Erməni xisləti iki əsrdir ki, dəyişmir
31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür
200 illik bir tarixdə başımıza gələn
bütün faciələrin
kökündə ya ermənilər durur, ya da ermənidən
bir vasitə kimi istifadə edib bu mənfur
milləti oyuncaq bir alətə çevirənlər.
Ötən əsrin əvvəllərində Rusiya daxilində baş verən sosial-siyasi çaxnaşmalar, 27 fevral inqilabı ilə başlayıb oktyabrda bolşevik çevrilişi ilə sona çatan proseslər, bu hadisələr fonunda imperiya daxilində başlayan vətəndaş müharibəsi xalqların azadlığı uğrunda mübarizə aparan insanların inam və mübarizə hissini xeyli gücləndirmişdi…
Məsələ burasındadır ki, Rusiyada sistem dəyişsə də, mahiyyət heç də dəyişməmişdi. Lenin Rusiyanın keçmiş nüfuz dairəsinə daxil olan ucqarlarda öz niyyətini daha məkrli formada həyata keçirməkdə israrlı idi. "Vahid və bölünməz Rusiyanın" bərpa edilməsi ideyası ilə çıxış edən ağ hərəkatın liderləri ilə bolşevik inqilabının rəhbərlərinin siyasəti üst-üstə düşürdü.
Rusiyanın Qafqaz siyasətinə gəlincə, ən yaxşı vasitə bütün siyasi proseslərdə Rusiyanın maşası rolu oynayan ermənilərdən istifadə etmək idi. Lenin bu vasitədən məharətlə istifadə edərək hakimiyyətə gələr-gəlməz 29 dekabr 1917-ci ildə Türkiyə ərazisində Ermənistana muxtariyyət verilməsi haqqında dekret imzaladı. Bu dekret Ermənistana dövlət qurmağa rəvac verən ilk rəsmi sənəd idi.
Müharibə şəraitində Antanta və Üçlər İttifaqı arasında gedən mübarizə yeni, hər iki qruplaşmaya düşmən mövqedə olan sovet Rusiyası kimi hərbi-siyasi amilin meydana gəlməsi, bütün Qafqaz Xəzər regonu üzərində nəzarətin yaranması uğrunda mübarizə Orta Şərqdə prioritet xarakter aldı. Bu geostrateji məqsədə nail olmaqda əsas açar rolunu Qafqazın iri sənaye mərkəzi olan, muharibə ərəfəsində rus neftinin təxminən 80 faizini, dünya neftinin isə 15 faizini verən Bakı şəhəri oynayırdı. Qafqazın bu iri sənaye - maliyyə mərkəzinin və Xəzər limanının zəbt olunması bütün Xəzər dənizi akvatoriyası üzərində tam nəzarətin həyata keçirilməsi üçün geniş perspektivlər açırdı. Bundan əlavə, Bakıda onlarca neft emal edən zavod, digər sənaye müəssisələri cəmləşmişdi. Azərbaycan ərazisindən Güney Qafqazı birləşdirən magistral dəmir yolu, şose və quru yollarının keçməsi, habelə 1907-ci ildə inşa edilmiş Bakı-Batum neft kəməri mühüm hərbi strateji amil hesab olunurdu. Bu kəmərin zəbt edilməsi Qafqazın bütün təsərrüfat - iqtisadi həyatı üçün təhlükə törədə bilərdi.
RSFSR-in xarici işlər komissarı Q.V.Çiçerin Bakının beynəlxaq əhəmiyyətini təsvir edərkən deyirdi: "Bakı elə gözəldir ki, istənilən əcnəbi macəra axtaran onu doğma evindən oğurlamaq istər". Ağ qvardiyaçı generallar Bakını "Xəzərin qara mirvarisi" adlandırırdılar. Denikin Bakı neftinin dəyərindən bəhs edərək yazırdı: "Bakı nefti Avropa və Asiya siyasətçilərinin ağlına tam hakim kəsilmişdir".
Ərzincan barışığına görə, 1918-ci il martın 3-də Brest-Litovsk sülh sazişinin imzalanması ilə bağlanan, Leninin təbirincə desək, "ədəbsiz" sülh müqaviləsinə əsasən, rus qoşunları Cənubi Qafqazdan çıxarıldı. Qafqaz Almaniyanın və Osmanlının nüfuz dairəsinə bölündü. Bununla da regionda separatizmin stimullaşması və millətlərarası münasibətlər və sosial-siyasi münaqişələr daha da kəskinləşdi.
Amma bolşeviklər Bakı neftindən belə asanlıqla əl çəkmək niyyətində deyildi. Bu arada Türkiyədən, İrandan qaçan ermənilər yaranmış münbit şəraitdən istifadə edərək Bakiya cəmləşir və Cənubi Qafqazı tərk edən rus ordusunun silahları hesabına mükəmməl surətdə silahlanırdılar. Bir sözlə, Leninin xeyir-duası, Stepan Şaumyanın başçılığı ilə Bakıda müsəlman əhaliyə qarşı ən sərt tədbirlər görülür, evlər qarət edilir, əhalidən silahlar yığılırdı. 1918-ci ilin yanvar ayında rus-yapon müharibəsində, Port-Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş, müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin Bakıda həbs olunması, "Evelina" gəmisi ilə Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi hadisəsi əhalinin qəzəbinə səbəb oldu. Bu əməllərin təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təxribata sövq etsinlər və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etsinlər. Əhalinin isə narazılığı günbəgün artırdı. Ona görə də Bakı camaatı məscidlərdən birinin həyətinə yığılaraq sovet-daşnak ordusu tərəfindən "Evelina" gəmisindən müsadirə olunmuş silahların geri qaytarılmasını tələb etdi.
