Dünya ermənilərin ağır cinayətlərinə
qarşı təsirli tədbirlər görmür
31 Mart Azərbaycanlıların Soyqırımı
Gündür
Bir əsrdən çoxdur ki, ermənilərin "Qarabağ problemi" ətrafında törətdikləri terror əməlləri, cəzasız qalan cinayətlər, ağlasığmaz dağıntılar dünya içtimayyətinin hələ də görmək istəmədiyi, yaxud da görüb düzgün qiymət vermədiyi ciddi problemlərdəndir.
Ermənilərin azərbaycanlılara, türklərə qarşı törətdikləri vəhşiliklər Azərbaycan tarixinin ən müdhiş səhifələrindəndir. Tarixi sənədlər və şahidlər Türkiyədə ermənilərin saysız-hesabsız ağır cinayətlər törətdiyini sübut edib. Türk-erməni münasibətlərinin araşdırıcısı kimi tanınan amerika tarixcisi Karter yazır ki, Anadoludakı erməni varlığını anlamaq istəyən unutmamalıdır ki, erməni fəlakəti müharibə və milli-azadlıq hərəkatı zamanı meydana çıxmışdır. Ermənilərin məskun olduğu yalnız 6 vilayətdə 1milyondan çox müsəlman öldürülmüşdür.
1920-ci ildə amerikalı ekspertlər Şərqi Anadolunun ermənilər yaşayan 6 vilayətində araşdırmalar apararaq xüsusi bir hesabat hazırladılar. Həmin hesabat əsasında ABŞ konqresinin bir neçə üzvü sonradan konqresə " strateji istiqamət, erməni terroru və beynəlxalq terror münasibətləri məsələsinə tarixi baxış " adlı yeni bir hesabat təqdim etdilər. Həmin hesabatda deyilir: "1912-1922-ci illər arasında 10 il ərzində ermənilərin öz vətəni hesab etdikləri 6 Şərqi Aanadolu vilayətində 1milyon müsəlmanın öldürüldüyü unudulmamalıdır. "Asala" (beynəlxalq erməni terrorçu təşkilatı) soyqrımı iddiaları ilə meydana çıxdıqda, türklər biz də soyqırıma məruz qaldıq deyərlərsə, bu haqlı olmazmı?!"
Vaxtilə ABŞ konqresində erməni millətçilərinin açıq müdafiəçilərindən biri, ABŞ Demokrat Partıyasından senatın üzvü olan Larri Smit hadisələri Türkiyədə araşdırdıqdan sonra demişdir: "Türkiyəni ziyarət etdikdən sonra erməni məsələsinə dair təsəvvürüm genişləndi. Türkiyəni görüb, yəhudi liderləri və bəzi milli azlıq liderləri ilə söhbət etdikdən sonra düşüncələrimdə ciddi dəyişikliklər baş verdi. Sonra bu sahədə bəzi araşdırmalar apardım. Çox şey aydınlaşdı və fikrim tamamilə başqalaşdı. Artıq hadisələrə elmi və gerçək bir mövqedən baxıram. Ermənilərin tarixi saxtalaşdırdıqlarını və həqiqəti öz məqsədləri istiqamətində dəyişdirdiklərini gördüm".
Erməni quldur və terorçu təşkilatları tərəfindən törədilən insan qırğınlarının əksəriyyəti Ermənistan, Azərbaycan və Türkiyə ərazisində baş versə də, onlar artıq çoxdan bu coğrafi mövqedən kənara çıxmış və bunun alovu çox uzaqlara yayılmışdır. Erməni lobbisinə müxalif olanlar və Türkiyədə 1915-ci il soyqrımının tanınmasına maneçilik törədənlərə qarşı yönəldilmiş erməni terrorizmi qəddar beynəlxalq terrorizmin mühüm tərkib hissəsinə çevrilmişdir. Özünü 1890-cı ildən göstərən erməni terrorizm hərəkatı artıq 100 ildir ki, qanlı əməlləri ilə dünya içtimaiyyətini dərindən narahat edir.
