Erməni vəhşiliyinin şahidi
Quba Soyqırımı
Memorial Kompleksini indiyəcən
bir milyondan çox insan ziyarət edib
Tarixi faktlar sübut edir ki,
iki əsrə yaxın bir zaman kəsiyində
ermənilər dəfələrlə
azərbaycanlılara divan tutmuş,
qətliam törətmiş,
yaşayış məntəqələrini
viran qoymuşlar. XX əsrin əvvəllərində
dünyadakı qarışıq
proseslərdən istifadə
edən ermənilər
daha da qəddarlaşmışlar.
Həmin
dövr ermənilərin
törətdikləri qətliamlar
nəticəsində on minlərlə
soydaşımız həyatını
itirmiş, yüzlərlə
kənd dağıdılaraq
yer üzündən silinmişdir. Şərqi Zəngəzur
və Qarabağ da bu qəddarlığa
44 günlük Vətən
müharibəsində qazandığımız
zəfərə qədər
şahidlik etmişdir.
Ümumiyyətlə, Azərbaycanda
məskən salan digər xalqlardan fərqli olaraq ermənilər torpaqlarımızda
"böyük Ermənistan"
yaratmaq xülyası ilə çox qırğınlar törətmiş,
milli sərvətlərimizə
sahib çıxmağa can atmışlar. Bolşevik-daşnak dəstələrinin Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan, Lənkəran qəzalarında etdikləri
vəhşiliklər Azərbaycan
tarixinin qanlı səhifələridir. Hamazapsın başçılıq
etdiyi daşnaklar təkcə Quba qəzasının 167 kəndini
yandırmış, 16 mindən
çox azərbaycanlını
qətlə yetirmişlər.
Həmin dövr Qubada yaradılan və birbaşa Hamazapsa tabe olan quldur dəstəsi
gün ərzində yüzlərlə insanı
ya güllələyir,
ya da zindanlara
atırdı. Bununla da kifayətlənməyərək
insanları evlərindən
çıxarır, əmlakını
talan edirdilər. Etiraz edənləri isə qətlə yetirirdilər.
Daşnaklar Qubada digərlərinə dərs
olsun deyə, sakinləri ağaclardan
asır, uzun müddət onlara heç kimin yaxınlaşmasına
imkan vermirdilər. İki gündən bir kəndlərdən
dini savadı olanları məscidlərə yığır,
onların heysiyyəti
ilə oynayır, sonra da güllələyirdilər.
Qubada Səkinə xanım məscidinin qarşısında
namaza gələnləri
çöldə qarşılayır,
sonra kişiləri yaxınlıqdan keçən
mal-qaranın ayağına
bağlayırdılar. Kim etiraz edirdisə,
yerindəcə "komuna
düşməni" kimi
güllələyirdilər. Qubanın məscidlərində həmin
dövr xeyli sayda tarixi əşyalar,
yazılı abidələr
vardı. Ermənilər məscidləri talan edərkən onların hamısını Ermənistana
daşımışlar.
Deyirlər torpaq üstündə
baş verənləri
heç vaxt unutmur. Qoynunda illərlə gizli
qalan gec də olsa açılır.
Ermənilərin Qubada törətdikləri
cinayət də şəhərdə yeni idman meydançası üçün ərazi hazırlanarkən bəşəriyyətə
bəlli olub. Qudyalçayın sağ sahilində üst-üstə
qalaqlanan insan sümükləri ilə
dolu iki quyu aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri 2,5 metrdir. Quyular arasında
2 metr məsafə
var. Aşkar edilmiş
insan cəsədlərinin
əksəriyyəti uşaq
və qadınlara aiddir. Skeletlərin bütöv halda
tapılmaması insanların
öldürüldükdən sonra şaqqalanaraq quyuya atıldığını
göstərir. Odur ki, qurbanların sayı kəllə sümükləri
ilə müəyyən
olunub.