Həmin gün Hərbi-İnqilab Komitəsində Stepan Şaumyanın, eləcə də "Müsavat" partiyası nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə keçirilmiş müşavirədə alınmış silahların "Hümmət" təşkilatı vasitəsilə geri qaytarılması barədə qərar verildi. Müşavirədə iştirak edən bolşevik liderlərindən biri olan Caparidze də bu tələbin yerinə yetirilməsinə çalışacağını bildirdi. Elə bu zaman Stepan Şaumyanın hazırladığı təxribat planı işə düşdü, küçədə atışma başladı. Təxribat başlayarkən özlərini bitərəf kimi göstərməyə çalışan Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri dərhal Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər. Onu da qeyd edək ki, daşnak-bolşevik qüvvələrinin azərbaycanlılara qarşı qırğına başlaması ərəfəsində bütün qüvvələr - menşeviklər, eserlər, kadetlər də Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə edir, onun tapşırıqlarını yerinə yetirirdilər. Buna qədər Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı "inqilabi" orduya məqsədli şəkildə bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi.
Bolşeviklər tərəfindən martın 31-də P.Caparidze, Q.Korqanov, İ.Suxartsev, Stepan Şaumyan daxil olmaqla İnqilabi Müdafiə Komitəsi yaradıldı. Mart qətliamı zamanı Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus və erməni fəhlələrini sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi partiyaların nümayəndələrini də dəvət etmişdilər. Belə olan zaman azərbaycanlılar özünümüdafiə tədbirləri görməyə məcbur olmuşdular. Lakin azərbaycanlıların nə bir hərbi təşkilatı vardı, nə də kifayət qədər silah-sursatı. Bunu yaxşı başa düşən Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açırdı. Demək olar ki, eyni vaxtda Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutdu. Martın 29-da səhər tezdən, hələ əhalinin oyanmadığı vaxtda erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin "Kərpiçxana", "Məmmədli" və "Zibilli Dərə" adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin demək olar ki, hamısı azərbaycanlılar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi paraxodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə ermənilər toplardan atəş açırdılar. Erməni hərbi hissələri sovet hakimiyyətini müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular.
Mart soyqırımı zamanı ermənilərin törətdikləri qanlı cinayətlərin qeyd olunduğu tarixi sənədlərdə göstərilir ki, yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər pulemyotların mühafizəsi ilə şəhərə hücum ediblər. Bu zaman ermənilər evlərə soxulur, sakinləri qırır, onları qılınc və xəncərlərlə doğram-doğram, süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük körpələri süngünün ucunda oynadıblar. Qırıb-çatdıqları əhalinin əmlaklarını məhv edib, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparıblar. Sonralar qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmış 57 nəfər qadının, qızın torpaq altına basdırılmış cəsədi aşkar edilmişdir. Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadələrinə əsasən, 1918-ci ilin martında təkcə Bakıda daşnakların bolşeviklər, menşeviklər və başqa partiyaların silahlı qatilləri ilə birgə 15 mindən çox günahsız müsəlmanı qətlə yetirdiyi göstərilmişdi. Ermənilərin dinc əhalini qətlə yetirmələri yalnız 36-cı Türkistan polkunun dənizçilərinin hədələrindən sonra dayandırılmışdı. "Ərdəhan" və "Krasnovodsk" hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limana yaxınlaşaraq tələb etmişdilər ki, əgər ermənilər dinc əhalini öldürməkdən əl çəkməsələr, onlar da şəhərin ermənilərin sıx yaşadığı ərazilərini toplardan atəşə tutacaqlar. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayandırmışlar.
Xatırladaq ki, ermənilər Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı insanlığa yaraşmayan vəhşiliklər törədiblər.
Təkcə 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum zamanı 58 kənddə təxminən 7 min azərbaycanlı amansızcasına qətlə yetirilmişdir. Öldürülənlərdən 1653-ü qadın və 965-i uşaq olmuşdur. Şamaxıda əhaliyə dəymiş maddi ziyanın ölçüsü orta hesabla bir milyard rubldan artıq idi.
200 illik bir tarix
ərzində ermənilərin nə xarakteri
dəyişdi, nə də niyyətləri. İmkan
düşdükcə hər an öz mənfur niyyətlərini həyata
keçirməkdən ötrü qan tökməkdən, xalqlar
arasına nifaq salmaqdan
çəkinmədilər. Nə xoş ki ermənilərin,
onların havadarlarının bəd niyyətləri yara kimi ürəklərində
düyünlənib qaldı. Bu gün qüdrətli Azərbaycan dövləti
öz torpaqlarına hakimdir.
İllərdir "böyük Ermənistan"
xülyası ilə yaşayan Hayastan isə olum-qalım dilemması ilə
üz-üzədir. Buna tarixin ironiyası da demək olar.
Elşən QƏNİYEV
Azərbaycan.- 2023.- 31 mart.- S.12.