Erməni millətçilərinin qanlı əməlləri:
Qarabağ qırğınları
31 Mart Azərbaycanlıların
Soyqırımı Gündür
1918-1920-ci illərdə ermənilərin ən çox vəhşiliklər törətdiyi Azərbaycan ərazilərindən biri də Qarabağ bölgəsi idi. Təbii ki, bu hərəkətlərin çoxu cinayət xarakteri daşıyırdı. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra onun ilk qərarlarından biri Birinci Dünya müharibəsi başlanandan sonra Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisinin başına gətirilmiş müsibətlərin təhqiq edilməsi, dəymiş zərərin müəyyənləşdirilməsi üçün Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında idi.
Sənəd və materialların nəzərdən keçirilməsi bir daha təsdiq edir ki, Qarabağ ətrafında gedən söhbətlər həm 1918-ci ildə, həm də sonrakı illərdə erməni liderlərinin separatçı hərəkətləri nəticəsində kəskinləşmiş və hər dəfə də Azərbaycan tərəfinin qəti tədbirləri ilə nizama salınmışdı. Erməni daşnakları isə bütün hallarda bu diyarın azərbaycanlı sakinlərini qan dəryasında boğmağa cəhd göstərmiş, lakin onların bu qədim torpağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək xülyaları ürəklərində qalmışdı.
Mənfur millətin bu bölgədə azərbaycanlılara qarşı düşmənçilik siyasəti 1905-1907-ci illər erməni-azərbaycanlı münaqişəsi zamanı özünü aydın şəkildə göstərmişdi. Lakin onların "kiçik Ermənistan" adlandırdıqları Qarabağ torpaqlarına ilk açıq iddiaları Rusiyada çarizmin devrilməsindən sonra başlanmışdı. Əvvəlcə fevral inqilabı, sonra oktyabr çevrilişindən ermənilər ərazi iddiaları üçün məharətlə istifadə etmişdilər. Rusiya Qafqaz cəbhəsində hərbi əməliyyatları dayandırmazdan xeyli əvvəl fərarilik edib cəbhə bölgələrindən qaçan çoxsaylı erməni əsgərləri Qarabağdakı kəndlərə gəlib özləri ilə tüfəng, pulemyot və hər cür döyüş sursatı gətirmişdilər.
Azərbaycan torpaqlarını zəbt və işğal etmək hesabına Hayastan Respublikasının yaranmasından sonra bu bölgədə vəziyyət daha da pisləşir. Bu dəfə Qarabağ erməniləri "Qarabağ respublikası" yaratmaq arzusuna düşürlər. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı ermənilərin heç bir əsası olmayan bu iddiaları barədə demişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi beş, ya on kənd məsələsi deyil, mübahisə bütöv dörd sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir ki, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildilər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq".
Azğınların əməlləri: talan,
qətl, qarət, yanğın, dağıntılar...
Lakin sülhə gəlməyən erməni quldur dəstələri tərəfindən Azərbaycan kəndlərinin talan edilməsi, mal-qaranın sürülüb aparılması, dinc adamların döyülməsi, şikəst edilməsi, qətlə yetirilməsi və digər vəhşiliklər adi hal alaraq davam edirdi. Azğınların həyasızlığı o yerə çatmışdı ki, 1918-ci ilin yaz və yay aylarında Cavanşir qəzasının düzənlik hissəsinin müsəlman əhalisinə qarşı da zorakılıq tətbiq edirdilər. Onlar Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın Aran kəndlərinin əkinlərini susuz qoyaraq onlara böyük zərər vururdular. İş o yerə çatmışdı ki, Aran kəndlərində içməli su belə yox idi.
Ermənilər həmçinin azərbaycanlı kəndlilərinə öz mal-qaralarını yaylaqlara çıxarmağa imkan verməmiş, Şuşa şəhərinə və qəzasına gedən yolu bağlayaraq Aran zonası əhalisini daim gərginlikdə saxlamışdılar. Təsərrüfat işləri tamam pozulmuşdu.
