Təkrarlanan qətliamlar
31 Mart Azərbaycanlıların
Soyqırımı Gündür
Tarixin 1918-ci il 31
martı idi. Təpədən-dırnağadək
silahlanmış erməni daşnakları və bolşeviklər
müsəlman-türk məhəllərinə hücuma
keçdilər. Elə vəhşiləşmiş,
azğınlaşmışdılar ki, onlar üçün
fərqi yox idi həyatına son qoyduqları uşaqdır,
cavandır, qocadır, qadındır, kişidir. Tək
bir düşüncələri vardı: qətlə yetirdikləri
müsəlmandır, türkdür.
Qanlı əməliyyatlar
xüsusi plana uyğun aparılırdı. Hadisələrdən
əvvəl Bakı şəhərinə Birinci Dünya
müharibəsində müxtəlif cəbhələrdə
vuruşmuş təxminən 7 min erməni əsgəri gətirilmişdi.
Anastas Mikoyanın başçılıq etdiyi
soyqırımında xüsusilə fəallıq göstərən
"Qızıl Qvardiya" adlı 10-12 minlik ordunun da 70 faizi
ermənilərdən ibarət idi.
Martın 31-i səhər
tezdən bolşevik-daşnak dəstələrinin hücum
etdikləri "Kərpicxana", "Məmmədli" və
başqa məhəllələr həm də havadan təyyarələr,
dənizdən hərbi gəmilərlə bombalanırdı. Rus hərbçilərini
aldadan ermənilər onları İçərişəhərdə
türklərin rusları qətlə yetirdiklərinə
inandıra bilmişdilər. Matroslar bunun
yalan olduğunu öyrəndikdən sonra atəşi
dayandırdılar. Amma artıq gec idi.
Bakının alovlara bürünən məhəllələrində
ölənlərin sayı-hesabı bilinmirdi...
Mart qırğınları
zamanı azərbaycanlılar dəhşətli işgəncələrlə
qətlə yetirilirdi. Gənc qadınları diri-diri divara
mıxlayır, hamilə qadınları ağlasığmaz
işgəncələrlə öldürürdülər.
Həmin dəhşətli
günlərin şahidi olan Kulner soyadlı bir alman 1925-ci ildə
Bakı hadisələri barədə yazırdı ki, ermənilər
1918-ci ilin mart hadisələri zamanı müsəlman (azərbaycanlı)
məhəllələrinə soxularaq hər kəsi
öldürür, qılıncla parçalayır,
süngü ilə dəlmə-deşik edirdilər:
"Qırğından bir neçə gün sonra bir
çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin
qulaqları, burunları kəsilmiş, qarınları
yırtılmışdı. Ermənilər
uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm
etmədilər".
Mart qırğınları barədə
tədqiqatçı Kulqe yazırdı: "Ermənilər
müsəlman əhalisini işgəncələrlə
öldürür, şəmşirlərlə
parçalayır, süngü ilə dəlik-deşik edir,
körpə uşaqları süngüyə keçirir, cəsədlərin
burun, qulaq və başlarını kəsir, evlərə od
vurub sakinlərqarışıq yandırır,
qadınları soyundurur və saçlarını bir-birinə
bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə
qədər döyürdülər". Kulqe
ermənilər tərəfindən üzü divara
çevrilərək itlərə gəmirdilən azərbaycanlıların
şəkillərini də çəkmişdi.
O zaman ermənilərin törətdikləri
vəhşiliklər barədə Nəriman Nərimanov
deyirdi: "Müsəlmanlara qarşı hər cür cinayəti
etdilər. Nəinki kişilər, hətta hamilə
qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər".
Qətlə yetirilənlərin
çoxunun meyidi tapılmadı. Şahidlərin
sözlərinə görə, ermənilər cinayətin
izini itirmək üçün meyitləri od-alova
bürünmüş evlərə, dənizə, quyulara
atırdılar.
Sonrakı gün - aprelin 1-də
də kütləvi qırğınlar davam etdirildi. Bolşevik-daşnak
dəstələri müsəlmanların ziyarətgahlarını,
məktəbləri, kitabxanaları, mədəniyyət
ocaqlarını uçurub dağıtdılar. Bakının ən gözəl memarlıq abidələrindən
sayılan "İsmailiyyə", "Kaspi" qəzeti
redaksiyasının binalarını və redaksiyada yeni
çap edilmiş "Quran-Kərim"ın 5 min nüsxəsini
yandırdılar.