"Asala", "HnÇaq", "Nar" adları ilə tanınan bu terrorçu təşkilatlar əslində eyni mənfur məqsədi güdmüşdür. "ASALA" (Ermənistanın qurtuluşu üçün Gizli Erməni Ordusu) 1 yanvar 1975-ci ildən Beyrutda bir terrorçuluq aktı ilə özünü tanıtmağa başlayan və marksizm-leninizm ideologiyasını əsas tutan, məqsədlərinə silahlı mübarizə yolu ilə çatmağa çalışan bir təşkilatdır. Terrorçu təşkilatın əsas vəzifəsi Birləşmiş Demokratik və Sosialist Ermənistan dövlətini yaratmaq; vətənə qayıtdıqdan sonra erməni xalqına ən azı öz müqəddəratını özü təyin etmək hüququ qazandırmaq; soyqırımını tarixi bir həqiqət kimi Türkiyə tərəfindən qəbulunu təmin etmək; soyqrımı ilə əlaqədar Türkiyəni təzminat ödəməyə məcbur etməkdir.
"HNÇAQ"ın (erməni soyqırımı ədalət komandaları) qarşısına qoyduğu vəzifələr isə Türkiyəni 1915-ci il soyqırımını etiraf etməyə və müvafiq təzminat ödəməyə məcbur etmək; Osmanlı imperiyası torpaqlarının bölüşdürülməsini nəzərdə tutan 1920-ci il Sevr müqaviləsi ilə sərhədləri müəyyən edilən " erməni torpaqlarının ermənilərə qaytarılmasını təmin etməkdir.
NAR (Yeni Erməni Dirənişi) "Asala" ilə sıx, əlaqəli şəkildə fəaliyyət göstərməyi nəzərdə tutmuş terrorçu təşkilatdır.
Bu tarixi faktları nəzərdən keçirdikdə və sənədləri araşdırdıqda görürük ki, qondarma erməni məsələsi Qarabağ problemi ətrafında Azərbaycanda, Türkiyədə və bütün dünyada baş verən siyasi, hərbi və terrorçuluq aktları dövrümüzdə ümumidünya tarixi və proseslərin ağır faciələr və fəlakətlər doğuran xərçəngəbənzər törəməsidir. Tarixi hadisələrin, siyasi proseslərin gedişi göstərir ki, bütün XX əsr boyu azərbaycanlılar üçün əsl tarixi fəlakətə çevrilmiş olan erməni məsələsi, sonra isə Qarabağ problemi və Qafqazda öz nüfuzunu itirmək istəməyən Rusiya bu hadisələrin ssenari müəllifi olmuşdur. İmperiyanın parçalanması təhlükəsi yarandıqda bir qayda olaraq həmin problem ortaya çıxır və ya vəziyyət sabitləşdikdə yenidən arxa plana keçir.
Bunun əyani sübutu kimi, 1905 -1907 və 1917-1918-ci illərdə Rusiyanın dərin iqtisadi, siyasi böhran keçirdiyi bir vaxtda, vəziyyətdən çıxış yolu kimi milli qırğınlar törətməsini göstərə bilərik. 1905-1907-ci illərdə Azərbaycanda on minlərlə insan dəhşətli şəkildə soyqırımına məruz qaldı. 1918-ci il mart ayında başlanan qırğınların miqyası daha böyük, daha ağır idi. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Gəncədə, Lənkəranda və Muğanda xüsusi qəddarlıqla həyata keçirilmişdir. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda və Lənkəranda ermənilər çox sayda azərbaycanlını qətlə yetirmiş, evləri qarət etmiş, on minlərlə sakini yurdlarından qovmuşdular. Zəngəzurda 115 kənd tamamilə dağıdılmış, dinc əhaliyə divan tutulmuş, qadınlar təhqir olunmuşdur. İrəvan quberniyasında 211, Qarsda isə 82 azərbaycanlı yaşayan kənd dağıdılmışdır. İrəvanın özündə və ətrafında azərbaycanlılar yaşayan 1920 ev yandırılmış, 131970 nəfər xüsusi qəddarlıqla qətilə yetirilmişdir.
Azərbaycan SSRİ-nin tərkibinə qatıldıqdan sonra isə bu siyasət başqa şəkildə repressiyalar və deportasiya adı altında həyata keçirilmişdi. 23 dekabr 1947-ci ildə isə Stalinin imzaladığı "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarla 1948-1950-ci illərdə Ermənistandan 150 min azərbaycanlı rəsmi olaraq Azərbaycana köçürülmüşdü. Bu insanların əksəriyyəti yerli iqlimə uyğunlaşmayaraq həlak olmuşdu.