Əlbəttə ki, erməni quldurları arxalarında birinci növbədə Ermənistanın rəhbərlərinin və quldur Andranikin nəfəsini duymasaydılar, belə qanlı qırğınlar törətməyə heç vaxt cəsarət etməzdilər. Bunu sübut edən faktlar isə istənilən qədərdir. Hələ 1918-ci il avqustun əvvəllərində Andranik öz başkəsənləri ilə qəflətən Zəngəzur və Qarabağ torpaqlarında görünmüş, dinc müsəlman əhaliyə davamlı divan tutmağa başlamışdı. Bununla əlaqədar Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il 15 avqust tarixli rəsmi məktubu ilə Ermənistan hökumətinə müraciət edərək qırğınlara son qoymağı, Andranikin quldur dəstəsini Azərbaycan ərazisindən geri çəkməyi tələb etmişdi. Ermənistan hökuməti həmin məktuba cavabında riyakarlıqla bildirmişdi ki, "general Andranik, həm də onun dəstəsi Ermənistan rəhbərliyinə, onun vəzifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər. Beləliklə, general Andranik və onun dəstəsinin Ermənistanın milli qoşunları və dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur və Ermənistan Respublikasının hökuməti onların məsuliyyətsiz hərəkətlərinə cavabdeh deyildir". Bu cavab həqiqətən də riyakarlıq nümunəsi idi.
Hədəf Şuşa şəhəri
idi
Qarabağda ermənilərin azərbaycanlılara vurduğu ən böyük ziyan Şuşa qəzasının ərazisi və ermənilərin həmişə əllərinə keçirmək üçün can atdıqları Şuşa şəhəri idi.
1917-ci ildə Rusiyada olan dövlət çevrilişindən sonra lazımi qədər silah əldə etmiş erməni quldurları azərbaycanlılara qarşı özlərini daha da həyasızcasına aparmağa başladılar. Azərbaycanlılarla mübarizədə daha çox üstünlük əldə etmək üçün "Daşnaksütyun" müsəlmanlar arasında sinfi mübarizəni qızışdırırdı. Nəticədə bir çox azərbaycanlı mülkədarın, o cümlədən Fərrux bəy Vəzirovun zəngin və nümunəvi mülkü dağıdıldı. Bu vəziyyətdən məharətlə istifadə edən ermənilər Levon Vartapetovu qəza komissarı seçdirdilər. O isə milis heyətinə yalnız erməniləri cəlb edirdi. Şuşa-Qaryagin və Şuşa-Əsgəran yollarını tamamilə nəzarət altına alan ermənilər azərbaycanlıları qarət edir, silahlarını əllərindən alır və keçidləri tamamilə azərbaycanlıların üzünə bağlayırdılar. "Daşnaksütyun"un rəhbərləri bu quldur dəstələrini getdikcə daha mütəşəkkil hərbi formaya salırdılar. Andranikin dəstələri Gorusa gəldikdən sonra onlar daha da fəallaşdılar. Quldurbaşı əvvəlcə burada bütün Qarabağ ermənilərinin ümumi hərbi mükəlləfiyyətini elan etdi. Əsgərlər erməni kəndliləri ilə birlikdə Zəngəzur qəzasında müsəlmanların yaşadıqları yerləri məhv etməyə, yandırıb dağıtmağa, əhalini vəhşicəsinə qırmağa başladılar. Sonra Andranik Qarabağın mərkəzi Şuşa şəhərini tutmağa təşəbbüs etdi. Lakin onun hücumları yerli müsəlman əhali tərəfindən dəf edildi. Hər dəfə qanlı döyüşlərdə Andranik böyük itki verərək geri çəkilməyə məcbur oldu.
Hər tərəfdən erməni əhatəsində olan Şuşanın vəziyyəti çox ağır idi. Əhalisinin böyük əksəriyyəti müsəlman-türk olan Şuşa və ətrafdakı bir neçə kənd ermənilər tərəfindən üzük qaşı kimi əhatəyə alınmışdı. Bura gələn yolların ermənilər tərəfindən kəsilməsi nəticəsində 8 ay, yəni türklər gələnə qədər Şuşa şəhəri və dağ zonasındakı azərbaycanlı kəndlərindəki əhalinin vəziyyəti həqiqətən faciəli idi.