Bakıda azərbaycanlıların
ah-naləsi ərşə qalxmışdı. Bu vəhşiliklərə
dözməyən şəhərdə yaşayan azərbaycanlılar
könüllü dəstələr təşkil edərək
Bakı Sovetinə müqavimət göstərməyə
başladılar. Ancaq qüvvələr
qeyri-bərabər idi. Bolşevik-daşnak
qüvvələrinin törətdikləri faciələrin
qarşısını almaq mümkünsüz idi.
1918-ci ildə bolşevik-daşnak
birləşmələri yalnız Bakı və Bakıətrafı
bölgələrdə deyil, Şamaxı, Quba, Xaçmaz,
Muğan, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur,
Qarabağ, Naxçıvan və digər yerlərdə də
qırğınlar törətdilər, on minlərlə azərbaycanlını
qətlə yetirdilər.
Mart
qırğınlarından sonra sülh sazişi imzalansa da,
sentyabrın 15-nə qədər ermənilər müntəzəm
olaraq Bakı şəhərinin küçələrində,
ətraf kəndlərə gedən yollarda azərbaycanlıları
qətlə yetirir, meyitlərini neft quyularına, dənizə
atırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin
1918-ci ilin 15 iyulunda yaratdığı Fövqəladə Təhqiqat
Komissiyasının sənədlərində bu barədə məlumatlar
var.
1919-cu ildə Azərbaycan Xalq
Cümhuriyyətinin parlamenti 31 martın azərbaycanlıların
ümummilli matəm günü kimi qeyd olunması barədə
qərar verdi. Lakin 1920-ci ilin
28 aprelində bolşeviklər Cümhuriyyət hökumətini
süquta uğradaraq hakimiyyəti ələ keçirdilər.
Sovet hökuməti 70 il Azərbaycan
xalqının öz tarixi həqiqətlərini öyrənməməsinə,
qəhrəmanlarını düşmən, düşmənlərini
dost kimi tanımasına çalışdı. Ancaq bu uzun illər ərzində də Azərbaycan
xalqına qarşı ədavət, kin, düşmənçilik
sona çatmadı. Sovet hakimiyyətinin
himayə etdiyi ermənilər 1948-1953-cü illərdə azərbaycanlıların
xeyli hissəsinin Qərbi Azərbaycan torpaqlarından
deportasiyasına nail oldular.
Təcavüzkar,
işğalçı ermənilər 1988-ci ildən yenə
Azərbaycana qarşı torpaq iddiaları irəli
sürdülər. Şuşa, Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər,
Laçın, Qubadlı, Zəngilan torpaqlarında erməni cəlladları
günahsız insanları qanlarına qəltan etdilər. 1990-cı illərdə torpaqlarımızın 20
faizini işğal etdilər. Yenə də
erməni qəsbkarları öz güclərinə deyil,
havadarlarına arxalanmışdılar. 1918-ci
ildə olduğu kimi, dövrün müasir silah-sursatı ilə
təmin olunmuşdular. Havadarlarından hər cür
yardımlar alan erməni vandalları XX əsrin
sonlarında da insani duyğulardan məhrum olduqlarını dəhşətli
əməlləri ilə sübut etdilər. 1990-cı illərdə
Qarabağda, Şərqi Zəngəzurda qəddar, qatil ermənilər
yenə də uşaq, qoca, qadın demədən azərbaycanlıları dəhşətli
işgəncələrlə şəhid etdilər. Kərkicahan,
Malıbəyli, Meşəli faciələrinin davamı isə
Xocalı soyqırımı oldu.
1992-ci il
fevralın 25-dən 26-sına keçən gecə erməni
silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi
şəhərində yerləşdirilmiş 366-cı
motoatıcı alayının köməyi ilə silahsız,
köməksiz Xocalıya hücum etdilər. Aylarla
mühasirədə saxlanılan Xocalı şəhəri
toplardan və ağır artilleriyadan şiddətli atəşə
tutuldu. Fevralın 26-sı səhər saat
5 radələrində şəhər alova büründü.