Sümüklərin tədqiqatı zamanı ölüm faktının
nə vaxt baş verdiyi dəqiqləşdirilib. Qubada tapılan
sümüklərin tərkibindəki
nəmliyin miqdarı ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarıb. Məzarlıqda azərbaycanlılarla birlikdə
ləzgilər, yəhudilər,
tatlar və digər millətlərin
400-dən artıq nümayəndəsi
qətlə yetirilərək
basdırılıb. Alimlər belə
nəticəyə gəliblər
ki, quyu və arxlarda basdırılan insan cəsədləri 1918-ci ildəki
Quba qırğınının
qurbanlarıdır.
Bu gün
həmin ərazidə
Quba Soyqrımı
Memorial Kompleksi fəaliyyət
göstərir. 2013-cü il sentyabrın 18-də
Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı
Memorial Kompleksinin açılışında
Prezident İlham Əliyev demişdir: "Burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə
yaradılmış ekspozisiya
çox böyük məna daşıyır.
Kompleksin
girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra
qanlı günlər,
dinc əhaliyə qarşı törədilən
vəhşilik əks
olunur."
Kompleksin bütün bölmələrində
quraşdırılan audiobələdçi
qurğuları vasitəsilə
ingilis, rus və Azərbaycan dillərində ətraflı
məlumat almaq mümkündür. Abidə-muzeyin ekspozisiyasında 1918-ci ilin mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında
- Bakı, Şamaxı,
Quba, Göyçay və digər ərazilərdə müsəlman
əhalinin soyqırımı
tarixi öz əksini tapıb. Ekspozisiya 1918-ci il
hadisələri ərəfəsində
dinc Quba həyatını əks etdirən fotoşəkillərlə
başlayır. Muzeydə 1918-ci ilin qanlı hadisələrini tədqiq
etmək üçün
Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə
Təhqiqat Komissiyasının
yaradılması haqqında
qərarı, komissiyanın
sənədləri, habelə
1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin
ərazisini əks etdirən xəritə, Ümummilli Lider Heydər Əliyevin soyqırımı haqqında
sərəncamı yer
alıb.
Muzey kompleksdə məlumat mərkəzi, zəngin kitabxana, kompüterlərlə
təmin olunmuş oxu zalı da
fəaliyyət göstərir. Kompleksin ərazisində
Azərbaycan Respublikasının
dövlət bayrağı
ucaldılıb. Həyətyanı
sahədə isə alma bağı salınıb.
Muzeydə Azərbaycanın qəzalarının
tarixi faciəsi ayrı-ayrı bölmələrdə
zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilib. Quba soyqrımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş etdirilir.
Kadrlardan
məlum olur ki, müxtəlif qəzalarda baş vermiş soyqırımlar
zamanı kütləvi
şəkildə xüsusi
qəddarlıqla öldürülmüş
insanların əksəriyyəti
yandırılıb, dənizə,
quyulara atılıb və bu səbəbdən
onları dəfn etmək mümkün olmayıb.
Quba turizm şəhəridir. Hər il bura minlərlə xarici ölkə vətəndaşı
səfər edir. Təxmini hesablamalara görə, kompleksi 60-dan çox ölkənin nümayəndəsi
ziyarət edib. Açıldığı gündən isə
1 milyondan artıq insan Soyqırımı
Memorial Kompleksində olub.
Bu il
mart soyqırımından bizi
105 il ayırır. 2020-ci ilin noyabr
zəfəri həm də bu soyqırımı
qurbanlarının intiqamıdır. Qoy düşmənlər unutmasın ki, torpağımıza uzanan
əllər bundan sonra da beləcə
kəsiləcək. Buna
zəmanət verən
qətiyyətli Ali Baş
Komandanımız, sarsılmaz
ordumuz, qalib xalqımız var.
Akif ƏLİYEV
Azərbaycan. - 2023.- 30 mart.- S.11.