm də
respublikamızda qanunçuluğun möhkəmləndirilməsi,
hüquqi islahatlar çərçivəsində
xalqımızın milli maraqlarının təmin olunması
ilə əlamətdardır. İnkişaf hədəflərini
düzgün müəyyənləşdirən Ulu Öndər
buna uyğun olaraq korrupsiya əməllərinin, o cümlədən
rüşvətxorluğun qarşısının
alınması üçün sərt tədbirlər həyata
keçirdi. Təbii ki, bu tədbirlər respublikamızda
inkişafa maneçilik yaradan buxovların qırılıb
atılmasına, cəmiyyətimizin mənəvi
sağlamlığının təmin olunmasına uğurla
xidmət etdi, müsbət nəticələri oldu.
Hüquqi islahatlar çərçivəsində
isə yalnız bir məqamı - 1978-ci ildə qəbul edilən
Azərbaycan SSR-nin Konstitusiyasında yer alan müddəaları
misal çəkməklə Ulu Öndərin nümunəsində
dövlətə və xalqa layiqli xidmətin ali nümunəsini
göstərə bilərik. Sovet dövlətinin xalqları
öz keçmişlərindən, ənənələrindən,
tarixlərindən uzaqlaşdırmağa yönəlik siyasət
yürütdüyü, milli dəyərləri unutdurmağa
çalışdığı
bir dövrdə qəbul edilən Azərbaycan SSR-nin
Konstitusiyasında yer alan məqamlar milli və mənəvi dəyərlərimizin
qorunması üçün hüquqi əsasları daha da
gücləndirdi. Bu sırada Azərbaycan dilinin dövlət
dili kimi təsbit olunması Heydər Əliyevin sovet illərində
xalqımız qarşısındakı xidmətlərinin ən
möhtəşəm nümunələrindən biridir.
Xalqımızın dahi
övladının 1982-ci ilin noyabr ayında Sovet
İttifaqının siyasi kursunu müəyyənləşdirən
ən ali orqana - Siyasi Büroya üzv seçilməsi, həmçinin
həmin ərəfədə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini təyin olunması onun Azərbaycana uğurlu
rəhbərliyinin nəticəsi idi.
Eyni zamanda Ulu Öndərin SSRİ kimi fövqəldövlətin
rəhbərləri sırasında yer alması onun dövlət
xadimi kimi səriştəsinin, təcrübəsinin, ən əsası,
nüfuzunun ittifaq miqyasında
etiraf olunması idi. Ümummilli Liderin siyasi karyerasının
bu yüksəlişi həm də xalqımızın
möhtəşəm nailiyyəti idi. Çünki bu vəzifədə
Heydər Əliyev bir azərbaycanlı kimi öz
xalqını ali zirvədə təmsil edirdi. Bu dövrdə
SSRİ kimi böyük bir dövlətin mühüm iqtisadi
və sosial sferalarını kurasiya edən Heydər Əliyev
doğma vətəninə də yetərincə diqqət
ayırırdı.
Xilaskar lider
Sovet illərində
özünün müdrik rəhbərliyi sayəsində Azərbaycanın
iqtisadi inkişafına və milli intibahına nail olan, həyata
keçirdiyi tədbirlərlə respublikamızın
etibarlı gələcəyinin möhkəm təməllərini
yaradan Heydər Əliyev sonrakı dövrdə də
xalqımızı çətin sınaqlardan, böhranlardan
layiqincə çıxarmış, öz əməlləri
ilə tariximizin növbəti şərəfli səhifələrini
yazmışdır. Bu baxımdan, ilk növbədə, onu
qeyd etmək yerinə düşər ki, 1987-ci ilin
sonlarına yaxın M.Qorbaçovun yürütdüyü
siyasətə etiraz edərək bütün vəzifələrindən
istefa verən Heydər Əliyev həmin dövrdə də
öz xalqının yanında olmuş, xüsusən
Naxçıvanda həyata keçirdiyi siyasi fəaliyyətlə
milli-azadlıq hərəkatının daha da güclənməsinə
layiqli töhfələrini vermişdir. Bu illərdə Heydər
Əliyevin liderliyi və təşəbbüsü ilə
Naxçıvanda üçrəngli
bayrağımızın dövlət bayrağı elan
olunması, ilk dəfə 20 Yanvar hadisələrinə dəqiq
siyasi-hüquqi qiymətin verilməsi, SSRİ-nin
saxlanılması ilə bağlı referendumun muxtar
respublikada boykot edilməsi Ulu Öndərin qətiyyətinin
və vətənpərvərliyinin göstəriciləri
kimi tariximizin böyük siyasi hadisələridir. Məhz Heydər
Əliyevin bu kimi cəsarətli addımları
xalqımızın milli-azadlıq mücadiləsini yeni mərhələyə
yüksəltmiş, müstəqilliyimizə gedən yolumuza
işıq salmışdır.