Fövqəladə İstintaq Komissiyasının məruzəsində qeyd edilirdi ki, şəhər və ətraf kəndlərdəki erməni əhalisi Azərbaycanın hakimiyyətini tanımaq istəmir. Onlar çalışırlar ki, Qarabağın Verand, Dzax, Xaçın və Zəngəzur ərazilərini Azərbaycandan ayırıb Hayastana birləşdirsinlər. Sonra məruzədə Şuşa ərazisində ermənilərin törətdikləri cinayətlər 27 maddədə sadalanırdı. Şahidlərin ifadələrinə görə, 1918-ci ilin dekabrında ermənilər ikinci polis sahəsinə daxil olan Qoqo kəndinin azərbaycanlılar yaşayan 55 evdən ibarət xanimanlarını dağıdırlar. Mülkədar Cavanşirin malikanəsi də yandırılır, ailə üzvləri, xidmətçiləri qətlə yetirilir.
1918-ci ilin avqustunda ermənilər 240 ailədən ibarət Gülablı kəndini dağıdır, Xıdırlı kənd icmasına məxsus çoxlu mal-qaranı aparırlar. Bundan başqa, Mərzili kəndinin azərbaycanlı əhalisini də öz ata-baba ocaqlarını tərk etməyə məcbur edirlər. 1918-ci ilin martında quldur dəstələri Sokrat Məlik-Şahnazarovun başçılığı ilə Abdal kəndini dağıdır, həmin ilin avqustunda Qaradağlı, Xocavənd kəndlərini qarət edirlər. Onlar Xocalı kəndində də azərbaycanlı əhalini öz yerlərini tərk etməyə məcbur edirlər.
Mənfurların riyakarlığı
Ermənilər Tuğ kəndinin azərbaycanlılara məxsus hissəsini də yerləyeksan edirlər. Hətta 1919-cu ilin mayına qədər həmin kəndin əhalisi əsir kimi saxlanılmış, onlardan ermənilərin hakimiyyətinə tabe olmaq tələb edilmişdir. 1918-ci ilin payızında ermənilər 33 evdən ibarət Salakətin kəndini viran qoyurlar. Bundan başqa, Molla Nəsrəddin yolunda Şuşadan Cəbrayıla un dalınca getmiş 12 azərbaycanlını qətlə yetirirlər. Təkli kəndi əhalisinin 700 başdan yuxarı qoyun sürüsü quldur dəstələrinə paylanır. 1919-cu il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şose yolunda 4 azərbaycanlı əsgəri güllələyirlər.
Məlumatdan görünür ki, bu hadisələr zamanı, sadə hesablamalara görə, qəzanın Azərbaycan əhalisinin çəkdiyi zərər 100 milyon manatdan çox olmuşdu. Öldürülənlər üzərində isə ağlagəlməz vəhşiliklər edilmişdi.
Azərbaycan Respublikası
hökuməti 1919-cu ilin yanvarında Cavanşir, Şuşa, Cəbrayıl
və Zəngəzur qəzaları ərazisində müvəqqəti
general-qubernatorluq yaradır. Yanvarın 29-da doktor Xosrov bəy
Sultanov oraya qubernator təyin edilir. Buna baxmayaraq, qəzalarda yaşayan ermənilər Azərbaycan
hakimiyyət orqanlarına
tabe olmurlar. Həyasızlıq o yerə
çatır ki, əldəqayırma "Ararat respublikası"nın Xarici İşlər Nazirliyi öz hökuməti adından Azərbaycana
nota verərək göstərilən
müvəqqəti general-qubernatorluğun
yaradılmasını "Ermənistanın ərazi
hüquqlarına qəsd
kimi qiymətləndirir".
Lakin general-qubernator X. Sultanov separatçılara qarşı
qətiyyətlə mübarizə
aparırdı. İyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin
müşayiəti ilə
Şuşadan Tiflisə
sürgün edilmişdi.
