Açıq və demokratik siyasi rəqabətə
çağırış
Prezident İlham Əliyevin siyasi
dialoq təşəbbüsləri
müxalifət partiyaları tərəfindən təqdir edilir
"Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu çox müsbət haldır. Ancaq eyni zamanda bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır".
Bu sözləri Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirə zamanı çıxışında demişdi. Dövlət başçımızın siyasi dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət etməklə yanaşı, yeni modelin əsasını qoydu. Müxtəlif siyasi partiya rəhbərləri də son illərdə ölkədə siyasi dialoq mühitinin inkişaf etdiyini, bu istiqamətdə ardıcıl işlər görüldüyünü təsdiq edirlər.
Siyasi dialoq demokratiyanın tərkib hissəsidir
2018-ci ildən sonra ölkədə siyasi sistem sağlamlaşdırılıb, iqtidarla müxalifət partiyaları arasında dialoq mühiti genişlənib, "Siyasi partiyalar haqqında" yeni qanun hazırlanaraq qəbul olunub. Yeni qanunun hazırlanması prosesinə ilk dəfə olaraq siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunub.
Yeni qanuna əsasən, üzvlərinin sayı 5 mindən az olan siyasi partiyalar ləğv olunduğu üçün bu tələbə cavab verməyən 6 siyasi partiya fəaliyyətini dayandırıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, siyasi dialoq demokratiyanın tərkib hissəsi, əsas faktorlarından biridir. Dövlət müstəqilliyimizin bərpa edilməsindən az müddət keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlər görülüb. İlk növbədə demokratik Konstitusiya qəbul edilib. Zaman-zaman daha da təkmilləşdirilməsi üçün ciddi addımlar atılıb. Siyasi fəaliyyət azadlığı, insanların hüquq və azadlıqlarının qorunması dövlətin əsas vəzifələrindəndir.
Deputat bildirib ki, Azərbaycan açıq cəmiyyətdir, vətəndaşlarımız sərbəst şəkildə başqa ölkələrə gedə, düşündüklərini söyləyə və müzakirə edə bilirlər: "Siyasi dialoqun ilkin şərti vətəndaşın və ya siyasi qrupun öz fikrini sərbəst deyə bilməsi, qanuni yollarla cəmiyyətin diqqətinə çatdırmasıdır. Hesab edirəm ki, bu, Azərbaycanda bərqərar olunub. Sərbəst surətdə fikir bildirmək, iqtidarla razılaşmamaq, hansısa təşəbbüslə çıxış etmək mümkündür".
İqtidarla müxalifət arasında görüşlərin artıq ənənəyə çevrildiyini qeyd edən deputat bir neçə il əvvəl Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradıldığını xatırladıb. O bildirib ki, bu şöbə vasitəsilə iqtidar Azərbaycandakı bütün siyasi partiyalarla əlaqələr qurub, onların problemləri ilə maraqlanıb, fikirlərini dinləyib, siyasiləri maraqlandıran məsələlərə dair geniş məlumat verib. Bu gün istənilən siyasi qrup açıq şəkildə öz fikirlərini bildirə bilir. Digər tərəfdən, siyasi partiyaların fəaliyyəti üçün geniş şərait yaradılıb.
Aydın Mirzəzadə həmçinin qeyd edib ki, siyasi partiyaların qeydiyyatı üçün hər hansı problem yoxdur. "Partiyalar mənzil-qərargahla təmin ediliblər, parlamentdə 10 siyasi partiya nümayəndəsi var, müxtəlif mövzuda fikirlərini bildirirlər. Mətbuat hər kəsə açıqdır, sosial şəbəkələr məhdudiyyətsiz fəaliyyət göstərir. Bu istiqamətdə daha böyük işlər görülür və görüləcək. Bu, Azərbaycanın müstəqilliyini qoruyan vacib şərtlərdən biridir. Prezidentimizin apardığı siyasət dövlətçiliyimizin maraqlarına, demokratiya tələblərinə, insan hüquq və azadlıqlarının qorunması şərtlərinə tam cavab verir", - deyə deputat əlavə edib.