Tədqiqatçılarin apardıqları araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, tarixdə 14 mindən çox müharibə olmuşdur. Lakin onların heç biri ermənilərin başlatdıqları müharibə qədər dəhişətli olmamışdır. Ermənilər XX əsrin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımını 1988-1994-cü illərdə yenidən təkrarladılar. Hadisələr nəticəsində 800-dən çox Azərbaycan kəndi işğal edilib dağıdılmış, 1milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş , on minlərlə insan qətlə yetirilmiş, minlərlə günahsız azərbaycanlı əsir və itkin düşmüşdür.
Azərbaycan müstəqilliyini əldə edənədək və sonralar torpaqlarımızın bir-birinin ardınca işğal edilməsi, soydaşlarımızın soyqırıma məruz qalması ermənilərin gücü hesabına deyil, bizim bu məsələyə münasibətdə həmrəy olmamağımızın nəticəsi idi. Bu dövrdə ölkəmizdə hakimiyyətdə olan rəhbərlər zəif və yarıtmaz siyasət yeridir, hərbi və siyasi qüvvələri mərkəzi hakimiyyətə tabe edə bilmirdilər. Ölkədəki müxalif qüvvələr düşmənə cavab vermək əvəzinə, bu vəziyyətdən öz siyasi məqsədləri naminə faydalanmağa, ictimaiyyətdə fikir ayrılığı yaratmağa çalışırdılar.
Ermənilər Azərbaycanda cərəyan edən bu hadisələri çox diqqətlə izləyir və bundan öz məqsədlərinə çatmaq üçün məharətlə istifadə edirdilər. 1990-cı illərin əvvəllərində baş verən hadisələrin ən dəhşətlisi Xocalı soyqırımı oldu. Xocalı soyqırımına gedən yol 1992-ci il fevral ayının 17-dən 18-nə keçən gecə Xocavənd rayonunun Qaradağlı kəndində edilən faciəvi qırğınlardan başladı. Qaradağlı kəndində baş verən hadisələr isə bir millət olaraq bizim mənəvi faciəmizdir. Azərbaycan torpaqlarında bir qrup quldur tərəfindən gözümüzün qarşısında soydaşlarımıza divan tutulur, ana və bacılarımız təhqir edilir, dövlət rəhbərlərimiz isə buna tamamilə biganə qalır. Qaradağlıdan sonra daha da sərbəstləşən erməni seperatçıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kecmiş SSRİ- yə məxsus 366-cı alayın köməyi ilə erməni quldurları Xocalı şəhərini mühasirəyə alaraq güclü artilleriya atəşinə tuturlar. Bundan sonra zirehli texnikanın müşayiəti ilə Xocalı özünümüdafiə dəstəsinin müdafiə xəttini yararaq şəhərə daxil olan erməni quldurları sılahsız sakinlərə, qocalara, əlillərə, qadınlara, uşaqlara misli görünməmiş divan tuturlar. Minlərcə günahsız insanlara işgəncələr verilir, minlərlə həmvətənlimiz qətlə yetirilir. O zaman Azərbaycan hakimiyyəti bu qanlı faciəni xalqdan gizlətməyə çalışsa da dünyanın bir sıra nüfuzlu mətbuat orqanlarının manşet yazıları Xocalıda baş verən faciə haqqında idi.
İstər Xocalı soyqırımına, istərsə də XX əsrin əvvəllərində baş vermiş soyqırımlara yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra hüquqi-siyasi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə keçirilən müzakirələrdən sonra Xocalı soyqırımı ilə bağlı qərar qəbul olundu. Milli Məclisin qəbul etdiyi qərara əsasən, hər il fevral ayının 26-sı "Xocalı soyqrımı və milli matəm günü" kimi qeyd olunur.
Başımıza gətirilən bu bəlalar bizə tariximizə nəzər salıb düşünməyi, ümummilli maraqları şəxsi maraqlara dəyişməməyi, vətənin, dövlətin maraqlarını hər şeydən üstün tutmalı olduğumuzu diktə edir.
Kərim NOVRUZOV,
Ağdam rayon 95 nömrəli
tam orta məktəbin direktoru
Azərbaycan. - 2023.- 31 mart.- S.11.