Ağır və gərgin təbəddülatlarla
dolu 1993-cü ildə müstəqilliyimizin və dövlətçiliyimizin
xilas edilməsi isə Heydər Əliyevin uzaqgörən və parlaq siyasi zəkasının, vətən
sevgisinin növbəti və tarixi təcəssümü oldu.
Həmin günləri yaxşı xatırlayırıq: bir tərəfdən
torpaqlarımızı işğal edən Ermənistanın
genişlənən hücumları, bir tərəfdən də
antiazərbaycançı qüvvələrin təhriki ilə
separatçılığın baş qaldırması
respublikamızı uçuruma, məhvə doğru
aparırdı. Ən acınacaqlısı o idi ki, həmin
dövrdə hakimiyyətdə olan və yaranmış
böhrana görə məsuliyyət daşıyan siyasi
qruplar ölkəni xilas etməkdə aciz idilər.
Amma bütün cəmiyyətə
həm birləşdirici, həm də ümidləri itməyə
qoymayan güclü bir hiss də
hakim idi. Bu hiss Ulu Öndər Heydər Əliyevə olan
inamdan irəli gəlirdi. Bütün xalq, hətta hakimiyyətdə
olan siyasi qruplar da bilirdilər ki, respublikamızı
düşdüyü dərin böhrandan, üzləşdiyi
təhlükələrdən yalnız görkəmli dövlət
xadimi Heydər Əliyev xilas edə bilər. Bu mənada həmin
gərgin günlərdə Heydər Əliyevə
ünvanlanan müraciətlər Ulu Öndərə olan
ümumxalq inamının göstəricisi idi. Xalqımızın
dahi oğlu o ağır günlərdə öz siyasi təcrübəsinə,
uzaqgörənliyinə söykənərək böyük qətiyyətlə
özünün xilaskarlıq missiyasını yerinə
yetirdi. Ulu Öndərin sayəsində Azərbaycanın
dövlət müstəqilliyinin əbədi olması layiqincə
təmin edildi, dövlətçiliyimiz qorundu.
Beləliklə, sovetlər
dövründə Azərbaycanın intibahını təmin
edən Ulu Öndər Heydər Əliyev müstəqillik illərində
müasir Azərbaycan dövlətinin banisinə çevrildi.
Öz əməlləri ilə xalqımızın
Ümummilli Liderinə çevrilən Heydər Əliyevin
müəllifliyi ilə ötən əsrin 90-cı illərinin
ortalarından etibarən müstəqillik salnaməmizin şərəfli
səhifələrinin
yazılmasına başlanıldı. Ulu Öndər
özünün zəngin siyasi təcrübəsi ilə
müasir dövlətçiliyimizin etibarlı təməllərini
yaratdı, respublikamızı beynəlxalq hüququn
tamhüquqlu üzvünə çevirdi. Həyata
keçirilən məqsədyönlü islahatlarla cəmiyyət
həyatının bütün sahələrində
inkişafın, hüquqi dövlət quruculuğunun əsası
qoyuldu. Qısa zaman ərzində Ulu Öndərin həll
etdiyi problemlər həm də Azərbaycana beynəlxalq miqyasda
olan etimadı gücləndirdi və bunun məntiqi nəticəsi
kimi Heydər Əliyevin milli inkişaf strategiyasının əsas
sütunlarından olan "Əsrin müqaviləsi"
imzalandı.
Hər bir dövlətin
uğurlarının təməlində mütərəqqi
siyasi kurs və təkmil idarəçiliklə yanaşı,
bir sıra müxtəlif amillər, o cümlədən
mükəmməl hüquq sisteminin mövcudluğu
dayanır. Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışından sonra
respublikamızın daxil olduğu inkişaf yoluna bu prizmadan nəzər
saldıqda görürük ki, həyata keçirilən
dövlət quruculuğunun əsas elementlərindən biri
dövrün tələb və
çağırışlarından irəli gələrək
hüquqi sistemin tamamilə yenilənməsi olmuşdur. Ulu
Öndərin bu sahədə həyata keçirdiyi islahatlar
isə həm mükəmməl hüquqi bazanın
formalaşdırılmasını, həm də bu sahədə
müvafiq dövlət qurumlarının fəaliyyətinin
yenidən qurulmasını, onların işinin təkmilləşdirilməsini
əhatə etmişdir.