Prezidentin ortaya qoyduğu
siyasi iradəni sona qədər
dəstəkləyəcəyik
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, hələ 2019-cu ilin martında Prezident İlham Əliyev Azərbaycan xalqını ənənəvi Novruz bayramı münasibətilə təbrikində ölkədə bir sıra sahələrdə olduğu kimi, siyasi mühitdə də islahatların keçirilməsinin vacibliyini bildirdi. Bundan sonra bu istiqamətdə bir sıra ardıcıl, ciddi addımlar atıldı.
Partiya sədri qeyd edib ki, həmin ilin dekabrında Azərbaycan Prezidentinin Administrasiyasının nəzdində ilk olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı: "Bundan sonra ölkədə mövcud olan, dövlət qeydiyyatından keçmiş siyasi partiya rəhbərləri ilə görüşlər keçirildi, müzakirələr aparıldı. Sonrakı dönəmdə də dövlət başçısı dəfələrlə ölkədəki siyasi qüvvələr arasında dialoqun vacibliyi ilə bağlı mövqeyini ifadə etdi, siyasi iradəsini ortaya qoydu. Biz də ilk gündən bu mövqeyi dəstəklədik. Siyasi dialoqun vacibliyini həq zaman vurğulamışıq. Bunun alternativinin olmaması səbəbilə bu prosesə aktiv qoşulmanın mühümlüyünü ifadə etmişik".
A.Əlizadə vurğulayıb ki, son illərdə ölkədəki siyasi partiyalarla, təşkilatlarla dialoq mühiti formalaşıb. Buna yeni siyasi konfiqurasiya, yeni siyasi münasibətlər sisteminin formalaşması da deyilir. Necə adlanmasından asılı olmayaraq, bunun alternativi yoxdur. Biz uzun illər bu mövqedə olmuşuq ki, ölkə daxilində, regionda baş verən hadisələrlə bağlı məsələlərin həllində mütləq mənada bir masa arxasında əyləşərək müzakirə etmək daha əlverişli variantdır. Ona görə də mövcud problemlərin həlli istiqamətində addımlar atılması ilə yanaşı, bu problemlərin həllinin birgə müzakirələrdən keçməsi qənaətindəyik. Son 3-4 il ərzində bu istiqamətdə çox ciddi addımlar atılıb. Ölkədə baş verən hadisələrlə bağlı KİV, internet televiziyaları, bir çox hallarda dövlət televiziyası vasitəsilə siyasi partiya rəhbərliyində təmsil olunan şəxslər mövqelərini ictimaiyyətə çatdırırlar.
"Xüsusilə yeni siyasi münasibətlər sisteminin formalaşması fonunda gördük ki, qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsində ölkədə mövcud siyasi qüvvələr istisnasız olaraq bir araya gəldi, dövlət mövqeyindən çıxış etdilər. Bu, dövlət və milli maraqlar olanda siyasi təşkilatların bir araya gələ bildiyini, siyasi dialoqun mümkünlüyünü bir daha təsdiqlədi. Eyni zamanda xaricdəki düşmənlərimizə də ciddi mesaj oldu", - deyə partiya sədri əlavə edib.
Onun sözlərinə görə, növbəti dövrdə siyasi dialoq mühitinin bir qədər də inkişaf etdirilməsinə ehtiyac var, çünki problemlər hələ bitməyib. Ölkədaxili problemlərlə yanaşı, regionda baş verən hadisələrə də münasibət bildirmək vacibdir. İndi Azərbaycanın üzərinə bəzi xarici dairələrin gəldiyini görürük. Ölkəmizin öz torpaqlarını işğaldan azad edərək regionun əsas söz, güc sahibinə çevrilməsini bir çox dairələr, qonşular, beynəlxalq təşkilatlar həzm edə bilmirlər. Azərbaycanı təkləmək, zəiflətmək istiqamətində addımlar atılır. Bu mühitdə ölkə daxilində siyasi dialoq mühiti bir qədər də güclənməlidir. Siyasi sistemdə mövcud qüvvələr bir araya gəlməlidirlər. Xarici basqılara qarşı birgə mübarizə aparmalıyıq.
A.Əlizadə ölkədə siyasi dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb: "Bu istiqamətdə dövlətimizin yanında olmuşuq və bundan sonra da olacağıq. Azərbaycan Prezidentinin ortaya qoyduğu siyasi iradəni dəstəkləyərək bu prosesdə sona qədər iştirak etməyi hədəfləmişik".