Ertəsi gün isə
Azərbaycan batalyonu Şuşanın ermənilər
yaşayan hissəsindəki
kazarmalarda yerləşdirilirdi.
Burada keçirilən mitinqdə
ermənilər Xalq Cümhuriyyəti hökumətini
tanıdıqlarını bildirirlər.
Bundan sonra baş nazir Nəsib bəy Yusifbəyli, Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli və hərbi nazir Səməd bəy Mehmandarov Şuşaya səfər etmişdilər.
Avqustun 15-də ermənilər Azərbaycan
hökuməti ilə
saziş imzalamış
və ermənilər
yaşayan ərazilərin
Azərbaycanın tərkib
hissəsi olduğunu qəbul etmişdilər.
Cümhuriyyət hökuməti Şuşada
mühüm əhəmiyyətə
malik olan sosial tədbirlər həyata keçirməyə
çalışırdı. Hökumət
1919-cu il sentyabrın 27-də Şuşada
müəllimlər qurultayının
keçirilməsi üçün
vəsait ayrılması
haqqında qərar qəbul etmişdi. Noyabrın
20-də Şuşada hökumət
xəstəxanasının açılması barədə
qanun imzalanmışdı.
Bununla belə, sülhü qəbul etməyən erməni ideoloqları
"Ararat respublikası" hökumətinin gizli tapşırıqlarını həyata
keçirmək üçün
yollar axtarır, yeni çıxışlara
hazırlaşır və
bunun üçün
fürsət gözləyirdilər. Ermənilərin
belə bir çıxışı 1920-ci il mart ayının
22-də Novruz bayramı
günü baş verir. Tədqiqatçı
alim Ataxan Paşayev "Açılmamış
səhifələrin izi
ilə" əsərində
yazır ki, həmin gün Şuşa şəhəri,
Şuşa qəzası
və onunla qonşu olan digər qəzalarda eyni vaxtda ermənilər
qiyam qaldırırlar.
Mart ayının 23-də bütün günü şəhərdə atışma
gedir, gün batana yaxın qiyamçılar Azərbaycan
ordu hissələri qarşısında dayana bilməyərək şəhəri
tərk etməyə məcbur olurlar. Ermənilər eyni vaxtda Xankəndiyə də hücumlar edirlər.
Onların da hücumları
dəf olunur. Yalnız Əsgəran qalasına hücum edən quldur dəstələri qeyri-bərabər döyüşdə
Azərbaycan əsgərlərini
oradan çıxarır,
qalanı ələ keçirirlər. Bu hadisələr barədə
daxili işlər naziri Mustafa bəy Vəkilov öz məruzəsində qeyd edirdi ki, ermənilər
bu vuruşa başlamaq üçün
böyük hazırlıq
işləri görmüşlər.
Ümumi
bir xəbərdarlıq
siqnalı da olmuşdur. Şuşa
şəhərinin yaxınlığındakı
Şuşa kəndində atılan
top atəşi ilə
verilən xəbərdarlıq
üzrə Şuşa
qəzası kəndləri
ilə yanaşı, Qarabağın Cavanşir
və Zəngəzur qəzalarında da ermənilər qiyam etmişdilər. Amma bu qiyam nə qədər böyük bir miqyasda hazırlansa da, onların hücumları dəf edilmişdi.
Lakin bu hadisələr sovet Rusiyasının işğalçı hərbi
qüvvələri ilə
birlikdə Azərbaycan
Xalq Cümhuriyyətinin
süqutunu yaxınlaşdırmışdı. 11-ci Qırmızı
ordu hissələri
1920-ci il mayın 12-də Şuşaya
daxil olsalar da, öz məqsədlərinə
çata bilməmişdilər.
İyunun 3-dən 4-nə keçən
gecə Şuşa
Azərbaycan Milli Ordusu tərəfindən azad edilmişdi. Lakin 11-ci ordu hissələri iyunun 15-də Şuşanı
işğal etmiş və burada sovet hakimiyyəti bərpa olunmuşdu.
İradə ƏLİYEVA,
Azərbaycan.- 2023.- 30 mart.- S.11.