Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan gənclərinin yeri

 

       “Heydər Əliyev İli”

 

Hər bir tarixi şəxsiyyət xalq qarşısında xidmətləri ilə tanınır və sevilir. Bu baxımdan Ulu Öndər Heydər Əiiyevin siyasi irsi tükənməz bir xəzinədir. Böyük rəhbər ötən əsrin 70-ci illərindən başlayaraq ölkədə gənclər siyasətinin düzgün aparılmasının ən vacib məsələlərdən olduğunu çıxışlarında, nitqlərində dəfələrlə qeyd etmişdir.

Həmin illərdə  gənclərə xüsusi diqqət və qayğı göstərilirdi. Kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi əvvəlki illərlə müqayisədə görünməmiş sürətlə gedirdi. Bunun üçün möhkəm baza yaradılırdı. Gənclər Sovetlər İttifaqının qabaqcıl ali məktəblərinə göndərilir, respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsi üçün son dərəcə gərəkli ixtisaslara yiyələnirdilər. Bununla da Azərbaycanın elmikadr potensialı möhkəmlənir, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği imkanları genişlənirdi. Faktiki olaraq qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, bir çox elmi məktəbin əsası qoyuldu.

Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Bu sözlər gəncliyə olan xüsusi diqqət və qayğının bariz nümunəsi idi.

Məhz yeni dövrün inkişafının gənclər siyasəti ilə bağlı olması böyüməkdə olan nəslin necə inkişaf etməsinin, həmçinin gənclərimizin nəinki ölkə daxilində, eyni zamanda bütün dünya miqyasında tanınmasının əyani göstəricisidir. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir", - deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bununla da Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemin həllində, eyni zamanda ölkənin gələcək inkişafında iştirakı və məsuliyyətini artırdı.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə rəhbərinin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, onların qısa müddətdə reallaşdırılması dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmçinin gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişməsi, müxtəlif xarici ölkələrdə təhsil alması bu sosial təbəqəyə göstərilən qayğı və diqqətin təqdirəlayiq nəticəsidir.

Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləmişdir. Onların hərtərəfli inkişafı, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaratmışdır. Gənclər isə dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışmışlar.

Məhz həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır. Bu, faktdır ki, Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində hər zaman fəal iştirakı ilə seçilir.

Azərbaycanda reallaşdırılan gənclər siyasəti onları vətənpərvər ruhda  formalaşdırıb yetişdirmişdir. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycan gəncliyinin möhkəm, sarsılmaz, qətiyyətli, dözümlü olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinə yollanan hər bir gənc qəhrəmancasına döyüşlərdə iştirak etdi. Hər biri öz şücaəti ilə tarixin vətənpərvərlik salnaməsini yazdı, bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu bir daha göstərdi. 

Bu gün Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim əsas tutur. Hər birimiz şahidik ki, hazırda böyüməkdə olan nəsil özünə inamlı, mübariz, vətənpərvərdir.

 

Günel ƏZİMOVA,

AMEA-nın KatalizQeyri-üzvi

Kimya İnstitutunun elmi işçisi

 

Azərbaycan.- 2023.-7 may.- S.13.