Siyasi qüvvələrlə dialoq mühitinin yaranmasının əhəmiyyəti
olduqca böyükdür
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, Azərbaycanda uzun illər siyasi təşkilatlar və hakimiyyət arasında münasibətlər ürəkaçan səviyyədə olmayıb, çoxlu narazılıqlar yaranıb və bu problemlərin beynəlxalq təşkilatlar vasitəsilə həllinə çalışılıb: "Bu, normal qəbul edilə bilməzdi. Odur ki, ölkənin daxilində siyasi partiyalar və hakimiyyət arasında dialoq vacib idi. Nəyə görə xaricilər vasitəçi olmalı idi? Öz aramızda bu məsələləri həll edə bilərdik. Nəhayət, ötən parlament seçkilərindən sonra Prezident Administrasiyasında yeni struktur yaradıldı və burada müvafiq şöbə fəaliyyətə başladı. Bu şöbəyə Prezident İlham Əliyev tərəfindən siyasi qüvvələrlə dialoq mühitinin yaradılması, inkişaf etdirilməsi təlimatı verildi".
Partiya sədri qeyd edib ki, Siyasi partiyalar və qannunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin vasitəçiliyi ilə hakimiyyət və müxalifət arasında münasibətlər yaranmağa başlayıb. Bu, son illərdə atılmış ən mühüm addımdır. Siyasi qüvvələrlə hakimiyyət arasında xoş münasibət, dialoq mühitinin yaranmasının əhəmiyyəti olduqca böyükdür. Bu da ilk növbədə 44 günlük Vətən müharibəsində özünü göstərdi. Bildiyiniz kimi, siyasi qüvvələrin böyük əksəriyyəti hakimiyyətlə vahid cəbhədən çıxış etdi. Nəticə etibarilə Ermənistandan fərqli olaraq Azərbaycanda hakimiyyətlə müxalifət arasında 44 günlük müharibədə fərqli mövqe, yanaşma olmadı. Bundan sonrakı mərhələdə də siyasi təşkilatlarla hakimiyyət arasında münasibətlər inkişaf etdi, müxtəlif səpkili tədbirlər baş tutdu. Əvvəlki illərdən fərqli olaraq tədbirlərdə birgə iştirak edildi, fikir mübadiləsi aparıldı.
Siyasi təşkilatların normal fəaliyyət göstərməsi üçün ofisə ehtiyac olduğunu və bu məsələnin də həllini tapdığını bildirən partiya sədri növbəti mərhələnin "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi ilə bağlı olduğunu dedi. "Təqdim olunmuş layihəyə fərqli münasibətlər vardır. Amma buna baxmayaraq, yeni qanun qəbul olundu. Hamı yeni qanunun tələblərinə uyğun fəaliyyət göstərməlidir. Son vaxtlar yeni qanunun tələblərinə uyğun addımlar atmaq üçün bölgələrə daha çox səfər edirəm. Düşünürəm ki, paytaxtda siyasi partiyaların ofis məsələsinin həll olunduğu kimi heç olmazsa, böyük şəhərlərimizdə də bu məsələ həllini tapmalıdır. Siyasi partiyalarla hakimiyyət arasında dialoq mühiti daha da inkişaf etdirilməlidir".
Gərgin dövrdən keçdiyimizi, Azərbaycanı gözü götürməyən bəzi qüvvələrin, təxribat törətmək istəyənlərin mövcudluğundan söz açan E.Musayev bu halların qarşısını birlikdə almalı olduğumuzu, dövlətçilik, ərazi bütövlüyümüz məsələlərində fərqli mövqe tutmamağın gərək-liyini vurğulayıb. O qeyd edib ki, Qarabağ, sərhəd, suverenlik məsələləri gələndə hər kəs vahid mövqedən çıxış etməlidir. Belə vəziyyətdə hamı bir nöqtəyə vurmalıdır.
"İndiki mərhələ elədir ki, burada mütləq dialoq mühiti inkişaf etdirilməlidir. Hazırkı mühit yeni səviyyəyə qaldırılmalıdır. Nəticədə Azərbaycan beynəlxalq aləmdə layiq olduğu yeri tutmalıdır. Bu da siyasi partiyalarla hakimiyyət arasında dialoq mühitinin vacibliyini bir daha zəruri edir", - deyə partiya sədri əlavə edib.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.- 2023.- 30 mart.- S. 1; 6.