Xocalı işğal olundu. Hücum
üç istiqamətdə aparıldığından əhali
Əskəran tərəfə üz tutub qaçmağa
başladı. Lakin erməni silahlı dəstələri
evlərindən dərbədər saldıqları
xocalılılara pusqu qurmuşdular. Naxçivanik
kəndi yaxınlığında yolu kəsdilər. Dinc azərbaycanlılara divan tutdular. Mənfur
ermənilər vertolyotlarla, ağ geyimli
xüsusi qruplarla meşələrdə gizlənmiş
insanları axtarır, tapdıqlarına işgəncələr
verir, ya qətlə yetirir, ya da əsir
götürürdülər. Güllələrdən
yayınıb meşələrə, dağlara
qaçanların çoxu isə soyuqdan, şaxtadan məhv
oldu.
Xocalı soyqırımı
zamanı ermənilər tərəfindən qətlə
yetirilmiş azərbaycanlı uşaqların sinəsi
yarılıb ürəkləri parçalanmış, əksər
meyitlər tikə-tikə doğranmışdır. Bu barədə məlumatlar
Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasına Xocalı soyqırımı
zamanı əsir və girov götürülmüş
insanların ifadələrində də var.
O dəhşətli gün barədə
danışan Camal Əbdülhüseyn oğlu Heydərov
deyib: "Qaraqaya deyilən yerin
yaxınlığındakı fermanın 2 kilometrliyində
eybəcər hala salınmış xeyli azərbaycanlı
meyiti var idi. Qətlə yetirilmiş
uşaqların sinəsini yarıb ürəklərini
parçalamış, əksər meyitləri isə tikə-tikə
doğramışdılar".
Şahin Zülfüqar
oğlu Heydərov Naxçıvanik kəndi
yaxınlığında 80-nə yaxın meyit
gördüyünü söyləyib. Meyitlərə
işgəncələr verilmiş, başları kəsilmişdi.
Milis mayoru Əlif Hacıyev, yaxın
qohumları Fəxrəddin Səlimov, Mikayıl Səlimov da qətlə
yetirilənlər arasında idi.
Ermənilər Cəlil
Hümbətəli oğlu Hümbətovun gözü
önündə həyat yoldaşı Firuzə, oğlu
Muğan, qızı Simuzər və gəlini Südabəni
güllələyiblər. Başqa bir
xocalılı - Kübra Adil qızı Paşayeva da eyni dəhşətləri
yaşayıb. Kətik meşəsinə
girəndə ermənilərin mühasirəsinə
düşən Kübra gizləndiyi kolluqdan həyat
yoldaşı Şura Tapdıq oğlu Paşayevin, oğlu
Elşadın güllələndiyini görüb.
Xocalı işğal olunan
zaman erməni silahlıları Xəzəngül Təvəkkül
qızı Əmirovanın ailə üzvlərini girov
götürüb. Anası Rayanı, 7 yaşlı bacısı Yeganəni
və xalası Göycəni ermənilər güllələyib,
atası Əmirov Təvəkkülü isə benzin tökərək
yandırıblar. 150 nəfərədək
xocalılı ilə 3 gün meşədə qalan Zoya
Əli qızı Əliyevanın yanında Dünya Əhmədova
və onun bacısı Gülxar donaraq ölüblər.
Xocalı sakini Kübra Əliş qızı Mustafayeva
"Ermənilər bizi girov götürən kimi
yanımdakı altı nəfəri yerindəcə güllələmişdilər",
Əli Ağami oğlu Nəcəfov isə "Ermənilər
qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri
yerindəcə güllələmişdilər" deyiblər...
Xocalı dərdi
danışdıqca bitməz... Xocalı
soyqırımında erməni vandallarının törətdikləri
faciələr barədə dünyanın nüfuzlu kütləvi
informasiya vasitələrində yazılar dərc edilib, sujetlər
təqdim olunub. Ancaq nə qədər
yazılsa da, bəhs olunsa da, Xocalı
soyqırımını olduğu kimi anlatmağa yetmir. Çünki törədilmiş hadisələr təsəvvürə
sığmayacaq qədər dəhşətlidir. Eynilə
1918-ci ildə, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri 31 Mart soyqırımında
olduğu kimi...
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2023.- 31 mart.- S.8.