Yaradıcılıq
Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən
aparılan bərpa işlərindən sonra
açılışı olub
Şuşa
Zəfərimizin rəmzidir
Mayın
10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin
Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa
işlərindən sonra açılışında
iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov
dövlətimizin başçısına və birinci
xanıma görülən işlər barədə məlumat
verdi.
Bildirildi
ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin
hazırkı binası ölkə əhəmiyyətli
memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə
Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib.
Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan
bərpa işləri zamanı bina ilkin vəziyyətinə
qaytarılıb. Sonradan alçıpanla bağlanılan
qapı, pəncərə, tavan və arakəsmə divarlar
sökülərək binanın tarixi formasına
qaytarılması işləri yerinə yetirilib.
Dövlətimizin
başçısı, birinci xanım və ailə üzvləri
Yaradıcılıq Mərkəzindəki ekspozisiya salonunda Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik
yubileyi çərçivəsində açılan “Heydər
Əliyev və Qarabağ” sərgisi ilə tanış
oldular.
Sərgidə
Ulu Öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi,
siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini
əks etdirən nadir fotoşəkillər, sənədlər
və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə
Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə,
burada keçirdiyi görüşlərə, müxtəlif
tədbirlərə aid fotolar yer alıb.
Ümummilli
Lider Heydər Əliyev qədim Qarabağın tarixini, mədəniyyətini,
incəsənətini mükəmməl bilir, böyük diqqət
və qayğı göstərərək onun
inkişafına çalışırdı. 1969-cu ildən
etibarən Qarabağın və Şərqi Zəngəzurun
tarixində böyük dönüş dövrü başladı.
Doğma xalqının böyük təəssübkeşi
olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə
bölgə həyatının bütün sahələrində
geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də
Ümummilli Liderin iştirakı ilə “Ağdam–Xankəndi” dəmir
yolunun açılışı oldu. Bu, Ulu Öndər Heydər
Əliyevin Qarabağın Azərbaycanın digər
rayonlarının təsərrüfat və iqtisadi cəhətdən
daha çox birləşdirilməsi baxımından strateji
addımı və böyük tarixi xidməti idi. Ulu Öndərin
şah əsəri olan güclü Azərbaycan dövləti
öz suverenliyini, müstəqilliyini qorumağa qadir
olduğunu 44 günlük Vətən müharibəsində
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər
qazanmaqla bir daha sübuta yetirdi.
Prezident
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri Şuşada təşkil edilən Gül
Festivalı ilə də tanış oldular.
Qeyd
edək ki, festivalın keçirildiyi ərazidə müxtəlif
növ güllərdən maraqlı kompozisiyalar qurulub, eləcə
də ayrı-ayrı növlərdən olan güllərin sərgisi
təşkil edilib.
Ziyarətçilər,
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının
qonaqları mayın 12-dək Gül Festivalındakı sərgi
və təqdimatlarla tanış ola biləcəklər.
Azərbaycan.-2023.- 11 may.- S.7.