Bütövlükdə, Heydər
Əliyev hansı siyasi-ictimai və iqtisadi dövrdə
respublikamıza rəhbərlik etməsindən asılı
olmayaraq hər zaman öz vətəninin və xalqının
yüksək rifahı üçün
çalışıb. Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasında 2023-cü ilin "Heydər Əliyev
İli" elan edilməsi haqqında" 29 sentyabr 2022-ci il tarixli sərəncamında
Ulu Öndərin respublikamız və xalqımız
qarşısındakı tarixi xidmətləri ətraflı
təhlil olunur. Sərəncamda qeyd olunduğu kimi, Heydər Əliyevin zəngin həyat
yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri
bir-birini tamamlamış, öz xalqına sıx
bağlılığın, milli dövlətçilik məfkurəsinə
sadiqliyin canlı təcəssümü olmuşdur:
"Geniş bilik və dərin təfəkkür sahibi olan
Heydər Əliyev düşünülmüş və cəsarətli
qərarları ilə təkcə müstəqillik
dövründə deyil, bütün dövrlərdə Azərbaycan
ictimaiyyətini ən ciddi şəkildə
düşündürən məsələləri uğurla
həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının
müxtəlif sahələri arasında üzvi
bağlılığı aydın görərək, müəllifi
olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial,
iqtisadi, mədəni və digər sahələrdə
qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş
və məharətlə həyata keçirmişdir".
Ulu Öndərin
siyasi kursu davam edir, ideyaları həyata vəsiqə alır
Sərəncamda qeyd olunduğu
kimi, dövlətçilik salnaməmizdə silinməz izlər
qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr
etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər
Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi
qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə
uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə
gəldiyi günü Azərbaycan Respublikasının dövlət
bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.
Heydər Əliyev elə bir siyasi
kurs, elə bir bir inkişaf strategiyası müəyyənləşdirib
ki, onların həyata keçirilməsi Azərbaycana
yalnız yüksəliş və güclü dövlətçilik
vəd edir. Bununla yanaşı, Heydər Əliyev həm də
möhtərəm Prezident İlham Əliyevin timsalında
özünün layiqli varisini, müəyyən etdiyi siyasi kursu
davam etdirməyə qadir, qətiyyətli və milli dəyərlərə
bağlı lider yetişdirmişdir. Təsadüfi deyil ki,
2003-cü ildə xalqımızı qarşıdan gələn
prezident seçkilərində siyasi varisi İlham Əliyevi dəstəkləməyə
çağıran Ulu Öndər inam hissi ilə bildirirdi ki,
yekunlaşdıra bilmədiyi taleyüklü məsələləri,
planları, işləri İlham Əliyev başa
çatdıra biləcək.
Ötən 20 ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər
bir nailiyyət, Azərbaycanın keçdiyi dinamik inkişaf
yolu, qlobal miqyasda söz sahibinə çevrilməsi bir daha
Ulu Öndərin nə qədər müdrik və uzaqgörən
olduğunu aydın şəkildə təsdiq edir. Bu illər
ərzində cənab İlham Əliyevin qətiyyətli
siyasəti nəticəsində Azərbaycan öz inkişaf
göstəriciləri ilə tarixinin ən qüdrətli
dövrünə qədəm qoyub.
Qürur hissi ilə qeyd etməliyik ki, bu gün
respublikamız dünya birliyinin nüfuzlu, etimad göstərilən
üzvü, regionun aparıcı dövlətidir.
Bütün bunları təmin edən Prezident İlham
Əliyevin adı isə dünyanın ən nüfuzlu siyasi
liderləri ilə bir cərgədə çəkilir.
Heydər Əliyev yolunu qətiyyətlə,
layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı
inkişaf göstəricilərinə və hərbi
gücünə əsasən tarixinin ən qüdrəti
dövləti etməklə, Ermənistan tərəfindən
işğal edilmiş torpaqlarının azad olunması
üçün də münbit tarixi zəmin yaratdı. Beləliklə,
44 günlük Vətən müharibəsində qazanılan
tarixi zəfər, torpaqlarımızın işğaldan azad
edilməsi Azərbaycanın yüksəlişinin, qüdrətinin
və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin
təntənəsi oldu. Bu zəfərlə Prezident İlham
Əliyev, həm də ata vəsiyyətini layiqincə yerinə
yetirdi, Heydər Əliyevin ən böyük arzusunu həyata
keçirdi. Ona görə Ulu Öndərin ruhu da rahatdır.
Çünki onun axıra çatdıra bilmədiyi
taleyüklü məsələləri layiqli siyasi
davamçısı kimi möhtərəm İlham Əliyev
qətiyyətlə həll edir.
Vətən müharibəsindən
sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoyub. Həm işğaldan azad olunmuş torpaqlarımız bərpa
olunur, həm də respublikamızda yeni iqtisadi və sosial
inkişaf nümunələri yaradılır. Bütün
bunlar bir daha təsdiq edir ki, Ulu Öndər Heydər
Əliyevin ideyaları həyata vəsiqə alır və
ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbərliyi
ilə daha böyük uğurlara doğru qətiyyətlə
addımlayır.
Zahid
CƏFƏROV,
BDU-nun
Hüquq fakültəsinin
Əmək və
ekologiya hüququ kafedrasının professoru,
hüquq elmləri doktoru, YAP ərazi
təşkilatının sədri
Azərbaycan.-
2023.- 30 mart.- S.4.